Ədəbi
köşk: Nə var, nə yox?
Ədəbi köşkümüzün eni-uzunu
darısqal olsa da, deməyə sözümüz,
çatdırmağa xəbərimiz çoxdur. Hərdən
unutqanlığımızı da bir səhifənin
ölçüsünə bağışlamaq olar. Əsas
odur sizin də, bizim də məşğul olduğumuz nəsnə
barədə söhbət gedir - Ədəbiyyat! Mühitdə
canlılıq olmalıdır ki, köşkümüz əlvanlaşsın,
daha da maraqlandırsın...
Hörmətlə, "525"
***
Pis şeiri çap eləmək...
Bəzən dost kimi görünən qələm
adamları bilə-bilə öz
"yoldaşlarının" zəif qələm nümunəsini
mataha mindirib tərifləyirlər ki, qıraq-bucaq onun
yazdığının necə aşağı səviyyədə
olduğunu görsün. Ürəyi təmiz olanlar isə
heç vaxt rəva bilmirlər ki, kiminsə zəif şeiri,
hekayəsi çap olunsun... Amma bəzən öz
yazdığının vəkilinə çevrilən
adamlarla öz dillərində danışmaqda fayda var...
Yazıçı Səfər Alışarlı
oxşar situasiya ilə bağlı maraqlı bir hadisəni
bölüşür: "Y.Yevtuşenko xatirələrində
ilk şeirlərini o vaxt Lubyankada yerləşən
"Qudok" dəmiryolçu qəzeti redaksiyasına necə
apardığını yazır. Deyir, o boyda ümumittifaq qəzeti
bir-iki otaqda yerləşirdi, adam adam üstündəydi.
Güclə tapdığım şöbə müdiri
şeirlərimi oxuyub dedi ki, onların pis şeir olduğunu sənə
göstərmək üçün mütləq çap etmək
lazımdır. Çap elədi və deyilənlərin həqiqət
olduğunu mən çox tez başa düşdüm".
Yevtuşenko vaxtilə bunu başa
düşdüyü üçün indi onun hansısa xatirəsini
oxuyuruq...
***
"Otururam hər cümə, eləyirəm tərcümə..."
Əvvəllər tərcüməyə yaxşı
qonorar və maraqlı, vacib sənət kimi
yanaşırdılar. İndi bəzi tərcüməçilər
əsərə yalnız yaxşı qonorar kimi
yanaşırlar. Bəzən hansısa pis tərcüməni
oxuyanda sözgəlişi deyirik ki, elə bil, "Google
translate" tərcümə edib. Fəlakət odur ki, həqiqətən,
"Google translate"də tərcümə edib
sırıyanlar var, özüm şahidiyəm...
Tərcüməçi Svetlana Turanın etirafı həm
ağlamalıdı, həm də gülməli:
"Açığı, tərcüməçilərlə
və ya uğursuz tərcümə nümunələri ilə
bağlı statuslara reaksiya verməməyə
çalışıram. Düşünürəm ki, həmkar
etikasına riayət etmək lazımdır. Amma bəzən
elə biabırçı, ya da gülünc "tərcümə"
nümunələri paylaşılır ki, özümü
smaylik atmaqdan güclə saxlayıram. Bir də
özümün rast gəldiyim şedevrlər var ki, əllərim
gidişir, di gəl, yenə birtəhər dözürəm".
***
Yazıçının mağazadakı "təəccübü"
barədə hekayə...
Yazıçı Ülviyyə Heydərova kitab
mağazasında kassanın qarşısında dayanıb
növbəsini gözləyəndə qəribə dialoqa
şahid olub. Kassada işləyən xanım gənc
müştəridən soruşub:
- Müəllif?
Gənc müştəri elə bil "müəllif"
sözünü ilk dəfə eşidirmiş kimi reaksiya
verdi. Qaşlarını çatıb təəccüblə
xəbər alıb:
- Müəllif?
Kassada işləyən xanım udqunub:
- Avtor.
- Aaa... Avtor? Kuprin.
Müştəri "Kuprin"i elə deyib ki, elə
bil sözü ağzından buraxmaq istəmirmiş. Kassada
işləyən xanım kompüterdə Kuprini axtarmağa
başlayıb...
Ülviyyə xanım bu dialoqdan elə başa
düşüb ki, gənc müştəri ümumiyyətlə
Azərbaycan dilini bilmir. Sonra kassadakı xanımla
aralarındakı dialoqdan bilib ki, müştəri azərbaycandillidir,
özü də xalisindən. Sadəcə, "müəllif"
sözünün mənasını bilmirmiş...
***
Məmməd İsmayıl, hələ yaşanası
illər var, bəlkə?!
Azərbaycanın sevimli şairi Məmməd
İsmayılı gur-gur guruldayan, şux qamətli, gözləri
işıqlı görmüşük, sevmişik, dinləmişik.
Bəzən sevdiklərimizə tuş gələn amansız
xəstəliklər sevincimizi sonsuz kədərlə əvəzləyə
bilir. Məmməd İsmayıl 85 yaşın
astanasındadır və səhhəti, təəssüf ki,
təkcə onun yox, bizim də sözümüzə
baxmır. Bizim bir sözümüz var: Məmməd
İsmayıl tez sağalsın, qalan ömrünü rahat,
ağrısız-acısız yaşaya bilsin...
O, son günlər feysbuk hesabında əhvalından,
ovqatından irəli gələrək bədbin misralar
paylaşır:
"Gözləyən yoruldu, usandı gələn
Tövründən bəllidi bu, sondu gələn..."
"Yaşaması bu olanın
Ölümdən nəymiş qorxusu..."
"Qocalıq nə aran, nə dağ
mövsümü,
Özünlə baş-başa qalmaq
mövsümü..."
"Bu da ömrün sonu - ölümün nazı,
çəkilməsi müşkül tanrı cəzası..."
Məmməd İsmayıl, ölümü belə
dirigözlü, açıq-aşkar gözləmə...
Özünü ovut, icazə ver biz səni ovuda bilək... Bəlkə
hələ yaşanası illər var?!
***
Elə yazma, belə yaz...
Axır zamanlar belə diktələrin sayı
çoxalıb: "Niyə bu mövzuda yazmısan?"
Yazanlara bu cür məzəmmətlər artıb. Hamı
oxumaq istədiyin axtarır, bu, təbiidir. Amma unutmaq olmaz ki,
yazıçı-şair də yazmaq istədiyini yazır.
Yazı elə bir prosesdir ki, əgər nəyəsə
hesablanmayıbsa, içindən, zehnindən gələn məsələni
nəzmə çəkirsənsə, nəsrə gətirirsənsə,
oxucunu ən sonda fikirləşməyə başlayırsan.
Əvvəldən oxucunu fikirləşən
yazıçıların aqibətini yaxşı bilirsiz:
kitabı alanın sayı-hesabı olmur, amma ədəbi tərəzinin
gözünü peşəkar kriteriyalara arxalanıb aldatmaq qəliz
məsələdir.
Şair Rəbiqə Nazimqızı bu məsələ
ilə bağlı yazır: "Filankəs üçün
(filan mövzuda) bir şeir də sən yaz" nə deməkdir
axı. Bu nə çağırışdır, bu nə
kampaniyalardır... Kolxoz, beşillik plan, zəhmətkeş məktubları...
Niyə antologiyaları, kütləvi təqdim etməyi,
kütləvi təqdim olunmağı sevirik? Niyə
hamımız eyni yazmalıyıq? Niyə hamımız
yazmalıyıq? Niyə öz yazdığımız
mövzuda başqasının da yazmasını istəməliyik?..
Kimin ürəyindən nə gəlir yazır da. Yazmırsa,
bu nə təklifbazlıqdır? Adamlar məcbur
olmağı, məcbur etməyi niyə belə sevirlər
axı?"
Təklifbazlıq... Maraqlı sözdür... Gərək
bundan sonra təklifbazların təklifindən qorunaq...
***
...Yazı satdım - bal kimi...
Bir qrup "onurğasız" tənqidçilərin,
ədəbiyyatşünasların palaz-palaz yazılar
yazdığı, bəzi yazıçı və şairlərin
ədəbiyyatşünas əbası geyinib mədh
üfürdüyü vaxtda şair Fərid Hüseyn qəzəblənib,
nə qəzəblənib: "Ədəbi mətnləri
"bal satan kimi" tərifləmək artıq kütləvi
hala çevirilib. Çox nadir hallarda bədii əsərlər
haqqında maraqlı yozum, ağlabatan təhlil, biliklərin cəmindən
yoğurulmuş qənaətlərə rast gəlmək olur.
Ədəbi mətnlərin "şərhçiləri"
"balsatanlığı" bilərəkdən və ya
"bilməyərəkdən"
adətə çeviriblər, onların başlıca məqsədləri
şərhə, fikirləri açmağa yox, sadəcə tərifi,
yaxud "topuqdan düşüncələrini"
sırımağa hesablanıb. Sırımağın ən
bariz göstəricilərindən biri də məqalələrdə
"filan şey filan şeydir", "əsl
yazıçı filan işi görə biləndir",
"əsl söz burdan başlayır", "həqiqi ədəbiyyat
orda bitir", "baxın istedad budur" kimi ucuz, əttökən
təsbitlər, dayazlıqla
"zinətlənmiş" yekun "nəticələrdir"...
Təəssüf ki, hələ də bizi ən çox
"bəyənənlərin" əksərən bizi ən
çox aldadanlar olduğunu görmürük. Nə deyək,
"bazar olsun". Onsuz da balı arıdan başqa
"hamı" tərifləyir..."
***
Çığıranlar və Saday Budaqlı
Yazıçı Rəşad Səfər yazılar ətrafında
hay-küy və sükut məsələsindən bəhs
edib. "Çığıranlar və
çığırmayanlar" adlı essesinin birinci hissəsində
öz yazıları haqqında mühitə səs salıb
car çəkənləri hədəf seçib.
Yazının ikinci - çığırmayanlara aid hissəsi
isə usta yazıçımız Saday Budaqlıya həsr edilib.
Saday müəllimin nəsrini yüksək qiymətləndirən
Rəşad Səfər yazır: "Müxtəsər,
Saday Budaqlının kitabı yerli mətnlər içərisində
son vaxtlar oxuduğum ən yaxşılarındandır. Deməli,
çığırmadan da yaxşı yazmaq olurmuş. Hətta
yaxşı yazmaq çığırmadan olur..."
***
Təzə nə var?
Tanınmış şair Qulu Ağsəsin
yaradıcılığına həsr olunmuş "Adı
soyadını eşidən şair" adlı kitab
işıq üzü görüb. Deyəsən, kitabın
adını Qulu müəllim özü seçib.
***
Jalə İsmayıl bu dəfə öz cəbhədaşlarına
səslənib: "Əziz ədəbiyyatçılar, ədəbiyyatdan
kənarda özünüzü olduğunuz kimi aparmayın.
Xalq bizim haqqımızda heç yaxşı fikirdə
deyil..."
***
Cəlil Cavanşir deyir ki, çox səssizlikdir. O, ədəbi
mühitin sükutunu necə pozacaq? Tapıb! Şeir gecəsi
hazırlıqlarına başladığını elan edib.
Belə güman edək ki, tezliklə Cəlil tufanı
qopacaq...
***
Əsəd Qaraqaplan yazır ki, dünyanı gözəl
şeirlər xilas edəcək. Bir nəfər də belə
rəy yazıb: "Füzulidən üzü bəri xilas edən
heç bir şeir yoxdur". Əsəd isə
sözünün üstündə durur: "Məncə, elə
o vaxtdan bəri bizi xilas edir, sadəcə, fərqində
deyilik"
El Romana görə, şair qadın olmasa, dünya
dağılmaz. Rəbiqə Nazimqızı da ona cavab verib ki,
eyni məntiqlə, cinsindən asılı olmayaraq, şair
olmasa, dünya dağılmaz.
Bir tərəfdən də "Mücrü" nəşriyyatı
45 müəllifdən şeirlərin və bu şeirlərə
aid hekayətlərin yer aldığı "Şeirin
yurdu" adlı antologiya buraxıb. Belə çıxır
ki, "şair-şeir söhbəti" hələ uzun
çəkəcək.
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 3
fevral, ¹21.- S.13.