Kübarlıq,
gözəllik, mənəviyyat
mücəssəməsi
Musiqişünas Aida Tağızadənin yubileyinə
sevgi və ehtiramla ithaf olunur
XX əsr Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü
və inkişafına töhfələr vermiş sənətçilər
sırasında alimlər də şərəfli yer tutur. Bu
sırada Aida Tağızadə xüsusi qeyd
olunmalıdır.
A.Tağızadə professor, Əməkdar incəsənət
xadimi, fərdi Prezident təqaüdçüsü, uzun illər
konservatoriyamızda (hazırda Bakı Musiqi Akademiyası)
musiqi tarixi kafedrasının müdiri, bir neçə
sanballı monoqrafiyanın müəllifi, amma hər şeydən əvvəl həmkarlarının, tələbələrinin ehtiramını qazanmış bir
alim, pedaqoqdur. Fəxri və
elmi adların dəyərini əsla
danmaq istəməzdim, lakin indiki zamanda bir mütəxəssis
kimi nüfuz qazanmaq daha önəmlidir.
A.Tağızadənin tədqiqatları mövzuca rəngarəngdir.
Ali peşəkar kimi o, öz səriştəli
sözünü sənətlə bağlı bir çox məsələlər
haqqında söyləmək iqtidarındadır: "Azərbaycan
musiqi tarixi" kursuna dair həmkarları ilə birlikdə proqram da tərtib edib, "Azərbaycan musiqi tarixi"
(1992) dərsliyinin ayrı-ayrı fəsillərini də
yazıb. Amma Aida xanımı həmişə müasir sənət
səsləyib, "musiqi tarixinin ən həyəcanlandırıcı
məqamı - bu günün musiqisi" (Stravinski) cəlb
edib.
Alimin "qəhrəmanlarından" biri - Cövdət
Hacıyev haqqında məqaləmi
"Müasirliyin salnaməçisi"
adlandırmışdım. A.Tağızadəni də
yaşadığımız dövrün ilhamlı salnaməçisi
kimi təqdim etmək mümkündür. O, həmişə
yaradıcılıq prosesinə həssas yanaşıb,
çeşidli problemləri geniş tarixi, bədii-estetik
kontekstdə araşdırmağa səy göstərib.
Aida xanım haqqında yazılarda onun xarakterinin
ümdə xüsusiyyətləri - ciddiliyi, nəcibliyi,
xeyirxahlığı vurğulanır. "Stress və
ehtiraslar" dövründə ona xas təmkini, aramlı
davranış tərzini də bu sıraya əlavə edərdim.
Hər hansı bir tələsiklikdən uzaq mühakimələr,
kübarlıq, nadir daxili sanbal və bütövlük - bu
keyfiyyətlər bir araya gələrək A.Tağızadə
şəxsiyyətinə füsunkarlıq aşılayır.
Onun obrazının qeyri-adi məlahətinin sirrini
axtarmalı olsaq, uşaqlıq illərinə dönməliyik.
Nə yaxşı ki, Aida xanım atası -
tanınmış dilşünas-alimə həsr olunmuş
"Zeynal Tağızadə: Ömrün üfüqləri"
(2011) kitabını nəşr etdirib. Zeynal müəllimin ömür kitabından səhifələri,
xatirələri oxuya-oxuya bir çox maraqlı qənaətlərə
gəlirsən.
Aida xanım Bakıda dünyaya göz açsa da,
xarakterinin formalaşdığı
ilk məktəb illəri dədə-baba yurdu
Şuşada keçib. O Şuşada ki "hündür bir yerdə
dayanıb, bir tərəfdən Kirsi, o tərəfdən
Bağırqanı, başqa bir tərəfdən Murovu
görmək olar. Üfüqün bu qədər genişliyi,
təbiətin füsunkarlığı, yerli əhalidə
fantaziyanın inkişafına güclü təsir göstərmişdir",
- deyə müşahidə qabiliyyətinə malik Zeynal müəllim qeyd edir.
Aida xanımın valideynləri ehtiramla xatırlanmalıdır.
Anası Sayalı xanım Hacıyeva iki ali məktəbin
(Pedaqoji İnstitut və Tibb İnstitutu) məzunu olsa da, həyatının
böyük hissəsini övladlarına həsr etmiş, Aida
xanımın nailiyyətlər qazanması üçün hər
bir şərait yaratmışdır.
Zeynal Tağızadə Azərbaycan dilçilik elmini öz dəyərli tədqiqatları ilə zənginləşdirmiş
elmlər doktoru, Azərbaycan Xarici Dillər Pedaqoji
İnstitutunun professoru, linqvistikada yeni araşdırma
metodlarını tətbiq edən
geniş dünyagörüşlü bir alim idi. Onun Şuşa həyatı
haqqında qeydlərini maraqla
oxuyub, XX əsrin əvvəlində - siyasi olaylar
baxımından ziddiyyətli və mürəkkəb bir
dövrdə bu qədim torpaqda
yaşayan insanların sevincli-qüssəli həyatını,
məişətinin səciyyəvi cəhətlərini
aydın təsəvvür edirsən. Qohum-qonşu arasında
münasibətlərin özəllikləri, məşhur xanəndələrin
iştirakı ilə toy məclisləri, Qarabağ mətbəxinin
unudulmaqda olan ləziz təamları haqqında məlumat, Şuşa məktəbində,
seminariyasında təhsilin
xüsusiyyətlərinin nəzər-diqqətə
çatdırılması... və bütün çətinliklər
müqabilində mənəvi həyatın zənginliyi,
oxumaq, durmadan inkişaf etmək istəyi.
A.Tağızadəni həmişə, əgər belə
demək caizsə, "kitab adamı" adlandırmışam.
"Ömrün üfüqləri" ilə tanış
olduqdan sonra həmin kitab sevgisinin, hətta mən deyərdim,
kitab "azarının" köklərini anladım. O, ədəbiyyata
məhəbbət hissinin övladlara
aşılanmasını atasının özündən
sonra qoyub getdiyi ən qiymətli miras hesab edir.Aida
xanımın parlaq təəssüratları sırasına
Bakıda 2 saylı musiqi məktəbində oxuyarkən əfsanəvi
Üzeyir Hacıbəylini canlı olaraq görməsi aiddir. Məktəbə baş çəkən
Üzeyir bəy onun rəfiqələri ilə 8 əlli
ansamblda çıxışını dinləmiş və
yeniyetmə pianoçuların istedadlı olduğuna diqqət
yetirərək onların musiqi təhsilinin davam etdirilməsini məsləhət
görmüşdür.
A.Zeynallı adına Musiqi Texnikumunu pianoçu
kimi bitirən A.Tağızadə
1951-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının fortepiano fakültəsinə,
professor Nigar Usubovanın sinfinə daxil olur. Amma iki il
pianoçu kimi müvəffəq oxuyan Aida xanım əllərinin
xəstəliyi ucbatından ixtisasını
dəyişmək məcburiyyəti
ilə üzləşir. Buradaca deyim ki, A.Tağızadə
pianoya əsla "xəyanət" etməyərək, bəstəkar
əsərlərini, el havalarını öyrənib səsləndirməyi
sevir. Mühazirə oxuyarkən, o, royalın arxasına
keçib bizi təəccübləndirərək
lazımi musiqi parçasını söylənilən fikrə
illüstrasiya kimi əzbərdən
çalardı...
"Mənim konservatoriyam" adlı məqaləsində
Aida xanım tələbəlik dövrünü, cavan müəllim kimi
çalışdığı illəri xatırlayaraq
yazır ki, Q.Qarayevin, sonra C.Hacıyevin rektorluq etdiyi bu təhsil ocağının
atmosferində o zaman "musiqiyə
xidmət etmək ruhu" hökmranlıq edirdi. Ali
peşəkar, sənət vurğunu olan müəllimlərin
təsiri altında gənc musiqiçinin bədii dəyərlər
sistemi formalaşır, araşdırıcılığa marağı baş
qaldırırdı.
Təhsilini tarix-nəzəriyyə fakültəsində davam etdirən
Aida xanımın taleyində
görkəmli musiqişünas İzabella Vladimirovna Abezqauzla əlamətdar
görüş baş verir. Onun mütəxəssis kimi püxtələşməsində
Abezqauzun rolu danılmazdır. Burada Aida xanımın müəlliminə
kövrək münasibətini, ona minnətdarlıq hissinin
sonsuzluğunu qeyd etməyə bilmərəm. 2020-ci ildə
Abezqauz haqqında müəllifi A.Tağızadə olan
yığcam bir kitabın (Azərbaycan Bəstəkarlar
İttifaqının nəşridir) işıq üzü
görməsi ustadına sevginin əyani nümunəsidir.
1958-ci ildən A.Tağızadə konservatoriyada
çalışmağa başlayır: musiqi tarixi
kafedrasının sıravi
müəllimindən professoruna
qədər yüksəlir, müəyyən zaman kəsimində
kafedraya rəhbərlik edir. A.Tağızadənin alim kimi müntəzəm səmərəli
fəaliyyəti onun pedaqoji sahədə işinə də təsir
göstərirdi.
Aida xanım yaradıcılıq yoluna əlamətdar bir dövrdə - ötən əsrin
50-ci illərinin sonu - 60-cı illərinin əvvəlində
qədəm basmışdır. Siyasi atmosferin mülayimləşməsi
dönəmində SSRİ və Qərb arasında "dəmir
pərdə"nin tədricən laxlaması, ölkəyə
daxil olan informasiyanın həcminin xeyli artması, sənətə
yeni mövzuların
"müdaxiləsi", təravətli forma
axtarışları cəmiyyətdə canlı reaksiya
doğurur, qızğın müzakirələrə meydan
açırdı. Bəstəkarlarla yanaşı,
aparıcı musiqişünaslarımız da maraqlı, bəzən
ziddiyyətli, hətta dramatik hadisələr burulğanına
baş vurur, əldə olunan
informasiyanı refleksiyaya məruz qoymaq, qazanılan bilikləri
musiqinin tədqiqinə cəlb etmək, dünyada baş verənləri
milli musiqi nailiyyətləri ilə tutuşdurmaq istəyi ilə
yaşayıb-yaradırdılar.
A.Tağızadənin xarakterinin xüsusiyyətləri,
ruhən azad olması, yeni sənətə canlı
marağı, müasir ədəbiyyatla təmasda işləmək
həvəsi onu altmışıncılar nəslinin layiqli təmsilçisi
kimi səciyyələndirmək imkanı verir.
Məqalələrindən birində A.Tağızadə
yazır ki, "yeni zaman sənətkarlarımız
qarşısında yeni mövzular və onlara müvafiq olan
yeni forma axtarışları zərurətini
doğurmuşdur. Onların təcəssümü
üçün əvvəlki dil resursları bəzən
kifayət deyil". Musiqişünas XX əsr sənətinin
klassiklərinə çevrilmiş Stravinski, Prokofyev,
Şostakoviç, Bartok, Hindemit və
başqalarını öyrənib,
müasir musiqinin texnoloji vasitələrindən yararlanan
müəllifləri təqdir edir.
Vaxtilə akademik D.Lixaçov "Əgər bu, imitasiya deyilsə..."
adlı yazısında aşağıdakı fikri
vurğulayırdı: "Ədəbiyyatşünaslıq ədəbiyyatı
gerçəkliyə, real, konkret və dəqiq izah olunmuş
fakta çevirir". Düşünürəm ki,
A.Tağızadə də belə bir vəzifəni
reallaşdırırdı: ayrı-ayrı əsərləri
musiqi tariximizin faktına çevirir,
ayrı-ayrı sənətkar adlarını tarixdə təsbit
edir. Həmin sənətkarlar sırasında isə Cövdət
Hacıyev, Soltan Hacıbəyov, Aqşin Əlizadə kimi
milli obrazlar, ifadə vasitələri çevrəsini xeyli
genişləndirən yaradıcılar var. Həmin bəstəkarlar
haqqında yazarkən, tədqiqatçı musiqimizin
inkişafının vacib qanunauyğunluqlarının
aşkarlanması səviyyəsinə yüksələ bilir. Beləliklə,
A.Tağızadəni cəsarətlə XX əsr Azərbaycan
musiqi tarixini yaradan alimlərdən biri kimi səciyyələndirə
bilərik.
Məqalələr toplusunu alim "XX əsr Azərbaycan
musiqisi" sərlövhəsi altında dərc etdirmişdir.
Məqalələri bir-bir oxuduqca biz ayrı-ayrı bəstəkarların
timsalında musiqimizin əsas inkişaf mərhələlərini,
həmin mərhələlərdə həll olunan
yaradıcılıq vəzifələrinin özəlliklərini
aydın təsəvvür edirik. "Dahilik zirvəsi"
adlı məqalədə irəli sürülən tezisdən
- "Üzeyir Hacıbəyli yaradıcılığı
canlı müasirlikdir.... onun çoxcəhətli
axtarışları musiqimizin trendini müəyyənləşdirdi"
təkan alaraq, alim ilk bəstəkarımızın
ideyalarının müxtəlif nəslə aid sənətçilər
- Q.Qarayev, C.Hacıyev, F.Əmirov, A.Məlikov, X.Mirzəzadə,
A.Əlizadə, M.Quliyev və başqaları tərəfindən
gerçəkləşdirilməsi yollarının fərqliliyini
inandırıcı sərgiləyə bilir. Musiqişünas
əmindir ki, həmin müxtəliflik bəstəkarlıq məktəbimizin
əzəmətinə dəlalət edir.
A.Tağızadənin Cövdət Hacıyev barədə
monoqrafiyası XX əsrin möhtəşəm simalarından
birinin sənət nailiyyətlərinə həsr olunub. Alim hər
bir əsərin, ilk növbədə hər bir simfoniyanın
dramaturji həllinin fərdiliyini bədii qayənin özəlliyi
ilə sıx təmasda nümayiş etdirməyə müvəffəq
olur. Xüsusən "İnsan. Torpaq. Kosmos" adlı
heç bir qəlibə sığmayan Beşinci
simfoniyanın (iki hissə, yeddi fəsildən ibarətdir) təhlili
əsasında alimin əldə etdiyi nəticələr diqqətəlayiqdir.
Simfoniyanın dramaturji inkişafında, fəsillərinin
sanki kadrbakadr ardıcıllığında kino
dramaturgiyasının, montaj prinsipinin "fəaliyyətini"
aşkarlayan müəllif eyni zamanda
əsərin təşəkkülündə
muğamın da quruluş xüsusiyyətlərinin əks
olunduğunu vurğulayır. Alimin təbirincə, hər bir
fəsil formaca bitkin olmayıb, vahid monotematik inkişaf xəttinin
bir halqasıdır: "Məhz burada dəstgah prinsipi
-muğam silsiləsinə xas variasiyavarilik, süitavari
konstruksiya özünü aşkarlayır".
O, isbat edir ki, C.Hacıyevin
müasir musiqi cəbbəxanasının ən yeni ifadə
vasitələrinə müraciəti
dəbə uyğunlaşmaq deyil, milli musiqinin
köklü xüsusiyyətlərinin daha dərin təcəssümü
məqsədini güdür.
Maraqlıdır ki, kitab 1979-cu ildə işıq
üzü görüb. Məhz həmin ildəcə
M.Aranovskinin "Simfonik axtarışlar" tədqiqatı nəşr
olunmuşdur. Aranovski simfoniya janrının "həyatında"
müşahidə olunan "destabilizasiya" vəziyyətini
təsbit edərək, silsilə təfsiri, dramaturji həll
müxtəlifliyi ilə fərqlənən onlarla əsərin
təhlili üçün yeni metod təklif etmişdir. Aida xanım isə tək bir
C.Hacıyevin simfoniyaları
timsalında simfonik formanın müxtəlif yozum
variantlarını üzə çıxara bilmişdir.
XX əsrdə musiqi təfəkkürü
paradiqmasındakı dəyişikliklər musiqi
kompozisiyasının daxilən yeniləşməsinə, həmin
kompozisiyanın təşkilində iştirak edən vasitələrin
iyerarxiyasının yenidən qurulmasına gətirib
çıxarmışdı. Nə vaxtsa kölgədə
qalan, "yardımçı" ifadə vasitələri -
faktura, tembr, artikulyasiya əsas "ekspressiya parametri"
(V.Xolopova) funksiyasını öz üzərinə
götürür. Bu fikir A.Tağızadənin Soltan Hacıbəyov
haqqında tədqiqatını oxuyarkən yadıma
düşdü. Burada alim kompozisiyanın
quraşdırılmasında tembr dramaturgiyasının vacib
rol oynadığını vurğulayır. Tədqiqatçı
S.Hacıbəyov orkestrinin özəlliklərini - kolorit
parlaqlığını, ayrı-ayrı alətlərin
personifikasiyasını diqqətə çatdırarkən
impressionistlərin, rus bəstəkarlarının
orkestri ilə paralellərə üz tutur. Məsələn, bəstəkarın alətlərin
tembr və intonasiya imkanlarının
sərhədlərini genişləndirmək cəhdlərini qeyd etdikdən sonra
alim mühüm bir nəticəyə gəlir: "Lakin
S.Hacıbəyov üçün rənglərin doğurduğu
effekt əsas deyil, onun üçün tembrin bədii obraza
tam uyğun gəlməsi önəmlidir".
Musiqişünasın daha bir monoqrafiyası
60-cılar nəslinin ən parlaq simalarından olan Aqşin
Əlizadənin yaradıcılığına həsr olunub.
"Şostakoviç irsinin nəhəng basqısı"ndan
(M.Tarakanovun ifadəsidir) xilas ola bilmiş bu bəstəkarın
musiqiyə bəxş etdiyi
töhfələri dövrün əsas üslub təmayülləri
- neoklassisizm, neofolklorizm məcrasında nəzərdən
keçirərək, alim mühüm qənaətə gəlir.
"Bayatılar" silsiləsinin, "Azərilər"
kantatasının novator mahiyyətini
açıqlayan müəllif bəstəkarın
özgün üslubunu Stravinski, Bartok, Tormisdən irəli gələn
üsulların milli musiqi elementləri ilə sadə cəmi
deyil, bütün əxz olunanların üzvi sintezi nəticəsində
ərsəyə gələn yeni bədii keyfiyyət kimi səciyyələndirir,
onun nailiyyətlərinin kəşf xarakterini
vurğulayır.
Aida xanımın yeni simfoniyalar, operalar, kitablar, Bəstəkarlar
İttifaqının plenum və qurultaylarında səslənən
əsərlər haqqında operativ rəyləri heç də
analitik materiallarından az maraqlı deyil. Həmin məqalələr
onu mütəhərrik musiqi tənqidçisi kimi səciyyələndirir:
rəyləri oxuyub dövrün atmosferini duyursan, nəbzini
tutursan.
Musiqişünas bədii nəsrdən, kinodan paralellərə
müraciət edərək, qənaətlərinə əlavə
həcm aşılayır. Məsələn, Arif Məlikovun
Dördüncü simfoniyasında romantik ikialəmlilik
dünyaduyumunun məxsusi tərzdə təzahür
olunduğunu qeyd edən alim buradakı müxtəlif texnikaya əsaslanan
layların estetik dissonansını Ç.Aytmatovun "Gün
var əsrə bərabər" romanındakı metodla
(zaman-məkan yerdəyişmələri ilə) müqayisə
edir.
Aida xanım əsasən estetik baxımdan özünə
yaxın sənətkarlar haqqında yazır, vicdanı ilə
kompromisə girmir, "düzü düz, əyrini əyri"
deməyə çalışır, bu və ya digər
insanın fəxri adları qarşısında təzim etmir,
yeri gəldi-gəlmədi ona mədhiyyə oxumur. Məsələn,
"Arşın mal alan" komediyasının val
yazısı" adlı məqaləsində bu valın ərsəyə
gəlməsində Niyazinin müstəsna rolunu, onun
harmoniyalarının rəngarəngliyini, orkestr
ixtiraçılığını müsbət qiymətləndirməklə
yanaşı, A.Tağızadə iradını da bildirir:
"Ü.Hacıbəyli musiqisinin vurğunu olan Niyazi
operettanın obrazlarını romantik tərzdə şərh
edir. Düzdür, bəzən Hacıbəylinin
melodiyalarını cilalamaq üçün istifadə olunan
effektli orkestr-harmonik vasitələr artıq
görünür, haradasa melodiyaların ruhi gözəlliyinə zidd gəlir". Beləliklə,
alim Niyazinin sənətkarlığını əsla
danmayaraq, Üzeyir bəy musiqisinin təbiətinə xələl
gətirən məqamlara da göz yummur.
Aida xanım diqqəti gündəmdə olan məsələlərə
cəlb etməyi bacarır. Bu baxımdan 70-ci illərə aid
operalar - Şəfiqə Axundovanın "Gəlin
qayası" və Məmməd Quliyevin "Aldanmış
ulduzlar"ının təhlili maraqlıdır. "Gəlin
qayası"nda muğam
operası ənənələrini müasir səviyyədə
təcəssüm etdirmək cəhdlərini təqdir edən
alim eyni zamanda sovet dönəmində intişar tapmış
"mahnı operası"nın qanunlarının fəaliyyəti
nəticəsində yaranan fəsadlara - opera
formalarının bəsitləşməsinə, simfonik
inkişafın süstlüyünə də diqqəti
yönəldir. Tənqidçi M.Quliyevin müasir teatrın
ideyalarına həssas yanaşmasını, məsələn,
B.Brextin tamaşa teatrına xas "yabançılaşdırma"
prinsipindən faydalanmasını operamızı yeniləşdirən
müsbət hadisə kimi səciyyələndirir. Librettonun (V.Paşayev)
başlıca keyfiyyəti - teatrallığından təkan
alan M.Quliyevin yaratdığı musiqi portretlərinin
qabarıq və görümlü olduğunu, orkestr palitrasının
rəngarəngliyini təqdir edərək, A.Tağızadə
tamaşanın rejissor həllinə dair iradlarını da
söyləyir. "Müasir teatrın siması rejissorun dərin
fərdi yaradıcılığı ilə təyin
olunur", - deyən alim əlavə edir ki,
teatrımızın "azad, sərbəst, yaradıcı, hərtərəfli
savada və istedada malik opera rejissoruna
ehtiyacı var". Təəssüf, klassik
operalarımız hələ də müasir rejissura
intizarındadır!
Məqalələrindən birində Q.Qarayev zövq
kateqoriyasının tənqidçilər tərəfindən
unudulduğunu qeyd edir, hərçənd məhz o, "sənətkarın
daxili mədəniyyəti, tələbkarlığı,
ölçü hissi, ifadə vasitələrini səhvə
yol verməyərək dəqiq müəyyənləşdirmək
bacarığı haqqında mühakimə yürütmək
imkanı verir". Səciyyəvidir ki, A.Tağızadə
yazılarında hər hansı bir əsəri, ifanı dəyərləndirərkən
zövq məsələsinə xüsusi diqqət yetirir. "Nəcib keyfiyyətləri
necə qorumalı? Mənəviyyatsızlıq,
bayağılıq, zövqsüzlük təzahürlərinin
qarşısına necə sədd çəkməli?" -
bu sualların C.Hacıyev üçün əhəmiyyətli
olduğunu vurğulayan musiqişünas özünü də narahat edən
mətləblərə toxunur.
Alma mater - Konservatoriya, Musiqi Akademiyası - Aida xanımın doğma
ocağına övlad sevgisi duyğulandırmaya bilməz.
"Konservatoriyamızın hər daşını, hər
guşəsini sevirəm", -
deyə Aida xanım kövrələrək etiraf edir. Onun fəaliyyətə başladığı
zaman Konservatoriya qızıl dövrünü
yaşayırdı, burada elmin korifeyləri mühazirələr
oxuyurdu. Onların arasında itib batmamaq, mövqeyini dəqiq müəyyənləşdirmək
heç də asan deyildi. Aida xanım bunu bacardı və
tezliklə həmkarları arasında qibtədoğuracaq nüfuz
qazandı.
Alimin kafedraya rəhbərliyi illərində bir
çox kurslar - ilk öncə "Azərbaycan musiqi
tarixi" kursu yeni mövzular, metodik tövsiyələr, vəsaitlər
hesabına təkmilləşdirilmişdir. Tədris prosesinə
"Müasir musiqi", "Asiya və Afrika xalqlarının
musiqi mədəniyyəti", "Orkestr üslubunun əsasları",
"Musiqi tənqidinin metodologiyası, nəzəriyyəsi və
tarixi", "Teatr tarixi" və s. kurslar əlavə
olunmuşdu.
A.Tağızadənin fərdi məşğələləri
- diplom işlərinin və dissertasiyaların elmi rəhbəri
kimi fəaliyyəti xüsusən
təqdirəlayiqdir. Yetirmələri arasında öz sənətində
uğur qazanmış musiqişünaslar - F.Əliyeva, K.Nəsirova,
İ.Pazıçeva, S.Rzayeva (namizədlik dissertasiyaları),
N.Əfəndiyeva, H.Babayeva, N.Ələkbərova,
İ.Köçərli, E.Hüseynova... qeyd olunmalıdır.
Mövzu seçiminə, onun aktuallığına diqqət
yetirən alim tələbələrinə, dissertantlarına
olduqca tələbkar yanaşır, tədqiqatın yüksək
səviyyədə icrasına ciddi nəzarət edirdi. Aida
xanımın həmkarları "o zaman yazılan diplom
işləri indinin namizədlik
dissertasiyaları ilə rəqabət apara bilər" fikrini
dilə gətirərək, A.Tağızadənin pedaqoq, elmi rəhbər
istedadına diqqət yetirirlər.
Professorun "qeyri-rəsmi" tələbələrinin
- onun tövsiyələrindən bəhrələnənlərin sayı isə lap çoxdur. Təsadüfi
deyil ki, Firəngiz Əlizadə Aida xanımı
"hamımızın müəllimi"
adlandırmışdı. Həmin minnətdar tələbələr
sırasında bu sətirlərin müəllifi də var.
Burada A.Tağızadənin daim gələcək
haqqında düşüncələrlə
yaşamasını, yeni kadrlar hesabına kafedranın
işini canlandırmaq istəyini qeyd etməliyik. Özü də
cavan mütəxəssisi kafedraya dəvət edərkən
Aida xanım istedad, zəhmətkeşlik, gəncin ümumi
işə nə dərəcədə səmərəli ola
bilməsi meyarlarını rəhbər tuturdu. Mənə
Bilkənddən ünvanlandırdığı məktubunda,
Aida xanım "əgər tələbə
müəllimdən yaxşı deyilsə, deməli, bu,
müəllimin
günahıdır", - deyə tam səmimiyyətlə
yazır. Bu sözlər onun
şəxsiyyət kimi ucalığına dəlalət edir.
A.Tağızadənin pedaqoji fəaliyyətinin əhəmiyyətli
mərhələsini onun qardaş Türkiyədə, Bilkənd
Universitetində çalışdığı illər təşkil edir. Burada o, "Musiqi
və səhnə sənətləri" fakültəsində
işləyərək vəzifəsini mühazirə oxumaqla
bitmiş hesab etməyərək,
maraqlı təşəbbüslərə imza
atmış, məsələn, "kompozisiya və nəzəriyyə"
şöbəsinin müdiri kimi
tələbə-bəstəkarların konsertlərini
düzənləmiş, gəncləri müasir musiqi
yaradıcıları ilə görüşdürmüş,
yeni əsərləri dinləyib təhlil etməyə, onlara
annotasiya yazmağa sövq etmişdir. Qərib məkanda
A.Tağızadə Bakı Akademiyasının təhsil ənənələrini
uca tutmuş, zəngin təcrübəsini səxavətlə
hamı ilə bölüşmüş, müxtəlif yaş
kateqoriyalarına aid tələbələrinin
nüfuzunu qazanmış,
fakültənin sayılıb-seçilən
professorlarından biri olmuşdur.
Bakıya dönəndən sonra Aida xanım yenə də musiqi
tarixi kafedrasında məhsuldar
işini davam etdirir, bir sıra yeni araşdırmalar icra
edir, monoqrafiyalarını əlavələrlə
zənginləşdirərək Azərbaycan dilinə
çevirir. Beşcildlik "Azərbaycan Musiqi Tarixi" nəşrinin
(layihənin rəhbəri - akademik Z.Səfərova)
Üçüncü cildi üçün C.Hacıyev və
S.Hacıbəyov haqqında oçerkləri məhz
A.Tağızadə yazıb. Buradaca Heydər Əliyev
Fondunun
"Üzeyirşünaslıq" layihəsi
üçün alimin Azərbaycan və rus dillərində
işıq üzü görən, elmi redaktor və tərtibçisi
olduğu "Üzeyir Hacıbəyli:
məqalə, oçerk, esse, arxiv materialları" toplusunu
(2014) qeyd edək.
Ön sözündə A.Tağızadə
Ü.Hacıbəylinin möhtəşəm fiquru
qarşısında heyranlıq hissini ifadə edir, onun
keçmiş və gələcək, Şərq və Qərb
arasında körpü saldığını bir daha
vurğulayır. Sənətkarı xəyalpərəst
adlandıran Tağızadə həm də həmin xəyalları
icra etmək naminə Üzeyir bəyin titanik fəaliyyətini
nəzər-diqqətə çatdırır.
Toplunun dəyəri ondadır ki, burada ilk dəfə
bir sıra arxiv materialları
yer alıb, pərakəndə şəkildə mövcud olan
məqalələr redaktə edilərək bir araya gətirilib.
Aida xanım Üzeyir bəyin çoxcəhətli sənəti
ilə bağlı bu və ya digər məsələyə
hər bir müəllifin yeni, fərdi yanaşma tərzinə
diqqət yetirərək, diskussiyaya sövq edən amillərin
var olmasını da
alqışlayır. Mühakimələri qəlibə
salmaq niyyətindən özünü kənarlaşdıran
A.Tağızadə əmindir ki, mübahisə olmayan yerdə
elmi fikir iflic vəziyyətinə düşə bilər. Üzeyir bəy kimi nəhəng
şəxsiyyətin mənəvi aləmini tam ifadə etməyin
mümkünsüzlüyünü
acizanə etiraf edib, alim sonda
"dahi sənətkarla ünsiyyət səadəti
yaşatmağın" məqalə müəlliflərinin ilk əvvəl özləri, sonra
oxucuları üçün nə kimi əhəmiyyət kəsb
etdiyini vurğulayır.
A.Tağızadə Azərbaycanı müxtəlif beynəlxalq forumlarda təmsil
etmişdir. 1976-cı ildə İtaliyanın Pezaro şəhərində
keçirilən və bəstəkarlıq təhsili problemlərinə
həsr olunmuş SSRİ və İtaliya bəstəkarlarının
ikitərəfli görüşünə - bu
görüşün iştirakçıları sırasında
isə azərbaycanlılar Q.Qarayev və F.Əlizadə ilə
yanaşı, T.Xrennikov, A.Petrov, G.Kançeli, C.Kaxidze,
İ.Martınov kimi tanınmış sənətkarlar var idi
- A.Tağızadə də
qatılaraq, Azərbaycan bəstəkarlıq məktəbi,
onun qısa zaman kəsimində
qazandığı nailiyyətlər haqqında məlumatla
çıxış etmişdir.
1987-ci ildə Praqada vaqe olan
beynəlxalq konfransda alimin "Musiqinin humanist mahiyyəti" mövzusunda məruzəsi tədqiqə
cəlb olunan materialın genişliyi, ümumiləşdirmələrin
dəqiqliyi ilə seçilir.
Aida xanımın rəfiqələri - Azərbaycanda
arfa ifaçılıq məktəbinin təşəkkülündə
mühüm xidmətləri olan Aida Abdullayeva və müqtədir
pianoçu, pedaqoq Elmira Səfərova haqqında esseləri
xüsusən diqqəti çəkir. E.Səfərova barədə yazısında Aida
xanım əxlaq və mənəviyyat məsələlərinə
toxunur. "Məncə, nəsillərarası bölgü təkcə şaquli
deyil, üfüqi xətt üzrə baş verir.
Ağıllı və dürüst, vicdanlı adamlar necə
var elə də qalıblar, karyera dalınca qaçanlar,
cılız insanlar yaxşılığa doğru dəyişməyiblər",
- deyən alim həyat təcrübəsinin
nəticəsi kimi yaranan fikirlərini
oxucuları ilə
bölüşür.
Bu sözlərdə Aida xanımın şəxsi
mövqeyi, həyat prinsipləri də öz ifadəsini
tapır. Heç də təsadüfi deyil ki, "XX əsr
Azərbaycan musiqisi" kitabının üz
qabığında Q.Qarayevin
"Don Kixot" simfonik qravürlərindən "cəngavər
çağırışı" mövzusunun akkordları
yerləşdirilmişdir. Axı Don Kixot obrazı ilə həqiqət
axtarışları, insanlara təmənnasız xidmət etmək
niyyəti, saxtakarlıq və təkəbbür təzahürlərinə
qarşı etiraz motivləri
bağlıdır. A.Tağızadənin istedadı müdafiə
etmək, ehtiyacı olana yardımçı olmaq, nahaq işdə
iştirak etməmək, həyat missiyasını vicdanla yerinə
yetirmək kimi keyfiyyətləri - başlıca həyat dəyərləri
adlandırıla bilər. Alimin ailəsini tanıyanlar bu
ocaqda hökm sürən yüksək mənəviyyat
ab-havasından ürəkdolusu danışaraq, Aida xanım -
Tofiq Əliyev "dueti"ni şəhərimizin ən
gözəl, "ideal" cütlüklərindən biri kimi
səciyyələndirirlər. Böyük alim, akademik, iki dəfə
SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan
Neft və Kimya İnstitutunun rektoru olmuş Tofiq Əliyevi əsl
ziyalılara xas təvazökarlıq, sadəlik fərqləndirirdi, onun siması
sanki həmişə nur saçırdı. Bu ailənin
yaşadığı Nizami küçəsindəki xudmani,
qonaqpərvər evdə olanlar
Aida xanım və Tofiq müəllim arasında tam amal
birliyinə əsaslanan ülvi, uca münasibətləri -
onlar bir-birini həyatda, elmi işlərdə həmişə
dəstəkləyirdilər - heyranlıqla müşahidə
etmiş, yaşından asılı olmayaraq bütün
qonaqlara eyni diqqətlə yanaşmaq bacarığını
qiymətləndirə bilmişlər. Tofiq müəllim və
Aida xanımın yolunu onların iki övladı davam etdirir:
Fuad Əliyev tanınmış alim, elmlər doktoru, informasiya
texnologiyaları və elektrotexnika üzrə Türkiyənin
Yeditəpə Universitetinin professoru, Nigar xanım isə
anası kimi musiqişünas, müəllim, sənətşünaslıq
üzrə fəlsəfə doktorudur.
Azərbaycan musiqi elminin, təhsilinin görkəmli
nümayəndəsi olan A.Tağızadənin nüfuzu şəksizdir.
Aida Tağızadə dərin bilikləri, nadir müəllimlik
istedadını ruh ucalığı, ürək genişliyi,
həyata müdrikanə baxışla birləşdirə bilmişdir.
"O vaxt ki biz hər hansı bir işi sevinc və həvəslə
gerçəkləşdiririk, onda, deməli, öz Taleyimizə
- Tanrının bu torpaqda bizim
üçün nəzərdə tutduğu ali missiyaya riayət
edirik", - bu sözlər müəllimimin məktubundandır. Əminliklə
demək olar ki, Aida xanım elə yaradıcılıq yolunun
başlanğıcından Taleyinə riayət edib, sonucda
görkəmli nailiyyətlər
qazanaraq musiqi sənəti və elmimizdə özünə fərəhli
və fəxri yer qazanmışdır.
Bu əlamətdar yubiley günlərində
kübarlıq, gözəllik, mənəviyyat mücəssəməsi
olan istəkli Aida xanımı onun həmkarları, o cümlədən,
xaricdə yaşayan musiqiçi dostları və tələbələri
adından ürəkdən təbrik edib, ustadımıza
möhkəm cansağlığı, həyat
şövqü və sidq-ürəkdən sevdiyi musiqi ilə
yeni məftunedici görüşlər, kəşflər
arzulamaq istərdim.
Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2024.- 3 fevral, ¹21.- S.14-15.