Azərbaycan mətbuatı
tarixinə sistemli baxış
Elmin, elmi tədqiqatın elə sahələri var ki,
bu sahələrə alim marağı birbaşa həm də
həmin elm adamının vətəndaş keyfiyyətinə
bağlı olur. Birbaşa qeyd edək ki, milli mətbuat tarixi
bu sıranın önündə dayanır. Çünki hər
bir ölkədə və xüsusilə Azərbaycanda mətbuat
demokratik dəyərlərin formalaşma prosesinin bel
sütunudur. Niyə Azərbaycanda xüsusilə - ona görə
ki, uzun müddət Rusiyanın
əsarəti altında qalmış Azərbaycan
üçün mətbuatın maarifçilik funksiyası
tarixən milli azadlıq ideyalarına çox bağlı
olmuşdur. Klassik mətbuatımızın tarixi fəaliyyət
yoluna nəzər saldıqca milli mətbuatın ilk nümunəsi
olan "Əkinçi" qəzetindən
başlamış ən yeni müstəqillik dövrünə
qədər bütün qəzetlərimiz birbaşa və ya
dolayısı yolla milli azadlıq ideyasına heç vaxt
etinasız olmamışdır.
Azərbaycan mətbuatı məhz bu tematikaya görə
uzun müddət senzura təqiblərinə məruz
qalmışdır. Lakin "Əkinçi" qəzeti ilə
formalaşmağa başlamış Azərbaycan mətbuatı
ən çətin senzura şəraitində belə milli
maraqlarımıza xidmət missiyasını heç vaxt nəyəsə
qurban verməmişdir.
Belə bir şərəfli tarixə malik milli mətbuatımızın
sınaq, inkişaf və bəzən də tənəzzül
yollarını tədqiq etmək sahəsində xeyli iş
görülmüşdür.
Bu sırada Əziz Şərifin, Əziz Mirəhmədovun,
Şirməmməd Hüseynovun əsərləri gənc tədqiqatçılarımız
üçün bu gün də məktəb rolu
oynamaqdadır. Azərbaycan mətbuat
tarixinin çox mühüm qolları akademik İsa Həbibbəylinin
çoxsaylı monoqrafiya və məqalələrinin obyekti
olmuş və olmaqdadır. Burada ayrıca qeyd etməyi
lazım bilirik ki, akademik İsa Həbibbəyli
özünün mükəmməl və çoxşaxəli
tədqiqatları sırasında mətbuat tariximizə
tutarlı töhfələr vermişdir. Akademikin rəhbərlik
etdiyi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
institutunun Mətbuat tarixi və publisistika şöbəsi
milli mətbuat tariximizin tədqiqində çox böyük
işlər görmüş və görməkdədir. BDU
Jurnalistika fakültəsində professor Şirməmməd
Hüseynov məktəbinin davamçıları milli mətbuat
tariximizi yeni tarixi şəraitdə daha obyektiv tədqiq etməkdədirlər.
Etiraf edək ki, bütün bunlar mətbuat tariximizin
ayrı-ayrı dövrləri, qolları və
ayrı-ayrı klassiklərinin yaradıcılığı ətrafında
aparılan tədqiqatlardır. Ona görə də mətbuat
tariximizin yaranışından bu günədək olan fəaliyyətini
bütöv şəkildə tədqiq etmək və bu
bütövlüyü elmi-ictimai dairəyə təqdim etmək
çox vacib bir problem kimi qarşıda dururdu. Bu problemi
filologiya elmləri namizədi, "Şərq" qəzetinin
baş redaktoru Akif Aşırlı öhdəsinə aldı
və bununla da mətbuat tariximizin bütün dövrlərini
əhatə edən tədqiqatlarını nəşr etdirdi.
İki cilddə nəşr edilən "Azərbaycan mətbuat
tarixi"nin I cildi 2009-cu ildə, II cildi 2010-cu ildə
işıq üzü gördü. Həmin kitabların I
cildi 1875-1920-ci illəri, II cildi 1920-1990-cı illəri əhatə
edir. Bundan əlavə, Akif Aşırlı 2022-ci ildə
"Mətbuat tarixi: sənədlər, faktlar" adlı bir
kitabını da oxuculara təqdim etmişdir. Bu kitabın
adında olan "sənədlər, faktlar" sözlərindən
ilk baxışda belə anlaşıla bilər ki, toplu mətbuat
tariximizdə yeri olan qəzet və jurnallarla bağlı
yalnız sənədlər və faktları ehtiva edir. Lakin
belə deyil - kitabda təkcə hər bir mətbu orqanın
yaranma və bitmə tarixində özünü göstərən
faktlar deyil, həm də bu qəzet və jurnallar haqqında tədqiqatçının
qısa, lakin faktları aydınlaşdıran fikirləri də
yer almışdır.
Əlbəttə, Akif Aşırlının bu əsərləri
ətrafında mətbuat tarixçilərimizin, filoloq alimlərimizin
rəyləri, maraqlı fikirləri istər həmin nəşrlərin
ilk səhifələrində, istərsə də mətbuatımızda,
kitabların geniş elmi ictimaiyyətə təqdimatlarında
öz əksini tapmışdır. Elə buna görə də
biz bu yazıda Akif Aşırlının ötən il -
2023-cü ildə nəşr olunmuş daha bir kitabı üzərində
dayanmaq istərdik. Birincisi, ona görə ki, Akif
Aşırlının bu kitabı hələ 2009- cu ildə
nəşr etdirdiyi "Azərbaycan mətbuatı tarixi
(1875-1920)" kitabının təkmilləşdirilmiş
formatıdır və bu kitab barədə söz demək
çox vacibdir. İkincisi, ona görə ki, nəşrin
anonsunda da qeyd edildiyi kimi, "yenidən işlənən
kitabda mövzulara son dövrlər əldə olunan faktlar və
sənədlər əlavə olunub, dövrləşmə
sistemləşdirilib, nəzərdən kənarda qalan
boşluqlar aradan qaldırılıb". Beləliklə,
yeni nəşr birbaşa ali məktəblərin jurnalistika
fakültəsi tələbələrinin, magistr və
doktorantlarının istifadəsi üçün maraqlı
bir mənbə rolunu oynamaqdadır.
Akif Aşırlı hər kəsin bələd
olduğu elmi təvazökarlığı ilə bu kitabı
dərslik statusunda təqdim etməsə də, 1875-1920-ci illər
mətbuatımızın sistematik tarixini aydın
elmi-publisistik üslubda meydana qoyması ilə Jurnalistika
fakültələrinin bu sahədə dərsliyə
ehtiyacını ödəmişdir. Bu kitab məhz
fundamentallığı və sistemliliyi ilə dərslik statusuna tamamilə
layiqdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
Milli mətbuat tarixi kafedrasında formalaşmış "Azərbaycan
jurnalistika tarixi" fənni üzrə proqramı tamamilə
əks etdirən bu nəşr, əslində, bir dərslik səviyyəsində
tələbələrimizin masaüstü kitabıdır.
Akif Aşırlı kitabın əvvəlindəki
"Azərbaycan mətbuat tarixinin dövrləşmə
problemi, mənbəşünaslıq", "Əkinçi"yə
hazırlıq dövrü" kimi səhifələrdə
Azərbaycanda nəşriyyat işinin hələ 1812-ci ildə
Təbrizdə formalaşması, rus dilində "Tiflisskiye
vedomosti", "Tiflis əxbarı" (tatar - yəni Azərbaycan
dilində), "Qafqazın bu tərəfinin xəbəri"
kimi nəşrlərin tarixinə qısa bir ekskursla milli mətbuatımızın
"Əkinçi"yə qədərki təməl
daşlarını da təhlil etməyi unutmur. Və bu tarixi
ekskursdan sonra milli mətbuatımızın
"Əkinçi"dən başlayan mükəmməl fəaliyyət
tarixini sistemli şəkildə oxucuya təqdim edir.
Azərbaycanda ana dilli mətbuatın
"Əkinçi" ilə meydana gəlməsini qeyd edən
müəllif, haqlı olaraq, bu qəzet ətrafında
geniş elmi təhlillərdən sonra "Ziya", "Kəşkül" kimi mətbuat
orqanlarının yaranma tarixi və mövzu dünyası ətrafında
faktları tədqiqata cəlb edir. Müəllif hər bir mətbuat
orqanının meydana gəldiyi tarixi şəraiti və bu
şəraitdən doğan qəzet, jurnal zərurətini dəqiq
faktlara müraciətlə qələmə alır. Məsələn,
kitabın belə bir bölməsinə diqqət edək:
"XIX əsrin 90-cı illərində Azərbaycan
ziyalılarının milli mətbuat uğrunda mübarizəsi:
problemlər, reallıqlar". Belə məqamlarda Akif
Aşırlının zaman, məkan və ictimai mühit kimi
məsələləri ümumilləşdirmə
bacarığı oxucunu mətbuatımızın hansı
çətinliklərdən, sınaqlardan keçdiyini
anlamağa, milli klassik düşüncəni qiymətləndirməyə
sövq edir. Məhz bu tipli ümumiləşdirmələrdən
sonra müəllif o dövrün ziyalılarının
gücü ilə yaradılmış "Şərqi-rus",
"Həyat", "İrşad", "Füyuzat"
kimi mətbu orqanların ideoloji xəttini, tematikasını, əməkdaşlarını
və müəlliflərini, çəkdikləri zillətləri,
xalqa xidmət ideyalarını və ideallarını
qısa, aydın şəkildə təhlilə çəkir.
Müəllif, doğru olaraq, hər mətbu
orqanın mövzu və ideoloji istiqamətini sərlövhəyə
çıxarmaqla əvvəlcədən hansı faktların
təhlil ediləcəyinin bir növ anonsunu verir. Məsələn,
"Şərqi rus"un yaradıcılıq istiqamətləri.
Burada yaradıcılığa diqqəti qəzetin mövzu
dairəsi özü diktə edir. Yaxud "Füyuzat"
jurnalı və "Füyuzat" jurnalistika məktəbi. Məsələnin
məhz məktəb formatında qoyulması bütün tədqiqatların
gəldiyi nəticədir. Yaxud, "Molla Nəsrəddin"
jurnalı və "Molla Nəsrəddinçilər". Bu
yerdə xüsusi vurğulanır ki, "Molla Nəsrəddin"
jurnalının müəllifləri bu dərgini bütün
Şərq dünyası üçün bir məktəb
statusuna yüksəltdilər. Yaxud, "Açıq
söz" qəzeti və yeni jurnalistika. Bu da postulat səviyyəsində
bir həqiqətdir ki, "Açıq söz" XX əsrin birinci yarısı
jurnalistikamızın tamamilə yeni bir formatıdır və
bu qəzetin fəaliyyəti məhz bu kontekstdə təhlil
edilməlidir və s.
"Azərbaycan mətbuat
tarixi (1875-1920)" kitabı "Cümhuriyyət
dövrü" mətbuatı (1918-1920)" bölməsi ilə
başa çatır. Üç çap vərəqinə
yaxın bu bölmədə Cümhuriyyət dövrü mətbuatının
ən diqqət çəkən faktları
araşdırılır və bu da Şərqdə ilk
demokratik dövlətin yaratdığı demokratik mətbuat
məktəbinin günümüz üçün də
müasirlik ruhunu dərk etməyə imkan yaradır.
Biz bu yerdə Akif Aşırlının bir vətəndaş-alim,
vətəndaş-tədqiqatçı, vətəndaş-jurnalist
kimi üzərinə düşən bir vəzifəni də
yada salmaığı özümüzə borc bilirik: Akif
Aşırlının 2010-cu ildə nəşr edilmiş
"Azərbaycan mətbuatı tarixi. II hissə
(1920-1990)" məlum kitabını da məhz bu şəkildə
təkmilləşdirməsini və tezliklə oxucuya təqdim
etməsini istərdik. Çünki yalnız bundan sonra Azərbaycan
mətbuatı tarixi tam və sistemləşdirilmiş formatda
olacaq. Bu, bir alim-tədqiqatçı fəaliyyətindən
daha çox vətəndaş-tədqiqatçının
üzərinə düşən milli borcdur. Ən yeni və
bütöv Azərbaycanımızın
ən yeni mətbuat tarixinin də tamlaşdırılması
yolunda Akif Aşırlıya - müasir media
platformasının formalaşmasında böyük rol
oynamaqda olan "Şərq" qəzetinin Baş redaktoruna
uğurlar diləyirik.
Nizami CƏFƏROV
Akademik
Cahangir MƏMMƏDLİ
Professor
525-ci qəzet .- 2024.- 21
fevral, ¹33.- S.12.