Aktrisanın şirin-acı həyat hekayəti  

Nəsr

(Əvvəli ötən çərşənbə sayımızda)

Xoş perspektivlərin həyata keçməsi heç də asan məsələ deyildir

Tez-tez Fərhadla olan söhbətlərimizi xatırlayıram. Onları o, daim teatr problemlərinə, teatrın gələcək inkişafına həsr edirdi O, şəxsi gələcəyimiz barədə heç bir konkret söz söyləmirdi, yalnız onun dumanlı və tutqun olacağını qeyd edirdi. Bunlar isə əslində, təcrübəsiz olan bir qız kimi məni qorxudurdu. Uşaqlıqda, yeniyetməliyimdə ehtiyacla dolu çətin həyatı görmüşdüm, onun yenidən baş verəcəyini istəmirdim. Onun təsvir etdiyi gələcəyi reallaşdırmaq ağır zəhmət, çox şeyi öyrənmək üçün bir neçə səhnə universitetini keçməyi tələb edirdi, onların son nəticəsi mənim guya zirvəni fəth etməyim olacaqdı. Bunları həyata keçirməyə mənim səbrim və gücüm çatacaqdımı, bu, olduqca çətin və üzücü bir sual idi.

O, bu söhbətlərini təkrar etdikdə, heç də mənim təşviş hisslərimə fikir vermirdi, onu yalnız mənim tam qələbəm, başqalarından fərqlənib, yuxarı qalxmağım maraqlandırırdı. Bircə onu da qeyd edirdi ki, bu yarışda sən həm də paxıllıq, qısqanclıq tufanı ilə üzləşəcəksən. Mən bu barədə heç fikirləşməmişdim də, baxmayaraq ki, hələlik kiçik uğurlarım da kolleqalarımın mənə əvvəlki yaxşı münasibətlərinin dəyişilməsinə səbəb olmuşdu. Vaxtilə yaxın rəfiqəm hesab etdiyim, səhnəyə təsadüfən gəlib çıxmış, rejissorun dediklərini icra etməkdən savayı heç nəyi bacarmayan qız indi mənə az qala nifrət ifadə edən baxışlarını dikir, kiçik bir uğuruma özünün az qala isterikası ilə cavab verirdi. Histeriya adlanan bu xəstəlik qadınların doğuş anına aiddir, bu qız elə bil ki, hər bir-iki aydan bir doğum ağrıları keçirdiyindən, elə bir ciddi səbəb olmadan belə, hirsindən qışqırırdı.

Mən bunu başa düşə bilmirdim, uğuruma olan reaksiyanın ifadəsi hesab etmirdim, elə bilirdim ki, ailəsində nəsə xoşagəlməz bir hadisə baş vermişdir. Onun hirslənməyinin səbəbini öyrənmək istədikdə, mənə cavab vermək əvəzinə deyirdi ki, bilirsən ki, səndən zəhləm gedir, mənə toxunmağa cəsarət etmə. Sonra başqa aktrisalar bunların onun paxıllığının ifadəsi olduğunu mənə başa saldılar. Mən hiss etdim ki, mən teatrda işləmirəm, əslində, ilanlar saxlanan terrariumda yaşamağa məcbur olmuşam. Görən, Fərhadın cızdığı şöhrət zirvəsinə yüksəlməyim, məni daha hansı dəhşətlərlə üzləşdirəcəkdir.

Bunlardan qorxub, mən özümü təsdiqdən uzaqlaşmamalıydım, axı ən çətin anlarda da mən öz məqsədimdən əl çəkməmişdim. Ən ağır maneələrlə üzləşdikdə belə, geri çəkilməmişdim, məğlubiyyətimin də üzünə dik baxmışdım. Bu, mənim xarakterim idi, onu dəyişən deyildim. Səhnənin, ətrafımın mənə qurduğu tələləri də dəf etməli idim. Ekranda isə bu qorxu nisbətən az idi, çünki səhvə yol verildikdə, yeni dubllar çəkilir, ən uğurlu an montajda filmin toxumalarına daxil olurdu. Kinooperatorlar isə məni həvəsləndirmək üçün deyirdilər ki, kamera səni sevir, guya bu mexaniki alət də ürəyinə yatan aktrisaya vurulur.

Mən nəyə nail olmuşamsa, birinci növbədə onlar istedadıma, zəhmətimə və səbrimə borcludur. Onlar məni öz məqsədimə çatmaqda ən vacib köməkçilərim olmuşdu. Onlar olmasaydı, mən səhnəyə təsadüfən düşmüş və heç nəyə nail ola bilməyən model qızlardan biri olardım. Mən həm də ilk sevgilim olan oğlanla tez-tez görüşürdüm,  çünki mənim üçün bu sevgi öz mahiyyətinə görə, əslində, platonik xarakter daşıyırdı. Bu görüşlər əsasən, nəsihətlər dərsinə çevrilirdi,  perspektivim barədə Fərhad öz ağıl gücü ilə düzgün yol göstərirdi, məni müasir dillə desək, "yol xəritəsi" ilə təmin edirdi.

 Etiraf edirəm ki, ilk sevgimdə coşqun məhəbbət, ehtiras burulğanının baş verməsini gözləyirdim, bunun heç biri olmadığından mən özümü Petrarka üslubunda yazan şairə Vittoriya Kolonnaya - markiza Peskaroya, Fərhadı isə həmin şairə qadının platonik məşuqu, dahi Mikelanceloya bənzədirdim. Biz cismani sevginin ən sadə əlamətlərini də bilmirdik. Mən öz gələcəyim barədə nə reallığı, nə də ondan uzaq olanları düşünmüşdüm, məndə öz qüvvəmə elə inamım da yox idi. Əlbəttə, mən irəliyə getməyə can atırdım, lakin onun hədləri olduqca dar idi, adi müvəffəqiyyətlər belə məni razı sala, ovundura bilərdi, ondan artığı barədə düşünmək ağırlığını özümə rəva bilmirdim.

Bu adam mənim gözlərimi açdı, öz potensialıma və onlardan istifadəyə inamımı artırdı, məndə qüvvələrimdən yuxarıda dayanan bir inqilabi ruh yaratmağı vəd etdi və sonrakı illər bunu göstərdi ki, onun cəhdi heç də əbəs deyilmiş, o, məni özümdən yaxşı tanıyırmış, mənim gizlində qalmış, özünü geniş büruzə verməyən istedad resurslarıma və onlara yol açmaq üçün cəsarətə girişəcək fərasətimə bələd imiş. O, hələ uçmağa gücü çatmayan quşa qüvvətli ümid qanadları verdi. Mən məhz o qanadların köməyi ilə hava cərəyanına söykənib və ondan istifadə edib pərvazlamağa, yeni üfüqlərə çatmağa qadir oldum.

 Mən özümə inanırdım, buna görə sənət yolunu seçmiş və bu yolla xeyli məsafə qət etmişdim. Lakin bu yol, adətən, düzənlikdən keçirdi və mənim nəfəsim daralmır, qüvvəm tükənmirdi. Birdən-birə o, mənə dağa dırmaşmaq yolunu göstərdi, mən Böyük Çin səddini ötüb keçsəm, daha böyük nailiyyətlərə imza ata biləcəkdim. Buna isə o, məni həvəsləndirirdi, mənim mürgüləyən, yatan enerjimi oyadıb, kinetik formaya keçməsinin mümkünlüyünə məni inandırırdı. Mən artıq əvvəlki uğurlarına, populyarlığına görə, bunlardan razı qalan, hətta lovğalanan bir qız deyildim. Uca zirvələri fəth etməyi planlaşdırmış alpinist kimi mən ciddi hazırlıq keçməliydim, bu proses təkcə fiziki möhkəmliyə yiyələnməkdən ibarət olmayıb, həm də ruhi qüvvələrimi hərəkətə gətirməli, çətin bir yol üçün dözümlülüyə yiyələnməyə səbəb olmalı idi.

Mən özüm haradasa oxumuşdum ki, ABŞ-da göydələnlərin ən hündür mərtəbələrini hindu inşaatçıları tikirlər. Onlarda uca hündürlükdən heç bir qorxu hissi yoxdur, 79-80- ci mərtəbələrdə köməkçi inşaat taxtalarının üstündə sərbəst, hansısa bir qorxu hiss etmədən gəzirlər, necə ki, biz səhnədə gəzirik. Onlar təhlükəsizlik vasitərindən istifadə etməyə də məhəl qoymurlar. Hündürlükdən qorxmamaq bütün hindulara məxsusdur, dəxli yoxdur, o, Çeroki və ya Sui tayfasından olsun. Məh şöhrətin özündə də elə hündürlüyə qalxmaqdan qorxuram. Bu mənə nəsib olsa, özümü yaxşı apara biləcəyəmmi? Belə sualların özü məni qorxudurdu, hündürlükdən qorxu isə, yəqin ki, daha dəhşətli olardı.

Bu düşüncələr aləmində var-gəl etməyimdən dekadadan da artıq olan bir müddət keçir. Mən gözləmədiyim halda, hamının tanıdığı və çoxlarının sevdiyi bir aktrisaya çevrilmişəm. Əvvəllər öz ağlıma da gəlməyən iri rolları səhnədə və ekranda yaratmaq üçün çoxlu təkliflər almış və onların bəzilərini reallaşdırmışam. Təvazökarlıqdan kənar olsa da, hamı böyük uğur qazandığımı qeyd edir, artıq püxtələşmiş bir səhnə xadimi kimi mənə ehtiram bəslənir.

Sevindirici hal odur ki, mən Avropa filmlərində çəkilməyə dəvət almışam. Bunlar bolqar, rumın və fin studiyalarıdır. Kimsə deyə bilər ki, o ölkələr kinosənətində elə də fərqlənməmişlər, bununla razılaşıram. Lakin mənim səhnəyə də ilk addımım kiçik bir truppadan, xırda bir roldan başlamışdı. Mən də Avropaya daxil olmaq üçün onun Şərq qapılarını döyüb, açmaq yolunu tutdum. Qoy heç kəs belə başlanğıca görə məni qınamasın. Başqa təkliflər yoxdursa, onlarla da kifayətlənmək olar. Axı incəsənətin başlanğıcı varsa, sonu yoxdur, mən də onun sadəcə bir yolçusuyam.

Əlbəttə, Fərhadın elmi, daha çox isə fantastik söhbətləri, teatr haqqında düşüncələri, dünya teatrlarının tarixinə bələdçiliyi, məşhur aktrisaların həyatı barədə maraqlı söhbətləri mənim xoşuma gəlirdi. Xəyallarıma onu daxil edirdim ki, bəlkə, bir gün mən də, həqiqətən, sevilən, səhnənin ulduzu sayılan bir sənətkar olacağam, hamı, mənim dilə uyğun gəlməyən halda adımı və sadə soyadımı ehtiramla çəkəcəkdir.

Biz Fərhadla ailə qurmağı da düşünürdük

Mən özüm hiss edirdim ki, onun xoşuna çox gəlirəm, görünür, o məni sevirdi. Bir dəfə məni arxadan səsləyib, utancaq şəkildə məni qucaqlayıb, sinəsinə sıxanda özümdən asılı olmayaraq dedim:

- Görürəm ki, məni sevirsən.

Bu sözlərimə o, məəttəl qalmışdı, güman edə bilməzdi ki, mən onun incə duyğularından, müəmmalı baxışlarından heç nə başa düşmədiyim halda, lakin onun zəif nəzərə çarpan gur hissləri barədə belə qənaətə gəlmişəm. Ona görə də cavabında dedi:

- Mən şadam ki, öz hisslərimi ifadə etməyə cəsarət etmədiyim bir vaxtda, bəlkə də, çox şeyi qabaqlayaraq, onları sən dilinə gətirdin. Mən belə qərara gəldim ki, sən heç də göründüyün kimi sadə, daim gülüşlərə qərq olan, öz qiymətini lazımınca dərk etməyən bir qız deyilsən. Sənə ünvanlananların hələ canlı nəticəsi olmasa da, parlaq işığa çevrilməsən də, hissləri duymağı bacarırsan. Belə etirafın özünə aid olmasa da, səni daha möhkəm sevməyə sövq edir və mən səndən gizlətmək istəmirəm ki, səni də olduqca çox sevirəm.

 Fərhad özünü mənimlə olduqca nəzakətli aparırdı, çox yaxın münasibətə, uzun sürən söhbətlərimizə baxmayaraq, bir dəfə də olsun artıq hərəkətlərə yol verməmişdi, bir-iki dəfə də demişdi ki, məqsədi mənimlə evlənməkdir. Lakin bu nikahın nə vaxt baş tutacağını dilinə gətirmirdi, deməli, hələ çox gözləmək lazım gələcəkdi. Elə bil ki, mən Avstriya şahzadəsinə uşaqlıqdan nişanlanlanmış üç yaşlı ispan infantası idim və hələ on iki il Vyanada baş tutacaq toyu gözləməliydim. O, başa düşməli idi ki, mən artıq 20 yaşı keçmişəm və aktyorlar üçün mövcud olan birinci sınaq mərhələsini yaşayıram, cavan qızları uğurla oynamaqda öz gəncliyimdə çox lazım olan təbii görkəmim də mənə müəyyən köməkliyini göstərir. Məşhur bir aktyorun dediyinə görə, səhnə adamları 20 yaşında başlanan, 40 yaşında və 60 yaşında dəyişən üç mərhələni keçməli olur və bu keçidlər onlara təbii hədlər qoyduğundan, keçid o qədər də asan olmur və əvvəlki mərhələdə olan rollarla vidalaşmaq hökmünü verir. Ona məhəl qoymayanların isə oyunu bir qayda olaraq uğursuzluqla nəticələnir.

O, məni səhnədə görmüş və mənə vurulmuşdu, tanış olmaq cəhdi də oradan yaranmışdı. Mən gənc qız olmaqla yanaşı, baharımın ən gözəl anlarını, çiçəklənmə dövrünü yaşayırdım. O, başa düşməli idi ki, qızın hamını cəlb edən gözəlliyi də, sakura çiçəyi kimi qısa ömürlü olur, çiçək bir neçə günə solub, töküldüyü kimi, qızlar da seyrindən həzz alınan bir neçə ili yaşamalı olur. Yaponlar sakuranın çiçəklənməsini seyr etmək həzzini "Hanami" adlandırırlar və bu, onların əziz bayramına çevrilir. Qızın öz gözəlliyi ilə öyünmə dövrü isə bir neçə il davam edir. "Hanami" öz həzz işini bir neçə gündə də olsa, hər il təkrar edir, qızın gözəlliyinə pərəstiş dövrü isə bir neçə il, əslində, o qədər də uzun olmayan bir vaxt davam edir və sona çatır, bir daha təkrar olunmaq qabiliyyətinə yiyələnmir. Əlbəttə, qızın gözəlliyi bir andaca yoxa çıxmır, hələ xeyli müddət onun ayrı-ayrı tərkib hissələri yaşamaqda, diqqəti cəlb etməkdə davam edir. Bəzi qadınlar bunu öz ömürlərinin payızında da qoruyub saxlaya bilir, belə gözəlliyin kölgəsi özünü ömrün qışında da nəzərə çarpdırmağı bacarır. Bunlar nadir nümunələrdir və mən öz az-çox gözəgəlimliyimi on illər ərzində saxlayacağıma elə də ümid etmirəm. Gözəlliyin öz parlaqlığını azalmaması, zəifləməməsi, sönməməsindən əvvəl onu qiymətləndirmək və sevgi haləsində qorunub saxlanmasına nail olmaq vacibdir. Vaxt keçdikdən sonra həmin parlaqlıq yoxa çıxacaqdır, bəlkə də, ondan sönük xatirə külü qalacaqdır.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .-  2024.- 21 fevral, ¹33.- S.14.