İçimdə bir payız küləyi əsir

 

İçimdə bir payız küləyi əsir,

Ruhumu isladır nisgil yağışı.

Görəsən, bu ömür hara tələsir,

Görürmü qarşıdan yürüyən qışı?

 

İçimdə bir payız küləyi əsir,

Sarı yarpaqları qoparıb tökür.

Tərk eyləyir məni dostlarım bir-bir,

Dost gedir - içimə qaranlıq çökür!

 

İçimdə bir payız küləyi əsir,

Hərdən yavaşıyır, hərdən güclənir.

İçimdə bir payız küləyi əsir...

Nəsə qaynatmaqçün yaman  gücənir!

 

Ruh və bədən

 

Ruhumu incidir bu bədən mənim -

Səhər sızıldayır, axşam ağrıyır.

Bəlkə xəbərim yox heç nədən mənim,

Bəlkə ruhun candan qopmaq vaxtıdır?

 

Günlər bir-birinə düzülüb gedər,

Ömür şərbətimiz süzülüb gedər.

Vaxt gələr növrağı pozulub gedər -

Bədən ruhumuzun əzab taxtıdır.

 

Ruh gələr, bədəni gətirər cana,

Bədənsə xəyanət eyləyər ona.

Beləcə ömrünü yetirər sona,

Cismimiz əvvəldən elə saxtadır!

 

lll

 

Əllərimiz öpüşdü,

Ah, bu necə öpüşdü!

Ürəyimə od düşdü

Əllərin təmasından.

 

Gözün gözümə baxdı,

Məni odlara yaxdı.

Elə bil şimşək çaxdı

Gözlərin qarasından.

 

Eşq badəsin içdim mən,

Çox sınaqdan keçdim mən.

Təkcə səni seçdim mən

Qızların arasından.

 

Göyçəm

 

Dağların zirvəsi yenə çiskindir,

Gülşən çəmənləri qar alıb, Göyçəm!

Növrağın pozulub, halın miskindir,

Gündüzün gecətək qaralıb, Göyçəm.

 

Üstündə at çapır seyraqıb yağı,

Sancılıb köksünə qanlı caynağı,

Vurub sinəmizə çal-çarpaz dağı,

Salıb səndən bizi aralı, Göyçəm,

 

Ürəyimin əvvəl, axır sözü sən,

Həyatımın mənası sən, özü sən,

Söylə, ayrılığa necə özürsən?

Könlü könlüm kimi yaralı Göyçəm.

 

Adatəpə

 

Biz sənin yanında ulu Göyçəni

Qoymuşuq əmanət, ay Adatəpə.

Biz yenə bilmədik qarı düşməni,

Sən göstər dəyanət, ay Adatəpə.  

 

Gözüntək qoru sən Göyçə gölünü,

Gölün sonasını, dağın gülünü.

Qoyma sinən üstdən sala yolunu

Erməni dığası, hay, Adatəpə

 

Koroğlunun başı daim çən olar,

Bir də haçan bizə o, məskən olar?

Torpağı qorusan o, Vətən olar,

Olarmı Vətəndən pay, Adatəpə?!

 

Qara Meşə sirrini bərk saxlasın,

Duman gəlsin, bənd-bərəni bağlasın.

Cüllab çayın selləri gur çağlasın,

Tutsun namərdlərə toy, Adatəpə.

 

Üçdərə, Keçili, Üçdaş, Armudlu

Deməsinlər ellər bizi unutdu.

Gözləsinlər qovuşmağa umudlu,

Ruhdan düşməsinlər qoy, Adatəpə.

 

Unudarıq dərdi, qəmi bir anda,

Xoşbəxt olmaz bizim kimi cahanda -

Zirvəndə parlayıb alovlananda

Bayraqda ulduzla ay, Adatəpə!

lll

Saçını kəsmək istədilər,

Başını kəsdilər ağacların.

Dırnağını dartmaq istədilər,

Barmağını qopardılar adamların.

Ağaclar yenidən baş çıxardı

Kəsənlərin acığına.

Adamlar çalışdı girsin

cəlladının qılığına...

 

Bayraməli ŞÜKÜR

525-ci qəzet .-  2024.- 23 fevral, ¹35.- S.15.