"Bu günün mediasından, efir məkanlarından razı deyiləm"

 

XALQ ARTİSTİ MƏLƏKXANIM EYYUBOVA: "MÜSAHİBƏ VERMƏYİNƏ PEŞMAN OLURSAN, SÖHBƏTDƏN ELƏ BİR CÜMLƏNİ BAŞLIĞA ÇIXARIRLAR Kİ, QALIRSAN MƏƏTTƏL"

 

Özünə peşə seçən kəs onun dəyərini biləndə, bu, bir uğurun başlanğıcıdır. Həm sənəti üçün, həm özü üçün. Dəyərini bilib də, ona ömrünü sərf edəndə, bu, insanın mənəvi zənginliyidir. Düzdür, burada tale, alın yazısı deyə həqiqətlər də var. Amma bununla belə, Tanrı buyurub ki, səndən hərəkət, məndən bərəkət. Və zamanla başlanğıcdakı uğurun peşəkarına, sənətkarına, ustadına çevriləndə, bu, artıq tək sənin deyil, bir xalqın, bir millətin sərvəti olur. Dövran dəyişsə də, zaman donunu təzələsə də, kökdən gələn elə dəyərlər var ki, onları heç nə əvəz edə bilməz. Bu baxımdan biz həqiqətən xoşbəxt bir xalqıq ki, dünyanın bütün inkişaf mərhələlərini yaşamaqla yanaşı, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, yalnız bizə xas olan ədəb-ərkanımızı layiqincə qoruyub saxlamağa nail olmuşuq. Nəsildən- nəslə keçərək bu günümüzə qədər gəlib çatan bu dəyərlər axarı ilə də davam edəcək.

Hər bir xalqı dünyada tanıdan bir siması var. Aralarında bənzəri də var, eynisi də. Əminliklə deyə bilərik ki, yeganə xalqıq ki, yalnız bizə mənsub olan bir sərvətlə dünyanı heyrətə gətirməyi, dilindən, irqindən asılı olmayaraq, insanların ruhunu yerindən oynatmağı bacarmışıq. Bu, sərvətin adı muğamdır. Dünyanın elə bir qitəsi yoxdur ki, ustad sənətkarlarımızın zəngulələrinin səsinə milyonlar ayağa qalxmasın. Bu da Tanrının bizə bəxş etdiyi alın yazısıdır.

Həftəni bir göz qırpımında başa vurub gəlib çatdıq şənbəyə. Hər şənbə isə oxucularımızın görüşünə mütləq bir qonaq ilə gəlməliyik. Hə, əziz oxucu, bu gün maraqlı, səmimi bir söhbətin əlindən tutaraq səni ustad sənətkarımızla görüşdürmək istədik. 16 yaşında musiqi mədəniyyətinin beşiyi hesab olunan İtaliyanın səhnəsində böyük tamaşaçı kütləsini heyrətə gətirən həmin səsin sahibi bu gün illərin ona qazandırdığı peşəkarlığı böyük həvəslə, ürəklə gənc nəslə öyrədir. Qonağımız xanəndə, muğam ifaçısı, professor, Xalq artisti Mələkxanım Eyyubovadır.

- Nəriman Həsənzadənin belə bir misrası var: "Yaşadım, bilmədim bu dünya nədir"...

- Belə deyim, tarixən dünya bir narahatlıq burulğanında həmişə çalxalanıb. O narahatlığın içində rahatlığı yaradan isə insan övladı özü olub. Amma narahatlıq da kənardan bizə sakit dayanaraq baxmayıb ki... Biz də ona qatlana-qatlana yaşamağı bacarmışıq. Bu dünyada hərənin öz payı, öz qisməti var, alın yazısı var. Ona görə də  Tanrının bizə bəxş etdiyi bu qədəri bir-birinə həsədlə, onda var, məndə niyə yoxdur deyə düşüncələrilə yaşamağa dəyməz. Çünki hər şeyin yaxşısını bilən tək Allahdır. İstənilən halda şükürlə yaşamağı bacaran xalqıq və buna görə də mükafatımızı Tanrı verir.

- Aşıq ailəsində anadan olan gələcəyin sənətkarı...

- Mən bunu dəfələrlə mətbuatda da demişəm, efirlərdə də səsləndirmişəm. Yeni və gələcək nəslin də bilməsi üçün yeri düşəndə  yenə də deyirəm. Bəli, aşıq ailəsində dünyaya gəlmişəm, kökümüz aşıq Mirzə Bilalın nəslinə bağlıdır. Lakin bibimin övladı olmadığından körpə vaxtından məni qızlığa götürüb və Bakıda böyümüşəm. Kiçik yaşlarımdan oxumağımı hiss edən bibim onun tək övladıyam deyə, məni bacarığım üzrə istiqamətləndirərək zənginləşdirməyə çalışıb.

- Bir sözlə, sizi kəşf edib...

- Musiqi üzrə püxtələşməyimin əsasını qoyub deyərdim. Qarmon üzrə musiqi təhsili almışam. Evdə kiçik bir dəf vardı. Özü çox məharətlə o dəfi çala bilirdi, eyni zamanda mənə də öyrədirdi. Mən qarmonda ifa edəndə, ana olan bibim dəfin ritmi ilə ifamı müşayiət edərdi. Oxumağımdan savayı, bu, mənim üçün əsl məktəb idi və artıq muğam üçlüyünün tərkibində çıxış edəndə əlimdə qaval kifayət qədər formalaşmış idim. Məktəb illərində özfəaliyyət dərnəklərində iştirak edirdim, Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti idim. Məktəbi bitirəndən sonra o zaman M.A.Əliyev adına İncəsənət İnstitutu adlanan ali məktəbə daxil oldum. Orada muğam şöbəsi olmadığından mən "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almağa başladım. Bu əsnada bir şeyi xüsusi vurğulamaq istəyirəm. Nə yaxşı ki, mən həmin fakültəni bitirmişəm. İstənilən halda mən muğamı öyrəndim. Lakin orada elə fənlər tədris olunurdu ki, bu günün tələbələri onlardan bixəbərdir. Səhnə hərəkəti, səhnə danışığı, səhnə plastikası, aktyor sənəti - bunların hamısı bir ifaçıya mütləq şəkildə lazımdır. Xanəndəlik səsim var, oxumaq kifayət edər demək deyil. Xanəndə səhnəyə atdığı addımdan tutmuş bütün hərəkətlərinə qədər tamaşaçını cəlb etməlidir ki, ifasını maraqla dinləsinlər. 3-5 dəqiqəlik bir muğamda və ya ifada xanəndə bir obraz yaratmağı bacarmalıdır. Onu müşayiət edən istər trio olsun, istər ansambl hər biri ilə salamlaşmağın, ifa bitəndən sonra tamaşaçıya təzim etməyin hər birinin öz mədəniyyəti var. Səhnədən çıxanda bunu elə məharətlə etmək lazımdır ki, arxanı zala çevirməyəsən. Yəni çıxdım, oxudum, baş əyib getdim kimi bir anlayış yoxdur xanəndəlikdə. Təəssüf ki, bu gün muğam şöbəsində təhsil alan gənclərə bu fənlər ya az keçilir, ya da heç keçilmir, lakin mən öz növbəmdə zamanında öyrəndiyim incəlikləri tələbələrimə ötürməyi vacib bilirəm. Yazdığım bir çox metodik vəsaitlərdə bunlar öz əksini tapıb. Çünki bütün bu səhnə mizanlarını bilən və bu məktəbdən keçən ifaçı zamanla xalqın sənətkarına, ustadına, şəxsiyyətinə çevrilir. Qazandığın bu dəyəri qorumaq isə çox çətindir.

- Yəni...

- Bunu dəfələrlə demişəm, mən bu günün istər mediasından, istərsə də efir məkanlarından razı deyiləm. Nə hər dəvət olunan verilişə gedirəm, nə də müsahibə verirəm. Əgər verilişə gedirəmsə, sənət çevrəmə mütləq şəkildə diqqət edirəm. Sosial şəbəkələr müsahibə istəyir. Etiraz etməyib müsahibə verməyinə peşman olursan. Söhbətdən elə bir cümləni başlığa çıxarırlar ki, qalırsan məəttəl. Böyük-kiçik, hörmət-izzət anlayışı yox dərəcəsindədir desəm, inanın düz olar. Bəli, dünyaya inteqrasiya lazımdır, lakin bu, bizim öz dəyərlərimiz daxilində baş verərsə,  daha çox qazanmış olarıq. Biz Avropa deyilik, biz özünün mentaliteti, milli-mənəvi dəyərləri olan və bunlarla dünyanı heyrətləndirməyi bacaran xalqıqsa, qərbin eybəcərliyi mənim nəyimə lazımdır? Yaxşı efirlərimiz var, bunu inkar etmək olmaz. Lakin təəssüf ki, bir neqativlik yaxşılara kölgə salmağı bacarır. Bizim nə ağbirçəklərimiz, nə ağsaqqallarımız bu gün efirlərdə gördüyümüz ucuz şou yaradanlar olmayıb. Qısası, mən bu mənzərələrdən çox utanıram və aldığım dəvətləri saf-çürük etmədən, əslinə-astarına baxmadan, kimlərlə efiri paylaşacağımdan əmin olmadan verilişlərə qatılmıram. Buna çox vaxt kapriz donu geyindirirlər, amma bu, qəti kapriz deyil. Bu, özünə hörmət, xalqına dəyər verən bir sənətkarın sağlam düşüncəsidir. İllərlə damla-damla qazandığımız adı, ləyaqəti, şərəfi özünü cəmiyyətin gözünə soxmağı bacaran savadsız bir toplumun əlində bayrağa çevirməsinə yol verə bilmərik.

- İlk səhnə...

- Ali məktəbə qəbul olunanda "İrs" folklor ansamblı yarandı. Bu ansamblın yaranması Ulu öndərin öz təşəbbüsü idi və onu hər zaman dəstəkləyirdi. 80-ci illərdə qədim musiqi alətlərinin müşayiətilə qədim xalq mahnılarını araşdırıb tapmaq, milli musiqimizə dəyər vermək o dövr üçün o qədər də asan deyildi. "İrs" üçün İçərişəhərdə keçmiş muğam teatrının məkanında yer ayrılmışdı. Orada maraqlı çıxışlar təqdim edirdik, xaricdən gələn qonaqların qarşısında mütləq çıxışlarımız olurdu. Bu, təkcə mahnı və muğam ifası deyildi. Burada qonaqlar ifamızda səhnələşdirilmiş kiçik tamaşalara baxmış olurdu. Ulu öndər həmişə çıxışlarımızda iştirak edirdi. Mən də elə institutun ilk illərindən həmin ansamblın solisti oldum. Neçə il bu ansamblla çalışdım, dünyanın çox ölkələrinə səfərlər etdik. İlk səfərim İtaliyaya olmuşdu. Böyük heyrətlə qarşılanmışdı çıxışımız. İfam o qədər maraq və təəccüb doğurmuşdu ki, mənə bülbül səsli qız adı vermişdilər. Zənn edirdilər ki, boğazımın içində nəsə var. İnstitutu bitirəndən sonra S.Ələsgərov məni S.Rüstəmov adına Xalq Çalğı Orkestrinə gətirdi. Bu, elə dövr idi ki, bizim Şövkət Ələkbərova, Gülağa Məmmədov, digər korifeylərimizin yaşa dolan vaxtına təsadüf edirdi və yeni ifaçılar onların yolunu davam etməli idilər. Uzun illər orkestrin solisti oldum. 1994-cü ildə mərhum Həbib Bayramov məni Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblına dəvət etdi. O, dünyasını dəyişəndən sonra ansambla Möhlət Müslümov rəhbərlik etməyə başladı. Burada həm dəstgahlarımızı, muğamlarımızı ifa edirdim, həm də ansamblın nəzdində C.Qaryağdıoğlu adına muğam üçlüyündə də çalışırdım. Bu trio ilə Azərbaycan muğamını, mədəniyyətimizi dünyada nümayiş etdirmişik.

- Amma Leyli rolunda bircə dəfə çıxış etdiniz...

- Tələbəlik illərimdən məni operaya dəvət etmişdilər, lakin "İrs"dən buraxmadılar. Artıq 1995-ci ildə dedim ki, mən də operada oynamaq istəyirəm və bir il sonra "Leyli və Məcnun"da Alim Qasımovla tərəf müqabili kimi Leyli obrazını yaratdım. Bu əsəri Azərbaycan operasının misilsiz incisi hesab edirəm və ona görə də Leyli rolunda oynamaq istəyimi gerçəkləşdirdim. Davamlı olması üçün mən operanın solisti olmalı idim, lakin bu, mənim yaradıcılığımla uyğun gəlmirdi. Elə ona görə də bir dəfə də olsa, Leylini oynadım ki, arzum ürəyimdə qalmasın.

- Ailə qurandan sonra sənətinizə bir qadağa qoyuldu...

- Həyat yoldaşımla demək olar ki, kiçik yaşlarından bir yerdə böyümüşük, çünki ailələrimiz çox yaxın olub. Onda çox qısqanclıq vardı deyə, belə bir hal oldu. Lakin onun böyükləri mənim sənətimə dəstək verdilər, həmişə ifalarımdan zövq aldıqlarını bildirirdilər. Hamının bir səslə Mələkxanım sənətdə olmalıdır kimi fikirləri həmin buzu əritdi və dedi ki, sıradan bir oxuyan olsaydın çətin ki, fikrimdən daşınardım. Sənətdə yeri görünəcək bir insanı yaradıcılıqdan uzaqlaşdırmaq olmaz deyərək, özü də mənə dəstək oldu. Yəni bülbülü qəfəsdə saxlamaq olmazdı. Həyatımdan çox razıyam, xoşbəxt qadın, xoşbəxt anayam. Övladlarımızın ikisi artıq ailə sahibidir. Qızımız Nəzrin işlərilə göz önündədir, sonbeşik oğlumuz Nicat isə ADA Universitetinin  ikinci kurs tələbəsidir. Bir qadının rahat ailəsi varsa, bu, hər şeyə dəyər.

- Mələkxanım Eyyubova həm də pedaqoqdur...

- 1997-98-ci illərdə nə Milli Konservatoriyamız vardı, nə İncəsənət Universitetində muğam şöbəsi. Yalnız İncəsənət Gimnaziyasında muğam ifaçılığı tədris olunurdu. O zaman gimnaziyanın direktoru mərhum Oktay Rəcəbov idi. Onun dəvətilə bir neçə il orada fəaliyyət göstərdim. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində muğam fakültəsi açıldı və artıq 23 ildir gənc nəslə muğamın incəliklərini öyrədirəm. Milli Konservatoriya açılandan sonra ora da dəvət aldım və paralel olaraq bir müddət çalışdım da. Lakin vaxt çatdırmaq baxımından ayrılmalı oldum. Hazırda çox bağlı olduğum Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. 2005-ci ildən etibarən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyilə gənc istedadların üzə çıxması üçün  Muğam Televiziya Müsabiqəsi keçirilir. VII və VIII Muğam müsabiqələrində münsiflər heyətinin üzvü olmuşam. Ötən il universitetimizin 100 illiyilə əlaqədar ölkə başçısının fəxri diplomuna layiq görüldüm. Qazandığım uğurlara, fəxri adlara görə dövlətimə və xalqıma borcluyam.

- Muğamdan danışaq...

- Muğam sehrli bir dünyadır. Muğam bu millətin damarında axan qanıdır. Muğam elə bir dəryadır ki, ora baş vurmayan bir azərbaycanlı yoxdur. Bizim anaların balalarına çaldığı laylay belə, muğam üstündədir. Muğamı heç bilməyən ana istər-istəməz bu laylayda segahı ifa edir. Azərbaycan hər bir dövrdə özünün sərvətlərilə tanınıb. Azərbaycan mədəniyyətinin möhürüdür muğam. Sovet dövründə  qastrollara gedəndə bizə Rusiyadan gələn sənətkarlar kimi baxırdılar. Amma şükürlər olsun ki, bu gün biz müstəqil, üstəlik, qalib bir ölkə kimi dünyada tanınırıq və bu hissin əvəzi yoxdur. Muğam möhtəşəm bir zalı ayağa qaldırmağı bacaran bir möcüzədir. Dünyada bizim muğama aludə olanlar var. Haqqında araşdırmalar aparır, kitablar yazırlar. Cefri adında bir amerikalı var, gəldi burda kamança çalmağı öyrəndi və gedib vətənində çalır. Bizim muğam bax, budur.            

 

- Ruhunuza yaxın muğam yəqin ki var...

- Bu sualı ara-sıra eşidirəm, amma içində bütün muğamları yaşadan insan üçün cavab tapmaq çox çətindir. Bu bilirsiz nəyə bənzəyir? Hansı ana bir balasını digərindən çox istədiyini deyə bilir? Hansı muğamı oxuyursansa, deyirsən ki, ilahi, bunun bənzəri varmı? Bilirik ki, musiqinin dili yoxdur. Əgər biz muğamı dünya tamaşaçısına hisslərimizlə, səsimizlə çatdırırıqsa və həmin tamaşaçı sözləri belə anlamadan, ifadan dəhşətə gəlirsə, mənim üçün muğamlar arasında fərq ola bilməz.

- Azərbaycan musiqisinin sütunu hesab edilən iki qol arasında hələ də fikir ayrılığı qalmaqdadır - aşıq sənəti, ya muğam?

- İlk yaranan ozandır, yəni aşıq sənəti. Bunu inkar etmək olmaz.

- Ömrümüzdən keçən 44 gün...

- O günləri yaşamaq üçün biz 30 il yol gəldik. Bu illərdə getdiyimiz səfərlərdə sənətçi olsaq da, içimizdə bir siyasət vardı. Səhnədəki çıxışımızla hər sözümüzü deyirdik. Repertuarımızda, ifamızda, səsimizdə, zənguləmizdə, ritmimizdə bir döyüşçü, cəngavər olduğumuzu göstərməyi bacarırdıq. Çox çətin idi, amma biz səsimizi dünyaya çatdırmalıydıq. Əsgərlərimizin qarşısında, cəbhə bölgələrimizdə daima onların yanında olduğumuzu sənətimizlə göstərdik. Heç bir ana müharibə istəməz, lakin Vətən torpağının düşmən tapdağı altında qalmasına da dözməz. Azərbaycan anasının bu illər ərzində yetişdirdiyi oğullar uzaqgörən bir sərkərdənin siyasətilə həmin 30 ili canı, qanı bahasına 44 günə qaytardı. Bu gəncliklə öyünməyə dəyər.

- Azad Qarabağda ayaq basdığınız ilk məkan...

- Şuşa... Mən Şuşada son olan və ora ilk ayaq basan sənətkaram. 1992-ci ilin yanvar ayında Şuşada böyük bir tədbirdə Zahid Quliyevlə çıxış etdik. Böyük bir çətinliklə Bakıya qayıda bildik. Qalmağa imkan yox idi deyə, gecə ilə qayıtmalı olduq. Yoldaşım da yanımda idi. Bizi polislər dağların arası ilə gətirib qatara mindirdilər və sağ-sol kupelərdə ermənilər vardı. Belə bir vəziyyət yaşamışdıq onda. Sonra ilk "Xarıbülbül" festivalında və VIII Muğam Televiziya Müsabiqəsinin yekun konsertində də orada oldum. Daha sonra bir il əvvəl yubileyimlə əlaqədar dövlət televiziyası haqqımda film çəkdi və ilk kadr  Cıdır düzü ilə başladı. O qayalıqda dayananda keçirdiyim hisslərin inanın izahı yoxdur. İstər-istəməz o qayalıqları yalın əllə dırmaşan oğullarımızı görür insan sanki. Qayalığın üstü bütün tikanlıq idi və mən uzun libasın altında ayaqları yalın dayanmışdım. Redaktor ordan deyirdi ki, tikanlar zədələyər sizi. Düşünürdüm ki, bir tikan zədəsi mənə nə edəcək ki... Bu qayalarda oğullarımızın qanı axıb, nəfəsləri hələ də ordadır, bilmədiyimiz nələr yaşanıb bu qayalarda... Etiraf edim ki, Şuşada ağır hisslər bir növ insanı təqib edir.  

- Bəlli bir ömür yaşamısız. Bu zaman kəsiyindən geri boylananda heyifsiləndiyiniz bir məqam...     

 

- Bilmirəm, bəlkə bu, mənim bürcümdən irəli gəlir, hər şeyi ölçüb-biçən insanam. Qoyduğum hər şeyin yerini, gördüyüm hər işin vaxtını, saatını dəqiq bilirəm, yəni istisna heç nə ola bilməz. Özümdən savayı məni idarə edən daha bir Mələkxanım var və o, digərinin düzünü də görür, yanlışına etirazını bildirib tənqid də edir. Bu baxımdan heyifsilənəcək nəsə xatırlamıram. Düzdür, səhv etmək insanlardan uzaq deyil, lakin həmişə ağılla düşündüyümdən ciddi səhvlərim olmayıb. Çünki həyatda şərəflə, elimin-obamın, millətimin, dövlətimin, xalqımın, ailəmin adına layiq yaşamaq, çalışmaq, onları uca tutmaq ən ali amalım olub. Belə ömür yaşamağı hamıya arzu edirəm.

SÖZARDI: Nə gizlədim, onu adətən efirlərdə gömüşəm. Geyimli-keçimli, özünə baxımlı bir xanım, mahir sənətkar kimi. Bir saatlıq söhbət əsnasında isə onu qonaqpərvər bir ev sahibəsi, kökünə çox bağlı bir övlad, milli-mənəvi dəyərləri yüksək tutan bir azərbaycanlı xanımı, gələcək nəsil üçün narahatlığını gizlədə bilməyən ana kimi tanıdım. Məncə, bu, kifayət edər.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2024.- 3 fevral, ¹21.- S.20;21.