Bir filmin bir siniflik tarixi   

 

"Hababam sinifi" sinifdə qaldı

 

Muzeyləri, qədim abidələri, xüsusilə ev-muzeylərini, qəsrləri, sarayları ziyarət etmək həm yeni nələrsə öyrədir, həm də reallıqla üzləşdirir insanı. Məsələn, öncə həmin əsəri ərsəyə gətirəni düşünürsən, "belə möhtəşəm bir abidə yaradıb, indi isə yoxdur", deyirsən özünə, sümüklərinə qədər çürüyüb. Sonra inşa göstərişini verən şəxsi düşünürsən, "kim bilir, bu binanı kim üçün tikdirib, indi isə yoxdur, sümüklərinə qədər çürüyüb". Sonra içərisində yaşayanları fikirləşirsən, "kim bilir, bu otaqda nə qədər gülüblər, digərində nə qədər əyləniblər, bəzən küncə sıxılıb xısın-xısın ağlayıblar, bəzən hönkürüblər, neçə toylara ev sahibliyi ediblər, neçə yaslar yola veriblər, indi isə heç biri yoxdur, hamısı sümüklərinə qədər çürüyüblər". Sonra özünü düşünürsən, çünki çox yaxşı bilirsən ki, bu gün durduğun yerdə sabah olmayacaqsan, bu gün keçdiyin yolda sabah kölgən qalmayacaq, bu gün nəfəs aldığın dünyada sabah yox olacaqsan. Nə sabah?! Bəlkə də, bu gün, bir azdan, hətta indi, bu an...

Muzey içində muzey

Uzun müddətdir Hababam Sınıfı Muzeyinə getməyi fikirləşirdim. Amma hər dəfə ertələyirdim. Nəhayət, həftə sonu Üsküdara üz tutdum. Böyük bir bağın içində, ağacların arasında ağ rəngli bir bina ucalırdı. Açığı bu qədər möhtəşəm bir abidəylə qarşılaşacağımı gözləmirdim. Məqsədim uşaqlıq dönəmimi yada salmaq, ölənləri anmaq, qalanları xatırlamaq, zamanın necə axdığını görmək idi. Həqiqətən də, zaman Yer üzündəki ən üstün gücdür, hər şeydən, hər kəsdən güclü... Heç kimə və heç nəyə güzəştə getməyən, hamıyla öz qoyduğu qaydalara uyğun davranan güc! Bir tərəfdən işin fəlsəfini yönünü düşünürsən, amma önündəki ecazkar binanın gözəlliyinə heyran qalmaqdan da yan keçmirsən.

Qeyd edim ki, bu dəfə "bir daşla, iki quş vurdum". Çünki qarşımda muzey içində muzey vardı; Adilə Sultan Qəsrinin içində Hababam Sinifi Muzeyi...

Əsrarəngiz memarın ecazkar əsərləri

Yazını yazarkən bir anlıq düşündüm ki, görəsən, "indiyə qədər gördüyüm qəsrlərin ən gözəlidir" desəm, digər abidələrə haqsızlıq etmiş olaram? Məsələn, Ihlamurlar Qəsri, Kiçiksu Qəsri... Axı, həmin abidələr də ölümsüz memar Nigoğos Balyanın əsərləridir. Doğrudur, Adilə Sultan Qəsrinin də altında Nigoğos Balyanın imzası var.

Qəsr Altunizadədə, Validəbağ Qoruğunda yerləşir. Dördbucaq şəklində tikilən ikimərtəbəli bir binadır. Cüt qollu görkəmli pilləkənləri var; həm çöldə, həm də içəridə. Birinci və ikinci mərtəbə arasında böyük zal var. Hər iki mərtəbənin girişi enişə doğru açılır. Əsas otaqlar, gözləmə otağı böyük zala bağlıdır. İkinci mərtəbə ziyarətə qapalıdır. Sadəcə toy, nişan mərasimləri üçün çəkilişlərə icazə verilir.

Validələr qəsri

Əslində qəsrin yerləşdiyi ərazidə əvvəllər Sultan III Səlimin anası Mihrişah Validə üçün inşa etdirdiyi taxta köşk vardı. Köşkün mülkiyyəti Sultan Səlimdən sonra Sultan Abdulməcidə keçir, o da anası Bezmialəm Validə Sultana hədiyyə edir. Qadın müxtəlif yerlərdən gətirtdiyi bitki növləri ilə ərazini botanika bağına çevirir. Onun ölümündən sonra ərazi Altunizadə ailəsini keçir. Yeri gəlmişkən, Altunizadə İsmayıl Paşa Osmanlıda çox önəmli bir dövlət adamı idi. Paşa, 1860-cı ildə köşkü Sultan Abdulazizə hədiyyə edir. Sultan isə köşkü sökdürüb qarşımızda ucalan bu memarlıq abidəsini inşa etdirir və anası Pertevniyal Validə Sultana verir. Həmin dönəmlər Validəbağ qəsri olaraq anılan bina Pertevniyal Sultanın ölümü ilə Abduləziz bacısı Adilə Sultana yay sarayı kimi istifadə etsin deyə verilir. Qəsrdə bu qədər insan yaşamağına baxmayaraq, divarda sadəcə Adilə Sultanın şəklini və haqqında məlumatı gördüm. Hərhalda Sultan əri Mehmet Əli Paşa ilə ölənə qədər burada yaşadığı üçün qəsr onun adı ilə anılır. Cütlüyün ölümündən sonra binaya Sultan Rəşadın üçüncü həyat yoldaşı Darrüaləm qadın köçür. Onun da qəsrdəki ömrü 9 il çəkir. Öldükdən sonra buralar uzun müddət boş qalır.

Qısa həyatlar, uzunömürlü abidələr...

I Dünya müharibəsi dönəmində yetim qızlar yurdu olaraq açılan qəsr bir neçə il sonra qapadılır və 1925-ci ildə Maarif Vəkaləti üçün təsis edilir. İki il sonra Mustafa Necati bəyin səyləri ilə azyaşlı uşaqlar üçün vərəmə qarşı mübarizə mərkəzi olaraq açılır. Bunun da ömrü uzun çəkmir, tezliklə qoruğun içərisində müəllimlər xəstəxanasının açılması ilə vərəm əleyhinə mübarizə mərkəzi ləğv edilir. 1991-ci ildə qəsrin yeni dönəmi başlayır. İstanbul Milli Təhsil müdiri Turqut Akanın təklifi ilə müəllimlər evi və kütlür mərkəzinə çevrilir. Ən nəhayət bir neçə il əvvəl, yəni 2014-cü ildə aktyorların və xalqın istəyi ilə qəsrin bir otağı "Hababam Sınıfı Muzeyi" olaraq fəaliyyətə başlayır.

Böyük gözləntilərdən böyük məyusluqlar doğur

Muzeyə böyük gözləntilər içində getmişdim. Düşünürdüm ki, öncə yataqxananı gəzərəm, sonra Hababam sinifi aktyorlarının siqaret çəkdiyi tavan arasına çıxaram, daha sonra mətbəxtinə baş çəkərəm. Ancaq bilet alarkən bildirdilər ki, muzey sadəcə bir otağa sığdırılıb. Yəni Hababam Sinifi Muzeyi bir otaqdan ibarətdir. Təəccübləndim, amma "olsun" deyib otağa keçdim. Həmin otaq, həmin partalar, həmin pəncərələr, həmin pərdələr, həmin soba, həmin kürsü... duyğularım bir-birinə qarışdı. Yerlər boş idi. Aktyorların çoxu ölüb, bəziləri də ömürlərinin son dönəmlərindədir. Partaların üstündəki şəkillər ziyarətçiləri qarşılayır.

Filmi kitabından məşhur yazar

Divarda Rıfat İlqazın şəklini gördüm, haqqında məlumatları oxuyanda böyük əskiklik hiss etdim. O ana qədər Hababam Sinifi filmlərinin ssenari müəllifi olduğunu düşünürdüm. Əslində Rifat İlqazı məşhur edən eyni adlı romanıdır. Türkiyənin çalxantılı dönəmlərində yazdığı yazılara görə yolu dəfələrlə məhkəmə qapılarından keçdi. Hər şeyə rəğmən, yazdı, yaratdı. Sonra yolu  rejissor Ertəm Əyilməzlə kəsişdi və Türk film tarixinə keçən Hababam Sinifi çəkilişləri başladı.

Ortaya çıxan əfsanəvi xarakterlərlə, unudulmaz replikaları ilə hamımızın beynində dərin bir iz qoymağı bacardılar. 1975-ci ildə "Hababam sinifi" adı ilə başlayan və getdikcə böyük bir şöhrətə çatan filmin ikincisi 1976-cı ildə "Hababam sinifi sinifdə qaldı", bir il sonra "Hababam sinifi oyanır" və növbəti il "Hababam sinifi tətildə" ilə növbəti filmlər çəkildi.

Muzeydə film qəhrəmanlarından olan İnək Şaban, Güdük Nəcmi, Hayta İsmayıl, Mahmut Hoca və Hafıza ana xarakterlərinin bal mumu heykəlləri var.

İçəri girən kimi sağ tərəfdə ziyarətçiləri soba içinə kopya çəkmək üçün girən Güdük Nəcmi və onu yaxalayan Mahmut Hocanın heykəlləri qarşılayır. Sinifin sol tərəfində isə Hafıza ana heykəli var. Adilə Naşitin canlandırdığı və hər kəsin Hafizə anası olan bu xarakter şübhəsiz ki, hamımızın könlündə taxt quranlardandır. Pilləkəni görən kimi ağıla ilk gələn də odur. Pilləkəndən çaldığı zənglə qaça-qaça aşağı enən, şagirdləri tənəffüsə səsləyən anlar insanın gözündə canlanır. Digər heykəl isə filmin ən çox sevilən və ən gülməli xarakterlərindən olan İnək Şabandır. Kamal Sunalınn canlandırdığı bu obrazın heykəli ziyarətçiləri oturduğu partada, üçüncü sırada qarşılayır.

Qapının sol tərəfində qara lövhə, müəllim masasını görürük. Bunların xaricində şagirdlərin və filmdə yer alan digər xarakterlərin adlarının olduğu afişalar, kartlar var. Bəzi unudulmaz xarakterlərin şəkillərinin olmaması məyusluq yaratdı. Muzeydə xeyli əskiklər var, doğrudur. Zənnimcə, bir daha əldən keçirmək lazımdır. Hətta bir deyil, bir neçə otağı bura qatmaq olar. "Hababam Sinifi"ndən əlavə bu binanın dörd əsrlik tarixi var. Belə bir abidənin sadəcə toy, nişan çəkilişləri üçün istifadə edilməsi tarixə və memarlığa marağı olan insanları bundan məhrum qoymaqdır. Hababam Sınıfı Muzeyinə gəldikdə isə... bir otaq olmağına rəğmən, yenə də filmi iliklərə qədər hiss edə bilirsən.

Filmdə istifadə edilən skelet maketi isə üzdə mütləq bir təbəssüm yaradır. Görən kimi İnək Şabanla Küyyutmaz müəllimin o məşhur səhnəsi ağıla gəlir. Bunu da qeyd edim ki, bir otaqlı bu muzeyə həddən artıq ziyarətçi gəlir. Kiçikdən böyüyə hər yaş kateqoriyasından insana rast gəlmək olar. Hətta etiraf edim, ziyarətçi o qədər çoxdur ki, ağız deyəni qulaq eşitmir. İçəriyə addım atan hər kəs şıltaqlaşır, üzü gülür, xatirələri canlanır. Uşaqlığını yadına salır. Muzeyin divarında da böyük hərflərlə yazıldığı kimi, "Hababam Sinifi" hamımızındır, müəllimi, şagirdi ilə, qara lövhəsi, təbaşir qoxusu, nadinclərin gurultusu, parta səsi, imtahanı, kopyası, yoxlaması, bütünlükdə məktəbin acı və şirin xatirələri ilə bizimdir.

Çünki o sinif hamızın keçmişinə tutulan aynadır.

 

Türkan TURAN

525-ci qəzet.-  2024.- 24 fevral, ¹36.- S.21.