"Ekoloji təmiz nəqliyyatın artımı ətraf mühitin qorunması üçün vacibdir"

 

2023-cü ilin yanvar ayında Azərbaycana 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,44faiz və 21,04 faiz çoxdur.Bu avtomobillərin 119-u (4 milyon 937,88 min ABŞ dolları dəyərində) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə ölkəyə idxal olunan elektromobilin 9,2 dəfə artması deməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, son dövrlər inkişaf etmiş ölkələrdə, eləcə də dünyanın bütün ölkələrində elektrikli və hibrid tipli avtomobillərə keçid edilir. Artıq ekoloji vəziyyət elə bir həddə gəlib çatıb ki, insanlıq, bəşəriyyət məcburdur ki, bu sistemə keçsin: "Son zamanlar Azərbaycana yeni, ekoloji cəhətdən təmiz avtomobillərin idxalının stimullaşdırılması ilə bağlı çox güzəştlər edilib. Ötən il ekoloji təmiz avtomobil sektoru ilə bağlı 2 dəfə güzəşt tətbiq edilməsi ölkəmizdə bu sahənin inkişafı ilə bağlı ciddi addımlar atıldığını göstərir. Bu da elektromobillərin Azərbaycanda təşviqi istiqamətində aparılan uğurlu işlərin tərkib hissəsi, avtomobil parkının yenilənməsi istiqamətində atılan ən mühüm addımlardandır. Elektromobillərin sayının artırılmasının stimullaşdırılması, ilk növbədə ətraf mühitin mühafizəsi ilə bağlıdır".

Ekspertin sözlərinə görə, bu gün ölkədə elektromobillərin sayı elektrikdoldurma məntəqələrinin sayına mütənasibdir: "Bu o deməkdir ki, elektromobillərin sayı artdıqca elektrikdoldurma məntəqələrinin sayı da artır və yaxud da əksinə, elektrikdoldurma məntəqələrinin sayı artdıqca elektrik mühərrikli avtomobillərin sayı artır. 2022-ci ilin sonunda Azərbaycanda cəmi qırxa yaxın elektrikdoldurma məntəqəsi var idi. Bu ilin sonunda artıq bu rəqəm yüzə qədər artıb. 2022-ci ilin sonunda Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın alt qrupunda ölkəmizə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalının stimullaşdırılması və ölkə daxilində həmin nəqliyyat vasitələrinin istismarının stimullaşdırılması ilə bağlı yol xəritəsi hazırlandı. Həmin proqrama əsasən 2023-cü il ərzində ölkəyə idxal olunan elektromobillərin sayı artdı. Çünki həmin avtomobillərin idxalı həm gömrük, həm də vergi rüsumlarından azad olundu. Paralel olaraq elektrikdoldurma məntəqələrinin yaradılmasına lazım olan cihaz və avadanlıqlar da bizim ölkəmizə idxal olunan zaman bütün rüsumlardan azad edildi. Biz də bu qanunun müsbət təsirlərini artıq müşahidə edirik. Bu qanun sahibkarlara şərait yaradır ki, onlar elektrikdoldurma məntəqələrinin sayını artırsınlar".

Ekspert bölgələrdə də elektrikdoldurma məntəqələrinin sayının gündən-günə artdığını qeyd edir: "Hal-hazırda komissiyanın alt qruplarında bu məsələlər müzakirə olunur. Bu gün müəyyən proqramlar, layihələr hazırlanır. Sırf ölkənin ekosisteminin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Ümid edirəm ki, qarşıdan gələn ildə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və ölkə daxilində onların istismarı, həmçinin elektrikdoldurma məntəqələrinin sayının artırılması ilə bağlı yeni bir proqram olacaq".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə əsasən, elektromobillərin, ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması ekologiya ilə sıx bağlı bir məsələdir: "Bu addımların əsas fəlsəfəsi ondan ibarətdir ki, dünyada qlobal istiləşmə gedir, qlobal iqlim dəyişikliyi gedir və ekoloji problemlər yaşanmaqdadır. Bunun qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı hər il qlobal istiləşmə, digər ekoloji problemlər çərçivəsində dünyanın müxtəlif ölkələrinə müraciətlər edir. Bu müraciətlərin də kökündə dayanan əsas məsələ ondan ibarətdir ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün dövlətlər müəyyən addımlar atmalıdırlar. Bu hansı addımlardır? Birincisi, meşələrin, yaşıllıqların salınması, ikincisi, meşələrin qırılmasının qarşısını almaqdır. Üçüncüsü, ekologiyaya müxtəlif kimyəvi, zəhərli maddələr atan zavodların məhdudlaşdırılması, onların izolyasiya edilməsidir. Eyni zamanda ətraf mühitin çirklənməsində böyük rolu olan avtomobillərin, yəni ənənəvi avtomobillərin geniş yayılmasının qarşısını almaqdır".

Ekspert vurğulayır ki, bu məsələ ilə bağlı dünyanın bir çox ölkələri konkret öhdəliklər götürüb: "Bəzi Avropa ölkələri, Skandinaviya ölkələri 2030-cu ildə tam olaraq elektrik mühərrikli, hidrogenlə işləyən avtomobillərə keçid siyasətini yürüdürlər. Bu yaxınlarda qardaş Türkiyə belə bir qərar verdi ki, 2040-cı ildə bunu edəcək. Azərbaycan kimi ölkələrdə də bu proses yavaş-yavaş gedəcək. Amma nə vaxt olacaq, tam olaraq nə zaman həyata keçiriləcək, bunu planlaşdırmaq bir qədər çətindir. Çünki mərhələli şəkildə bunu edə biləcəyik. Yəni reallıqları demək lazımdır ki, Azərbaycan istəsə belə 2030-2040-cı illərdə bunu tam olaraq həyata keçirə bilməz, çox çətindir. Ölkədə avtomobil sənayesi yoxdur, yerli istehsal yoxdur. Azərbaycanda bu gün istehsal olunan avtomobillər yerli istehsalı deyil, sadəcə, başqa ölkələrdən detalları gətirir, burada yığıb satırlar. Bu, yerli istehsal sayılmır, yerli istehsal ona deyirlər. Həmin avtomobilin yığılmasında ən azı bir 30 faiz detallar, elementlər həmin ölkənin istehsalı olmalıdır. Bizdə isə adi ən xırda detallar xaricdən gətirilir, amma yerli istehsalı da yaratmaq lazımdır. Bu istiqamətdə böyük işlər görə bilərik. Amma təəssüf ki, sahibkarlarımızın əlinə pul düşən kimi ya restoran, ya da hotel açırlar. Başqa bir iş düşünmürlər. Avtomobil sənayesi sahəsində, tekstil sənayesində, digər istehsalat prosesində daimi iş yeri qurmaq mümkündür. Bunun gələcək perspektivini görmək olar. Amma hotel, restoran nə vaxta qədər perspektivli ola bilər? Çox təəssüf ki, bizim sahibkarların əksəriyyəti məhz bununla məşğuldur. O baxımdan gələcəkdə bu istiqamətdə stimullaşdırıcı addımlar atmaq lazımdır. Avtomobil sənayesinin inkişafına nail olmaq olar və haradasa 2050-2060-cı illərdə avtomobil parkımız tamamilə yenilənə bilər".

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova görə, ekoloji təmiz nəqliyyatın artımı ətraf mühitin qorunması üçün vacib şərtə çevrilib: "Statistika göstərir ki, ətraf mühitin çirklənməsinin 70-80 faizini məhz avtomobillərdən ixrac olunan zəhərli qazlar təşkil edir. Bunun nəticəsidir ki, onkoloji xəstəliklər çoxalır, atmosfer çirklənir. Buna görə də dünya ölkələrində də əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. İnkişaf etmiş bəzi dövlətlərdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya məsələsidir. Yəni istismar müddətini başa vurmuş, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması. Düşünürəm ki, ölkəyə elektromobillərin idxalı prosesinin asanlaşdırılması ilə yanaşı, proqram çərçivəsində utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilsə, ölkəmizin avtomobil parkı daha yaxşı və daha təhlükəsiz olar".

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu gün ölkədə elektrik və hibrid avtomobillərə tələbat əvvəlki illərə nisbətən qat-qat yüksəkdir. Onun sözlərinə görə, bu gün maşın sürməyi bacaran insanların çoxu taksi xidmətinə yönəlir: "Bu da hibrid avtomobillərə tələbatı artırır. Çünki bu avtomobillərin benzin sərfiyyatı çox aşağıdır. Tələbat artdıqca qiymət də artır. Son 3 ilin istehsalı olan elektrik və hibrid avtomobillərin idxalına ciddi güzəştlər tətbiq edilir. Amma bu avtomobillər çox bahadır. Buna baxmayaraq, onların idxalına maraq artıb".

N.Cəfərli bir çox ölkələrdə hibrid avtomobillərə marağın daha da artması üçün təşviq siyasəti aparıldığını vurğulayıb: "Dünyanın ekoloji vəziyyətinin ağır olduğunu nəzərə alaraq bir çox ölkələrdə təşviq siyasəti aparılır ki, hibrid və elektrik avtomobillərin sayı getdikcə artsın. Hətta Avropa Birliyi ölkələrinin bəziləri 2025-ci ildə, bəziləri isə 2030-cu ildə benzin və dizellə işləyən avtomobillərə ümumiyyətlə qadağa qoyacaq. Yəni bunun fəlsəfəsi tək qiymətlə deyil, yeni texnologiyalarla, ekoloji məsələlərlə ölçülür. Ona görə də bir çox dünya ölkələri tərəfindən hibrid avtomobilləri sahiblərinə subsidiya verilir. Onlara vergi güzəştləri, ciddi şəkildə gömrük güzəştləri olunur. Stimullaşdırma proqramı həyata keçirilir ki, vətəndaşlar getdikcə daha çox hibrid və ya elektrik avtomobillərinə keçid etsinlər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, qlobal səviyyədə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə töhfə olaraq, ölkəmiz istixana effektli qaz tullantılarının azaldılması istiqamətində kifayət qədər ambisiyalı hədəflər götürüb. İqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də nəqliyyat sektorundan atılan istixana qazlarının azaldılması məqsədilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır: "Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır".

Nazirlik rəsmisinin sözlərinə əsasən, 2021-ci illə müqayisədə ötən il 19 dəfə çox elektromobil idxal olunub. Belə müsbət tendensiya növbəti illərdə də davam edərsə, ölkənin nəqliyyat parkında elektrik mühərrikli avtomobillərin payı ciddi şəkildə artacaq: "Ölkəmizdə elektromobillərin sayının artması ilə paralel olaraq enerji doldurucularının sayında da artım müşahidə olunur. Elektromobilliyin daha da inkişafı məqsədilə Elektromobillik üzrə Milli Planın hazırlanmasına başlanılıb. Eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramı ilə birgə "Azərbaycanda tullantısız və az tullantılı elektrik nəqliyyatına keçid" layihəsi işlənilir".

 

Sevinc QARAYEVA

525-ci qəzet .-  2024.- 8 fevral, ¹24.- S.15.