Tut arağı, donuz
kababı və Aşotun məktubu
Povest
Gənclik dostum Fərhada ithaf edirəm
Girdi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı
Şəhərinə. Şəhər böyük bir tikinti
meydançasına oxşayırdı. Qaynayırdı şəhər.
Amma heç kim heç nə tikmirdi. Sökhasök,
daşıhadaşı idi. Təkcə Var-Yoxdan olmuş
Dünyanın Ən Varlı Şəhərinin dövlətini
deyil, daşını, divarını, taxta-puşunu
söküb aparmırdılar, həm də uşaqların
sevincini, cavanların sevgisini, yaşlı adamların xatirələrini,
göz yaşlarını daşıyırdılar.
Küçələr tırlarla doluydu. Qarğa-quzğun
kimi darışmışdılar şəhərin canına.
Çoxu hansısa başqa bir dildə
danışırdı, arada azərbaycanca da sözlər
eşidirdi. Maşınların demək olar ki, əksəriyyətinin
nömrələri başqa dildə yazılmışdı.
Ara-sıra Ermənistan nömrəli maşınlar da gözə
dəyirdi.
Fikirləşdi ki, bunlar necə müsəlmandırlar,
öz qardaşlarının ev-eşiyini dağıdıb
aparırlar. O yorğan-döşəyin içində necə
yatacaqlar, o apardıqları televizorda necə futbola baxacaqlar? O
apardıqları stol-stulda oturub necə çay içəcəklər,
çörək yeyəcəklər? Və fikirləşdi
ki, oğruluqla qəhbəlik
qırx gün çəkər...
...Amma bunların oğurluqla
qəhbəliyi qırx gün yox, otuz il çəkdi...
...Tırların arasından maşını bir təhər
sürüb keçdi. Bu da bazar, az qala atom bombası
satılan bazar. Vurhavurla bazarı da daşıyırdılar.
Vaxtilə səs-küydən qulaq tutulan bazarda indi bir
ölü sükut vardı.
Qabağına çıxan ilk salamat ev Artuşun evi
oldu. Evin hasarına iri bir xaç çəkilmişdi və
üstünə də ermənicə
"Artuşun evi" yazılmışdı. Erməni evi
olduğundan əl dəyilməmişdi. Artuşu elə də
yaxşı tanımırdı, amma bilirdi ki, şəhərdə böyük hörməti var.
Əvvəl maşın ustası olmuşdu, sonra profilaktoriya açmışdı.
Artuşun evini də keçdi və başladı
Faxıgilin evini axtarmağa. Nəhayət, tapdı, hələ
söküb dağıtmamışdılar. O da yanmış
evlərin birindən bir kömür tapdı, Faxıgilin
hasarına bir xaç çəkdi
və yazdı "Aşotun evi". Özü də həm
ermənicə yazdı, həm də azərbaycanca.
Girdi həyətə. Bu həyətdə
Faxının atası Məmməd
kişi onlara çox kabab
çəkmişdi. Çox yeyib-içmişdilər,
danışıb-gülmüşdülər, vaxtilə bu
evin ən əziz qonağı olmuşdu...
...İndi bu əziz qonağı qarşılayan
olmadı...
...Evin qapısı açıq idi. Girdi içəri,
qonaq otağına göz gəzdirdi, hər şey yerində
idi. Hiss olunurdu ki, hələ yağmaçılar bu evə
girməyib. Divardakı xalça da, xalçanın
üstündə Faxının almanlarla müharibədə həlak
olmuş babasının portreti
də yerindəydi. Heç nəyə əl dəyməmişdi,
küncdəki televizora da.
İlk dəfə rəngli televizoru da Faxıgildə
görmüşdü. Bu televizorda futbola baxmağın
ayrı ləzzəti vardı. Evdəkilər də bilirdi ki,
futbol günü Aşot mütləq gələcək, gələndə
də özü ilə
turşu, mürəbbə və bir də çöl quşları gətirəcək.
Onlar futbola baxarkən
Faxının anası da onun gətirdiyi kəkliklərdən
gözəl bir
çığırtma bişirəcək, sonra da
yeyib-içəcəklər.
Bu futbolların içində ən maraqlısı
"Neftçi" ilə "Ararat"ın oyunu idi.
"Ararat" qol vuranda Aşot
çığırıb-bağırardı,
"Neftçi" qol vuranda Faxı ilə atası. Onda
Markarov "Neftçi"də
oynayırdı, sonra qaçıb getdi "Ararat"a.
Faxı deyirdi:
- Qaqa, bu Markarov şandığa niyə xayın
çıxdı? Dəyyus!
Aşot:
- Xayın niyə olur, gedib öz komandasına.
Mübahisə böyüyərdi, son nöqtəni
Faxının atası qoyardı:
- Qaçmasaydı, valyuta alveri üstə Əli Rəhmanov
kimi onu da tutacaqdılar. Qaçıb canını durtardı
dana.
Gəldi oturdu televizorun
qabağındakı kresloda, özü də dəməkgərmədən.
Təbii ki, işıq olmadığına görə
televizor işləmirdi. Ekranın aşağısına Rəmişin
şəkli yapışdırılmışdı. Aşot
da Rəmişi çox sevirdi. Rəmişin xətrinə
bir maqnitofon da
almışdı. Valsatan Abbasa da bir ətək pul verib Rəmişin
nə qədər lent yazısı vardı
almışdı. Və axşamlar həyətdə
maqnitofonu qoyurdu stolun
üstünə, bütün səsini verirdi.
Qonşular da yığışardı onun həyətinə ki, Rəmişə
qulaq assınlar.
Qulaq asan ermənilərdən biri:
- Kaş bu köpəyoğlu erməni olaydı.
Bu vaxt evə dörd-beş nəfər adam girdi.
Başladılar başa düşmədiyi hansısa bir dildə
danışmağa, nə isə tələb edirdilər.
O da azərbaycanca, özü də ağdamlı ləhcəsiylə
soruşdu:
- Ə, nə
cığırıf-bağırırsız? Kimsiz, burda nə
sülənirsiz?
Əslində "sülənirsiz" demədi, elə
bir söz dedi ki, özünüz başa düşdüz də.
İçlərindən biri azərbaycanca dedi:
- Bəradər, niyə söyüş söyürsən?
Azərbaycanlısan?
- Yox, erməniyəm.
- Bəradər, bu evi komendant beş yüz dollara bizə
satıb. Bizimdi, dur bas bayıra.
"Bas bayıra" sözü Aşotun xoşuna gəlmədi.
Qalxdı ayağa, az qaldı azərbaycanca danışanı
vura, gördü ki, bunlar çoxdu, qorxdu.
Dedi:
- Komendant pox yeyif. Bu evi mən sahibindən dörd min
manata satın almışdım, sənədlər də kənddə
məndədi.
İki yalan danışdı. Birincisi, o Faxıya iki min manat borc vermişdi. Və
Faxı da Ayrikanı qaçıra bilməyəndən sonra
pulu da qaytarmışdı. İki mini də üstünə qoydu ki, bir az inandırıcı
olsun. Bəlkə bu evin iyirmi-otuz min manat qiyməti vardı, hələ içindəkiləri demirəm.
İkincisi də, onda heç bir sənəd yox idi, kim idi
bunu gedib arayıb-axtaran? Gələnlər
Aşotun qırımını görüb:
- Bağışla, bəradər - deyib,
çıxıb getdilər komendantdan pullarını almağa.
Ermənilər adətən adi evləri üç
yüz dollara, bahalı evləri beş yüz dollara satırdılar dilini bilmədiyi bu
adamlara.
Aşot yendi evin zirzəmisinə. Bilirdi ki,
Faxının zirzəmidə yaxşı içkiləri var,
xüsusilə də Şampan zavodda hazırlanan konyaklar.
Üç litrlik balonlarda olurdu. Bir-iki dəfə o da kəklikdən,
turacdan vurub aparmışdı zavodun direktoru Siyavuş müəllimə pay.
Siyavuş müəllim də ona hər dəfə bir balon
konyak bağışlamışdı:
- Ə, Aşot, konyak belə olar ey, İrəvan
konyakının adı çıxıf.
Balonlardan birini götürüb qalxdı yuxarı, yenə dəməkgərmədən
oturdu kresloda. Balonu
açdı, elə balondanca konyakdan bir az içdi...
lll
Faxı dranqulet "Moskviç"iylə durmuşdu
hamamın önündə. Gözləyirdi ki, Ayrika nə
vaxt dərsdən
çıxacaq.
Bu "Moskviç"i sovxoz direktoru minmişdi, sonra baş aqronom minmişdi, sonra da Partkom. Mitili
çıxandan sonra gətirib atmışdılar
"Aqroprom"un həyətinə, içində toyuq
yumurtlayırdı.
Bir gün Faxı girdi Müdirin yanına:
- Müdür, o Moskviçi ver maa.
- Ay bala, görmürsən onun içində toyuq
yumurtduyur, hay-hayı gedib, vay-vayı qalıb.
- Müdür, bura Ağdamdı, ölü
maşınnarı verirsən elə yığıllar ki, elə
bil zavoddan indi çıxıf. Gəl onu ver maa, aparım onu
yığdırım.
Müdir də demişdi ki, get götür. Sonra da demişdi ki, bir ərizə
yaz, sənə yardım edək, çox xərcə
düşməyəsən. O da ərizə
yazmışdı, Müdir də kassirə göstəriş
vermişdi ki, ona üç yüz manat pul ayırsınlar.
Faxının gözü çıxmışdı kəlləsinə,
üç yüz manat onun iki aylıq maaşı idi. Kassada
da Müdirin yazdığını oxuyub ona üç
yüz manat pul vermişdilər, amma ərizəsini
cırıb atmışdılar.
Faxı demişdi:
- Ə, sənədi niyə cırırsan?
Kassir:
- Özümüz bilərik, sən pulunu al get.
Faxı da aparmışdı Çingizin profilaktoriyasına,
maşını əməlli-başlı
yığdırmışdı. Ondan sonra bu maşın
olmuşdu Faxının çörək ağacı. Müfəttişlər
hansı sovxozu yoxlamağa gedirdilərsə, Müdir də Faxını qoşurdu onlara. Və
hər yoxlamada üç
yüz-dörd yüz manat xeyiri
vardı. Maşının hər şeyini düzəltsələr də, arxa
qapıları içəridən
açılmırdı. Gərək kimsə düşüb qapıları
çöldən açaydı.
Çingiz də demişdi ki, vaxtın olanda apar
Artuşun profilaktoriyasına, onlar bunu daha yaxşı bilir. O
da ərinib aparmamışdı. Müfəttişləri təsərrüfata
aparanda özü düşüb arxa qapıları
açırdı, müfəttişlər də gülürdülər:
- Ə, sən nə mədəni oğlansan.
Əslində bunun mədəniyyətə dəxli
yox idi.
Hamamın qarşısında durub gözləyirdi.
Burdan o tərəfə keçməyə cəsarəti
çatmırdı. Çünki camaatın
"Muzşkola" dediyi Musiqi Texnikumunun direktoru Xosrov müəllim
şəhərin cahıllarına texnikuma
yaxınlaşmağa icazə vermirdi. Çünki bu
Muzşkolada ətraf rayonlardan, hətta Rusiyadan gəlib oxuyan
gözəl-göyçək qızlar vardı. Təbii ki,
hamısı da Fortepiano şöbəsində oxuyurdu.
Direktor da gileylənirdi:
- Ə, it uşağı, xarabanızda muzşkola
yoxdu?
Çünki Rusiyadan gələnlər bura qəbul
olunmaq üçün direktora üç min manat vermirdilər.
Bu fakültənin qiyməti Konservatoriyadan baha idi. Bu da təxminən
hər il on-on beş min manat pul edirdi.
Amma buna baxmayaraq, direktor deyirdi ki, o qızları mənə
ataları, anaları əmanət verib, heç kim onlara
yaxınlaşa bilməz. Muzşkola ilə Milis İdarəsinin
arası yüz əlli-iki yüz addımıydı, kimsə
özünü pis aparardısa, Alikonun gəlməyi iki dəqiqə
çəkərdi
İndi Faxı dayanmışdı hamamın
önündə gözləyirdi
ki, o gözəl-göyçək qızlardan biri olan
Ayrika nə vaxt çıxıb gedəcək evlərinə.
Çox yalvarıb-yaxarmışdı, amma Ayrikanı
"bişirə" bilməmişdi.
Nəhayət, Ayrika dərsdən çıxdı,
düzəldi yola. O da dranqulet "Moskviç"ini qoydu
hamamın qabağında, düşdü Ayrikanın
arxasınca, düz məhlələrinə qədər. Amma
məhləyə girmədi. Öz məhlələrindən
də bilirdi ki, qız dalınca məhləyə gəlmək
şəhərdə tabu sayılırdı, olmaz.
Gözləri ilə Ayrikanı evlərinə yola
salandan sonra dilxor-dilxor qayıtdı hamamın
qabağındakı maşınını götürdü
və sürdü Kino Fazilin kinoteatrının
arxasındakı çayxanaya. Elə dilxor-dilxor da
düşüb girdi çayxanaya. Dostu Nuruş tək oturmuşdu, gəldi
oturdu Nuruşun yanında.
Nuruş:
- Ə, sənnən qabax Moskviçiyin xorultusu gəlir.
O da yekə-yekə:
- Dörd yüz on iki belədi dana.
Nuruş:
- Ə, dana, dörd yüz on ikilik döyül ey,
maşınıyın qluşiteli deşilif, get svarka elətdir.
- sonra da qayıtdı ki; - Nooldu, yenə alınmadı?
- Darıxma, sən öl, əvvəl-axır onu
bişirəjəm. Bu şəərdə mənnən
yaraşıxlı oğlan tapajax?
Nuruş:
- Əvvəla, özün öl. Düzdü,
savadına bir söz deyə bilmərəm,
yaraşığın bir az mənnən
babatdı. Özü də bilirsən ki, o Araratı
xoşduyu.
- Ararat kimdi, ə? Onun ağzını cıraram.
Nolsun bir az futbol oynuya bilir, qəsd qoysam, mən onnan
yaxşı oynuyaram. Görmədin, kinonun qabağında onu
eşşək kimi çırfdım.
Nuruş güldü:
- Sən çırfdın, yoxsa Fred Asiflə mən?
- Birinci şapalağı mən vurdum dana.
Kinonun qabağında kəsmişdilər Araratın
qabağını. Faxı yapışmışdı
Araratın yaxasından:
- Ə, şandığa, bir də Ariqanın
adını çəksən, sənin şalvarını
çıxardajam.
Əslində birinci şapalağı da Ararat
vurmuşdu. Sonra Fred Asiflə Nuruş Araratı möhkəm
çırpmışdı. Camaat tökülüb zorla
Araratı onların əlindən almışdı
Ararat da dodağının qanını silə-silə üzünü Faxıya tutub
demişdi:
- Qaqa, sən niyə kişi olursan, erməniyə
oxşuyursan.
Hamını da gülmək tutmuşdu, dava da bununla
bitmişdi.
Faxı çaydan bir qurtum içib dedi:
- Nuruş, kefim də yoxdu, bəlkə gedəh
Qalayçılardan o tərəfə, Aşotgilə. Yeyəh-içəh,
bəlkə bir az kefim açıldı.
Nuruş da dəfələrlə Faxıyla
Aşotgildə olmuşdu.
Nuruş:
- Gedəh deyirsən, gedəh dana. Yaxşı
oğlandı, amma sənə Faxı yox, Poxu diyir, o mənim
xoşuma gəlmir.
- Dur gedəh. Sən öl, bu dəfə ona zorla
fı hərfi dedirtdirəjəm.
Qalxdılar. Stolun üstünə 1 manat atıb
çıxdılar. Və oturdular Faxının, Aşotun Poxu
dediyi Faxının, dranqulet
"Moskviç"inə. Üz tutdular Kolanıya tərəf.
lll
...Aşot konyakdan babat vurandan sonra və evin
sökülməyəcəyindən əmin olsa da, hər
ehtimala qarşı qorxdu ki, Faxının nənəsinin
toxuduğu cehizlik xalçanı əliqurumuşlardan kimsə
girib oğurlaya bilər. Divardan açdı, gətirib qoydu
maşına. Sonra nə fikirləşdisə, qayıdıb
televizoru da götürdü və məhlədən
çıxdı.
Məscidin qabağındakı Çay evinin skeleti
qalmışdı. Bu Çay evindən xoşu gəlsə də,
Faxı onu bu Çay evinə aparmırdı. Deyirdi hər kəsin
öz kruqu var, bizim kruq Kinonun dalındakı çayxanaya
yığışır.
Aşot:
- Qoy çıxım ordan şəhərə
baxım də.
Faxı:
- Şəhərə baxmaq istiyirsənsə gedəh
məscidə, çıxax minarəyə. Ordan bütün
şəhər əl içi kimi görükür.
- Ə, nə axmaq-axmaq danışırsan? Bilərlər
erməni olduğumu, salallar məni təpiklərinin
altına.
Faxı:
- Sənin erməni olduğunu mən bilirəm, azərbaycanca
da mənnən yaxşı danışırsan, kim biləjək?
Orda pasport yoxluyan var?
Və Faxı Aşotu qaldırmışdı minarəyə,
Aşot ləzzətlə şəhərə baxmışdı və demişdi:
- Faxı, bu günah sənin ayağına
yazılır.
- Yazılsın dana, bu da olsun elədiyim günahlardan
yüz birincisi.
Faxı bilmədi ki, elədiyi yüz günahı
Allah bağışlasa da, bu günahı
bağışlamayacaq. Erməninin ayağı dəyən
bu məsciddə sabah Aşotun qohum-əqrəbası donuz
saxlayacaq. Və bu günahı ona çox baha-başa gələcək.
Evini-eşiyini dağıdacaqlar, yandıracaqlar, özü də
gedib Ağcabədi Türk
Çadır Şəhərində bir alaçıqda
yaşayacaq. Və bir də bu məscidə girə bilməyəcək.
Ermənini məscidə aparmasını fikirləşəndə
həmişə əzab çəkirdi. Bir gün dözməyib
bunu atasına danışdı və dedi ki, ata, buna görə
həmişə Allahın qəzəbindən qorxuram.
Amma atası bu məsələyə təmiz fərqli
baxdı:
- Oğul, sən erməni kilsəsinə heç getməmisən?
- Niyə, çox getmişəm.
- Oğul, kilsə də, məscid də Allah evidi, təki
ürəyin təmiz olsun.
Aşot maşını sürdü Muzşkolanın
tininə, yəni hamamın qabağına. Hamamı da
sökmüşdülər, Muzşkolanı da. Ayrika ərə
getmişdi-getməmişdi, onu da bilmirdi...
...Gün gələcəkdi bu Muzşkolanı yenidən
tikəcəkdilər. Amma daha bu Muzşkoladan onun sevdiyi nə
Rəmiş, nə də Qədir Rüstəmov
çıxacaq...
lll
Gəlib çatdılar Aşotgilin kəndinə.
Aşot onları həyətin doqqazında
qarşıladı.
Faxı:
- Ə, kimi gözdüyürsən?
- Səni.
- Nə bildin gələjəm?
- Maşınıyın səsi kəndi başına
götürüf, bunu niyə qayırtdırmırsan? Camahat
o biri rayonnardan gəlif maşınını sizin şəhərdə
yığdırır.
- Pulum yoxdu.
- Pul bir məndə, bir də ingilisdə. Yoxundu, denən
verim. Keçin, keçin həyətə.
Görüşdülər, öpüşdülər,
girdilər həyətə. Aşot elə həyətdəcə
süfrə açdı. Beşcə dəqiqəyə
arvadı Susanna elə bir süfrə bəzədi ki,
heç toylarda belə süfrə bəzəmirlər.
- Hələ bir zakuska ilə əlli-əlli vurun, sizə
elə bir donuz kavabı bişirəjəm ki,
barmaxlarınızı yalıyacaqsız.
Məclis qızışdı. Sağlığın
biri bir qəpik. Nuruş donuz qabırğalarından birini
dişinə çəkə-çəkə dedi:
- Ə, Aşot, siz nə namərd adamlarsız,
neçə ilin gor qonşusuyux, amma donuz kavabının belə
ləzzətli olduğunu bizdən
gizlətmisiz?!
- Biz gizlətməmişik ey, sizin mollalar gizlədif.
Faxı:
- Deyirlər, donuz ətində elə bir qurd var ki, hətta
iki min dərəcə isdilikdə belə ölmür.
Aşot, bəlkə ona görə
ermənilər belə qarnı qurddu olur?
- Paxı, neçə ilin dosduyuq, mən heş
qarnı qurddu adama oxşuyuram?
- Qaqa, sən erməni döyülsən ha. Maman sənin
toxumunu bizimkilərdən tutuf.
Aşot anasını çağırdı:
- Mama, ay mama.
Anası əlində bir banka baldırğan
şorabası ilə gəldi:
- Nədi, ə, şandığa.
- Mama, görmürsən Paxı nə deyir? Deyir ki, məni
azərbaycanlılardan tutmusan.
- Düz deyir də. Qonşu kolxozun sədri Həsən
qoydu ki, heş dədənnən yatım?
Sonra bir şaqqanaq çəkib çıxıb
getdi.
- Paxı...
- Qaqa, bir dayan görüm, mənim adım Faxıdı, Paxı
döyül. Niyə ermənilər
fı hərfi deyə bilmir?
- Özün dedin ki, məni mamam sizinkilərdən
tutuf. Mən Faxı deyə bilirəm, amma Paxı deməkdən
xoşum gəlir.
Nuruş:
- Bəzən Paxı demirsən ey, Poxu deyirsən.
- Zarafat edirəm də.
Nuruş:
- Doğrudan, ermənilər niyə fı hərfi deyə
bilmir?
- Ə, mən nə bilim, ikiniz də inustut
qutarmısız, mən Ağdamda
mexanizasiyada oxumuşam.
Nuruş:
- Ə, mexanizasiya elə inustutuydu dana. Politexnik iki min
maat olanda mexanizasiyanın qiyməti
üşmin maatıydı. Sən nə qədər
mayış alırsan?
- Dörd yüz maat.
Nuruş:
- Amma biz ikimiz də inustut qurtarmışıx,
yüz əlli maat alırıx.
Aşot:
- Sizin də ağlınız olseydi, aparıf Gəncədəki
inustuta dörd-beş min maat verənəcən, Məhərrəm
məllimə üşmin maat verəydiz siz də
mexanizasiyanı qutaraydız, mənim kimi dörd yüz maat
alaydız. Özü də
bilmirəm siz bura yeyif-işməyə gəlmisiz, yoxsa
dava eləməyə?
Tut arağının təsiri özünü
göstərirdi, yavaş-yavaş dəmlənirdilər.
Faxı:
- Ə, şandığa...
Aşot:
- Papanı söymə, papan da bizə tez-tez gəlirdi.
Şaqqanaq çəkib güldülər.
Faxı:
- Yaxşı. Ə, kişi oğlu kişi, bayaxdan
içirih, nətəər olur biz dəmlənmişiy, amma
sən yox.
Aşot:
- Bilmirsiz, it yiəsin tutmaz. Bu arağı mən
çəhmişəm. Bakıdakı vinzavod kimi içinə
dimedrol vurmamışam. İki dəfə də kömürdən
keçirmişəm.
Nuruş:
- Aşot, Yerevanda olmusan?
- Hə, bircə dəfə yağ almağa
getmişdim, həm də siqaret.
Faxı:
- Aşot, kişi kimi düzünü de, Yerevan
gözəl şəərdi, yoxsa Ağdam?
Aşot:
- Ə, Yerevan pox yeyir
Ağdamın yanında. Özü də orda bizdəri sevmirlər
ha, bizə türkdəndönmə deyirlər. Amma xətrinizə
dəyməsin, Gəncə Ağdamnan gözəldi.
Nuruş:
- Qələt eləmə, Gəncə Ağdamnan
gözəl ola bilməz. Bir az böyühdü, vəssalam.
Amma camahatı elə bizim kimi yaxşı camahatdı. Orda da
vurub-tutan oğlannar çoxdu.
Aşot:
- Ə, bir dayan görüm ey. Paxı, Ariqa məsələsi
nətəər oldu?
- Aşot, sən öl, məni heş filan yerinə də
almır. O şandığa Araratdan xoşu gəlir. Bir dəfə
də yığışıb kinonun qavağında
Araratı eşşək kimi döydük, yenə xeyiri
olmadı.
Aşot:
- Paxı, sən belə elə də, gəl onu qaçırt.
- Nətəər qaçırdım?
- Camahat nətəər qaçırdır, sən də
heylə. Sonra da yaxşı bir toy elə.
- Toy eləməyə pulum nəəzir?
- Qardaş döyülük, nə qədər
istiyirsən pul verim, toydan sonra qaytararsan. Onsuz da sizin
toylara çağrılan da gəlir,
çağrılmayan da. O qədər pul
yığılır ki. Nə qədər istiyirsən verim.
Faxı:
- Doğrudan deyirsən?
- Qardaş döyülük, saa məim canım da
qurvandı.
Faxı:
- Canın iki qəpiyə dəyməz, elə iki min
maat versən, bəs edər.
Aşot çığırdı:
- Susanna, ordan iki min maat pul gətir ver Paxıya.
Susanna girdi evə və pulla qayıtdı, pulu da verdi
Faxıya.
Faxı:
- Qaqa, deyirsən ey, indi onu da denən görüm
qızı nətəər qaçırajıyıx?
Aşot:
- O mənim boynuma. Burdan dururux gedirik Ariqanı
qaçırmağa. Özü də qaçırıf gətiririk
bizə. Alikonun yox ey, heç itin də ağlına gəlməz ki, qız bizdədi.
Aliko şəhərin cinayət-axtarış müvəkkili
idi. Hamı da ondan qorxurdu. Hətta Alikonun təsir dairəsində
olmayan erməni kəndləri də.
Artıq hamı hazır idi, qız
qaçırmağa yox ey, tut arağının təsiridən.
Qalxdılar, Aşot Faxıyla Nuruşu yıxdı arxa
oturacağa, özü də oturdu sükanın arxasında:
- Paxı, bax, qayi saxlasa sənnikdi.
Sürdü şəhərə. Yolda Faxıyla
Nuruş mübahisəyə başladı. Nuruş
"Spartak"ın azarkeşi idi, Faxı "Dinamo"
Kiyevin. Mübahisə nə təhər böyüdüsə,
keçdilər dalaşmağ.
- Beskov qələt eliyir
Lobanovskinin yanında.
- Ə, Lobanovski niyə məşqçi olsun?
Aşot söhbətə müdaxilə elədi:
- İkisi də Simonyanın yanında qələt
eliyir.
Nuruş:
- Ə, sən maşınıyı sür, sən nə
bilirsən futbol nədi? Qələti də özün edirsən.
Mübahisə o yerə çatdı ki, hətta əl
davasına keçdi. Arada yumruqların biri də Aşota dəydi.
Faxı:
- Ə, saxla maşını, Beskov niyə
kişi olsun?
Aşot maşını saxladı, amma heç biri
maşından düşə bilmədi, çünki gərək düşüb
qapıları çöldən
açaydın. Aşot düşüb qapıları
çöldən açdı, amma
heç birinin düşməyə halı yoxuydu.
Faxı qaytardı.
Aşot:
- Ə, bu poxu içə bilmirsiz, işmiyin dana.
Sonra maşındakı qəzetlərdən birini
verdi Faxıya:
- Ala, ağız-burnunu sil.
Təzədən qapıları örtüb oturdu sükanın arxasında. Artıq ikisi də
sakitləşmişdi. Mışıl-mışıl
yatırdılar. Gəlib çıxdılar hamamın
qabağına. Aşot gözləyirdi ki, Ayrika nə vaxt
çıxacaq və bunlar düşüb Ayrikanı qaçıracaqlar. Ayrika
çıxdı, nazlana-nazlana gəlib yanlarından keçdi, hələ bir
dönüb maşına baxdı, Faxıyla Nuruşun
mışıl-mışıl yatdığını
görüb şaqqanaq çəkdi.
Aşot:
- Paxı, ay Paxı! Qalx ey, qız keşdi ey, davay.
Faxıyla Nuruş elə yatmışdı ki.
- Ə, eşitmirsiz, demirəm qız keşdi, getdi
eyy...
Aşot kimə deyirdi, Faxıya, Nuruşa, yoxsa tut
arağına?
Ayrika keçib gedəndən sonra Aşot dilxor-dilxor:
- Ə, sizdən qız qaçıran olar? Kül
olsun sizə qoşuluf qaçan qızın başına. -
dedi və maşını sürdü Faxıgilin evinə.
İkisini də boşaltdı həyətə və
Faxının atasına dedi; - Mamed dayı, bunnardan adam olmaz,
Allahın bir qızını da qaçıra bilmədilər.
- Ə, nə qız, nə qaçırtmax?
- Bilmirəm, ayılanda özdərindən
soruşarsan.
Sonra düşdü maşının baqajından
xeyli mürəbbə, turşu çıxartdı:
- Bunnarı da mamam göndərdi sizə.
(Ardı var)
Aqil ABBAS
525-ci qəzet .- 2024.- 9
fevral, ¹25.- S.12-13.