Can Laçın...
Esse
Onun səsiylə soyuq qış günündə
otağıma lalə təravəti doldu:
- Komandanızı da götür gəl. Buralar bir
gözəldir, gəl görəsən.
- Bəs soyuq deyil?
- Soyuqdur. Amma qızınmağa yerin varsa,
üşümək də gözəldir, deyilmi?
- Onda gəlirik!
Bir qış sabahı idi. Mən, prodüser Rüfət, rejissor Səbinə,
operatorlarımız Orxan, Fərid, texnik Ramin, səs rejissoru
Əlibaba, işıqçı Onur Rauf dayının idarə
etdiyi maşına doluşduq. Beləcə,
"ayazlı-şaxtalı bir qış günündə
doqquz yoldaş olub yola düzəldik". Eynən
nağıl qəhrəmanları kimi az getdik, üz getdik, dərə-təpə
düz getdik, qarlı dağlar aşdıq, çox ellər
dolaşdıq, axır ki, gəlib çatdıq mənzil
başına - Laçın dağlarının qoynuna.
Laçın dağlarının qoynuna deyirəm,
özümə də qəribə gəlir. Dünənə
kimi "Ay Laçın" mahnısını eşidəndə
içim necə sızıldayırdı. İndi isə
Laçın dağlarının arasında dayanıb bu
möhtəşəm tabloya heyran-heyran tamaşa edirəm və
ruhumun dərinliklərindən tamam başqa ab-havalı bir
nida qopur: "Ay Laçın, can Laçın, mən sənə
qurban Laçın..."
...Bu gözəlliklərə baxıram, xatirimə o
günlər gəlir - rayonlarımızın işğaldan
azad olunduğu xəbərini aldığımız həyəcanlı
dönəmlər...
Yadımdadır, onda bir dostum yazmışdı ki,
"mən Laçını gözləyirəm".
Laçının xoş xəbəri gəldiyi gün
gözaydınlığı vermişdim: "Ay Laçın"
yazaraq... Məsələ ondadır ki, o vaxtlar mən niyə
sevindiyimi bilirdim, amma nəyə sevindiyimi bilmirdim. Bilmirdim bu
yerlərin əsrarəngiz təbiətini, şəffaf
havasını, buz bulaqlarını, bulaq kimi təmiz
insanlarını. Haradan biləydim? Və indi açıqca rəsmi
kimi görünən Laçın tablosu ilə üz-üzə,
göz-gözə, nəfəs-nəfəsə idim. Fikirləşirdim
ki, buranı dünyanın hansı gözəl mənzərəsi
ilə müqayisə edim görəsən? İsveçrəyəmi
bənzədim, Norveçəmi bənzədim?
Hayıl-mayıl olmuşdum. İçimdə isə bir səs
pıçıldayırdı: hələ bu nədir,
qarşıda səni maraqlı əhvalatlar gözləyir...
Nə sirri-xuda idisə, qışın oğlan
çağı olsa da, heç birimiz
üşümürdük. Bakıdan dağ rayonuna gedəsən,
əlcəksiz, papaqsız, paltosuz gəzəsən.
Möcüzə kimidir, amma həqiqətdir. Məncə,
insan getdiyi yerlərə, olduğu məkana öz istisini,
enerjisini ötürür.
Elə bu məqamda Laləm doğma təbəssümü
ilə bizi salamladı:
- Laçınımıza xoş gəlmisiz.
Üşümürsünüz ki?
Uzun illərin sevimli dostu Lalə Əliyeva idi -
Bakı Abadlıq Xidmətinin qarışqa kimi
çalışqan əməkdaşı. Bu yerlərdə də
məni elə o səsləmişdi. Lalənin öz
statuslarında tez-tez "Laçınım" yazması
xoşuma gəlirdi. O, əslən Bakıdan olsa da,
Laçını xalis laçınlı kimi sevir, içdən-içə
duyur, təbliğ edirdi. Mənə elə gəlir, bu vərdiş
işinin tələbatından başqa, buraları gəzdikcə,
gördükcə bir könüldən min könülə
aşiq olmasıyla bağlı idi. Görüşəndə
onun bir az qayğılı, bir az da sevgi dolu gözlərində
qışda belə soyumayan istilik sezdim:
- Xoş gördük, əzizim. Yox e, hara
üşüyürük? Gəlmişik qışın
oğlan çağında lalə dövrü yaşamağa.
- Kaş yayda gələrdiniz. Buralar
güllük-gülüstanlıq olur onda.
- Narahat olma. Bizim bütün fəsillərdə təravətli
olan Laləmiz var.
Gülüşdük.
- Zarafat bir yana. Bəxtinizdən bu aralar hava da möhtəşəmdir.
Bayaq bir Günəş çıxmışdı, elə
bil yaz havasıdır.
- Nə gözəl düzəldiblər buraları,
Laləcan. Adam baxdıqca baxmaq istəyir. Hələ şər
qarışan vaxtdır. Gör gün işığında
nə cür görüntülər olacaq.
- Hə... Mən heç nə deməyəcəm.
Özünüz gəzərsiz, görərsiz. Həm təbiəti,
həm buraların camaatını, həm də quruculuq
işlərini. Bir də unutma, sabah axşam tədbir var.
Yazıçı dostumuz İlqar Kamilin
laçınlılarla görüşü olacaq.
Muğamlı-şeirli bir gecə keçirmək istəyirik.
Siz də dəvətlisiniz.
Beləcə Laçında ilk gecə keçdi. Lalə
haqlı idi. O ki Günəş dağların arasından boy
verdi, Laçın bütün hüsnü-camalı ilə gəlib
durdu pəncərəmin önündə, gəl məni
gör, dərdimdən öl. Elə bil, uşaq vaxtı
oxuduğum nağıllar aləminə düşmüşdüm:
dörd bir tərəf başı qarlı dağlar,
dağların arasından ilan kimi qıvrılan asfalt yollar,
yol kənarından göbələk kimi boylanan
artırmalı, bacası tüstülü, taxta
qapılı, yamyaşıl həyət evləri, həyətlərdə
qışın oğlan çağında bitən orqanik tərəvəzlər,
çiçəklər və bütün bu gözəlliyə
şirinlik qatan laçınlılar. Hələ körpələri
demirəm... Məsələ ondadır ki, Laçında az
qala hər döngədən laçınlı balaların
gülümsər simaları baxır. Özü də
böyük-böyük foto-tablolardan. Bu fotolar dünya
şöhrətli fotoqraf Rza Deqqatinin obyektivindən
çıxıb. Laçınlılar mənə
danışdılar ki, Deqqati hər gəlişində ancaq
uşaqları çəkir. Xeyli düşündüm.
Axı niyə məhz uşaqları? Yəqin ona görə
ki, Qarabağın gələcəyini burada kök atıb
böyüyən uşaqlara bağlayır...
Bütün günü Laçını ev-ev, həyət-həyət
gəzib dolaşdıq. Laçınlıların süfrələrində
oturub samovar çayından içdik, dərdləşdik,
doğmalaşdıq. Qəhrəmanlarım bir-birindən
hal-xasiyyətləri, iş-gücləri, yaş qruplarına
görə seçilsələr də, elə deyilən kimi
var imiş buranın camaatı: qonaqpərvər, yanımcıl,
mehriban. Əvvəlcə Bakir dayının qonağı
olduq. Yaşlı adam idi Bakir dayı. Üzügülər
xanımını da götürüb
qayıtmışdı ev-eşiyinə. Özü də həyətindəki
bağı bərpa etmək üçün gecə-gündüz
çalışırdı. Deyirdi, qoy barı olsun bu ərik,
şaftalı ağaclarının, gələn hər kəsi
qonaq edəcəm, yeyib görsünlər ki, Laçın
meyvələrinin dadından heç yerdə yoxdur. Söhbətinin
axırında da dönə-dönə vurğuladı ki, gənclərə
nəsihətim də budur, boş dayanmasınlar, hər
fürsətdə əkib-becərsinlər öz həyət-bacalarını.
Buraların dillərə dastan gözəlliyini,
yaşıllığını yenə qaytarsınlar.
Növbəti qəhrəmanım Çimnaz xala isə
Laçın işğal olunanda özü ilə
apardığı sandığı bizə göstərdi.
Dedi ki, bu sandıq rəhmətlik qayınanasının
yadigarıdır, onda o vaxtkı günlərin neçə
xatirəsi yatır. Sonra elə o sandıqdan bir yun corab
çıxarıb mənə bağışladı ki, bizlərdə
adətdir, əziz qonağı pay-pürüşlə yola
salarlar. Hələ üzünü kameraya tutub onu da əlavə
etdi ki, adətlərimizi unutmayın, ay laçın gəncləri.
Hələ görün, el ağsaqqalı Yusif
dayı nələr danışdı. Hər kəliməsində
bir nəsihət, hər sözündə bir hikmət
vardı Yusif dayının. Özü də "Bir
qalanın sirri" kinofilmindəki Elşən obrazı kimi
otların, çiçəklərin dilinə-sirrinə vaqif
adam idi. Gözümüzün qabağında əliylə
bircə-bircə topladığı şəfalı bitkilərin
bütün xüsusiyyətlərini sadaladı,
Laçın ərazisindən axan mineral suların xeyrindən,
faydalı qazıntılardan danışdı.
Sözünün canı da o idi ki, Laçın artıq tək
laçınlıların deyil, bütün Azərbaycan
xalqınındır. Ona görə də gəlsinlər,
sahib çıxsınlar bu sərvətlərə, gözəlliklərə...
Yusif dayının məsləhəti ilə birlikdə
bir az kəklikotu yığdıq, bir az da itburnu. Sonra da tənbəllik
etməyib səhərdən nəql etdiklərini
gözümüzlə görmək üçün
düşdük yolun izinə. Gəlib çıxdıq
gözəllər gözəli Minkəndə. Altından,
üstündən, böyründən, başından mineral
sular, bulaqlar qaynayan bu kənd hələ qış fəslində
bu görkəmdə idisə, görəsən, buranın
yazı, yayı necə olarmış, İlahi,
yaratdıqlarına şükür... Yol yoldaşlarımdan
olan prodüser Rüfətin dədə-baba yurdu idi Minkənd.
Danışırdı ki, o gördüynüz daş oyuqlar
ayıların məkanıdır. Lap soyuqlar düşəndə
gəlib oralarda gecələyirlər. Ən maraqlısı da
odur ki, həmin ayı mağaralarından birində
qurulmuş süfrədə qonaq olduq biz. Qəribə səslənsə
də, bir növ, ayının
çağırılmamış qonaqları idik. Elə o
süfrədə də laçınlı aktyor Rauf
Şahsuvarovun qiraətində "Aman Allah,
Laçınıma qayıtdım" şeirini dinləmək
qismət oldu. Nə deyim... Azad Laçında ayının
mağarasında bu torpaqlardan çıxan İstisuyu dada-dada
qayıdış sevinci ilə yazılmış misraları
bir laçınlının dilindən dinləmək təsirli
idi. Şeiri bitirincə Rauf Şahsuvarov dedi ki, buralara gələn
gündən Allahdan bir diləyim var, mənə möhlət
versin, gözəl Laçınımda yaşayım... Bu
sözləri eşidəndə bir neçə saat qabaq evində
çəkdiyimiz 95 yaşlı Gülbahar nənənin
dilindən səslənən bayatı yadıma
düşdü:
Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Sazla, sözlə qarşıladı Laçın
bizi. Sübh tezdən məktəb avtobusunda xorla nəğmə
oxuyan balacaları da dinlədik. Bir küçədə
aşıqla rastlaşdıq, o biri həyətdə xanəndə
ilə. Hamısı da musiqinin dalğasına köklənib
30 il ürəklərində qubar bağlamış Vətən
həsrətindən söhbət açırdılar.
Axşam da ruhumuzu dincə vermək üçün dəvət
olunduğumuz tədbirə yollandıq. Bir Laçın
axşamı düşünün. Laçın
ziyalılarının cəm olduğu məclis. Bir az musiqi,
bir az şeiriyyət... Nə isə ki, yazıçı
dostumuz İlqar Kamilin laçınlılarla
görüşü maraqlı tarixçəyə
çevrildi.
Növbəti gün tanış olduğum qəhrəmanlar
da bir-birindən maraqlı idi. Laçının məşhur
Sultanovlar şəcərəsinin xələfi, qədim-qayım
zamanlarda bu yerlərin müdafiəsində igidliklər
göstərmiş xalq qəhrəmanı Sultan bəy
Sultanovun nəvəsi Validə İsmayılova ilk dəfə
idi Laçına ayaq basırdı. İlk dəfə idi, əmisi
Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun adını
daşıyan küçə ilə addımlayırdı və
sələflərinin sevgi ilə bəhs etdikləri torpaqlara
ayaq basdığı üçün necə qürur
duymasından danışırdı. Bir gün bu yerlərdə
babalarının şərəfinə ev-muzeyi
açılmasını xəyal edirdi. Laçına birlikdə
gəldiyi rəfiqəsi Solmaz Məhərrəmova isə
Laçın Tarix-Diyarşünaslıq Muzeyinin sabiq direktoru
idi. Sən demə, Solmaz xanım o vaxt Laçını ən
son tərk etmiş iki qadından biri imiş. Dediyinə
görə, muzeydə olan eksponatları başsız qoyub getməyə
ürək etmirmiş. Solmaz xanım minlərlə
eksponatın qorunduğu muzeydən əsər-əlamət
qalmamasından ürək yanğısı ilə
danışırdı. Deyirdi ki, o vaxtlar bizim muzey turistlərin
Laçında ən çox ziyarət etdikləri məkan
idi. İndi o eksponatlardan təkcə Laçının
simvolu sayılan daş at, qoç heykəllər durur.
Laçında diqqətimi çəkən
maraqlı məkanlardan biri də Həkəri
çayının üstü ilə salınmış
körpü və insanların asudə vaxtını
keçirməsi üçün qurulan bulvar idi. Bu quruculuq
işlərinin memarı Elnur Abdullayevlə
qarşılaşmağımız lap yerinə
düşmüşdü. Elnur bəy danışırdı
ki, Laçın işğal edildikdə onun 15 yaşı
vardı. Və illər sonra o, memar kimi öz torpağına
qayıdıb ki, Laçının quruculuğunda yaxından
iştirak etsin: "Uşaq vaxtı həmişə
çimməyə rahat yer axtarırdıq. Mən də bura
qayıdanda uşaqlıq arzularımı xatırladım.
Düşündüm ki, bu çayın qırağında
balacaların əylənə bilmələri
üçün şərait yaradaq, bir növ mənim
uşaqlıqda yarım qalan arzularım çin olsun.
Bilirsinizmi, maraqlı bir fakt eştmişəm. Sən demə,
dəniz tısbağaları öz balalarını sudan kənarda,
torpaqda dünyaya gətirirmiş. Amma yeni doğulmuş
tısbağalar özləri suya can atırmış.
Çünki onların fitrətində su sevgisi vardı.
Bütün canlılar öz kökünə
bağlıdır. Yəni Laçın mənim
üçün də son dayanacaqdır..."
Hə, unutmadan onu da deyim ki, Laçında artıq
filmlər çəkilir. Özü də Qarabağda
açılmış ilk kinostudiyada - "Hoçazfilm"
yaradıcılıq studiyasında. Maraqlı məqam
bilirsiniz nədir? Həmin studiyanın rəhbəri gənc
rejissor Amil Amal illər öncə çəkdiyi "Qara
bağ" filmində köçkünlərin evlərinə
geri qayıtması epizodunu çəkibmiş, indi isə xəyal
etdiklərini reallıqda yaşayır... Kino demişkən,
Laçında yerli və xarici filmləri izləmək
üçün yenicə təmirdən
çıxmış kinoteatr da var.
Yüz eşitməkdənsə, gözümüzlə
şahid olmaq üçün ora da getdik. Qarşıma
çıxan xanım tamaşaçı danışdı
ki, əvvəllər bura klub idi və laçınlılar
burada hind filmlərini izləməyə gəlirdilər.
İndi 31 il sonra bura ayaq basanda həmin gənclik illəri
yada düşür.
Axşam azanı verilirdi. Eşitdim ki,
"Qarabağ" futbol klubunun budəfəki oyunu gecəyarısı
Laçın camaatı üçün kinoteatrda canlı
yayımlanacaq. Bu fürsəti əldən qaçırmaq
olmazdı. Deyilən vaxtda yığışıb gəldik.
Kinoteatrın zalı dolu idi. Biz də yerlərimizi tutduq.
Canlı yayım başladı. Birdən futbol şərhçisi
dedi ki, ilk dəfə Laçın kinoteatrında
"Qarabağ"ın oyunu canlı yayımla nümayiş
etdirilir. Zaldan bir alqış sədası yüksəldi ki, gəl
görəsən. Sonra da ilk qol həyəcanını
yaşadıq - Laçında laçınlılarla birgə...
Möhtəşəm anlar idi, yaşayan anlayar...
Laçında keçirdiyimiz son gecə.
Bütün günü əlləşib-vuruşub
axırıncı çəkilişləri də nöqtələmişdik.
Yorğun halda maşından düşüb gecələdiyimiz
koteclərə qayıdırdıq. Yol yoldaşlarımdan
biri sükutu qəfil pozdu:
- Bir baxın, Ay nə böyük görünür.
Başımı qaldırdım. Əsrarəngiz idi.
Laçında keçirdiyim 7 günün ən unudulmaz dəqiqələrini
yaşayırdım o məqamda. Durduğum yüksəklikdən
Laçının gecə panoraması ovcumun içi kimi
görünürdü. Sakitcə işıqları seyr
edirdim. Hər tərəf işıl-işıl idi. Həm
göy, həm də yer. Elə bil göydəki ulduzlar yerə
köçmüşdü. Şair yaxşı deyib:
"Göydə yox, yerdədir bizim ulduzlar..." Vücuduma
qəribə bir yüngüllük çökdü. Bu qədər
işıq bir o qədər insan nəfəsi idi, isti ocaq idi,
dədə-baba torpağında kök atmağa gəlmiş
ailə idi. Dərindən köks ötürdüm: "Can
Laçın..." Amma bu köks ötürmə öncəki
illərdəkinə bənzəmirdi. Bu, içimdən
çıxmış tikanın yerini tutan rahatlıq və
hüzurdolu bir nida idi. Artıq öz gözlərimlə
görmüşdüm, qarış-qarış gəzmişdim
və əmin idim: "31 il sonra Laçına həyat
qayıtmışdı... Şükürlər olsun, Sən
ey başımın üstündəki qübbədə
sayrışan işıqların sahibi, min dəfə
şükürlər olsun Sənə... Bu torpaqlar
üçün can qoymuş şəhidlərimiz rahat
uyusunlar... Laçın Azərbaycandır!"
Günel MEHRİ
525-ci qəzet .- 2024.- 8
fevral, ¹24.- S.10;11.