Hər
misrada eşidilən səs
Yorğun olanda şeir oxumaq keçir könlümdən.
Və hər dəfə oxumazdan öncə içimdə ən
qabarıq sual bu olur: "Yeni" deyiləcək bir şey
varmı, görəsən? Görəsən, yeni şeir
indiyə kimi deyilməyən nəyi deyəcək?"
Şəfa Vəlinin "Poçtalyona məktubu"nu
oxuyuram. Bəlkə də, istedadın mənim
üçün ən uyğun tərifi "adi bir şeyi
müstəsna bir şeyə çevirmək" qabiliyyətidir
və bəlkə də, bu, Şəfanın ən
mühüm və ən böyük keyfiyyətlərindəndir.
Oxuduqca hiss olunur ki, onun qələmi ədəbiyyatın
yaşıl çəmənliyində yüyürür,
sanki yazılacaq yeni bir şey qalmayana qədər sözlərin
arxasınca qaçaraq kəmənd atıb tutur. Onun qələminin
spesifikliyi qısa cümlələrdən uzun mənalar
yaratmaq, qısa fəsillərdə sözün musiqisinə və
ahənginə oynamaqdır.
"Poçtalyona məktub"da sevgi məsələsinə
dərin mənada toxunulur; münasibətləri bəzən
isti, bəzən də sərt tonla, insan ruhunun
iztirablarının sirlərini, məhəbbətin məyusluq
və məğlubiyyətləri ilə yanaşı, onun
gözəllik və əzəmətini çatdırır.
Diqqətlə qulaq assaq, şeirlərdə müəllifin səsi,
demək olar ki, hər misrada eşidilir.
Şəfa Vəlinin sənəti və sadəliyi
özündə birləşdirən poeziyasında, eləcə
də, hekayələrə çevrilmiş nəsrində
gündəlik həyat əhvalatları, gənclik hekayələri
ilə sadə, ahıl insanların həyat hekayəsi, xalq
dastanları, milli irs, folklor simfoniyası təşkil edir.
Açıq qoyma qapınızı,
Papaq atıb gizlənərəm.
Günü boyayıb qırmızı
Pay deyə "eşq" gözləyərəm.
Küsdürmə məni Bakıdan...
Gəlim, dərdi oyandırım.
Yetməsə sənsiz yandığım,
Qapınızda şam yandırım.
Ay bu dərdimin yiyəsi,
Yiyəsiz qalmısanmı heç?
İstəmirəm gül dənəsi...
"Eşq" deyə çağır məni...
"Eşq!"
O, adi nitqi, məişət dilini, sadə təfərrüatları
canlı şeirə çevirməyi bacarır. Bir nitq necə
böyük bir qığılcımın
başlanğıcı ola bilərmiş?! Şeir su
damcıları dağı deşdiyi kimi qəlbi necə
deşib parçalayarmış?!
Bağışla, bilmədim, elə gün gələr,
Sevgi zirvəsinə çıxan yıxılar.
Niyə bircə dəfə gerçəyə
dönmür,
O sənli yuxular, sənli yuxular?
Bəzən mənə elə gəlir ki, Şəfa
Vəli misraları dulusçu kimi əlləri ilə
formalaşdırır, sözləri
sığallaya-sığallaya sənət əsərinə
çevirir. O, adi və köhnəlmiş nümunələri
qıraraq ən sadə və ən adi hadisələri yeni tərzdə
təqdim edir. Bir-birindən fərqli, axarlı, isti, nurlu nəğmələr
toxuya bilir, adi hadisələri həvəsli ritmlərə,
nostaljiyə, həsrətə çevirməyi bacarır.
Məlumdur ki, insan əbədi deyil və bir gün hər
birimiz bu dünyanı əbədi dünyaya dəyişəcəyik.
Əminəm ki, "insanın yalnız yaxşı əməlləri
yer üzündə qalacaq" ifadəsi yaxşı
yazıya, yaxşı şeirə, yaxşı kitaba da aiddir.
Çünki yaxşı yazı, yaxşı şeir
yaxşı əməllərin sırasında yer alır.
Şəfa Vəlidə yaradıcılığı ilə
savab qazanan insandır.
Əli RZAZADƏ
525-ci qəzet .- 2024.- 21
fevral, ¹33.- S.13.