Düşündürən Humay,
ağladan Humay...
Esse
Uşaqlıqdan yeniyetməliyə keçdiyimiz
dövr - 1980-ci illərin əvvəlləri dünyanın
düz vaxtına düşdü. Elə bir vaxta ki, tarixin
keşməkeşləri, müharibələr, inqilablar,
insanlar arasındakı didişmələr, qanlı
münaqişələr, qatı düşmənliklər
bizdən uzaqlarda baş verir, üzümüzə daha
çox kitabların vərəqlərindən, filmlərin
kadrlarından boylanırdı. İçi sevgi və gənclik
həvəsi ilə dolu həyatın özü isə
ömrümüzdən maraqlı bir kino kimi keçirdi və
hərəmiz özümüzlə bərabər,
içimizdəki inqilabçı olmaq, dünyanı dəyişmək
marağını da böyüyürdük. Bu maraq əlimizdən
tutub bizi xalq hərəkatının astanasına qədər
müşayiət elədi...
..."Yenilməz" sovet hökumətinin sərhədlərinin
sökülməsi ilə nəticələnən və o
dövrün yeniyetmələrini öz axarına salan, yeniyetməliyimizi
əlimizdən alan xalq hərəkatı hələ
başlamamışdı. O illərin yeniyetmə
qızları nədənsə "ağlamalı
kinoları" çox sevir, sevgindən yarımayanlara həyan
olmağa çalışırdılar.
"- Allah bizi niyə bu günə qoydu, axı?
- Nə günə, Humay?
- Qan saldı aramıza, babamla səni bir-birinizə
düşmən elədi"...
Yəqin ki, "Yeddi oğul istərəm" filmini,
həmin filmdəki dialoqları mənim
yaşıdlarımın hamısı yaxşı
xatırlayır. Dəfələrlə
baxdığımız, ayrı-ayrı replikalarını əzbər
bildiyimiz filmdə romantik bir epizod var: Şəkər bəyin
inqilabçı oğlu komsomol Cəlalla dağlara çəkilib
qaçaqlıq edən Gəray bəyin gözünün
ağı-qarası, yeganə qızı Humay aylı gecədə
Kürün kənarında görüşürlər. Bu,
onların son görüşü olacaqdı. O
görüşdən az sonra Cəlalı da, Humayı da
amansız ölüm gözləyir...
Humayın dilindən qopan "Allah bizi niyə bu
günə qoydu, axı?" sözləri onun
yaşıdı olan qızların ürəyində əks-səda
verirdi. O qızların ürəklərində səslənən
əks-səda bəzən də dolan gözlərdə nəmli
işıltılara çevrilir, işıltılar
yuvarlanıb-yuvarlanıb üzlərdən aşağı
süzülürdü. İstəyirsiniz qınayın, istəyirsiniz
təqdir eləyin: mənim yaşıdım qızlar
inqilabın, müharibənin "Allah bizi niyə bu günə
qoydu, axı?!" dedirtdiyi bəy qızının taleyinə
çox acıyırdılar...
Onda hələ öz sevgisini dilinə gətirməyən
o dəli-dolu qızların heç ağlına da gəlməzdi
ki, inqilabi hərəkat, müharibə düz
başımızın üstündədir, bizi də
haqlamaqdadır. Dünyaya kitab vərəqlərinin
arasından, kino ekranından baxan o qayğısız yeniyetmələrin,
Humaya həyan olmaq istəyən dəli-dolu qızların
arasında mən də vardım...
"- Götürüb gedərsən məni
Peykanlıdan, apararsan uzaqlara... Nə güllə səsi
eşidərik, nə də ağlaşma...
- Hara getsək, nə güllə səsindən, nə
də ağlaşmadan qaça bilərik. Başa düş,
Humay..."
Yeniyetməlikdən gəncliyə təzəcə
keçəndə güllə səsinin,
ağlaşmanın yarı yolda haqladıqlarından biri də
mən oldum, qaçıb taleyimi güllədən,
ağlaşmadan qurtara bilmədim. Taleyinə
acıdığım Humayın tale qohumuna çevrildim...
O vaxt böyük şairimiz Səməd Vurğunun
"Komsomol poeması" məktəbdə keçilmirdi
(deyəsən, heç indi də keçilmir). "Ədəbiyyat"
kitabında "Bəxtiyar, məni də komsomola yaz!"
misrasına bəsit bir şərh yazılmışdı.
Filmdən tanıdığımız Humayı bədii əsər
qəhrəmanı, poema obrazı kimi ədəbiyyatla ciddi
maraqlanan, gələcəkdə ömrünü ədəbiyyata,
şeirə, sənətə həsr eləmək arzusunda
olan gənc oxucular bir könlüdən min könülə
sevirdilər.
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə
qalmış...
"Komsomol poeması"nda Tatyana və Ofelya
adlarının çəkilməsi o vaxt bizə qəribə
görünürdü. Məntiqi bir sual da yaranırdı:
Humay niyə Tatyana və Ofelya olmalı idi ki!? Poemada
yanaşı çəkilən bu adlar indi ədəbiyyatın
sehrli dilində xüsusi məna kəsb etməkdədir...
"Komsomol poeması"nın
yazıldığı dövrün ixtiyar sahibləri bədii
sözdən insanlara xoşbəxtlik gətirməyi, insanları
"Ələmdən nəşəyə" keçirməyi
tələb edirdilər. "Ələmdən nəşəyə"
şeiri də yazılır və
mükafatlandırılırdı. Ancaq bəzən söz əmrə
tabe olmur, insanların beyninə olmayan xoşbəxtlik əvəzinə,
"ağlamalı" həqiqət
aşılayırdı. Elə insanların da qanı
ağlamalı sözə daha çox qaynayırdı...
Humayın adının yanında Ofelyanın,
Tatyananın adlarının çəkilməsi sözün
keçmişinin səslənişi idi. Azərbaycan tarixinin
ağzının sərt yoxuşa dirəndiyi 1930-cu illərdə
yazılmış "Komsomol poeması"nda adları
çəkilən Tatyana da, Ofeyla da öz vaxtlarında zəmanənin
burulğanına düşüb orada boğulan qadın
obrazlarıdır. Dövranın bada verdiyi bu qadınlar ədəbiyyatda
nakam sevgi qurbanı rəmzinə çevriliblər. Ofelya
Şekspirin Azərbaycanda da məşhur olan "Hamlet"
faciəsinin qəhrəmanıdır, onun özü də,
sevgisi də saray münaqişələrinin qurbanıdır.
Tatyana obrazı isə S.Vurğun
yaradıcılığında və Azərbaycan oxucusunun
düşüncəsində fərqli yer tutmaqdadır.
S.Vurğun Tatyanadan bəhs edərkən rus şairi Aleksandr
Puşkinin "Yevgeni Onegin" poemasının qəhrəmanını
nəzərdə tuturdu. Onu da demək lap yerinə düşər
ki, "Rusiya şeirinin şah əsərini" - "Yevgeni
Onegin"i dilimizə S.Vurğun tərcümə edib və
bu əsərdə xüsusilə Tatyanadan bəhs edilən
yerlər Azərbaycan dilində yazılmış orijinal mətn
kimi səslənir. Həmin parçaların dilimizə
başqa dildən tərcümə edildiyi hiss olunmur.
S.Vurğun "Yevgeni Onegin"i tərcümə edərkən
Puşkinin dilinin sadəliyini və fikir dərinliyini
qorumağa böyük diqqət yetirdiyini vurğulayaraq
yazırdı: "Tərcümə etdiyim zaman mən həmişə
özümə belə bir sual verirdim: görəsən,
Puşkin özü burada öz fikrini Azərbaycan dilində
necə ifadə edərdi?"
Etiraf etmək lazımdır ki, bədii tərcüməyə
bu yanaşma müasir tərcüməçilərimiz
üçün böyük bir örnək olmalıdır.
Puşkini Azərbaycan dilində Azərbaycan dilinin şairi
kimi səsləndirən S.Vurğunun tərcüməsində
xəyalpərvər Tatyana belə təqdim olunur:
Dünyada heç nəyin fərqində deyil,
Doğma ocaqda da yaddı elə bil.
Kənarda dolanıb qəm-qübar ilə,
Nə ata sığalı istəyib könlü,
Nə də anasına isinişib yönlü.
Atılıb-düşməyib uşaqlar ilə:
Çox vaxt bütün günü bu qəribə
qız
Pəncərə önündə susubdu yalqız...
Puşkinin ürəkdən sevdiyi və oxucuya sevdirməyə
çalışdığı xəyalpərvər Tatyana bədii
sözün, romanların içində
böyümüşdü və özü də həyatda
bir roman qəhrəmanının ömrünü
yaşayırdı. Gəray bəyin qızı Humay isə
Azərbaycan kəndinin, təbiətin övladıdır.
Onun torpağa bağlı olan kəndli ruhu təbiət kimi zəngin
və qədimdir. Bəy qızı olsa da,
varlığında doğulduğu kəndin, elin-obanın həyatının
bir parçasını gəzdirir. Şairin Humay haqqında
yazdıqları xalq həyatının, qədim inancların,
adət-ənələrin rəngli mənzərələrinə
işıq salır. Bəy qızının dünyası
oxucunun gözləri qarşısında əsrarəngiz bədii
lövhələr canlandırır. Bu tablolarda dəbdəbəli
zadəgan məişəti deyil, xalqın həyatı əks
olunur. Humayın düşüncələri kimi həyatı
da xalqın yaddaşının dərin qatlarına
bağlıdır.
O hər gün oyanır quşlardan qabaq,
Yaxın bir təpənin üstdən aşaraq,
Tərpənir sahilə - bulaq başına,
Qoyub səhəngini sahil daşına,
Seyr edir səslənən ormanlıqları,
Pozur saçlarını səhər ruzgarı...
Qaranlıq döşünü gərdiyi zaman
Onun da ruhuna qaranlıq çökür.
Çırmayıb qolunu itə yal tökür...
Axşam düşəndə, şər
qarışanda ruhuna qaranlıq çökən, taleyi
zamanın dəyirman daşının altında əzilib
üyünən Humayın düşdüyü burulğandan
çıxış yolu yoxdur. Humayın taleyi mənsub
olduğu zümrənin əxlaqının - bəyliyin, bəyzadəliyin
taleyidir. Əsərdə Gəray bəyin timsalında bəylik,
bəyzadəlik ölüm ayağındadır. Lakin Gəray
bəy bəyliyin, bəyzadəliyin məğlubiyyəti ilə
barışmır, zamanın gedişatına müqavimət
göstərir və onun müqaviməti əsərdəki
faciəni körükləyib alovlandırır. Varlı ilə
kasıb, bəy ilə rəiyyət arasında gedən
qanlı çəkişmə sonda millətin faciəsinə
çevrilir. Ölən də bizdən olur, öldürən
də. Ağladan da bizdən olur, ağlayan da... Ailəni
içindən parçalayan bu ölən-öldürən,
ağladan-ağlayan çarpışmasında məhəbbət,
mərhəmət kimi əbədi dəyərlər dərin
yaralar alır və səhnəyə yeni zəmanənin yeni
faciə qəhrəmanları çıxır. Şairin
dediyi kimi:
Bu qanlı qovğalar, bu vuruşmalar,
Hücumlar, üsyanlar, sərt toqquşmalar
Ayırır insanı öz ürəyindən...
Öz ürəyindən ayrılan, sevgisindən nakam
qalan qəhrəmanların taleyi sinfi mübarizəni də, hər
şeyi yerindən oynadan inqilabı da kölgədə qoyur.
Zaman keçdikcə o illərin qanlı hadisələri yada
düşdükcə "Humay düşündürür,
Humay ağladır"...
Qəlbini komsomolçu gəncə verən Humay
qaçaq atasını yuxuda görəndə əlində
yaylıq hönkürüb ağlayır. Eşq naminə
atasını tərk etmək, istəklisinə qoşulub
qaçmaq, atasının namusuna xələl gətirmək
ona ölümdən ağır gəlir.
Ölümsə onun yaxasından əl çəkmir,
onu sonuna qədər təqib edir.
Komsomola, kəndin kollektivləşməsinə həsr
olunmuş poemanın əsas qayəsi "Humayın
ölümü" fəslində daha aydın üzə
çıxır...
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay.
Fəqət nə Cəlal var, nə də ki Humay,
Nə ömrə acıyır, nə yaşa
dünya...
Bir millətin arasına düşən qanlı
qırğın komsomol Cəlalın da, mülkədar Gəray
bəyin də, sevgisi ilə atasının arasında
seçim eləyə bilməyən Humayın da
ölümü ilə nəticələnir. Bu, əslində,
inqilabın gətirməli olduğu xoşbəxtlik ideyasının
şairin ürəyinə daman ölümü idi. Bu
ölümdən qaçmaq mümkün deyildi...
"Komsomol poeması"nı 1930-cu illərdə Azərbaycan
ədəbiyyatında yaranmış "ən antisovet" əsər
hesab edən Xalq şairi Ramiz Rövşənin Humay və Cəlal
obrazları ilə bağlı maraqlı bir fikri var:
"Komsomol poeması"nın qiyməti təkcə onun
antisovetliyində deyil, bu əsər Füzulinin "Leyli və
Məcnun"undan sonra yazılı ədəbiyyatımızda
ən gözəl sevgi poemasıdır. Bu əsərin bir
cüt qəhrəmanı Cəlalla Humay isə milli
poeziyamızda Leyliylə Məcnundan sonra ən məşhur
bir cüt nakam sevgili obrazıdır".
Humayla Cəllalın sevgisi ilə Leyliylə Məcnunun
sevgisi arasındakı səsləşməni S.Vurğunun
özü də sezməmiş deyildi. Ancaq zamanının
axınına düşən və zamanın axını ilə
qəlbinin hökmü arasındakı ziddiyyətdən qurtula
bilməyən, özünü fərqli bir zəmanənin
övladı hesab eləyən Cəlal öz adının Məcnunla
yanaşı qoyulmasını qəbul edə bilmirdi - qətiyyətlə
rədd edirdi:
"Xayır!" Məcnunların dövrü
yaşandı,
Bugünkü sevginin başqadır andı", -
Deyərək, özünü toxtadır Cəlal,
Uçur gözlərindən qanadlı bir hal...
Ramiz Rövşən bu obrazları yaradan Səməd
Vurğunu xoşbəxt şair hesab edir: "Belə xoşbəxtlik
isə hər böyük şairin bəxtinə
düşmür"...
Bu gün bizi Humayın düşüncələri ilə
yaşatmağı, Humayın taleyinə ağlatmağı
bacaran şair həqiqətən də xoşbəxtdir.
Sözü zamanın sınağından üzüağ
çıxan sənət adamı kimi xoşbəxtdir. Ancaq
"Komsomol poeması"nı XXI əsrin gözü ilə
oxuyanda, oradakı insanlara yeni zəmanənin pəncərəsindən
baxanda müəllifin əsər yazılan illərdə
xoşbəxt olduğunu demək çətindir.
"Ayazlı, şaxtalı bir qış
axşamı"nın kədərli və qar kimi soyuq təsviri
ilə başlayan əsər boyu n oxucunun ruhuna vətəndaş
müharibəsinin fəlakət havası çökür və
bu havanı müəllifin özünün də
yaşadığı hiss olunur.
Yerlərə baxıram, bağçalı,
bağlı,
Göylərə baxıram, qapısı
bağlı...
Mən də inqilab və müharibə gördüm.
Şairin bizə doğma ana kimi sevməyi öyrətdiyi Vətənimiz
sınağa çəkiləndə, müqəddəs
torpağımız dara düşəndə, yurdumuzun,
yuvamızın üstündən acı yellər əsəndə
sevdiyim insanı göylərə əmanət elədim. Sonra
da arxasınca göylərə baxa-baxa qaldım. Göylər
qapısını mənə də bağladı. Yəqin
ona görə də Humaydan yaza-yaza öz
duyğularımın burulğanından azad ola bilmirəm.
Dərin ağrı ilə yazılmış
misraların arasında vurnuxa-vurnuxa, sözlərin
yaratdığı duyğu selində
çırpına-çırpına aydınca görürəm:
"Humay düşündürür, Humay
ağladır..."
Bu, sentimental ədəbiyyatın yaratdığı gəldi-gedər
bir duyğu deyil, milli yaddaşımızın zamandan-zamana təkrar
olunan kədərli hekayəsidir.
Bu, inqilabın və müharibənin insanların
taleyində əks olunan acı və ağrılı həqiqətidir...
Arzu KAZIMQIZI NEHRƏMLİ
525-ci qəzet .- 2024.- 8
fevral, ¹24.- S.14.