Cümhuriyyət tarixinin Lənkəranla əlaqəli səhifələri  

 

(Əvvəli ötən sayımızda)

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsində, Cümhuriyyətimizin təşəkkül tapmasında Lənkəranda yaşamış və çalışmış vətənpərvər ziyalıların əməyi, peşəkar hərbçilərin rolu, Xalq Cümhuriyyətinin banilərindən biri olan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin Lənkəran ziyalıları ilə əlaqələri, vaxtaşırı bu bölgədə olması tarixin yaddaşında silinməz izlər qoyub. Lənkəranda M.Ə.Rəsulzadənin, o cümlədən, haqqında məlumat verəcəyimiz digər parlament üzvlərinin adını daşıyan küçələr var.

Tarixçilər, bütövlükdə oxucular üçün də maraqlı ola biləcəyini düşünərək onların bəziləri ilə oxucuları tanış etmək istərdim.

Cəbrayıl Mikayılzadə

2006-cı ildə respublikanın Əməkdar həkimi Cəlil Hacıyev haqqında "Ömrün işıq payı" sənədli povestim çap olunmuşdu. Kitabın nəşrindən bir neçə ay sonra Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Nijad Mikayılzadədən məktub aldım. O, məktubunda əmisi haqqında yazdığım kitaba görə təşəkkürünü bildirirdi.

Nijad həkim atası - Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament üzvü Cəbrayıl Mikayıl oğlu Mikaylzadənin mübarizələrlə dolu həyat yolundan da maraqlı bir yazı göndərmişdi.

Nijad Mikayılzadə yazırdı ki, atam Cəbrayıl Mikayılzadənin əsli Lənkəranın Seydəkəran kəndinə bitişik Tütəpeştə kəndindəndi. Amma orada yaşamayıb. Babası şəhərə köçüb. Atam 1905-ci ildə şəhərdəki evdə anadan olub, 1970-ci ildə Bakıda vəfat edib.

Anam Nəcibə Şahbaz qızı Əliyeva Seydəkəran kəndindəndir, Bakıda dünyasını dəyişib.

Nijad həkim 2015-ci ildə dünyasını dəyişib. Onun vaxtilə Məhəmməd Əmin Rəsulzadənin məsləkdaşı olmuş atası haqqında yazdığı xatirələri təqdim edirəm. Nijad Mikayılzadə yazır: "Atam gənclərin nümayəndəsi kimi Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü seçilmişdi. O, Məhəmməd Əmin Rəsulzadə ilə yaxından tanış idi. Atam danışardı ki, M.Ə.Rəsulzadə həbs edilərkən İ.V.Stalin Bakıya gəlib onu azad etdirmişdi, özüylə Moskvaya aparacaqdı: "Bu xəbəri eşidən kimi dəmiryol vağzalına getdik, amma bizi perrona buraxmadılar. Pəncərədən Stalinin Məhəmməd Əmini çiynindən qucaqlayaraq, platforma boyu gəzdiklərini gördük. Sonra zəng çalındı, hər ikisi qatara mindi və qatar yola düşdü".

Atam seminariyanı bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olub, sonuncu kursadək oxumuşdu. Amma bitirməsinə 6 ay qalmış fakültəni bağlayıb, tələbələri diplomsuz qoymuşdular. Əsas ixtisası ədəbiyyat olsa da, riyaziyyatı, tarixi, coğrafiyanı, biologiyanı da yaxşı bilirdi. Şərq fakültəsində isə şərq dillərini və ədəbiyyatını yaxşı öyrənmişdi. Fars, türk, rus dillərini mükəmməl bilirdi, ərəb və fransız dilləri ilə tanış idi.

Atam dövrünün tanınmış ziyalısı kimi Ə.Haqverdiyev, H.Cavid, A.Şaiq, C.Məmmədquluzadə, C.Cabbarlı, M.Müşfiq, S.Rüstəm və başqaları ilə dostluq etmişdi. Sergey Yesenin və Nazim Hikmət Bakıda olarkən onlarla görüşmüşdü. Akademik Ziya Bünyadov "Novruz" qəzetinin 9 yanvar 1991-ci il tarixli nömrəsində dərc etdirdiyi "Sovet həbs düşərgələrinin ilk məhbusları" adlı məqaləsində üç dəfə mühakimə olunub Solovetsk həbs düşərgələrinə sürgün edilənlərin siyahısında atam Cəbrayıl Mikayılzadənin də adını çəkir.

Atam həyatının bu dövrü haqqında mənə heç vaxt danışmazdı. Yəqin fikirləşirdi ki, xüsusən o təhlükəli zamanda bunları bilməsəm, mənim üçün daha yaxşıdır. Ziya Bünyadovun məqaləsini oxuduqdan sonra bəzi söhbətlərini yadıma salanda başa düşdüm ki, müəyyən epizodlar həyatımın məhz həmin dövrünə aid imiş.

Bir dəfə dayım - Əməkdar həkim Ələkbər Əliyev atama dedi ki, "Yunost" jurnalının bir neçə nömrəsində A.İ.Mikoyanın xatirələri dərc olunub. Sən deyən hadisəni Mikoyan olduğu kimi yazıb, amma adını göstərməyib. Sonralar atamın dayıma hansı əhvalatı danışdığını bildim. Solovkiyə gəlmiş Mikoyan atamın hamıdan cavan olduğunu görüb ona təklif edir ki, tutduğu yoldan dönsün və vəd edir ki, elə olsa, onu vaxtından əvvəl azad etdirər. Atam qəti rədd cavabı verir. Buna baxmayaraq, Mikoyan tapşırır ki, onu materikə köçürsünlər. Çünki azad ediləcəyi gün qışın şiddətli vaxtında materiklə əlaqənin kəsildiyi aya düşürmüş və xeyli artıq qalmalı olacaqmış..

Sonralar anamdan soruşub öyrəndim ki, Cümhuriyyətin süqutundan sonra atam bir müddət Türkiyədə yaşayıb, sonra Bakıya qayıtmışdı. 1927-ci ildə Müsavat partiyasının və parlamentin üzvü kimi həbs edilmiş, haqqında ölüm hökmü verilmişdi. Sonra bunu 10 illik sürgünlə əvəz etmiş və nəhayət, həmin müddəti 5 ilədək qısaltmışdılar.

Atam 1932-ci ildə sürgündən qayıdaraq, İrəvanda və Leninakanda, sonralar Aşqabadda və Azərbaycanın Quba rayonunda, Bakının Ramana kəndində müəllimlik etmiş, "Azərnəşr"də redaktor, Bakı Elektrik Maşınqayırma Zavodunda (BEMZ) müxtəlif vəzifələrdə işləmişdi".

General Səməd bəy Mehmandarov

Həyat və fəaliyyət yolu Lənkəranla sıx bağlı olan görkəmli hərb xadimi Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından idi. O, Cümhuriyyətin ilk hərbi naziri olmuş, 1919-cu il oktyabrın 5-də Lənkəran şəhər dumasına nümayəndə seçilmişdi.

Məlumdur ki, S.Mehmandarov Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilmiş (1920), lakin N.Nərimanov işə qarışdıqdan sonra azadlığa buraxılmışdı.

Cavad bəy Məlikyeganov

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi, Parlamentin üzvü, Cümhuriyyətin Lənkəran qəzasında səlahiyyətli müvəkkili və general-qubernatoru (1918-1920) Cavad bəy Rza bəy oğlu Məlikyeganov 1919-cu ildə müsəlman fəhlələri tərəfindən Zaqafqaziya Seyminə üzv seçilmişdi.

O, 1918-ci il mayın 28-də Azad Milli Demokratik Respublikası yaradılması barəsindəki məlum tarixi sənədi imzalayanlar arasında olmuşdur.

C.Məlikyeganov Lənkəranda fəaliyyəti dövründə qəzanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmiş, xeyriyyə cəmiyyətlərinin işini canlandırmış, qaçqınlara maddi yardımlar təşkil etmişdi. Bu dövrdə Lənkəranda dağılmış kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən, əkinçiliyin, bağçılığın, ipəkçiliyin, heyvandarlığın, müxtəlif sənaye sahələrinin, peşəkar kustar şəbəkələrinin bərpasına diqqət yetirilmiş, yeni məktəb və qiraətxanalar açılmışdı.

Cavad bəy Məlikyeganov 7 fevral 1930-cu ildə həbs edilərək əvvəlcə 10 il müddətinə Sibirə sürgün edilib, 9 fevral 1937-ci ildə isə güllələnib.

C.Məlikyeganov sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyovaya yazırdı: "Mən öz xalqımı, Azərbaycanı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmərəm".

Rəsulzadə ilə tarixi görüş

Dövrünün tanınmış, nüfuzlu ziyalılarından biri, 1935-ci ildə Talış Teatrının ilk direktoru olmuş mollanəsrəddinçi, müəllim Hüseyn Atakişiyev Cümhuriyyətin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə 1918-ci ildə Astara rayonunun Təngərüd kənd məktəbinin açılışında iştirak etmiş və onun təklifi ilə məktəbin müdirliyinə məsləhət görülmüşdü. Rəsulzadənin təklifi Hüseyn Atakişiyevə göstərilən etimadın, xalq arasında hörmət və nüfuzunun nəticəsi idi. H.Atakişiyev Cümhuriyyətin banisi ilə görüşdən əvvəl - 1917-ci ildə Lerik rayonunun Qosmalyon kənd məktəbinin müdiri olmuşdu.

 Hüseyn Xankişibəy oğlu Atakişiyev 1895-ci il yanvarın 7-də Lənkəranda meşəbəyi ailəsində anadan dünyaya gəlib. 1916-cı ildə qraf Vorontsov-Daşkov adına məktəbi, 1952-ci ildə isə Azərbaycan Ali Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsini bitirib.

"Darülmüəllimeyn"in (indiki Lənkəran Dövlət Humanitar Kolleci) fəaliyyət göstərdiyi 1924-cü ildən orada çalışıb, ədəbiyyatdan dərs deyib. Sonralar Lənkəran şəhər 3 saylı orta məktəbində işləyib.

H.Atakişiyevin böyük ədib Cəlil Məmmədquluzadə ilə də əlaqəsi vardı. "Molla Nəsrəddin" jurnalında müxtəlif səpkidə yazıları dərc olunurdu. 1926-cı ildə Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Ədəbiyyat Cəmiyyətinin nəzdində "Canlı qəzet" təşkil edilir. Mirzə Cəlilin təklifi ilə Hüseyn müəllim onun rəhbəri seçilir. Maarif İşçiləri İttifaqı Azərbaycan Mərkəzi İdarəsi Lənkəran Dairə Komitəsinin 1931-ci il 4 iyul tarixli 567 nömrəli arayışında deyilir: "H.Atakişiyev "Canlı qəzet"in təşkilatçılarından və rəhbərlərindən olmuşdur" (E.Əhədov, C.İbrahimov. Seminariyadan kollecə, B., 2004, səh.146).

"Canlı qəzet"in üzvləri hazırladıqları kiçikhəcmli bədii əsərləri həftədə iki dəfə göstərməklə dövrün eybəcərliklərini, çatışmazlıqları teatrın səhnəsində açıq-aşkar, canlı şəkildə xalqa çatdırırdılar. Fərəculla Daşdəmirov, Mirzağa Əhmədbəyli, Əliağa Qənbərov, Abbas Axundov, Müzəffər Nəsirli, Qəzənfər Nəsirli və başqaları "Canlı qəzet"in fəal üzvləri idilər.

1931-ci ildə Lənkəranda "Sıə tolış" (indiki "Lənkəran") qəzetinin nəşrə başlamasından sonra "Canlı qəzet"in fəaliyyəti dayandırılmışdı. Hüseyn Atakişiyev və digər ziyalılar bundan sonra qəzetin tribunasından istifadə etməyə başlamışdılar.

1934-cü ildə H.Atakişiyev musiqi kollektivlərinin Zaqafqaziya olimpiadasında talış xor kollektivinə rəhbərlik etmişdi. O, "Talışca-rusca lüğət"i hazırlayan komissiyanın üzvü idi. H.Atakişiyev 1956-cı il oktyabrın 19-da Lənkəran şəhərində vəfat edib.

Oğlu Mübariz Atakişiyev atasının M.Ə.Rəsulzadə ilə bağlı xatirələrindən tez-tez danışardı. Cənub bölgəsində ictimai-siyasi fəallığı ilə seçilən Hüseyn Atakişiyev Astarada Təngərüd məktəbinin müdiri işlədiyi dövrdə Cümhuriyyət rəhbərinin çağırışı ilə Bakıda olmuş, Lənkəranda və qonşu rayonların təhsil və mədəni həyatında görülmüş işlər haqqında rəhbərə məlumat vermişdi.

 

Etibar ƏHƏDOV

"Aşkarlıq" qəzetinin baş redaktoru

525-ci qəzet .-  2024.- 23 fevral, ¹35.- S.14.