Ermənistanın müharibə cinayətlərinin əyani sübutu - kütləvi məzarlıqlar

 

Bu günlərdə Xocalının Əsgəran qəsəbəsində daha bir kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında aşkarlanan, Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilən məzarlıqda ən azı 8 insan qalığı var. Amma ərazidə olan müvafiq qurumların nümayəndələri orada daha çox insana aid qalıqların olduğunu düşünürlər.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda da Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edildiyi vurğulanıb. Məlumatda qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib:

"Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirib, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib.

Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb.

Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir".

Məlumdur ki, Ermənistan həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrində amansız müharibə cinayətləri törədib. Xüsusilə, Birinci Qarabağ müharibəsində xeyli sayda, 4 min nəfərə yaxın insanımız itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insandır. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər. Bu işgəncələrin izləri tapılan kütləvi məzarlıqlardakı insan sketlərində də özünü göstərib. Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqlardakı qalıqlarda skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Erməni vandalizminin sübutu olan kütləvi məzarlıqlardan biri də Kəlbəcərin Başlıbel kəndində aşkar edilib. Ermənilər insanlıq əleyhinə ağır cinayətlərindən birini məhz burada törədiblər. 1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. Həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Gecələr dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən rayonunun ərazisinə keçə biliblər. Amma 1 nəfər - Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 30-dan çox insan öldürülüb. Ermənilər Başlıbel kəndini işğal edərkən İkinci Dünya müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə işğalçı erməni hərbçiləri tərəfindən girov götürülüb.

Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakinini işgəncələrlə qətlə yetirib. İki nəfərin taleyindən indiyədək xəbər yoxdur.

Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. 1992-ci ilin yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı.

Ermənilər ən böyük və amansız qətliamı məhz Xocalıda törədib. Onlar Birinci Qarabağ müharibəsində amansızcasına qətlə yetirdikləri azərbaycanlıları kütləvi məzarlıqlarda basdıraraq izləri itiriblər. Xocalı soyqırımı zamanı girov götürdükləri 1275 nəfərdən 150-sinin taleyi bu günədək məlum deyil. Ermənilər əsir və girovlarla rəftara dair bütün beynəlxalq konvensiyaları pozaraq etnik və dini nifrət zəmində, amansız işgəncələrlə soydaşlarımızı qətlə yetiriblər.

Yada salaq ki, ümumilikdə Vətən müharibəsindən bu yana azad edilmiş ərazilərdə 10-dan çox kütləvi məzarlıq aşkarlanıb. Onların arasında Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar var. Lakin azad edilmiş ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi ehtimal olunan qəbir yerlərinin tapılmasında maneə yaradır. Ərazilər minlaradan təmizləndikcə bu istiqamətdə də işlər davam etdirilir.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğaldan azad olunan Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlığın aşkar edilməsi faktı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib. Müvəkkilin bəyanatında vurğulanıb ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkar edilməsi faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir.

Azərbaycan dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb.

Onu da qeyd edək ki, rəsmi İrəvan mina xəritələrində olduğu kimi, bu itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələdə əməkdaşlıqdan yayınır. Bu mövzu Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan normallaşma prosesi zamanı da gündəmə gətirilmişdi. Ötən il 15 iyul görüşündə və ondan əvvəl də Prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş üçtərəfli görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minaların təmizlənməsi istiqamətində əməkdaşlığın təmin edilməsinin vacibliyi müzakirə edilib. Mişel görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: "Mən bir daha tərəfləri mümkün qədər çox infromasiya mübadiləsi etməyə çağırdım".

Prezident İlham Əliyev bu mövzuya toxunaraq deyib ki, Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən, təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir: "Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir".

Görünən odur ki, müxtəlif bəhanələrlə qeyd edilən məsələlərdə əməkdaşlıqdan imtina edən Ermənistan rəhbərliyi bununla da regionda sülhün irəliləməsinə, təhlükəsizliyin təmininə əngəl yaradır. Ermənistan cinayətkar əməlləri ortaya çıxmasın deyə əməkdaşlıqdan yayınsa da, məzarlıqların aşkarı və həmin ərazilərə xarici KİV-lərin də dəvət olunması onu göstərir ki, İrəvan öz cinayətlərinin izini itirə bilməyəcək. Eyni zamanda Ermənistanın İkinci Qarabağ müharibəsində törətdiyi dəhşətli müharibə cinayətləri var. Söhbət döyüş bölgəsindən kənarda yerləşən ərazilərimizdə - Gəncədə, Bərdə də mülki insanlarımıza qarşı törədilən cinayətlərdən, dinc yaşayış məntəqələrinin bombalanmasından gedir. Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə ziyan dəyib.

Bütün bunlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verməli olacaq.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2024.- 10 fevral, ¹26.- S.5.