"Şükriyyə"nin
fonunda insan faciəsinin rəngləri
Bəzən düşünürəm; niyə
müasir qələm adamları teatrlardan uzaq
düşdülər? Bu sualın bir çox cavabı var.
Birmənalı olaraq nə teatr rejissorlarını, nə də
gənc yazıçıları günahlandırmaq olar.
"Hamı günahkardı dünyada, amma dünyada heç
kimin günahı yoxdur..." Bəli, elə hamıda bir
az-bir az günah var. Bu sual daim məni
düşündürüb: kimdir müqəssir? Pyes
müasir dövrdə poema taleyini yaşadı. Necə ki, bəzi
nümunələri çıxmaq şərti ilə, indi
daha poema yazılmır, pyesin də aqibəti belə oldu.
Beş-altı gənc qələm adamı istisna olmaqla, teatr
üçün əsər yazmaq həvəsi müşahidə
olunmur. Daha çox hekayə, povest, romana istiqamətlənən
yeni nəsil nasirlər pyesdən çox-çox aralı
düşüblər. Bəlkə də,
düşünürlər ki, yaxşı, mən pyes
yazdım, hara müraciət edəcəm? Müraciət etsəm
belə, pyesim səhnəyə vəsiqə qazanacaqmı?
Şərait yaradılacaqmı? Əsas odur, bu sualların
cavabını tapmaq üçün ilk addımı atmaq
lazımdır: bu janrın texniki tərəflərini
yaxşı əxz edib teatr üçün əsər
yazmaqla prosesə qoşulmaq pis olmaz, ədəbiyyat da qazanar,
teatr da...
Ötən günlərin birində
yazıçı Cavid Zeynallı məni müəllifi
olduğu "Şükriyyə" tamaşasına dəvət
etdi. Tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında səhnəyə qoyulub, rejissoru isə Əməkdar
İncəsənət xadimi Bəhram Osmanovdur. Bu dəvətdən
nə qədər sevinmişdimsə, teatrın önündəki
afişada son onilliklərdə imzası parlayan Cavid
Zeynallının ismini Tolstoyun, Aytmatovun adı olan siyahıda
görmək bir o qədər qürurlandırdı...
Müəllif Əhməd Cavadın
ömür-gün yoldaşı Şükriyyə xanımla
bərabər, digər sovet ölkələrindən
Qazaxıstana sürgün olunan qadınların acı taleləri
fonunda amansız repressiyanın əsl üzünü, ədalətsiz
idarəetmənin insanların həyatına vurduğu zərbəni
məharətlə çatdırıb. Tamaşada tək Azərbaycanın
yox, repressiyaya məruz qalan bütün respublikaların faciəsi
ifadə olunub.
Cavid Zeynallı ideal qəhrəman yaratmaqdan daha
çox zülmə tuş gələn orijinal insan
obrazını canlandırmağa nail olub. Sürgündə
olanların heç də hamısı Şükriyyə
xanım qədər mühafizəkar, sədaqətli deyillər,
onların bəziləri rus zabitlərinin istəyini yerinə
yetirməyə razılaşırlar. Amma bununla bərabər,
daxili təlatümləri həyatlarını qaranlıq məhbəsə
çevirir. Yaranmış ağır vəziyyətdən
hamısı təngə gəlir.
Müəllif sovet hökumətinə xidmət edənlərin
obrazını Fyodor Alekseyeviçin üzərində
ümumiləşdirir, Fyodor Alekseyeviçin sonda həqiqətlə
üzbəüz dayanması, peşmanlığı, xidmət
etdiyi rejimin onun da həyatını zülmətə
çevirdiyini, repressiyanın bütün insanlar
üçün necə dəhşətlə nəticələndiyini
izah edir. Məsələn, sonda o qadınlardan biri Fyodor Alekseyeviçi
öldürə bilərdi, simvolik olaraq şəri məğlubetmə
mesajı ötürülə bilərdi. Müəllif isə
onu islah edir, ürəyinin dərinliyində hələ tam
sönməmiş mərhəmət
işığını gücləndirir. Qeyd etdiyim kimi,
müəllif tamamilə pis, yaxud tamamilə yaxşı obraz
yaratmaqdan yaxa qutarır, əsl orijinal personajlar, xarakterlər
təqdim edir...
Fyodor Alekseyeviçin tatar olduğu, sovet rejiminin onun
da taleyindəki mənfur rolu bəlli olur. O, sonda
bağışlanmasını diləyir. Şükriyyə
xanımın böyük ürəyi həmişə belə
məqamlarda üzə çıxır: o, əfv edir. Elə
buna görə də 8 illik sürgün həyatından yaxa
qutara bilir, sonralar əfv olunur... Fyodor Alekseyeviç isə
öz günahlarını yumağa can atır. Anasından
ayrı düşmüş qızcığazı yenidən
validəsinə qovuşdurur. Fikrimcə, həmin
qızcığazın anası ilə qovuşma səhnəsi
sonradan müstəmləkədən yaxa qutaran
respublikaların azadlığa qovuşması ilə simvolizə
olunur.
Şükriyyə xanımın vəfası, əzablara
dözümü, dönməzliyi, qətiyyəti
tamaşanın ana xəttini təşkil edir. O,
övladlarının və Əhməd Cavadın həsrətini
içində yaşadaraq 8 illik ayrılığı dəf
edə bilir. Şükriyyə xanımı uzaqlara aparan qatar
bir gün onu geri qaytarır. Bununla belə heç də hər
şeyin yoluna düşmədiyi bəlli olur. Övladsız
qalan analar, sürgündə ölən insanlar, rejimin
amansızlıqlarının davamı Zöhrənin
sağalmayan yaraları ilə tamaçıya əyan olur...
Bəhram Osmanov sadə ştrixlərlə
böyük məsələləri səhnədə həll
etməyi bacaran rejissordur. Onun ssenariyə nə qədər
müdaxilə etdiyini deyə bilmərəm. Amma bir təkərli
masa ilə Bəhram müəllim bütün tamaşanın
taleyini həll etmişdi. Həmin masa Şükriyyə
dindiriləndə "edam kürsüsü", 26 nömrəli
əmək koloniyasında hadisələrin mərkəzindəki
stol idi. Bəzən balaca qızcığaz Fyodor
Alekseyeviçin nəriltisindən qorxub həmin stolun
altında gizlənirdi...
Bir maraqlı məqamı da xüsusi qeyd etmək
lazımdır: Dovşanlar alma ağaclarının dibini
qazıb kötüyünü yediyindən ağaclar quruyurdu.
Fyodor Alekseyeviç qadınlara tapşırmışdı
ki, bunun qarşısını alsınlar. Əgər
ağaclar qurusa, onları güllələyəcəklər.
Şükriyyə buna əlac tapır. Onlara verilən
çörəyi yemirlər, dovşanlara verirlər.
Dovşanlar çörəyə öyrəşdiklərindən
daha ağacların kökünü yemirlər. Azərbaycan
da o ağac idi. Şükriyyə xanım kimi mərd insanlar
olmasaydılar, səy göstərməsəydilər,
kökümüzü yeyib-yeyib quradacaqdılar,
hamımızın məhvini sürətləndirəcəkdilər.
Tamaşanın növbəti təsirli və
düşündürücü mesajı məhz bu idi.
Tamaşada yüksək performansa görə Münəvvər
Əliyevaya, Nurəddin Mehdixanlıya, Əli Nura, Mehriban
Xanlarovaya, Vəfa Rzayevaya (Zeynalova) xüsusi təşəkkür
düşür. Aktrisalar Şəhla Əliqızı, Afət
Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Şəlalə
Şahvələdqızı, Dilarə Nəzərova da
rolların öhdəsindən məharətlə gəldilər.
Akademik Milli Dram teatrının truppasına uğurlar
diləyirəm. Bəhram Osmanovun quruluşunda yeni-yeni
tamaşalar izləməyi arzulayıram. İstedadlı qələm
adamı Cavid Zeynallıdan isə təzə pyeslər
gözləyirəm. Şükriyyənin həyatı
az-çox bizə bəlli idi. Bilirdik ki, sonda ölməyəcək,
azadlığa çıxacaq. Arzu edirəm ki, Cavid
Zeynallı tamamilə xəbərimiz olmayan talelərdən
bizə bəhs etsin.
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 10 fevral, ¹26.- S.11.