"Şərqin
qapısı"nın seyrində iki böyük sənətkar
BƏHRUZ KƏNGƏRLİ VƏ İSLAM
SƏFƏRLİ YARADICILIĞINDA "NAXÇIVAN
YADİGARI"NIN MÜSTƏSNA YERİ VAR
Soyuq fevral ayıdır. Ancaq dünyanın
soyuqluğu Yaradanın karvanını dayandıra bilmir. Yola
çıxıb iki vətən aşiqi, vətən
vurğunu. Kimdir bu ömür yolunun yolçuları? Biri
soyuq qış günündə, fevralın 7-də
dünyadan gedib, digəri fevralın 12-də dünyaya gəlib.
Bir il fərq ilə. Azərbaycan təsviri sənətinin
görkəmli nümayəndəsi Bəhruz bəy Kəngərli
və Azərbaycan ədəbiyyatının nəğməli
şairi İslam Səfərli.
Bəhruz Kəngərli Azərbaycan rəsm sənətində
yeniliklərə ilk imza atanlardandır. O, portret və mənzərə
janrının inkişafına öz istedad və zəhmətini
qatıb, Naxçıvanda teatr rəssamlığının
təməlini qoyub, milli rəssamlığımızda ilk
avtoportreti yaradıb, Azərbaycanda sərgi mədəniyyətinin
ilk carçısı olub. Yaradıcılığında
Şərq rəssamlığının ənənələrinə
sadiq qalmaqla yanaşı, Qərb incəsənətinin
mütərəqqi cəhətlərini də gündəmə
gətirib.
İslam Səfərli adını duyduğumuz an
sözlərinə bəstələnmiş əfsanə
mahnıları zümzümə etməyə
başlayırıq. İslam Səfərli şeirinin,
sözünün sehri bizi Azərbaycanı diyar-diyar gəzdirir.
Bu şeirlər ruhumuza, könlümüzə su səpir.
İslam Səfərlinin Bəhruz Kəngərliyə
maraq və rəğbətinin kökləri
uşaqlığına dayanırdı. O, uşaqlıqdan ətrafındakılardan
Bəhruz bəy haqqında çox eşidirdi. İslam Səfərlinin
Bəhruz Kəngərli ilə həm ata, həm ana tərəfdən
Kəngərlilər nəslinin şəcərə
qollarına söykənən bir simsarlıqları da var idi.
Beləliklə, İslam Səfərlinin Bəhruz Kəngərliyə
hörmət və rəğbətindən doğan
"Naxçıvan yadigarı" adlı mənzərə
albomlarının müəllifi Bəhruz Kəngərliyə"
qeydi ilə başlayan "Naxçıvan yadigarı"
adlı şeiri ərsəyə gəlir.
Bəhruz Kəngərlinin
yaradıcılığında rəssamın
özünün tərtib etdiyi "Naxçıvan
yadigarı" albomu diqqət çəkir. Bu albomların
sayı dəqiq bilinmir. Tədqiqatçılar Ziyadxan
Əliyev və Nizami Alıyev Bəhruz bəyin bu albomları
həm qazanc əldə etmək, həm də yerli əhalini
maarifləndirmək məqsədilə tərtib etdiyini
bildirirlər. Albomda rəssamın müasirlərinin portretləri,
həmçinin Naxçıvan mənzərələri yer
alıb. Bəhruz Kəngərli öz əsərlərindən
ibarət albom tərtib edir və Naxçıvan əhalisi
arasında yayırdı. Bununla da, o, Naxçıvanı həm
tərənnüm edir, həm də tanıdırdı.
O,
Naxçıvanın təbiətini, tarix və mədəniyyət
abidələrini kağız və kətan üzərinə
köçürüb gələcəyə yadigar olaraq
ötürürdü. Alboma verdiyi ad, belə, rəssamın
qarşısına qoyduğu missiyanı
açıqlayırdı: "Naxçıvan
yadigarı". Əsərlər bizi Naxçıvanı gəzdirir:
"Atabəy məqbərəsi", "Atababa günbəzi",
"İmamzadə", "Şəhər məscidi",
"Qızlar bulağı", "İlandağ" .
Bu iki insanı, vətən aşiqini sənət,
yurd sevgisi, yaratmaq eşqi birləşdirir.
İslam Səfərlinin şeirinin hər misrası
onun Bəhruz Kəngərlinin
yaradıcılığını yaxından izlədiyini hiss
elətdirir. İslam Səfərli sətir-sətir, misra-misra
oxucusuna Bəhruz Kəngərlini sevdirir, tanıdır.
Şair sanki rəssamın əsərlərinin sərgisini təşkil
edir. Şeiri oxuduqca özünü sanki Bəhruz bəyin sərgisində
hiss edirsən.
Şair qarış-qarış gəzir ana yurdunu.
Durna dilə gəlir, gül dilə gəlir, qartal dilə gəlir,
dağ dilə gəlir. Qayalar dil açır Bəhruzdan
danışır, qovaq ağacı, qələmə dil
açır Bəhruzdan danışır. Nə gözəl
vəsf edib şair rəssamı! Biri həzin ruhlu şair,
digəri qəlbi kövrək, bəzən ürkək, gah
utancaq, gah da ötkəm, uzaqgörən rəssam. Biri Vətən
mülkünün gözəlliyini, əzəmətini,
tarixini rənglərlə canlandırır, digəri
dağın çınqılından, gölün suyundan,
yarpağın damarından söz toxuyur:
Bir şeir tablosu yaradım deyə,
Düzdə gülə baxdım, döşdə laləyə.
Durna gölü gəzdi, qartal zirvəni,
Duman göy düzlərin oldu yelkəni.
Dağdan uçqun qopdu, güldü dərələr,
Hürküb yuxusundan oyandı səhər.
Kəklik daşa səkdi, qırqovul kola,
Dindi qoşalüləm, yüyürdü tula...
Yarğandan quş qalxdı, çaylaqdan sona,
Çöllərin qurd-quşu yatdı yovşana.
Ovçu hənirtisi, çöl sükunəti
Yaratdı qəlbimdə bu şeriyyəti.
Çatıb buz bulağa ayaq saxladım.
Könül dəftərimi hey varaqladım.
Qayalar dil açıb dedi: - Yazma, gəl,
Bu sözlər heç kəsin gəlməz
karına.
Bəhruz hüsnümüzü səndən də əvvəl
Çəkmişdir "Naxçıvan
yadigarı"na.
Şair şeir boyunca rəssama
heyranlığını ifadə edir. Hara baxırsa, ora rəssamın
fırçasının toxunduğunu görür.
Fikrimi cəzb etdi "Bulud parçası",
Onu da Bəhruzun çəkmiş
fırçası.
Üzünü hara çevirirsə, nəyi sevmək
istəyirsə, səda gəlir:
Səs gəldi: - Şairim, inadı burax,
Əbəs mizrab vurma könül tarına.
Bəhruz hüsnümüzü səndən də
qabaq
Çəkmişdir "Naxçıvan
yadigarı"na.
Şairin hər sətrində rəssamın bir əsəri
var. "Atabəy məqbərəsi", "Əliabad
yolu", "Edilağa gölü" əsərləri sətirlərdən
boylanır. Bəhruz bəy Naxçıvanın ruhunu əsərlərində
əbədiləşdirirdi. Dağları
oxşayırdı, dərələri əzizləyirdi. Yarpaq
belə dilə gəlirdi onun nəğmələrində. Bəhruz
Kəngərlinin yaradıcılığında təbiətin
nəfəsi var.
Onun əsərlərindən
şəlalənin səsi gəlir. Əgər qulaq versəniz,
küləyin səsini də eşidərsiniz. Qovaq
ağacının ətrini də duyarsınız.
Yaradıcı insan belədir, o, təbiət qoxar... Onun əsərlərində
tarixin ehtişamını hiss edərsən! Onun əsərlərində
gah qadın gözəlliyinin sehrinə dalarsan, gah tarixin sirli
döngələrində vuruşmaq eşqilə
çağlayar könlün. Gah da qəm dəryasına
batarsan... Amma ən əsası budur ki, o qoxunu alarsan - Vətən
qoxusunu! Daşının, çınqılının,
ağacının, çiçəyinin, otunun qoxusunu... Bəhruz
Kəngərlinin yaratdığı hər bir əsər təkcə
adi bir mənzərə, bir insan portreti deyil, bötüv bir
xalqın mədəniyyətinin mənzərəsidir.
1914-cü ildə çəkdiyi "Naxçıvan
toyu" adlı rəsm əsəri milli adət-ənənələrin
qorunub yaşadılması baxımından olduqca dəyərli
bir əsərdir. "Naxçıvan toyu" etnoqrafik məzmun
daşıyır. Burada milli kolorit, Azərbaycan
xalqının, xüsusilə Naxçıvan zonasının
XX əsrin əvvəllərinə aid geyim mədəniyyəti,
qədim musiqi alətləri, otağın quruluşu,
otaqdakı əşyalar, yerə döşənmiş
xalçaların üzərindəki naxışlar
ustalıqla təsvir olunub. "Naxçıvan toyu" Bəhruz
bəyin yaradıcılığında yeganə
çoxfiqurlu kompozisiya olmaqla bərabər, həm də onun
sulu boya ilə işlənmiş ən iriformatlı əsəridir.
İslam Səfərli şeirində Bəhruz Kəngərlinin
bu əsərini bizə belə təqdim edir:
Bir "Toy" mağarına düşdü
güzarım,
Dedim, qoy məclisə salam aparım.
Gəlib bardaş qurub "Mübarək! - dedim,
- Bu gün sizdən yazam mən gərək, - dedim.
Toyun ağbirçəyi çıxdı
qarşıma,
Xınalı əlini çəkdi başıma:
- Yaxşı ki, gəzirsən Vətən
mülkünü,
Oğlum, əhsən sənin düz ilqarına.
Ancaq Bəhruz elin toy-düyününü
Çəkmişdir "Naxçıvan
yadigarı"na.
Şair şeiri ilə böyük rəssama olan məftunluğunu
oxucu önünə o qədər gözəl sərir ki, bir
daha vuruluruq Bəhruz sənətinə. Heyran qalırıq
ona, həsəd aparırıq. Bəhruz bəy kimi sevmək
istəyirik məmləkətin hər qarışını.
Sinəmiz dağa dönür, ruhumuz Naxçıvanı
dolaşmaq istəyir.
İslam Səfərli rəssamın
yaradıcılığında dönə-dönə
müraciət etdiyi dağlardan gül toplayır, rəssamın
məzarını ziyarət edir:
Bu böyük rəssamın məzarına mən
Bir əklil apardım dağ güllərindən.
Şeirin dili olduqca axıcı, şairin hissləri səmimi
və təbiidir. Şair içdən gələn sevgisini
şeirinə yansıdıb. İslam Səfərli
böyük ürək sahibi şair idi. "Bir könül
sındırmağa qıymayan" şair könüllərdə
yüzlərlə şeiri ilə taxt qurmağı
bacarıb. Bəhruz Kəngərli
yaradıcılığından ilham alan İslam Səfərli
"dünyada hər yerdən xoş gəlir mənə"
dediyi "Şərqin qapısı"nı Bəhruz Kəngərlitək
seyrə çıxmağı qarşısına məqsəd
qoyub, bu şərəfli məqsədə ən ali dərəcədə
nail olaraq Naxçıvanı, Azərbaycanı sətirlərinə
köçürüb. İslam Səfərli andına sadiq
qalaraq öz "Naxçıvan yadigarı"na Azərbaycan
ədəbiyyatının inciləri sayılan neçə-neçə
dəyərli şeirlər gətirib.
- Şair, böyük sənət qalır dünyada.
Hər yarpaq başına tutduqca çətir,
Vurul Vurğun kimi öz diyarına,
Bəhruz Kəngərlitək lövhələr gətir
Sən də öz "Naxçıvan
yadigarı"na.
Səbinə ƏLİNCƏLİ
Bəhruz Kəngərli Muzeyinin direktoru
525-ci qəzet.- 2024.- 24
fevral, ¹36.- S.23.