Gənclik gözəldir

Esse

 

 

Atalar-oğullar qarşıdurması bəşər tarixinin daim aktuallığını qoruyan problemlərindəndir. Təəssüf ki, çox vaxt müasir gənclik haqqında danışarkən ilk istinad nöqtəsi bu problemdən çıxarılan nəticələr olur. Öncəki nəsillərin özləri ilə apardıqları müqayisələrdə həyatın nizamını pozan, xaos səbəbkarı kimi "oğullar" göstərilir. Halbuki bu itaətsizlik özü də həyatın daimiliyini təmin edən nizamın bir parçasıdır. Var olmaq üçün yenilik şərtdir.

Nisbətən yaşlı nəslin özlərindən sonra gələnləri qəbul etməməsinin kökündə məhz yeniliyin gətirdiyi narahatlıq xofu var.

Bu xofu kənəra qoyub müasir gəncliyi obyektiv şəkildə dəyərləndirsək, o vaxt həqiqətə müəyyən qədər yaxın düşə bilərik. Bilmirəm, bir gənc olaraq gənclik haqqında danışmaq nə qədər ədalətli nəticə vəd edə bilər, amma istənilən halda iddiadan daha çox müşahidəyə əsaslanan fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Mən gəncliyimizdən çox ümidliyəm. Hər il iştirak etdiyim gənclər düşərgələrində onlarla yeni gənc tanıyıram. Təhsilində, karyerasında sürətlə inkişaf edən kifayət qədər perspektivli gənclərimiz var. Texnologiyanın yaratdığı imkanlar öz üzərində işləmək, potensialını lazımi şəkildə göstərə bilmək üçün vasitəyə çevrilir. Tutaq ki, bir əsr bundan öncə xarici dil öyrənmək istəyən şəxsin sahib olduğu resurslarla bu günün imkanları arasında böyük fərqlər var. İstək və çalışqanlıq sayəsində təkcə internet resursları hesabına bir çox sahədə təkmilləşmək mümkündür. Təbii ki, doğru istiqamətdə addımlamaq, cəmiyyət həyatında yerini tapmaq üçün fərdi qabilliyətlərlə yanaşı, kənar faktorların da təsiri danılmazdır. O faktorlardan çox danışmaq olar, ancaq ikisinin üzərində xüsusi dayanmaq lazım gəlir: işsizlik və mentalitet.

İşsizlik problemi o qədər dərin mövzudur ki, bir-iki səbəb sadalamaqla kifayətlənmək mümkün deyil. Ona görə də mən məsələyə gənclər prizmasından baxmaq istəyirəm. Min təəssüf ki, bəzi ali təhsil müəssisələrimizin əmək bazarı ilə ayaqlaşa bilən mütəxəssis yetişdirməkdə ciddi problemləri var. Nəticədə, diplomlu işsizlər ordusu yaranır. Gəncin universitetə gələn yolu da bir başqa macəradır. Hələ də qalstuk azarından qurtula bilməyən, övladını əlli il öncənin çörəkli peşələrinə yönəldən valideynlər az deyil. Həmin valideynləri də qınamaq olmur, çünki sosializmdə doğulub böyüyən bir nəsil kapitalizmin oyunlarından bixəbərdir. Məsələ bununla da bitmir, süni intellektin müasir insanın həyatına necə təsir edəcəyi, yaxşıya, yaxud pisə doğru nələrin dəyişəcəyi mövzusu gündən-günə aktuallaşır. Hər il xeyli peşələr öz yerini texnologiyanın bacarıqlarına verib, funksionallığını itirir. Belə bir dövrdə Nuh əyyamından qalma stereotiplərlə övladına ixtisas seçmək potensial işsiz yetişdirməkdir. Bu sahədə ciddi maarifləndirməyə ehtiyac var. Əslində, maarifləndirilməli olan birinci növbədə gəncin özüdür. Sadəcə bizim cəmiyyətimizdə mövcud olan valideyn-övlad münasibətlərini nəzərə alsaq, prosesin hər iki tərəfi əhatə etməsi labüddür. Konkret hansı forma və istiqamətin tətbiqi peşəkarların biləcəyi işdir, ancaq görünən odur ki, bu mövzuda görüləcək işlər hələ çoxdur.

Ümumiyyətlə, bizdə bir çox valideynlər təkcə övladlarının təhsil həyatına deyil, iş və ailə həyatına da ciddi müdaxilələr edirlər. Beləcə yeni nəsil Zaurlar yetişir...

Övlad toyu görmək sanki ali bir məqsəddir. Ortastatistik azərbaycanlı ailəsi universiteti bitirən gəncə üç-beş il möhlət verir. Vaxt tamam olanda lokal xarakterli müdaxilələr qohum-qonşu səviyyəsinə çatır. Ümumiyyətlə, istər gənc, istərsə də yaşlı olsun, kimdənsə niyə evlənmədiyini soruşmaq qeyri-etikdir. Yazımı məişət söhbətləri üzərində qurmaq istəmədiyim üçün mövzunu burada yekunlaşdırıram.

Müasir gənclik haqqında danışarkən çox vaxt paytaxt sakinlərinə istinad edirik. Halbuki regionlarımızda gənclərin daha ciddi problemləri var. Xüsusilə də sosial həyat, asudə vaxtın təşkili kimi məsələlərdə. Bölgələrimizdə bir-birindən gözəl binaları olan gənclər evləri fəaliyyət göstərir. Ancaq həmin müəssisələrin imkanlarından gənclər lazımi səviyyədə yararlanmır. Bunu qulaqdandolma iddialara əsasən deyil, şəxsi müşahidələrimə söykənərək deyirəm. Ucqar rayonda yaşayan Leyla, Əli, Fatma sosialaşmaqda özü maraqlı olmalıdır. Dövlətin yaratdığı bu şəraiti maksimum dəyərləndirmək bizim öz əlimizdədir.

Son illərdə gənclər sektorunda məni ən çox sevindirən məqamlardan biri, hətta deyərdim birincisi könüllülük fəaliyyətinin geniş vüsət almasıdır. Təxminən, on il bundan öncə ölkəmizdə bu anlayışın təzə-təzə kütləviləşdiyi bir vaxtda könüllülük fəaliyyətinə başlamışam. O vaxt bu sahəyə münasibət birmənalı deyildi, bizdən tez-tez soruşurdular ki, niyə kimin üçünsə pulsuz işləyirik. Bu sualların müşayiəti ilə keçən illərdə düşünürdüm ki, yəqin, ölkəmizdə könüllülük fəaliyyətinin ömrü qısa olacaq. Xoşbəxtlikdən yanılmışam.

Gəncliyin sözü-söhbəti çox olduğu üçün bir-iki problemi əhatə edən yazıda yeni söz demək çətin məsələdir. Gətirdiyi bütün çətinliklərə rəğmən, gənclik gözəldir, çox gözəldir...

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 3 fevral, ¹21.- S.21.