Afaq Bəşirqızı: "Reallığı kimdən gizlətməyə çalışırlar?"

"Bu düşüncə sosial şəbəkə ilə yaşayan cəmiyyət üçün gülməli deyilmi?"

 

Yəqin, oxucular arasında onları son zamanlar sənət adamları ilə tez-tez görüşdürməyimizin fərqinə varanlar var. Əksəriyyət üçün bu, maraqlı və xoşdur, çünki sizlərlə görüşə yalnız peşəkarları dəvət etməyi bacarmışıq. Sənət isə sahəsindən asılı olmayaraq, mədəniyyətin güzgüsü, mədəniyyət isə bir millətin həm varlığı, həm də simasıdır. Və məhz bu güzgüdə parlayan simalar Azərbaycan adını dünyaya tanıdanlar, sənətinin fədailəri və ona qəlbən sadiq olanlardır.

Bu gün hamı sürətlə dəyişən dünya ilə ayaqlaşmağa məcburdur, çünki bunu zaman tələb edir. Lakin inkişaf, tərəqqi nə qədər vacib və lazımlı olsa da, buna doğru dünənə arxa çevirib, dəyərləri yox etmək üzərilə yürümək olmaz. Amma nə qədər ört-basdır etməyə çalışsaq da, bu günümüzün reallığında  nahamvar və köndələnlərimiz çoxdur. O qədər çoxdur ki, artıq peşəkarlar susmağı günah bilib, olanlara, göz önündə bulunanlara qarşı görməməzlikdən gəlməyi özlərinə ar bilir.

Neçə vaxt idi ki, müsahibə üçün korifey bir sənətkarımızın qapısını döyürdük. Təklifimizi məmnuniyyətlə qəbul etsə də, vaxt aramızda bir əngələ çevrilmişdi. Amma istək olan yerdə səbir də göstərmək olur, maneələrə dözmək də. Biz də gözləyə-gözləyə gəlib çatdıq müsahibə gününə.  Qonağımız Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızıdır.

- "Mənə bir dünya verin, bu dünyadan uzaqda"... Müəllifin kim olduğunu bilmirəm, amma deməli ki, narahatdır dünyamız...

- Narahatçılığa qalarsa, gərək hərəkətsiz oturaraq bir yerdə də qalaq. Ona görə də zənnimcə, bu günün insanı daha çox optimizmə söykənməlidir. O zaman dünyanın yalnız narahatlıq donunda olduğunu az görər

- Məktəbi bitirən məzun Afaq Səfərova ilk olaraq şərqşünaslıq fakültəsinə daxil olmaq istəsə də, müsabiqədən keçməyib. Bu istək yəqin ki, həmin fakültənin o dövr üçün prestijli olmasından irəli gəlib...

- Düz vurğuladız, bizim dövrdə dəbdə olan bir neçə ali təhsil ocağı və bəzi fakültələr var idi. İndiki Bakı Dövlət Universitetinin şərqşünaslıq, jurnalistika fakültələri, Tibb Universiteti bu qəbildən idi. Amma məndə bu, bir həvəs və istəkdən irəli gəlirdi, çünki fars dilinin ahəngini çox sevirəm. Bu səbəbdən də məhz o fakültəni seçmişdim.

- Amma ardınca getmədiz...

- Mənim sonrakı taleyim Tanrı tərəfindən sanki düzülüb-qoşuldu. Mərhum Müxlis Cənizadə ilə rastlaşmağım, atamın köhnə dostu Məbud İsmayılzadənin Lənkəran teatrına rəhbər təyin edilməsi, müavininin mənim çətin vəziyyətdə olduğumu ona danışması və nəticədə Məbud müəllimin məni axtarıb tapması, analığımın böyük məmnuniyyətlə qapını açaraq özlüyündə məndən xilas olması o qədər sürətlə baş verdi ki, bunu yalnız ilahi qüvvə edə bilərdi. Beləcə, gəldim Lənkəran Dövlət Dram Teatrına. Mən teatrla erkən yaşlarımdan tanış idim. Atam məni həmişə tamaşalara aparardı. İndi isə məktəbi yenicə bitirmiş bir qız tamaşaçı kimi izlədiyi səhnəyə özü çıxmalı oldu. Nə qədər həyəcanlı olsam da, daxilimdə mənə inam verən bir qüvvə ilə həmişə bərabər olmuşuq. Həmin o qüvvə ilə illəri adlaya-adlaya Afaq Bəşirqızı adınadək gəlib çata bildim.

- Danışaq teatrdan...

- Teatr tamaşaçı üçün bir maraq dairəsidir, bir peyzajdır, yağlı boya ilə, qrafika ilə işlənmiş rəsm əsəridir. Aktyor üçünsə teatr həyatdır. Aktyor teatrın içində olsa da, onu həmişə əlçatmaz hesab edir, ona bir məbəd kimi baxır. Mən bunu əsl aktyora, sənətkara aid edirəm. Bunu həmişə demişəm ki, mən istəməyərəkdən artist oldum, üstəlik də, xalq artisti. Bəşir Səfəroğlunun oynadığı tamaşaların premyeralarında, baxış tamaşalarında belə həmişə iştirak etmişəm və ola bilməzdi ki, gendən gələn bu sənət məndə özünü büruzə verməsin. Lakin atamın çox ağır və feodal xarakteri heç zaman ağlımdan aktrisa olmaq kimi bir fikrin keçməsinə imkan verməyib.

- 14 yaşı tamam olmayan bir qızın ata itkisi...

- İtkinin ağırlığını o zaman dərk etməmişəm. Əvəzimə bibim, məni tanıyanlar ağlayırdı ki, indi bu atasız-anasızın ögey ana və bacı əlində halı necə olacaq? Bilirsiz, mən atamı vur-tut il yarım görmüşəm. Məni nənəm və xalam böyüdüb. Nənəm rəhmətə gedəndən sonra atam zor gücünə məni onlardan aldı. Ana əvəzi olan xalam ailəsi olmağına baxmayaraq, yenə də məni vermək istəmirdi. Amma tale belə gətirdi.

- Səhnə və çəkiliş meydançası. Gərək ki, biri ilə sizə daha rahatdır...

- Təbii ki, səhnədə rahatam... Səhnədə hərəkət var, dinamika var. Rolu bütün incəliklərinə qədər çözə bilirsən, ona yaraşan və tamaşaçı zövqünü oxşayan əlavələri edirsən ki, bunlar da mənə rahatlıq gətirir.

- Sənət və peşəkarlıq...

- Mən peşəkarlığı bütün sahələrə aid edirəm. Kim olursansa ol, amma işinin peşəkları olmağa borclusan. Sizə kiçik bir misal çəkim. Yaşadığım binanın bizə aid blokunun təmizliyinə bir xanım baxır. Liftə daxil olan da, oradan çıxan da hamı bir ağızdan onun təmizkarlığından, səliqə-səhmanından danışır. Yəni işinin peşəkarıdır. İstər çətin olsun, istər asan, böyük, ya kiçik fərqi yoxdur. Hansısa işin qulpundan yapışıb onunla dolanışığını, güzəranını təmin edirsənsə, birmənalı şəkildə işini sevməli və peşəkarı olmalısan.

- Dediniz ki, teatr əsl aktyor və sənətkar üçün bir məbəddir. Amma həmin teatrın pərdəarxasında çəkişmələr, intriqalar həmişə olub...

- Vallah, teatra keçmədən əvvəl gəlin real həyatımıza baxaq. Əgər  Avropa Şurası kimi bir təşkilat, Fransa kimi bir dövlət, Ermənistan kimi bir pislik yığnağı bütün dünyada intriqa, arxadan zərbə vurmaqla, özgənin torpağında gözü olmaqla birini digərinin üstünə saldırırsa, teatrda intriqa hay-hay olacaq. Amma teatrda intriqalar peşəkar qısqanclıqdan doğur. Təəssüf olsun ki, sənətkarlar çox vaxt güzgüyə baxıb ordan özlərini seyr etmirlər. Düşünmürlər ki, mənim indi Cülyetta oynayan vaxtım deyil axı. Bizdə çox aktyor və aktrisalar özlərini hər hansı bir rola uyğun görə bilməmək qabiliyyətinə malik deyil. Düşüncələri ondan ibarət olur ki, teatr yalnız onların üzərində qurulub. Teatr onlarsız heç nədir. Əfsuslar olsun ki, bəzilərində belə bir məntiq hələ də var.

- Deməli, sağlam rəqabət yoxdur...

- Gərək meydan olsun ki, mən gəlib güləşim. Yəni mənə meydan və partnyor lazımdır ki, rəqabətdən danışaq. Çox acınacaqlı haldır ki, bu gün mədəniyyət və incəsənət sahəsində "dayılar" böyük rol oynayır, bir məmurun hansısa istedaddan acığı gəlir və hərtərəfli onun haqqını kəsməyə çalışır. Uzağa getmirəm, yaxınlarda "Qapqara" layihəsində Mehriban Xanlarovanın müsabəsini dinlədim. Əvvəla onu deyim ki, bu aktrisanın istedadına böyük qiymət verirəm, çünki onda təbiilik çoxdur və aktyorlarda bu cəhət mənim üçün dəyərlidir. Rəhmətlik Şahmar Ələkbərov Xalq yazıçısı Elçinin povesti əsasında 80-ci illərin sonunda "Sahilsiz gecə" adlı film çəkib. Di gəl ki, həmin filmə qadağa qoyulub. Mənim səlahiyyətlərim çərçivəsində olsaydı, həmin roldan sonra o aktrisaya birbaşa Xalq artisti adı verərdim, çünki Mehribanda təbiilik çoxdur.

- Amma qadağa götürülməyib bildiyim qədər...

- Bəli, götürülməyib... Məmurlar cəmiyyətdəki reallığı kimdən gizlətməyə çalışırlar? Gözəl sənət nümunələrini gizlədirlər. Etdiklərinizdən, bu işlərin baiskarı olduğunuzdan qorxursuz deyə, gücünüz qadağalara çatır? Guya hansısa bir filmə baxandan sonra kimsə bilmədiyini öyrənəcək? Belə bir bəhanə, bu düşüncə sosial şəbəkə ilə yaşayan cəmiyyət üçün gülməli deyilmi?

- Məndə belə bir fikir yarandı ki, Azərbaycan mədəniyyətinin bu günü sizi qane etmir...

- Yox, etmir... Çünki yeri səhv olan adamlar, yəni baş rejissor, direktor, rejissor və digərləri ki, ümumilikdə yaradıcı heyət adlanır, onlar heç də yaradıcı deyillər. Rəhmətlik nənəm deyərdi ki, insan yaşlaşanda onun içi üzünə çıxır. Əgər insan istər gəncliyində, istər yetkinlik çağında yaxşı əməl sahibi olubsa, ən əsas paxıl və intriqan olmayıbsa, ahıl çağında onun üzü nur saçır və gözəlləşir. Amma xəbis, aravuran, başqasının tikəsini əlindən qapan, onun-bunun quyusunu qazanların sir-sifətindən adam qorxur. Deyirsən ki, cavanlığında bu yenə də babat idi, qocaldıqca sanki bütün pis əməlləri üzündə həkk olunur. Bu da Tanrının bizə bir işarəsidir ki, heç olmasa düşməninizi tanıyın. Bax belə təsadüfi adamları, teatrdan uzaq olanları, nə vaxtsa təsadüfi bir-iki tamaşa qoyanları gətirib qoyurlar məsul vəzifələrə. Onu da deyim ki, bu gün ordan-burdan oğurluqların sayı artıb. İstər dekorasiyalarda, istər tamaşanın səhnə həllində bu, açıq-aydın görünür. Bir məqamı da vurğulayım. Hətta bizdə xalq tərəfindən sevilən elə aktyor və aktrisalar olub ki, onların yaratdığı hansısa tarixi və ya klassik əsərin qəhrəman obrazı uğurlu alınmayıb.

- Yəni...

- Yənisi odur ki, aktyor tamaşaçı rəğbəti qazanıb deyə, obrazı ona həvalə edirlər, amma nəticə etibarilə həmin xalqın sevimlisi rolu oynaya bilməyib. Çünki rejissor tamaşanın rol bölgüsünü düzgün aparmayıb. O düşünüb ki, quruluş verdiyi tamaşada filankəs oynayarsa, ona şöhrət və uğur gətirəcək. Lakin uğursuz seçim etməklə bir sənətkarın şöhrətini oğurlayıb, çünki bu, onun rolu deyildi.

Teatra aid olmasa da, bir narazılığımı da bildirmək istəyirəm. Azərbaycanda İctimai Televiziya kanalı istisna olmaqla, efir məkanlarından da razı deyiləm. O biri kanallarda eynilik, təkrarçılıq, yeksənəqlik nə qədər olar? Verilişin bir adı və məkanı fərqlidir, vəssalam. Heç kəs axtarış edib ortaya nəsə çıxarmaq istəmir. Elə gördüyünün üstünə öz emblemini qoyub, adını dəyişməklə ekran siması qazanmaq olmaz. Bir də ağrılı məqam odur ki, zamanında özünü yaradıcı heyətilə güclü televiziya tamaşaları yaradan rejissor indi bəzi naşı tamaşalara imza atır. Özümə gəldikdə isə mən sözümü demişəm və meydanı boşaltmalıyam. O səlahiyyət sahibi deyiləm ki, yerimə layiqli birini qoya bilim. Yaşı 65-ə çatan yaradıcı adamı, qələm sahibini yola salırlar ki, get, meydanı gənclərə vermək lazımdır. Yaxşı getdik... Yerimizə gəlir Əli, Vəli, Pirvəli. Və ən acınacaqlısı isə odur ki, nə Əlidə var, nə Vəlidə, nə də Pirvəlidə, əvəzində onların möhkəm söykəndikləri dayaqları var. Gənclərə meydan vermək lazımdır, lakin unutmayaq ki, yaxşı rejissor, yaxşı əsər olmasa, heç bir aktyor sinəsinə döyə bilməz.

- İnsanı idarə edən iki əsas qüvvə var - ağıl və xasiyyət. Amma göstərici ikisindən biridir...

- İdarə edən ağıldır və xasiyyət də ondan yaranır. Birinin ürək xəstəsi olduğunu qeyri-ixtiyari təyin etmək mümkündür, amma müəyyən zaman daxilində. Uzaqdan adamı görürsən, sənə çatmağına bir neçə addım qalmış görürsən ki, rəngi qaçıb, tövşüyür və oturmaq üçün  skamyaya yetişəndə anlayırsan ki, hə, adamın ürəyində problemi var.  Lakin ünsiyyətə girdiyin insanın iki kəlməsi kifayər edir ki, onun ağlına  bələd olasan. Yəqin ki, filmlərdə belə olsa da, görmüsüz ki, insan komadadır, lakin başı üzərində olan biri danışdıqca hərəkətsiz halda gözündən yaş gəlir, yəni ağıl hələ onu idarə edə bilir. Dediyiniz iki  əsas qüvvənin başında ağıl dayanır və insanı bütövlükdə idarə edir.

- Bir az gənclikdən danışaq...

- Mən gənclərimizi həmişə yaxşı görmək istəmişəm və istəyirəm də. Yaxşı və pis anlayışı bir-birinə əks olsa da, həmişə adları qoşa çəkilir. Yaxşı olmaq kökdən, ailə tərbiyəsindən gəlir. Bir neçə gün əvvəl müalicə üçün bir tibb mərkəzinə getmişdim. Dəhlizə daxil olanda irəlidə çox müasir tərzli bir gənc qızın ayağını aşıraraq oturduğunu gördüm. Başı telefona qarışıq idi. Məni görən kimi ayağını aşağı saldı. Yanından keçəndən sonra gözucu baxıb gördüm ki, yenidən əvvəlki vəziyyətinə qayıtdı. Qeyri-ixtiyari geri çevrilib dedim ki, qızım, halal olsun səni yetişdirən ailəyə. Yəni bir gənc sənətkarına hörmət qoyursa, deməli, Vətəninə layiq biri kimi yetişib. Mən bu gün gənc qızlarımız üçün narahatam, çünki o qədər sonrasını düşünmədən addımlar atırlar ki...Valideynlərə üz tuturam, haray çəkirəm qız övladlarına qarşı daha diqqətli və məsuliyyətli olun. Bu gün dünyanı idarə edən sosial şəbəkələr eyni zamanda sosial bir bəladır. Qızları yükünüz yüngülləşsin deyə, erkən ailə qurmağa vadar etməyin. Onların gəncliyini, gələcəyini əlindən almayın. Onları təhsilə daha çox yönləndirin. Bir zamanlar narkomaniyaya qarşı harayımı indi qızların faciəsinə tərəf yönəltmişəm. Olmazmı ki, iyrənc sosial layihələrdən biri formatını dəyişib həyat təcrübəsi yaşamış ağsaqqal və ağbirçəklərimizin öyüd-nəsihəti üzərində qursun? Gənclər bir örnək, nümunə kimi onlardan faydalansın. Mən gəncliyə pis sözünü yaraşdırmaq istəmirəm.

- Heyifsilənməyinizə dəyər...

- İnanın, mən bu gün zamanın gözümüz önündəki gərdişinə o qədər heyifsilənirəm ki... Mən nə inkişafın, nə tərəqqinin əleyhinəyəm. Amma cəmiyyətdə baş verən neqativlərə də göz yuma bilmirəm. Biz 30 il nahaqla yaşamağa məhkum olduq, car çəkməkdən yorulduq, səsimiz batsa da, harayımızdan qalmadıq. Sonda müdrik rəhbərin siyasəti ilə haqq üzə çıxdı. Amma içimizdə olan haqqı nahaqlara qurban verənlərin axı sapı özümüzdəndir. Bunu hara yazaq bəs? Yaxamızı kənara çəkmək çıxış yolu deyil. Məsəl var deyir ki, el bir olsa, daş oynayar yerindən. Birləşək ki, gələcək nəslin sağlam, savadlı, pis vərdişlərdən uzaq, vətənpərvər yetişməsinə vəsilə olaq.

- Amma gənclərimiz 44 gündə vətənpərvərliyini göstərə bildi...

- Özü də necə göstərdi... Bəli, bu müharibə mütləq idi, amma kaş ki, şəhidsiz olaydı. Bu balaları Tanrı sanki qüdrətdən yaratmışdı. Hamısı gözəl, yaraşıqlı gənclər idi. İstər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində şəhidlərin acısı öz acım olub. Onların anaları qarşısında söz deməyə belə, acizəm. Bu gün mən sizə rahat müsahibə verirəmsə, bu imkanı bizə canından keçən şəhidlər yaradıb. Məkanları cənnət olsun.

- Xoşladığım bir mahnıda belə misra var: "Ovuc içi qədər xoşbəxtlik yetər"...

- İnsan ömrünün elə bir anı olur ki, nəinki bir ovuc, ən kiçik barmaq boyda yaşadığı xoşbəxtlik onun həyatını dəyişir. Həmin andan sonra lap çətinliklər də yaşamış olsa, o bir damla xoşbəxtliyin həzzini ömür boyu özü ilə daşıyır. Çox arzu edirəm ki, miqdarından asılı olmayaraq, həyatda hər kəs xoşbəxtliyin şirinliyini dadmış olsun. Nəyəsə kədərlənəndə, göz yaşı tökəndə belə, insan yaşadığı o bir ovuc xoşbəxtliyin içində daima özünü hiss etsin.

SÖZARDI: Bu əsnada Tolstoyun məşhur əsərinin məsələ çevrilən ilk cümləsini xatırladım: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir". Bənzəyəndə nə olar k? Bu gün dünya elə bir nöqtəyə çatıb ki, bütün ailələrin bir ovuc xoşbəxtliyə haqqı var. Tanrı bunu dünyadan əskik etməsin.

 

Tamilla M-zadə

525-ci qəzet.-  2024.- 24 fevral, ¹36.- S.18.