Mətbuata bağlı ömür

86 YAŞLI JURNALİST ZENFİRA XANIM NƏSİBOVA HƏYATININ 65 İLİNİ MEDİAYA HƏSR EDİB

 

Zenfira Nəsibova. Zaqatalanın mətbu və sosial-ictimai həyatında, rayonun hüdudlarından çox-çox uzaqlarda bu adın, onu daşıyan insanın xüsusi yeri, hörməti, izzəti var. Ötən əsrin ikinci yarısında qəzetin hansı nüfuza, təsir gücünə malik olduğunu o dövrün şahidləri yaxşı bilirlər. Haqqında böyük fəxr və səmimiyyətlə söhbət açacağım jurnalist xanım məhz həmin zaman kəsiyində çoxsaylı oxucuların özlərinə doğma bilib "yerli qəzet" adlandırdıqları KİV-də fəaliyyət göstərib. Sıravi müxbirlikdən redaktorluğa qədər şərəfli bir yaradıcılıq yolu keçib.

Çox ciddi siyasi baryerlərin, çərçivələrin olduğu, söz azadlığının xəyala belə gətirilmədiyi, partiya nomenklaturasından verilən tapşırıqların birmənalı yerinə yetirildiyi, sosializm realizminin meydan suladığı o zamanlarda məşhur şəxsiyyətlərdən birinin dediyi kimi, hər birimiz həm də həmin mühitin övladları idik. Lakin qanında, genində halallıq, ürəyində həqiqi Azərbaycan sevgisi, amalında xalqa xidmət məramı olanlarımız bütün yasaqlara, qadağalara baxmayaraq, xeyir əməllərdən, humanizm prinsiplərindən əl çəkmir, ilk fürsətdəcə köməyə, yardıma, məsləhətə ehtiyaclıların harayına yetirdilər.

Zenfira xanım da məhz belə jurnalistlərdən idi. Əsasən də dövrün "domokl qılıncı"ndan inciklər, hüquq-mühafizə orqanlarındakı özbaşınalıqlardan, təhsil, səhiyyə ocaqlarındakı çatışmazlıqlardan, kənddə-kəsəkdə xırda məmurların neqativ əməllərindən gileylilər tez-tez qəzetə şikayət məktubları göndərir, redaksiyaya üz tuturdular. Mən özüm dəfələrlə müşahidə eləmişəm ki, müxtəlif məsələlərdən narazılar dərdlərinə əlac tapılmasından ötrü hətta iş vaxtından sonra, şənbə-bazar günlərində də onun mənzilinin qapısını döyüblər. Və beləcə Zaqatalanın mərkəzi prospektindəki 33 saylı ev haqqı tapdalananların daimi bir ümid, pənah yerinə çevrilmişdi. Burada təəccüb doğuran sadaladıqlarım deyil, insan, cəmiyyət, həyat varsa, problemlər də var, xüsusən sosial qayğılar hər yandan boy göstərir. Heyrətamiz odur ki, həyat yoldaşı rayondakı Politexnik Texnikumun müəllimi, özü kifayət qədər yüksəkmaaşlı, təminatlı, dörd övlad böyüdən, ailə qayğıları ilə əhatəli xanım bir dəfə də olsun sadə camaata üzünü turşutmaz, səsinin tonunu qaldırmaz, əlini-qolunu çırmalayıb gücü, imkanı çatan qədər çətinliklərin, müşküllərin həllinə girişərdi.

İndi çoxlarının siyasi üstqurumuna, ideoloji aurasına görə haqlı olaraq bəyənmədiyi, tənqid atəşinə tutduğu sovetlərdə bildiyimiz kimi, kommunist insanı yetişdirmək, ailə tərbiyəsi, əxlaqi məsələlər də ön planda idi. Ticarətçilərin, satıcıların dükan-bazarda alıcıları çəkidə və qiymətdə aldatması ("Bunu yazım, ya yazmayım, əmioğlu?"); rayon XDS-nin deputatı nişanı və mandatını gəzdirən xanım məmurların falçı yanına getməsi ("Cuma fal açır, yaxud olmayaydı həyat avamlar"), prokurorluq, milis əməkdaşlarının sadə, savadsız adamları qorxudaraq rüşvət almaları ("Allahım, nəydi günahım?!") və başqa biabırçı, acınacaqlı hadisələr Z.Nəsibovanın satirik qələmində, felyetonlarında həmişə ifşa olunardı. Belə faktların sayı yüzlərlədir, minlərlədir, təqdirəlayiq cəhət isə müəllifin işin sonunadək getməsi, pis nümunə sayılan olayların qarşısının alınması, cəmiyyəti yoluxdurmağa meyilli virusların kökündən müalicəsi amacıdır. Elə o vaxtlardan qəzetdə "Qırmızı bayrağ"a cavab verirlər" rubrikası vardı və tənqid hədəfinin tənbehi, nöqsanların aradan qaldırılması ilə əlaqədar götürülən ölçü barədə yüksək instansiyaların münasibətləri oxuculara çatdırılırdı.

Əgər Zenfira müəllimədən yazıramsa, mənim və mənim kimi onlarla gəncin həyatında və yaradıcılığında oynadığı rola toxunmadan keçmək ədalətsizlik olardı. Əvvəla qeyd edim ki, o dövrlərin mediasında indiki İctimaiyyətlə əlaqələr şöbəsinin sələfi sayılan Zəhmətkeş məktubları şöbəsi çox fəal idi. Hər məktubdan da bir insan taleyi, bir istedad özünü göstərirdi. Sonradan, yazmaq, araşdırmaq bacarığını, imzasını təsdiqlədiyi təqdirdə ştatdankənar müxbir statusu verilən yazarlar rayon tədbirlərinə, müxtəlif qonaqlarla görüşlərə dəvət alar, söz demək, şeir söyləmək üçün tribunalara qalxardılar. Bizlər təvazökarlıqdan kənar səslənsə də, 15-16 yaşımızda rayona təşrif buyuran, ictimaiyyətlə maraqlı ünsiyyət quran Vidadi Babanlı, Xalidə Hasilova, İlyas Tapdıq, Əmir Mustafayev, Mədinə Gülgün, Novruz Gəncəli və digər korifeylərin sənət imtahanından üzüağ çıxmışdıq. Buna şərait yaradan isə "raykom"da Rəhilə Əhmədova, Şaban Musayev, Məlahət Sadıqova, Yafəs Məmmədov, "komsomol"da Məhəmməd Bayramov, Sevinc Bulacova, Elbrus Muradov, redaksiyada Sevil Sadıxova və Zenfira Nəsibova idi.

Hələ buna qədər - Muğanlı orta məktəbinin IX sinfində oxuyarkən əlimdə şagird dəftərinin vərəqləri, ürəyimdə çap olunmaq arzusu kənddən rayon mərkəzinə, qəzet redaksiyasına gələndə bəxtim gətirmiş, qarşıma bu mərd, təmənnasız, səmimi, qayğıkeş qadın çıxmışdı. Həftədə üç dəfə işıq üzü görən, poçtalyonun dəmir darvazamızdan içəri atdığı dördsəhifəlik qəzeti böyük həsrətlə gözləyirdim. Bir neçə gündən kiçik bir məqaləmin oxucuların ixtiyarına verildiyini gördüm, imzaya görə tanıdım, tamam dəyişmişdilər, heç özü deyildi... Xeyli utandım, amma sevincimdən də yerə-göyə sığmırdım. Bu şadlığın, məmnunluğun havası uzun müddət başımdan getmədi. Sonra həmin mətbu orqanda şeirlərim də işıq üzü gördü... Bəzən fikirləşirəm, görəsən, Zenfira xanımın dəstəyi ilə ilk qələm təcrübələrim nəşr edilməsəydi, jurnalistikaya bağlanmasaydım, həyatdakı yolumu, mövqeyimi necə müəyyənləşdirərdim, hansı arzuların arxasınca gedərdim? Jurnalistlik bir yana, ömrün dolanbac, enişli-yoxuşlu yollarında qarşıma çıxacaq sədləri, maneələri aşa, taleyin gözlənilməz sürprizlərinə hazır ola biləcəkdimmi?..   

Qəhrəmanımızın zəngin bioqrafiyasını belə kiçikhəcmli yazılara sığışdırmaq qeyri-mümkündür. Hər halda bir qəzet məqaləsinin imkanları daxilində bəzi qeydləri nəzərdən keçirək: Zenfira Cəfər qızı Nəsibova 1938-ci il oktyabrın 4-də Zaqatala şəhərində anadan olub. 1956-cı ildə 1 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə 1957-ci ilin iyununda rayonda çıxan "Kommunizm uğrunda" qəzeti redaksiyasında başlayıb. 1960-65-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 1966-cı ildə Azərbaycan Jurnalistlər İttifaqının 3-cü qurultayının nümayəndəsi olub və qurumun İdarə Heyətinə seçilib. Daha sonra Jurnalistlər İttifaqının 4, 5, 6, 7, 8, 9-cu qurultaylarında iştirak edib. Həmçinin "Azərbaycan Qadını" jurnalı, "Sovet kəndi" və "Kommunist" qəzetlərinin ştatdankənar müxbiri olub. 1965-1967-ci illərdə Zaqatala rayon sovetinin deputatı seçilib. 1980-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülüb. 1981-ci ildən "Qırmızı bayraq" qəzetinin məsul katibi, habelə Zaqatala radio verilişləri redaksiyasında redaktor və diktor kimi çalışıb. 1993-1995-ci illərdə "Zaqatala" qəzetinin baş redaktoru vəzifəsini tutub.

İxtiyar yaşlı jurnalist Allahın köməyi ilə bu gün də sıralarımızdadır, ömrünün müdrik, bar-bəhəri görülən dönəmini yaşayır. Rəhmətlik Kərim müəllimin vəfatından sonra ailə yükünü tək çəkməli olub. Layiqli övladlar böyüdüb, tərbiyə edib, ali təhsil verib, hərəsi bir sahədə valideyn, xalq etimadını doğruldurlar. Onların uğurlarına fərəhlənib gündəlik qayğılarına başı qarışsa da, şirin xatirələrini nəvələri ilə bölüşməyə, nəticəsini oynatmağa zamanı getsə də, əzəli missiyasını unutmur, yazmağa vaxt tapır.

Sağ olsun əziz dostumuz Rəşad Məcid və rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurasının (MŞ) diqqətli kollektivi, Zenfira müəllimənin 85 yaşını keçiriblər, yubilyar Şuranın Fəxri diplomu ilə təltif olunub. Eyni zamanda qurumun Ahıl Jurnalistlər Məclisinə üzv qəbul edilib. Tədbirdə veteran qələm sahibinin ömür yolundan, yaradıcılığından, bölgə mətbuatındakı uzunmüddətli və çoxşaxəli fəaliyyətindən söz açılıb. MŞ sədri onun dolğun və geniş məzmunlu yaradıcılığına diqqət çəkib, zəhmətsevərliyini, jurnalistika peşəsinə sevgisini, peşəyə sədaqətini yüksək dəyərləndirib. MŞ-nın əməkdaşları Əminə Yusifqızı və Fəridə Ağazadə çıxışlarında qocaman jurnalisitin həyat və fəaliyyətinin gənc yazarlar üçün nümunə olduğunu söyləyiblər.

Zenfira Nəsibova əməyinin qiymətləndirilməsinə, barəsində deyilən xoş sözlərə görə təşəkkürünü bildirib, belə qədirdanlıqdan yaşamağa və işləməyə daha da ruhlandığını vurğulayıb.

Biz yetirmələri də ona ancaq cansağlığı, ürəkdolusu sevinc, doğmaları ilə birgə daha böyük yubileylərini qeyd etməyi arzulayırıq! 14 il nədir ki, göz qırpımında keçib gdəcək, Aşıq Alı demişkən, əllini aşırdıq, yüzə nə qaldı? İnşallah, şəninizə "100 yaşın mübarək, Zenfira xanım!" diləkli məqalələr yazaq, möhtərəm Ustad!..

 

Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru

525-ci qəzet.-  2024.- 22 fevral, ¹34.- S.12.