Nəsiminin Fatiməsi

Xalq artisti Xalidə Quliyeva ilə söhbət

 

- Xalidə xanım, gözüm sizi həmişə teatrda axtarıb. Kino qətiyyətli seçim idi, yoxsa tale belə gətirdi?

- Əslində, teatrdakı fəaliyyətim kinodan əvvəl olub. Hələ orta məktəb dövründən dram dərnəyində iştirak edirdim. İncəsənət universitetinə qəbul olunandan sonra bizi dram və kino aktyorluğu olmaqla iki qrupa ayırdılar. Məni kino aktyorluğu fakültəsinə saldılar. Oxuyub bitirəndən sonra təyinatımı "Azərbaycanfilm" kinostudiyasına verdilər. Beləcə fəaliyyətimi bu istiqamətdə davam etdirdim.

- Sizin bioqrafiyanızda kifayət qədər film adı var. Ancaq nədənsə adınız çəkiləndə çoxlarının ağlına birinci "Nəsimi" filmindəki Fatimə gəlir. O cümlədən, mənim də.

- "Nəsimi" filmində çəkildiyim üçün özümü çox şanslı hesab edirəm. Həsən Seyidbəyli kimi bir rejissorla işləmişəm. Mən onu ata gözündə görürdüm. Çəkilişə gələndə alnımdan öpərdi, sonra başlayardıq çəkilişə.

- Həsən Seyidbəyli sizi necə kəşf etmişdi?

- Tofiq Tağızadənin "Qızıl qaz" filmində görüb bəyənmişdi. Mən dərsdə olanda rejissor Əşrəf Mamayev auditoriyaya daxil olub dedi ki, Həsən Seyidbəyli Xalidə Quliyevanı çağırır. Ona qədər Kino İttifaqının harada yerləşdiyini bilmirdim, Həsən müəllimlə də tanışlığım yox idi. Dərsdən icazə veriləndən sonra Həsən müəllimin qəbuluna getdim. Gördüm, bəstəboy, üzügülər bir adamdır. Məni gülə-gülə içəri dəvət etdi. Ssenarini verib dedi ki, apar oxu. Hansı rolu bəyənsən, sabah gəlib mənə deyərsən. Ssenarini oxuyub, səhərə qədər ağladım. Nəsiminin soyulmağına çox pis olurdum. Başa düşə bilmirdim ki, niyə edam zamanı bir nəfər səsini çıxarmır? İndi də elə düşünürəm. Səhər gəlib Həsən müəllimə dedim ki, mən "Fatimə"ni istəyirəm. Həsən müəllim cavab verdi ki, elə onu sənə verəcəkdim.

İnsanı anlamaq, duymaq ayrı şeydir. Həsən müəllim bunu bacarırdı. Sizə bir əhvalat danışım. Deməli, "Nəsimi" filminin çəkilişlərində Volodya adlı peşəkar qrimyorumuz vardı. Volodya uzun saçlarıma baxıb dedi ki, kəsmək lazımdır. Elə bu vaxt qrim otağına Həsən müəllim daxil oldu. Simama baxanda bildi ki, narahatam. Volodyadan soruşdu ki, qızın saçını neyləyəcəksən? Volodya da dedi ki, kəsək. Həsən müəllim mənə baxdı. Mən də dinmirəm, kəsək desələr, kəsiləcəkdi. Birdən Həsən müəllim dedi ki, neynirsən elə, ancaq bir tükünə də əl vurma. Beləcə saçlarım kəsilmədi, hörüb üstündən parik qoyduq.

- At çapmağı çəkiliş dövründə öyrənmişdiniz, yoxsa əvvəldən bilirdiniz?

- At sürməyi çəkilişlər zamanı öyrəndim. Sizə deyim ki, kütləvi səhnələrdə çəkilən mən deyildim. Bir dəfə atdan da yıxıldım. Sonra gedib avtobusda xeyli ağlamışdım. Şəhər qızı idim, mən at çapmağı hardan biləydim?

- Şəmsin Nəsimiyə olan sevgisini daha böyük bilmişəm həmişə.

- Ssenaridə Şəmsə dair çox şey yox idi. Şəmsin sevgisi birtərəfli idi, düzü, heç o da çox açıqlanmamışdı. Həm Nəsimi, həm Fatimə Nəiminin yanında olublar. Bundan çıxış edərək deyə bilərik ki, münasibət daha çox Fatimə ilə qurulub. Onlar şüurca eyni adamlar idi, ikisi də Nəiminin fəlsəfəsi ilə yaşayırdı. Təbii ki, bu amil münasibətlərinin möhkəmlənməsinə təsir göstərib. Şəms isə sadəcə Nəsiminin şeirlərinə vurulub, onu uzaqdan-uzağa sevib.

Orada baş verənlər, zəmanəsinə qarşı üsyankarlığı, anası edam olunan bir qızın acı həyatı, Nəsimi kimi azad yaşayan insana qarşı sevgisi - bütün bunlar Fatiməni bir obraz kimi dolğunlaşdırır.

- Anasını vaxtsız itirən Fatimə. Siz də ananızı on yaşınızda itirmisiniz. Bəlkə də, obrazın ağrıları ilə tanışlığınız sizi Fatimə ilə doğmalaşdırıb.

- Əlbəttə. Mən orada özümü oynamışam. Elə "Nəsimi"yə çəkildiyim vaxt atamı da itirmişdim. Universitetin birinci kursunda idim. Sentyabrın 21-də atam rəhmətə getdi, 24-də təqaüd aldım. Arzulayırdım ki, təqaüdümü atama verim. Həmişə belə olmuşam, ailəyə dəstək olmağa çalışmışam. Dram dərnəklərində "Qar qız" oynayanda pul veriridilər, onu da aparıb atama verirdim. Təqaüdümü vermək qismət olmadı.

Anam dünyasını dəyişəndə deyirdilər ki, bu qız qalmayacaq. Çünki anamı dəlicəsinə sevirdim. Atam dünyasını dəyişəndə belim qırıldı. O vaxt köməyimə sənətim gəldi. Bu günün özündə də çətin günlər keçirəndə məni harasa çağırırlar - tədbirə, müsahibəyə, çəkilişə. Bax, bu dəyər, sənətim məni yaşadır. Birinci yerdə Allah-Təala, ikinci yerdə valideynlərim, üçüncü yerdə sənətim.

Şükür və səbir - həmişə bunları deyib yaşamışam. Heç vaxt plan qurmamışam. Səhər açılanda səhərın açılmağına sevinmişəm, o səhərdə var olmağıma sevinmişəm. Mən sənəti sevib gəlmişəm. İçimdəki yaşantılarımı, hisslərimi göstərmək üçün bu peşə vasitə oldu. Bilirsiniz, sevdiyin işlə məşğul olmaq çox önəmlidir. Əgər sən işini sevirsənsə, o işi görəndə yorulmursan, zamanın necə keçdiyini də bilmirsən.

Sualınıza gəldikdə isə mən Fatimənin acılarını duyurdum. Elə bil, o acılar mənimki idi. Fikir verin, filmdə Fatimənin bir dəfə də gülümsədiyini görə bilməzsiniz. O cür faciəli bir həyatı olan qızın üzü gülərmi? Filmin konsepsiyasında coğrafiya və tarix durur. Burada yayınmaq olmazdı. Hətta İsa Hüseynov çəkilişlər vaxtı istədi ki, bir məhəbbət səhnəsi yazılsın: Nəsimi ilə Fatimə çəmənlikdə oturub, söhbət etsinlər. Həsən müəllim dedi ki, yox, lazım deyil, bu, artıq olar.

- Xalidə xanım, ilk filminizi necə xatırlayırsınız?

- İlk çəkildiyim film Fərəməz Məmmədovun diplom işi "Qaralmayan günəş" olub. Əslində, Adil İsgəndərov istəmirdi o filmə mən çəkilim. Deyirdi, ay Fərəməz, get bir aktrisa tap, Xalidə akrisa deyil. Fərəməz müəllim də məni gizlicə Gəncəyə - o vaxtkı Kirovabada aparıb anasıgilin yanına qoydu. Orada çəkilişlərimizi bitirib Bakıya qayıdandan sonra filmi Adil müəllimə təhvil vermək lazım idi. Heç mən bilmirdim ki, Adil müəllim narazıdır, bilsəydim, qorxumdan çəkilməzdim. Həyatımda yeganə qorxduğum adam Adil İsgədərov olub. Elə qorxurdum ki. Nə ondan əvvəl, nə də ondan sonra heç vaxt heç kimdən qorxmamışam. Uzun sözün qısası, Fərəməz müəllim deyib ki, bir qələt eləmişəm. Adil müəllim də soruşub ki, "nağayırmısan, qadam". Fərəməz müəllim cavab verib ki, bəs Xalidəni çəkmişəm. Filmə baxandan sonra Adil müəllim demişdi ki, "qadam, Xalidə aktrisa imiş ki".

- Demək, hələ erkən yaşlarınızdan uğur sizinlə olub. Deyəsən, həyat yoldaşınızla da həmin illərdə başlayıb hekayəniz.

- Hə, on yeddi yaşından bu günədək bir yerdəyik. Həyat yoldaşım Eldəniz Quliyev həm yazıçıdır, həm də ssenarist. Filmlərə də çəkilib.

- Seçim qarşısında qalsaydınız, sənəti seçərdiniz, yoxsa ailəni?

- Sözsüz ki, ailəmi. Mən aktrisa həyatı yaşamamışam.

- Aktrisa həyatı deyəndə nəyi nəzərdə tutursunuz?

- Aktrisa həyatı tam başqa olur və göz qabağındadır. Mən sənətimi seçmişəm, sənətimlə bu gün də varam, bu gün də sənətin dalınca getməyə hazıram. Bir yaxşı film, obraz olsa, bu gün də çəkilərəm. Mən hüzur və rahatlığı sevirəm. Hüzurum hardadırsa, orada da olmalıyam. Həmin yer də mənim evimdir. Qadının birinci vəzifəsi analıqdır, sənət ondan sonra gəlir. Şükürlər olsun ki, nə ailəmə, nə də sənətimə xəyanət elədim.

- Dediniz ki, yaxşı obraz olarsa, bu gün də çəkilməyə hazırsınız. Belə başa düşdüm ki, sizin üçün ssenarinin əhəmiyyəti böyükdür.

- Sonuncu dəfə 2019-cu ildə "Mən kiməm" serialına çəkilmişəm. Ondan əvvəl də, sonra da çox dəvətlər olub, amma rollar məni qane etməyib. Çünki bilmişəm ki, orada istədiyim kimi oynaya bilməyəcəyəm.

Bir rejissor bu yaxınlarda məni filmə dəvət etdi. Ssenarini oxudum, gördüm ki, rol yaxşıdır. Simvolik ağbirçək, müdrik bir qadın obrazı idi. Filmdə yeddi səhnəm vardı. Sonradan o səhnələr ixtisar olundu, cəmi ikisi qaldı. Filmin premyerasına da dəvət etmədilər. Getsəm, sözümü deyəcəkdim. Yəni bu gün belə şeylər də baş verir. Ona görə də əvvəlcədən müqaviləni bağlayıb sözünü deməlisən.

- Çəkiliş prosesində problemlər həmişə aktualdır. Deyəsən, o vaxt da Rasim Balayevin "Nəsimi" filmində çəkilməsinə mane olmaq istəyənlər var imiş

- Əvvəla, qeyd edim ki, bu film Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə çəkilib. Film təhvil veilənədək Heydər Əliyev prosesə nəzarət edib. Rasimi istəməyən adama gəldikdə isə, o kim idisə, Mərkəzi Komitədən idi. İstəmirdi ki, Rasim çəkilsin. Bilmirəm, kim olub. Ancaq tapşırıq vermişdi ki, get xaricdən aktyor gətir.

Həsən müəllim də kompromisə getmədi. Onun yerinə kim olsaydı, dəyişərdi. Dəyişən rejissorlar var idi. Rasimi filmin təqdimatında təriflədilər, amma "Babək"ə gələndə acıqlarını çıxdılar. Həsən müəllim xəstəxanada olanda xəbər tutdu ki, "Babək"i ondan alıblar.

Halbuki Həsən müəllim artıq prosesi başlamışdı, ssenarini işləyirdi. Hətta məni dəvət edib demişdi ki, Xalidə, "Babək"i çəkəcəm, ancaq burada sənlik rol yoxdur. Dedim, Həsən müəllim, yoxdur, yoxdur da. Sonra nə vaxt olar, çəkilərəm.

O dövrdə Rasim ağır xəstə idi, maddi çətinlikləri vardı, uşağı da təzə olmuşdu. Qalmağa evi yox idi. Bəlkə də həmin vaxt onun üçün əzablı olduğuna görə o rol da Rasimdə yaxşı alınmışdı.

- Faktura da öz yerində.

- Əlbəttə ki, görüntüsü ilə də Rasim Nəsimi idi. Hərdən soruşurlar ki, Xalidə xanım, niyə bu gün çəkilmirsiniz? Deyirəm, o boyda Rasim Balayev durur, bir dənə ona uyğun ssenari yazılmır. Artıq özüm üçün nəsə ummuram. Bunları düşünsəm, çərləyərəm. Sadəcə biabırçılıqdır. O boyda məktəbi olan Azərbaycan kinosu indi yoxdur. Düzdür, bu gün cavanlar çəkirlər.

- Ancaq hansı maddi çətinliklərlə.

- Mən bir rejissor tanıyıram, adını çəkməyəcəm. Filmi başlayanda görmüşdüm onu, bir də filmin premyerasında gördüm. İnanın ki, tanımadım. Qocalmışdı. Deyəndə ki, filankəs film çəkir, mən istəyirəm dəsmal götürüb ağlayam ki, yazıq rejissor.

O vaxt "Nəsimi" filmində kütləvi səhnələr çəkilən zaman otuz avtobus düzəlirdi. Çəkilişdə iştirak edənlərə tarixi kostyum tikilirdi. İndi seriala gedirsən, paltarı da özün aparırsan, kosmetikanı da, hətta "şəpit"i də.

- Bütün çətinliklərə rəğmən, az da olsa, bizi sevindirən keyfiyyətli işlər olur. Bu gün çəkilən filmlərdən hansıları uğurlu hesab edirsiniz?

- Son baxdığım Azərbaycan filmlərindən Rüfət Həsənovun "Daxildəki ada" filmini bəyənmişəm. Asif Rüstəmovun "Mərmər soyuğu" da çox yaxşı filmdir. Bir də Hikmət Rəhimovun "Çılpaq" filmini bəyənirəm. Hətta Hikmətə deyərdim ki, rejissorluğun dalınca getsin. "Çılpaq" çox uğurlu filmdir. Bu gün Azərbaycanda kino var, amma bunu inkişaf etdirmək lazımdır. Həm maddi, həm də mənəvi dəstək mütləqdir. Bu yaxınlarda Kann festivalından iki filmə baxdım: "Enmə trayektoriyası", bir də "Məhəbbətin resepti". Məncə, hər iki film əsl sənət əsəridir. Mən yaxşı film görəndə xoşbəxt oluram. Kainatın ən böyük sirri həyatdır. Həyatın ən böyük tapmacası insandır. İnsanın ən böyük möcüzəsi isə yaradıcılıqdır.

 

 Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 10 fevral, №26.- S.16.