"Bredanın təslim edilməsi"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Anar İbrahimovdur. Onunla böyük ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskesin "Bredanın təslim edilməsi" əsərindən danışmışıq.

İspaniyanın Sevilya şəhərində anadan olan Dieqo Rodriqes de Silva Velaskes Qızıl dövrün böyük nümayəndəsidir. Onun doğum günü 6 avqust 1599-cu il hesab olunur, baxmayaraq ki, mənbələr balaca Dieqonun bu gün vəftiz olunduğunu iddia edir. Rəssam ailənin ilk övladı olduğu üçün həmin dövrün İspaniya qanunlarına görə, anasının soyadını alıb.  Onun ərsəyə gətirdiyi rəsmlər sırasına "Papa X İnnokentin portreti", "Meninlər (Freylinalar)" və "Bredanın təslim edilməsi" kimi nümunələr daxildir.

- Anar bəy, bilirik ki, əsər mövzusunu tarixdən götürür. Ona görə də, söhbətimizə həmin hadisənin tarixdəki təsviri ilə başlayaq.

 - "Bredanın təslim edilməsi" və ya "Nizələr" adını daşıyan bu əsər Dieqo Velaskesin 1634-1635-ci illərdə çəkdiyi rəsm əsəridir. Burada Niderlandın Breda şəhərinin açarlarının Nassau qubernatoru Justin tərəfindən 5 iyun 1625-ci ildə ispan qoşunlarının baş komandanı Ambrosio Spinolaya təhvil verilməsi səhnəsi təsvir edilib. "Bredanın təslim edilməsi" IV Filippin qoşunlarının qələbələrinin xatirəsini əbədiləşdirmək üçün yaradılmış on iki döyüş əsərindən biridir. Onların hamısı Buen Retiro sarayındakı Krallıqlar zalı üçün nəzərdə tutulmuşdu. Bu əsərlər İspan Habsburqlarının şöhrətini və yenilməzliyini simvolizə etməli idi.

Breda mühasirəsi səksən illik müharibə zamanı Breda şəhərinin ispan qoşunları tərəfindən mühasirəyə alınması və tutulmasıdır. 2 iyun 1625-ci ildə Ambrosio Spinola komandanlığı altında ispan qoşunları tərəfindən zəbt olunan Niderland qalası 1637-ci ildə niderlandlılar tərəfindən geri alındı. Hərbi nöqteyi-nəzərdən Bredanın mühasirəsi son dərəcə riskli hesab olunurdu. Əsas məqsəd qoşunların əzmini yüksəltmək idi, lakin siyasi baxımdan çox böyük effekt verdi. Nəticədə bütün Avropa Breda yaxınlığında baş verən hadisələri diqqətlə izlədi.

- Əsərin rəng həlli necədir?

- Rəsmin nisbətən yüngül tonallığı Venesiya rəngkarlığının təsirindən xəbər verir. Burada parlaq qırmızı və ya parlaq mavi rənglər yoxdur. Ön planda tünd kölgələri olan kifayət qədər sakit qəhvəyi tonlardan istifadə edilib. Rəssamın belə rəng həllindən istifadə etməsi onun İntibah sənətini öyrəndiyindən xəbər verir. İtaliya səfəri zamanı öyrəndiyi rəng texnikası ilə yanaşı, Velaskesin məkan, perspektiv və işıqla işləmək bacarıqlarını da təkmilləşdirməsi bu əsərdə özünü göstərir. 1989-cu ildə Prado muzeyində rəsmin dərin təhlili və tədqiqi aparıldı. Təhlillər göstərdi ki, Velaskes digər rəsmlərində olduğu kimi, bu əsərdə də eyni piqmentlərdən çox istifadə edib. Bu piqmentlərə ağ kalsit, azurit və cinnabar daxildir. Rəsm 307 smx364 sm ölçüdə kətan üzərində işlənib.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsərin ikinci adı "Nizələr" kimi qeyd olunur. Buna səbəb isə kompozisiyanın demək olar ki, dörddə birinin əsərin mühüm hissəsini təşkil edən ispan ordusunun nizələrinin təsviri ilə əlaqədardır. Velaskes kompozisiyanı iki hissəyə bölür və bir çox insanı təfərrüatlı şəkildə təsvir edib. Arxa planda döyüş getdiyi yer, ön planda təslim, mərkəzdə isə əsas personajlar təsvir olunub. Kompozisiyanın mərkəz nöqtəsi ön plandadır ki, bu da şəhərin açarının təhvil verilməsini göstərir, arxadakı dumanlı səma isə dağıntı və ölümü nəzərdə tutur. Rəsmdə çoxlu ispan olmaqla yanaşı, az sayda Niderland əsgəri də görmək olar. Niderland silahları döyüşlər nəticəsində məhv edilmiş və ya təslim olmuş kimi görünür. Bunun əksinə olaraq, qalib ispanlar şəklin sağ tərəfində təsvir edilmiş şaquli nizələrin qarşısında dayanırlar. İspan filosofu, publisist və sosioloq Xose Orteqa Qasset (1883-1955) bu nizələri "bütün mənzərənin əsası" adlandırıb. Velaskesin istifadə etdiyi texnika və effektlər təsdiqləyir ki, "Bredanın təslim edilməsi" onun ən yaxşı əsərlərindən biridir. Kompozisiyanın mərkəzində şəhərin açarını Spinolaya və ispanlara təhvil verən Castin van Nassau var.

- Tablo harada saxlanılır?

- Rəsm İspaniyanın paytaxtı Madrid şəhərində yerəşən Prado muzeyindədir. Burada Velaskesin bir çox məşhur əsəri də sərgilənir.

- Tarixi hadisələrə əsaslanan bir çox əsərdə müəyyən qədər təhrif də özünü göstərir. Bu tablonu da həmin kateqoriyaya aid edə bilərikmi?

- Rəsmdə 5 iyun 1625-ci ildə Niderland təsliminin imzalanmasından üç gün sonra baş verən açarın təhvil verilməsi təsvir edilir. Nəticədə, kompozisiyanın əsas ideyası döyüşün özü deyil, barışıqdır. Şəklin mərkəzində hərfi və məcazi mənada Nassaulu Justinin Ambrosio Spinolaya verdiyi açardır. Velaskes döyüşlərlə bağlı qan və qəddarlığı təsvir etmir.

Şahidlərin dediyinə görə, həm Spinola, həm də Justin atdan enmişdi, Spinola zadəganlar və zabitlərin əhatəsində Justinin gəlişini gözləyirdi. Qubernator daha sonra mühasirə zamanı şəhərdə qalan ailəsi, qohumları və hərbi akademiyanın tələbələri ilə birlikdə göründü. Spinola məğlub rəqibini uzun sürən müdafiə zamanı göstərdiyi cəsarət və mətanətinə görə ehtiramla qarşıladı və onu qucaqladı.

Spinolanın Niderland ordusuna göstərdiyi hədsiz hörmət və ehtiram "Bredanın təslim edilməsi" əsərində qeyd olunur. Spinola "əsgərlərinə məğlub olan niderlandlıları ələ salmağı və təhqir etməyi qadağan etdi və Justini salamladı".

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssam "öz təvazökarlığı ilə dövrün ən humanist komandirlərindən birinə abidə ucaltmaq, onun əsl simasına elə bir əbədilik bəxş etmək istəyirdi ki, bu sirr yalnız ona aid idi". Bəzi tədqiqatçılar hesab edirlər ki, rəssamın özü rəsmdə ən sağda təsvir olunub. Arturo Perez-Revertenin romanlar silsiləsinə daxil olan "İspan qəzəbi" əsərində və rejissor Avqustin Dias Yanes tərəfindən 2006-cı ildə çəkilmiş "Kapitan Alatriste" filmində şəkildə təsvir olunan epizod var. Maraqlıdır ki, tablonun özü də filmdə görünür. Ucları səmaya tuşlanan nizələr qotikanın şpillərini xatırlatsa da, bu təslim intibahın humanizmində cövlan edir.

 

Aytac SAHƏD

525-ci qəzet .-  2024.- 21 fevral, ¹33.- S.13.