Yüz ilin Naxçıvanı
Həyatda üç şey insanın özündən
asılı deyil: valideynləri, doğulduğu torpaq və
ömür sürdüyü vaxt. Xalq yazıçısı
Anara məxsusdur bu fikirlər... Özündən asılı
olmayan, amma ömür boyu asılı olduğun,
doğulduğun torpaq, məkan çox önəmlidir -
"Coğrafiya taledir" deyimi kimi.
Məkan Naxçıvandır. Qədim Azərbaycan
torpağı. Tarixi abidələr məskəni, zəngin mədəni
irsə malik, heyrətamiz gözəlliyi, qürurlu və məğrur
insanları ilə seçilən Naxçıvan.
Fevralın 9-da Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 100 ili tamam olur. Muxtar
respublikanın yaradılmasının Azərbaycanın, habelə
bölgənin tarixində böyük əhəmiyyət kəsb
etdiyini və onun xalqımızın həyatında əlamətdar
hadisə olduğunu nəzərə alan Prezident İlham
Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycanın qədim bölgəsi Naxçıvan
tarixən çətin sınaqlarla dolu mürəkkəb və
eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik
dövlətçilik ənənələri olan bu diyar həmişə
xalqımızın zəngin mədəni irsini layiqincə
yaşatmış, yetirdiyi çox sayda görkəmli elm
xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri
ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında
əvəzsiz rol oynamışdır".
Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə
və çoxəsrlik dövlətçilik ənənələrinə
malik Naxçıvan diyarı mürəkkəb və çətin
inkişaf yolu keçib. Məlum olduğu kimi, 1920-ci ilin aprel
işğalından sonra Azərbaycanda başlanan sovetləşmə
Naxçıvandan da yan keçmədi. Gərgin hərbi-siyasi
mübarizələr fonunda Naxçıvanın taleyi həll
olunurdu. Nəhayət, 1921-ci il 16 mart tarixli Moskva, 13 oktyabr
tarixli Qars müqavilələri ilə Naxçıvanın
Azərbaycan tərkibində muxtar respublika statusu təsbit
olundu. 1921-ci ilin yanvar ayında bu ərazidə ümumxalq səsverməsi
keçirildi və əhalinin 90 faizi Naxçıvanın Azərbaycanın
tərkibində qalmasına səs verdi. Uzun müzakirələrdən
sonra 1924-cü il fevralın 9-da Naxçıvanda Muxtar Sovet
Sosialist Respublikası yaradıldı.
Sovet mərhələsi Naxçıvanın həyatında
dərin iz buraxdı. Ulu öndər Heydər Əliyevin
hakimiyyətinin birinci dövründə Naxçıvanda sənayeləşmə
prosesi sürətləndi, yeni müəssisələr tikilib
istifadəyə verildi. Təzə yaşayış massivləri
salındı, təhsil, səhiyyə və mədəniyyət
müəssisələri tikildi.
Azərbaycana ikinci dəfə rəhbərliyi illərində
Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasını heç vaxt diqqətdən kənarda
qoymadı. O, blokada şəraitində olan bu diyarın
yaşaması, yaratması üçün əlindən gələni
etdi. Ölkədə başlanan quruculuq və inkişaf xətti
Naxçıvanda fəallığı və yaradıcı
forması ilə seçilirdi. Bu inkişaf konsepsiyası
sonrakı illərdə bir idarəetmə modeli kimi tarixə
düşdü.
Bu model Prezident İlham Əliyev tərəfindən
daha da zənginləşdirildi. Ermənistanın blokadası
şəraitində Naxçıvanın
özünümüdafiəsi ən yüksək səviyyəyə
çatdırıldı. 2018-ci ilin Günnüt əməliyyatı
2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan
Ordusunun növbəti hərbi uğuru kimi tarixə
düşdü. Bundan əlavə, Muxtar Respublikanın
iqtisadi müstəqilliyinə nail olundu, Naxçıvanın
iqtisadi inkişafı davamlı xarakter aldı, yeni müəssisələr
açıldı, qeyri-neft sektoru sürətlə önə
çıxdı.
Naxçıvanın muxtariyyəti
xalqımızın və dövlətimizin tarixi nailiyyətidir.
Bu muxtariyyət imkan verdi ki, Azərbaycan xalqının
çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın
izi bu torpaqdan silinməsin. Şərqin əsas fikir və
düşüncə mərkəzlərindən olan
Naxçıvan əhalisi hər zaman milli istiqlal
ideyalarına bağlılıq nümayiş etdirərək
dövlət müstəqilliyimizin bərpası, qorunub
saxlanılması və möhkəmləndirilməsində
müstəsna xidmətlər göstərdi. Bunun adı
istisnasız fədakarlıq, dövlətə və ölkəyə
olan sonsuz məhəbbətdir.
Strateji mövqeyinə görə Naxçıvan
tarixən siyasi mübarizələr meydanı olsa da, bu diyar və
bu diyarın insanları bütün sınaqları qətiyyətlə
dəf edə bilib. O vaxt da, indi də ölkəmizin
bütövlüyü uğrunda Naxçıvan
torpağı şəhidlər verib, şanlı Zəfər
salnaməmizə parlaq imzalarını yazıblar.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində
Naxçıvan amili xüsusi qeyd olunmalıdır.
Naxçıvanın yarım əsrlik dövrü məhz
onun siyasəti ilə formalaşıb. O vaxt verilən vacib qərarların
nəticəsidir ki, bu gün Naxçıvan böyük
inkişaf dövrünü yaşayır.
Daha neçə 100 illiklərinin qeyd edilməsi
arzusuyla, sabahı bu günündən də gözəl
olacaq gözəl diyar!
Bənövşə MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 8
fevral, ¹24.- S.11.