Əbədiyyət və bir gün
Nağıllarda şahlar dirilik suyu ardınca
dünyanın bu başından o başına gedir, quyuya
düşür, səmaya qalxır, dərvişlərlə
yoldaş olurdular. Nağıllar bitdi, üç alma
düşdü, dünya da, şahlar da dəyişdi.
İndi beyin transplantasiyası ilə düşüncələri
ölümsüz edirlər. Xatirələri, duyğuları
bədəndən-bədənə köçürürlər.
Məşhur reinkarnasiya rəvayətləri dönüb olur
həqiqət. Əbədiyyətlə faniliyin rəqəmsal
müharibəsi başlayır.
Elm elə bir səviyyəyə gəlib
çatdı ki, doğru bildiyimiz hər şeyi unutmaq, yenidən
dünyanı kəşf etmək məcburiyyətində
qaldıq. Elm arxasınca sənəti də dəyişə-dəyişə
bizim bilmədiyimiz yerlərə apardı.
Məsələn, öyrəndik ki, işıq
sürətindən daha böyük sürət var imiş.
Heyvanlar təkcə reflekslər və intuisiya ilə hərəkət
etmirmiş, siçanlar, əslində, pendir yemirmiş və
sair. Gah böyük həqiqətlərlə tanış
olduq, gah da xırda, ömür boyu bizə lazım olmayacaq
şeyləri öyrəndik. Bütün hallarda başa
düşdük ki, dünya bizə öyrədilən kimi
deyil və ən düzünü elə
nağıllardakı adamlar edirmiş.
Nağıllardakı adamlar piramidalar tikmişdilər.
Həm də elə tikmişdilər ki, günün müəyyən
saatlarında Günəş şüalarının
düşmə bucağına görə saatın neçə
olduğunu piramidanın içində bilirdilər. Məbədlər
inşa etmişdilər. Üzərindən milyon illər
keçib, lakin o məbədlərin altındakı tunellərin
hələ də sonuna çıxa bilməyiblər. Bax belə.
Nağıllardakı adamlar yerini bizə verdilər. Biz də
təxminən iki min ildir ki, dünyanı təzədən
inşa edirik. Günəşin altında hər şey eyni
cür qocalır, eyni cür bitir, eyni cür doğulur. Yeni
olan heç nə yoxdur.
Bəşəriyyət qabığını dəyişdikcə
mətnlər, şəkillər, musiqilər də əynini
dəyişirdi. Ustadlar dedilər ki, nə
yazırsınızsa yazın, eyni bulağın suyunu içəcəksiniz
hamınız. Həmin bulaq da hələ hərfləri kəşf
etməyən insanların danışdığı
nağıllar, əfsanələr idi. Dini mətnlər, mifik
qəhrəmanlıqlardır. Ağ qoç, qara qoç,
tufan, gəmi, buğda, göydən yerə düşən
bir cüt insan və hekayə başlayır. Sonra nə
yazıldısa, bu sözlərin kölgəsində
böyüyən fidanlara oxşadı. Hara baxsan, Xeyirin
ordusuyla Şərin ordusu dalaşır.
Belə bir müharibənin ortasında yıxılan
dünyanı çaşqın-çaşqın izləyən
insan əbədiyyətlə bir günün dəyərini
anlamağa çalışır. Hər şeyin
keçmişdəkinin proyeksiyası olan yeni dünyada əbədi
yaşamaq, düşüncələri və xatirələri
kopyalayıb bədəndən bədənə ötürmək
daha yaxşıdır, yoxsa bircə gün dünyanı
sonuncu dəfə, aqibətin eşiyəndə kimi izləyib,
onu dadmaq, son bir dəfə həmin almadan bir dişlək
almaqmı?
İnsan zamanın xəlbirindən elə
üyünüb keçir ki, əlində, ovucunda qalan ancaq gələcəyi
yaşamağa bəs edir. Keçmiş və indiki zaman çoxdan
faniliyə uduzmuş, xırda bir xatirəyə çevrilib.
Gələcək isə hələ də əbədiyyətə
inanır. Onun yolunda üfiqlər genişdir. O, hələ də
dünyanı nağıllardakı şahzadələr kimi
görmək istəyir - ölümsüz!
İnsanı əbədiyyətə inandıran
şey ümiddir, əslində. Bizim də belə bir
refleksimiz var. Məyusluq içində
qıvrıldığımız günlərin vitaminidir
ümid. Həyatdan iki əlli
yapışmağımızın ən böyük səbəbi
həmin ümidlərin qurdurduğu xəyallardır. Bir
gün ümidimiz olsa, ancaq xəyal qurub gələcəyin
nagümanlığından yaxa qurtara bilməsək, hər
şey çox çətin olar. Xəyallar Adəmin cənnəti
itirdikdən sonra hər gün oranın həsrəti ilə
yaşamasının verdiyi bardır. Unutdu, unutduq hardan gəldiyimizi.
Bütün çırpınışlarımız da gəldiyimiz
yerə yenidən qayıtmaq üçündür. Dənizə
baxmaq da, səmaya gülümsəmək də, otları əzə-əzə
uzun bir daş yolunu keçmək də, səhrada oazis
axtarmaq da, pianonun dillərinə toxunub eyni notlardan hər dəfə
fərqli musiqilər yaratmaq da, şeir yazmaq da, hətta nahar
fasiləsində - bir fincan kofenin hənirtisində siqaret
yandırmaq da cənnətin rahatlığını,
oranın müdhiş genişliyini
axtarmağımızın vərdişləridir,
yadımızdan, canımızdan çıxara bilmirik.
Virtual insanların dünyasında hər şey
klassikləşir. İnkubator adamları kimi soyuyuruq.
Qırtlağımızdan daş sallanır,
gözümüzdən yuxu tökülür.
Otağımızdan, telefonumuzdan, sosial şəbəkə
profilimizdən çıxıb küçələrdə
zombi kimi, bədbin, məyus gəzəndə dörd tərəfimizin
əslində minlərlə asosial "manyaklardan" ibarət
olduğunu gec-tez anlayırıq. Qloballaşan dünyada fərdlər
yalnızlığa məhkum edilir. Onların qaçacaq yerləri
yenə özləri olur axırda. Onlar məcburdur əbədiyyətə
inanmağa. Bu qədər
qarmaqarışıqlığın içində özlərinə
bir yer etmək üçün əlli, altmış il bəs
etmir. Onlara əbədiyyətin "dirilik suyu"
lazımdır.
Yeni dünyanın "dirilik suları" da
nağıllarınkından fərqlidir. Plastik əməliyyatlar,
silikonlar, idman zalları, protein dərmanları, brendlər,
reklamlar, bəyənmə butonları, naməlum adamların rəyləri,
tanımadığın kəslərin qeybətləri,
maşınlar və sair. İnsan bunlarla daha çox
yaşayacağının, daim diqqət mərkəzində
olacağının xəyallarını qurur. Hər şeyin
ən yaxşısına çatmaq üçün can atanda
əbədiyyət və bir gün arasında qalan o zərif
hisslərin xoşbəxtliyindən məhrum qalır.
Əslində, əbədiyyətin insana çox bir şey vəd
etmədiyini anlamır. Əbədiyyət nədir ki? Olub
keçənləri unutmaq, bir də xatırlamamaq və yenidən
eyni həyəcanla yaşamaq. Əbədiyyət unutmaqdan və
xatırlamaqdan başqa heç nə deyil, əslində.
Zaman və tale, qədərçilik oyunu əbədiyyət
xəyallarının açarıdır. Su kimi axıb gedən
ömrün məcrasında nağılların taybatay
açılan qapılarında keçəndə əbədiyyət
haqqında heç nə soruşmayacaqlar. Gözardı
etdiyimiz "bir gün"lərin hesab-kitabını edəcəyik
onda. İstədiklərimizi yaşamadan, dadmadan, görmədən,
eşitmədən sakitcə faniliyin qollarında əbədiyyətin
sonsuz çöllərinə atılacağıq. Və o
vaxt hər şey təzədən başlayacaq.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 3 fevral, ¹21.- S.11.