Azərbaycanın "yaşıl enerji" hədəfləri: dünya ekologiyası üçün yeni fürsətlər

 

2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sərəncamda qeyd olunur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdədir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Millət vəkili Tamam Cəfərova deyir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür: "Bu gün yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir. Onu da qeyd edək ki, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Cənab Prezidentin müvafiq Sərəncamında da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir".

Tamam Cəfərova bildirib ki, ölkənin ərazisi yaşıl enerji mənbələri baxımından önəmli potensiala malikdir: "Belə ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması bunun əyani göstəricisidir. Bu baxımdan bir daha vurğulamaq lazımdır ki, dünyada yaşıl enerjidən istifadənin genişləndiyi bir vaxtda Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin qlobal əhəmiyyətli məsələlərdə təşəbbüskar dövlət olduğunun bütün dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Millət vəkili Aydın Hüseynovun sözlərinə əsasən, ölkədə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə ətraf mühitin qorunmasına öz töhfəsini verəcək: "Son illər ölkədə ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir, ağacəkmə kampaniyaları geniş vüsət alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, IDEA təşkilatının təşəbbüsü ilə Bakıda və ölkənin müxtəlif bölgələrində ağacəkmə aksiyaları həyata keçirilir. Prezidentin təşəbbüskarlığı sayəsində cəmiyyətimizdə ekoloji tarazlığın qorunması işinə həssaslıqla yanaşır. Azərbaycan qlobal iqlim dəyişmələrinin aradan qaldırılması istiqamətində də mühüm işlər görür, 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkədə 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyi edəcək. Bütün bu tədbirlərin davamı kimi Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi ekoloji mühitin sağlamlaşdırılması istiqmətində həmrəyliyin gücləndirilməsinə töhfə verəcək qərar hesab oluna bilər".

Millət vəkili qeyd edib ki, ölkədə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi çərçivəsində çoxsahəli addımların atılacağı nəzərdə tutulur: "Ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması naminə təşəbbüslərin dəstəkləməsi, yeni layihələrin icrası sürətlənəcək. Bu konteksdə ölkəmizdə yaşıl iqtisadiyyat quruculuğu sahəsində də yeni prioritetlər müəyyən ediləcək, xarici investorlarla birgə layihələrin icrası artacaq".

Onun sözlərinə görə, azad edilən ərazilərin ekoloji mühiti yaşıl enerji üçün güclü potensiallardan xəbər verir: "Bu bölgədə Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi nəzərdə tutulur. Xarici şirkətlərin azad ərazilərdə bərpa olunan və yaşıl enerji mənbələrinə də marağı böyükdür. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı genişmiqyaslı bərpa və yenidənqurma prosesi start götürüb".

Millət vəkili Azər Badamov deyir ki, Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrin sırasındadır. İki il əvvəl qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə ölkəmiz 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 30 faizini bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik götürüb. Üç il əvvəl Prezidentin işğaldan azad olunan əraziləri yaşıl zona adlandırıb, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılıb. O cümlədən, bərpaolunan enerji sahəsində təcrübəli, dünyanın aparıcı şirkətləri olan "Aqvapower" və "Masdar"la sazişlər imzalanmış, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı sənədlər təsdiq olunub. Bu il "Masdar" şirkətinin investisiyası ilə 230 meqavat gücündə Qaradağ günəş enerjisi stansiyası tikilərək istifadəyə verilib. Ümumiyyətlə ölkənin bərpaolunan enerji potensialı 200 Qiqavat olduğunu dəyərləndilib. Azərbaycan dövləti bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə bərpa olunan enerjisini və yaşıl hidrogeni Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunmasını həyata keçirəcəkdir. Bu, həm də enerji istehsalında istifadə olunan qaza qənaət olunmasına yol açacaq və Avropaya ixrac imkanlarımızı genişləndirəcəkdir. Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca elektrik enerjisinin  istehsalı üçün istifadə olunan kömürün yandırılmasını azaldacaq və atmosferə atılan istilik effektli qazların azalmasına töhfə verəcəkdir. Beləliklə, Azərbaycan iqlim dəyişikliklərə qarşı mübarizəyə öz töhfələrini verməkdə davam edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun dediyinə görə, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsi nəzərdə tutulub. İşlərin böyük hissəsini nazirlik özü həyata keçirəcək: "Əlbəttə ki, ağacların 3 milyonuna yaxınını Ekologiya və Təbii Sərvətlər Nazirliyi özü əkəcək. Ağaclar meşə təsərrüfatlarımızda, Abşeron rayonunda və işğaldan azad edilən ərazilərdə əkiləcək. 2 milyonu isə ölkənin icra hakimiyyətlərinin, nümayəndəliklərinin və digər icra orqanlarının üzərindədir. Bizim kifayət qədər ting materiallarımız var və 5 milyonluq əkini təmin edə bilərik".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 10 fevral, ¹26.- S.23.