ŞAİQ XƏRİTƏSİ  

 

İnsan dünyanı tanımağa başladıqca onun şəklini çəkmək istəyib. Ayrı-ayrı şəhərləri, kəndləri, dağları, gölləri, çayları cizgilərə çevirib, köçürüb onları bir parça kağızın üstünə. Bunları edib ki, başqaları da dünyanı ən azı onun tanıdığı qədər tanısın, yollar çoxluğunda nabələd qalmasın, bir parça kağız üzərindəki cizgilərə baxaraq o şəhərləri, kəndləri, dağları, gölləri, çayları, meşələri görsün, onların yolunu tanısın, hər birinin səmtini bilsin. Beləcə, xəritələr yaranıb.

Fiziki, siyasi, topoqrafik xəritələr və onların daha neçə növü. Ancaq bildiyimiz ənənəvi - bizə dünyanı, ayrı-ayrı ölkələri, şəhərləri nişan verən xəritələrdən savayı, məxsusi xəritələr də var. Böyük ədiblərin qələmində yaranan xəritələr. Bunlar insanın daxili dünyasının xəritələridir. O xəritələri də böyük ədiblər yaradıblar ki, biz onların axarından keçdikləri dövrləri, canlandırdıqları mühitləri gələcəkdən seyr edə bilək, həmin xəritələrə baxaraq insanı tanıyaq, özümüzə daha yaxşı bələd olaq.

Abdulla Şaiq ömrü uzunu sıra-sıra əsərlər yaradıb - uşaqlar, yeniyetmələr, gənclər, ahıllarçün yazıb, ixtiyar çağlarında öz tay-tuşlarını da unutmayıb, onlarla həmsöhbət olası əsərlərini qələmə alıb. Bunlar Şaiqin duyğu və düşüncələr aləminin ifadəsidir. Oxuduqca həmin kitablar bir güzgü kimi həm onun öz içərisini, həm də bütövlükdə insanı bizə daha yaxın məsafədən göstərir. Vərəq-vərəq çevirdikcə o insanlar müasirimizə və həmsöhbətimizə çevrilir, hansınasa kin bəsləyirik, hansınısa sevirik, hansınasa rəhmimiz gəlir. Amma onun təsvir etdiyi o dünyanın içərisində həm də özümüzü görürük, bu duyğu xəritəsindəki bizə hətta köhnədən tanış olan insanları da əvvəlkindən daha yaxın tanımağa, duymağa başlayırıq. Ancaq Abdulla Şaiqin bizə yadigar qoyduğu bir başqa xəritə də var. Təxəyyülündən doğmuş bədii əsərlərin yaratdığı xəritədən fərqlənən, müasirlərini bizə xəbərsiz olduğumuz çox cizgiləri ilə nişan verən atlas - xatirələri. Şaiq o əsərini 1953-1954-cü illərdə işləyib. Bəlkə bir az sonraya da saxlaya bilərdi. Ancaq səliqə-sahmanlı adamdı, ömrü boyu müəllimlik etdiyindən həmişə ən azı ən yaxın sabah - növbəti gün haqqında mütləq düşünmüşdü, xatiratını kağıza köçürməyə başlayanda isə 72 yaşı vardı və daha uzaq sabah haqqında düşünməyin də yeri vardı. Bu yaş hələ ömrün sonu deyildisə də, hər halda onu da düşünməmiş deyildi ki, bundan sonra nə qədər yaşasa qənimətdir, ancaq görülməsi vacib olan işlərə də əncam çəkmək lazımdır. Və nə qədər ki yaddaş sözünə tam dəqiqliyi ilə baxırdı, hafizəsindəki keçmişi, ömründə izi qalan insanlar və hadisələr haqqında bildiklərini yazmağı qət etmişdi. Əlyazmasını tamamlayıb son nöqtəni qoyanda 73 yaşı vardı və hələ 5 il də yaşayacaqdı. Xatirələrinin kitaba çevrilməsini görməsə də, bu son 5 ili arxayın, mühüm bir borcu yerinə yetirməsinin rahatlığı ilə yaşayacaq, "Xatirələr" haqda yeni ilin lap başlanğıcında - 1955-ci ilin 1 yanvarında - "Kommunist" qəzetində sözünü də deyəcək. Bu əsəri niyə yazması haqda elə qəzetdəki qeydi ilə səsləşən düşüncə ilə "Xatirələrim"i "Keçmişin ağır, iztirablı günlərini görməyən azad və xoşbəxt gəncliyimizə" ithaf edəcək. Dövrün siyasi ruhuna uyğun olaraq belə yazmağına yazırdı, ancaq əsərində təsvir etdikləri heç də arxada qalan zamanın yeni günlə müqayisədə hər cəhətdən cana yatmayan olduğunu göstərmək deyildi. İstəyirdi ki, açıqlığı ilə yaza bildiyi həddə qədər içərisindən keçmiş olduğu əyyamları və şəxsiyyətləri yaxşısı və yamanı ilə sonrakı nəsillərə də çatdırsın. Şaiqin bu xatirələr kitabı 1961-ci ildə çıxmışdı və onun digər sevdiyim əsərlərinin təşviqi ilə uşaqkən, hələ 3-cü sinifdə olanda bu kitabı alıb oxumuşdum. Yaşımdan böyük olduğundan çox mətləblərə sonacan vara bilməsəm də, əsər onun uşaq şeirləri kimi elə sadə, qəlbə axan bir dildə yazılmışdı ki, oxuduqlarımın hamısı yadımda qalmışdı. 1973-cü ildə bu kitab yenidən nəşr ediləndə mən artıq tələbə idim və əsəri bir də mütaliə edərkən hafizəmdə bütün oxuduqlarım təzədən dirçəlmişdi və mənə büsbütün ayrı cilvədə görünmüşdü. İndi həmin xatirələrə əsrlər dəyişəndən, minillər başqalaşandan sonra nəzər salarkən elə bil ki, Şaiq xatirələrinin cazibəsi, daşıdığı yük də adama artmış kimi gəlir. Xeyli aralanmış olduğumuz çağların - XX əsrin ilk onillərinin zahirən babat tanıdığımız bir çox məşhur şəxsiyyətlərini Saiqin yaddaşlarının sayəsində elə tərəfləri ilə görürük ki, onların surətləri bu təfərrüatlarsız sanki yarımçıq kimiymiş. Orası da var və bu xatirələrin misilsizliyinin bir vacib cəhəti də budur ki, Şaiqin o yazıları bizə Azərbaycanın tarixində həmişə qalacaq parlaq şəxsiyyətlərin çöhrəsinin başqa heç yerdə tapa bilməyəcəyimiz məhrəmanə cizgilərini göstərir. Abdulla Şaiqin sağlığında bu xatirələr bir qədər ixtisar və ciddi redaktor əlgəzdirmələri ilə "Azərbaycan" jurnalında "Köhnə dünya" sərlövhəsi ilə dərc edilmişdi. Ancaq indi bütövlüyü ilə qarşımızda olan bu yazıları bizə həm Azərbaycan ictimai düşüncəsinin, həm də Azərbaycan ziyalılığının təzə bir dünyasını açır, xeyli qaranlıq mətləblərə işıq salır. Oxuduqca onu da düşünürsən ki, hər yazdığına, oxucu qarşısına çıxardığı hər əsərinə ən əvvəl içərisində senzor gözü ilə baxan Şaiq hələ bu çap olunmasını mümkün saydıqlarından daha maraqlı, o dövrdə yalnız ən simsar adamlarla bölüşülə biləcək nə qədər xatirələri özü ilə aparıb.

Millətinin imzasını millətlərin imzaları sırasında görməyi arzulayan, yaşadığı qısa və keşməkeşli ömrü ərzində hər halda imzasını "övraq-i həyata" qoymağa macal tapan Məhəmməd Hadiyə nə dərəcədə bələdik? Haqqında bu günə qədər az yazılmasa da, onun şair və insan siması da, yaradıcılığı da hələ bizim üçün duman arxasında görünən kimidir. Şaiq yadigarı "şəxsiyyətlər xəritəsi"ndə Hadinin də nəvazişli məhəbbət duyulan ayrıca yeri var. Yada salır ki, Məhəmməd Hadinin adını mən uzaqdan-uzağa eşitmişdim, o, ədəbi mühitdə də, sən deyən, çox bilinmirdi, amma 1905-ci ildə "Həyat" qəzetində:

 

Məkatib, cilvəgahi

tələt-i fəyyaz-i qüdrətdir,

Məkatib, pərtöv ü ənvar-i şəs-i

sübh-i vəhdətdir, -

 

mətləli, məktəbi tərənnüm edən, insanları biliyə, öyrənməyə, oxumağa, məktəbə çağıran şeiri dərc edilincə o, hamıya tanınır.

Təzə əsr gəlmişdi, yeni zaman başlanırdı və cəmiyyətin oxumağa, öyrənməyə daxili ehtiyacı vardı. Məhəmməd Hadini də, Abdulla Şaiqi də, o çağın neçə başqa ziyalısını da qovuşduran əsas təməl kərpiclərdən biri kitab oxumaq şövqü, məktəb idi. Və bircə şeirini oxuyunca sezdiyi işıq idi ki, Əli bəy Hüseynzadəni də 1906-cı ildə "Füyuzat"ı yaradınca Hadini öz yanına gətirməyə, redaksiya heyətinə qatmağa sövq etmişdi. Şaiq Hadiylə ilk dəfə, illər ötdükcə ədəbi məclis siqləti get-gedə artan mənzillərində tanış olmuşdu. Heyrətlənmişdi ki, Hadinin danışıq dili ilə yazısının dili bir-birindən kəskin fərqlənir, həm də bu xoşsima, azadlığa vurğun insanı xeyli "laqeyd, laübalı, əhval-i ruhiyyəcə bədbin" görəndə dostcasına tənqid etmişdi, Hadi isə həmin iradlara onu mütəəssir edən kədərli cavab vermişdi: "Eh, Şaiq, həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə gözləyirsən?!"

Şaiq bu sözlərə həm də təəccüblənibmiş, çünki Hadi ondan vur-tut iki yaş böyük idi, nə ömrü vardı ki, özünün söylədiyi qədər faciələrə mübtəla olaydı? Maraq güc gəlibmiş ki, Hadinin dərdinin nədən ibarət olduğunu öyrənsin, ancaq şairin özündən deyil, Sabirdən, Səhhətdən, Hadinin müəllimi və yaxın qohumu Əbülqasım Əfəndidən müəyyən soraqlar alıbmış, topladığı məlumatlar əsasında Hadi barədə məqalə də yazıbmış, onun müfəssəl tərcümeyi-halını öz dərsliklərinə də daxil edibmiş. Yaxınlaşdıqca da anlayıbmış ki, zavallı Hadi düz deyirmiş, elə həyatının başlandığı vaxtlardan, lap uşaqlıq illərindən ən müxtəlif dərdlər, acılar onu qarabaqara izləyirmiş. Doqquz yaşında olanda atasını itirir, anası bir başqasına ərə gedir. Bacıları əvvəlcə nənəsinin himayəsində qalsa da, sonra qızları ayrı-ayrı qohumlara verirlər ki, baxsınlar. Hadi elə uşaqlığından vüqarlıymış, hansısa qohumun küncünə sıxılmaq istəmir, başlayır özü özünü dolandırmağa.

Dərsliklərində, məqalələrində Hadi haqqında yazdıqları öz yerində, amma Şaiq onun xarakteri, bənzərsizlikləri ilə bağlı xatirələrində elə xırdalıqları əyan edir ki, şairi yaxından tanımayan ömründə onları bilə bilməzdi. Xəbər verir ki, Hadi ilk gəncliyindən elə öz qohumlarından olan bir qıza aşiqmiş, ancaq qızı başqasına ərə verirlər, Hadi bu uğursuz sevdadan sonra daha ömrünün axırınacan evlənməyəcəyinə söz verir, vədinə də əməl edir. Qadının hüquqsuzluğu, örtülü gəzməsi əleyhinə səsini qaldıran Hadi bu haqda atəşli şeirlər də yazıb və cəmiyyətin azadlığının da elə lətif cinsin azadlığı ilə birbaşa bağlı olduğuna inanıb:

 

Sən açmaz isən bizlərə

ümmid-i rəha yox,

Hürriyyətə həsrət qalacaq,

bil ki, bu millət.

 

Hadinin təbiətindəki üsyançılıqdan, etirazçılıqdan bəhs edərək Şaiq yazır ki, inqilab illərində bir ara Şamaxının bələdiyyə rəisi elan edibmiş: Axşam saat 8-dən sonra küçəyə çıxmaq, toplaşmaq qadağandır! Hadinin elan edilən vaxtdan sonra küçələrə çıxmağa, yoldaşlarla bir yerə yığışmağa heç həvəsi də yoxmuş. Ancaq məhz həmin əmr verildiyinə görə dikbaşlıq göstərərək axşam saat 8-i keçincə nümayişkaranə şəkildə yollanarmış meydana.

Etirazçılıq ruhunda olduğundan dövründən, yerindən asılı olmayaraq könlünə yatmayana, onda qıcıq doğurana qarşı sərt sözünü dərhal dilə gətirərmiş. Şaiq xəbər verir ki, bir dəfə Cümhuriyyət hökumətinin Baş naziri Nəsib bəy Yusifbəyli qatarla Tiflisə gedərkən Kürdəmir stansiyasında dayanır, təsadüfdən Hadi də oradaymış, hansı münasibətləsə şikayəti varmış, ancaq nə illah edir, qoruyucular Hadini Nəsib bəyin yanına buraxmırlar. Başlayır çığırmağa ki, "Nəsib, Nəsib, adə, Nəsib!", səs-küyü eşidincə Nəsib bəy özü ona müraciət edir ki, qışqırma, gəl içəri, bu da qayıdır: "Neyləyim, sağdan-soldan köpəkləri bağlamısan, məni içəri buraxmırlar!"

Şaiq Hadinin içkiyə meyilliliyindən də yazır, kim bilir, bəlkə elə o vaxtlar dillərdə dolaşmış Nəsib bəylə bağlı bu əhvalat da şairin içkili dəmlərindən birinə təsadüf edibmiş. Şaiq təəssüflənir ki, elə Hadinin evini yıxan bəlalardan biri də içki oldu və xatırlayır ki, içkiyə aludəliyi, o biri yandan da qazancının azlığı ucbatından cibi həmişə boş olardı, bir dəfə onunla küçəylə gedirdik, qəfildən dayandı, özünü diqqətlə aşağıdan yuxarı süzərək: "Sən də bir mənə bax, gör üstümdə lüzumsuz nə var?" - dedi. Şaiq bu qəribə sualın qabağında Hadiyə diqqətlə baxır, hər şeyin yerində olduğunu görüb "yox" cavabı verəndə Hadi əsəbiləşir: "Siz də həyatın qeydiyyatına o qədər bağlanmısınız ki, gözləriniz lüzumlunu lüzumsuzdan seçə bilmir". Sonra da əlini atır jiletinə: "Bu mənim nəyimə lazımdır?"

Deyir, başa düşdüm, o, jiletini satmaq istəyir ki, cibində pulu olsun, gedib bir yerdə otursun, borc almaq adəti olmadığını bilsəm də, əlimi atdım cibimə, xərclik təklif etdim, götürmədi, evə dəvət etdim ki, gedək, yeyib-içək, ancaq razılaşmadı: "Yox, qardaşım, mən öz səmalarımda uçaraq günəşimin ziyalarını örtən buludları parçalayıb dağıtmaq istəyirəm, xudahafiz", - deyərək aralandı.

 Şaiq bunu da xəbər verir ki, Osmanlıda Sultan Əbdülhəmid zamanındakı istibdad əsnasında Məhəmməd Hadinin də etirazçı damarı coşubmuş, kəskin şeirlər yazırmış, 1910-cu ildə Türkiyəyə gedir, "Tənin" qəzetində Şərq dilləri mütərcimi vəzifəsində çalışır, ancaq "Mahrtab", "Hilal" kimi qəzetlərdə və məcmuələrdə də kəskin şeirlərini yazmaqda davam etdirir.

Şaiq xatırlayır ki, 1914-cü il, axşamlardan birində küçədə üstü-başı kirli, cır-cındır içərisində olan, halı pərişan bir adam əlimdən tutdu, əvvəlcə tanımadım. Çünki tanınacaq halda deyildi, titrək səslə: "Şaiq, məni tanımadın?" - soruşdu.

Şaiq onu bağrına basır - Hadiymiş. Və şair başlayır arxada qalan dörd ildə ömründən keçən qasırğaları nağıl etməyə. Danışır ki, ruhumdakı sıxıntıları ovutmaqçün daha şiddətlə içirdim, bir neçə dəfə məni sərxoş halda yaxalayıb polisə apardılar, bir dəfə qaim-məqamı "Siz istibdad mikroblarısınız" deyə təhqir edəndən sonra İstanbula qayıtmamaq şərti ilə məni Salonikiyə sürgün etdilər, orada ayrı-ayrı varlı qadınların bazarlıq yüklərini daşıyır, onların verdiyi qəpik-quruşla dolanırdım, ancaq bunu da mənə çox gördülər, günlərin birində üstümə böhtanlar atdılar, ittiham etdilər ki, sən Osmanlının casususan, Yunanıstandan çıxmalısan və mindirdilər gəmiyə. Hadi o əzablı anları haqda Şaiqə söyləyibmiş ki, yolda yunan dənizçilər məni dəryaya atmaq istəyirdilər, yalnız oradakı bir keşişin yalvar-yaxarı məni ölümdən xilas elədi, gəldik çatdıq İstanbula, adımı, kimliyimi bilincə məni bura da buraxmaq istəmədilər, çox dil tökəndən sonra razılaşdılar ki, məni aparıb Batumda buraxsınlar.

Üstündə pula getməyən cilovsuz istedaddan savayı, dəyərli heç nəyi olmayan Hadi Batumdan Bakıya dilənçi kökündə gəlib çatanacan başından olmazın əziyyətlər keçir.

Şaiq Hadini birbaşa evə aparır, paltarlarını dəyişdirir, şair yuyunub özünə gəlir. Şaiq yada salır ki, xasiyyətini bildiyimdən, adi bir sözün, ehtiyatsız bir baxışın onu incidəcəyindən, hürküdəcəyindən qorxduğumdan anama da, evdəkilərə də dönə-dönə tapşırmışdım ki, onunla ehtiyatlı davransınlar.

Hadi Şaiqgildə bir həftə qalır. "Bir gün dərs deyib evə qayıtdığım zaman Hadini görmədim, anamdan və başqalarından soruşduqda: "Səhər sən evdən çıxdıqdan sonra o da hara isə çıxıb getdi", - deyə cavab verdilər.

Hadinin onlarda qaldığı günlərdə hətta Şaiq bir-iki dəfə xəfifcə işarə edibmiş, yemək vaxtı bir qədər araq, ya şərab içmək pis olmaz, ancaq Hadi etiraz edibmiş ki, yox, elə fəlakətlərimin başlıca səbəbi o deyilmidir?

 Nəriman Nərimanovun Rizvan adlı qardaşı varmış, balaca dükan saxlarmış, onun da Hadi ilə tanış olduğu fikri ilə Şaiq fərz edir ki, bəlkə şair onun yanına getmiş ola? Rizvan Nərimanov deyir ki, bəli, gəlmişdi, amma beş-on dəqiqə dayanıb getdi. Xeyli müddət Şaiq Hadiylə görüşə bilmir və sonra daha bir təsirli, ürək dağlayan görüşün də baş verdiyini xatırlayır. Deyir, günlərin birində yenə küçədən keçərkən alaqaranlıqda birisi mənə yaxınlaşaraq bir kitab uzatdı, "Alın bu kitabı, beş manat verin", - söylədi. Şaiq ona uzadılan kitabı götürür, Məhəmməd Hadinin "Hərarətli şeirlərim" adlı şeirlər toplusu olduğunu görür, soruşur ki, Hadi, məni tanımadın? Hadi başını qaldırır, zəndlə baxır, çox mütəəssir halda: "Şaiqciyim, bağışla, tanımadım", - deyir. Şair beş əvəzinə on manat çıxarıbmış, ancaq Hadi pulu götürmür, kitabı da qoyub uzaqlaşır.

...İstanbul Universitetində ali filoloji təhsil almış ilk azərbaycanlı Abdulla Sur həm Hadi, həm Şaiqlə yaxınmış. Şaiq günlərin birində Gəncədən, Abdulla Surdan məktub alır. Abdulla Sur Hadinin dilindəki, üslubundakı ağırlıqdan şikayətlənərək yazırdı ki, qardaşım Şaiq, Məhəmməd Hadi bizim dilimizi və ədəbiyyatımızı hara aparır?

Şaiq buna da yanırdı ki, Hadi 1914-cü ildə "Füyuzat" dərgisinin ona aşılamış olduğu təsirlərdən qurtulmağa doğruymuş, get-gedə fikrən ayılırmış, amma tutulmuş olduğu sərxoşluq azarı onun düşüncə, ədəbi istiqamət sarıdan tam ayılmasına, dünyaya daha aydın münasibət bəsləməsinə mane olurmuş.

Və Şaiq sevimli dostu, xətrini daim əziz tutduğu Hadi haqqında xatirələrini belə tamamlayır ki, o, 1919-cu ilin sonları, 1920-ci ilin əvvəllərində Gəncədə birdən-birə yox oldu, qeybə çəkildi, onun yox olmasını o vaxt sancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, gördüm deyən olmadı.

Şaiq üçün də, Hadini tanıyan, qiymətini bilən başqalarından ötrü də şair uzun illər boyu elə itkin, qeyb olmuş kimi qaldı. Ancaq sonralar onun dəqiq vəfat tarixi də müəyyən edildi, gömüldüyü məzar da tapıldı. Ancaq mənim nəzərimdə Məhəmməd Hadi elə o Şaiqin xatırladığı, Şaiqin yazdığı kimidir - uçub gedib səmalara, qeybə çəkilib, ənginliklərdə əriyib itib. Onun nahamvar ömrünün sarsıntıları arasından sıyrılaraq bizə qalan şeirlərini bu gün də oxuduqca sanki səsini elə məchul mavilikdən, qaibanə uzaqlardan əks-səda kimi eşidirik. Abdulla Şaiqin doğruçu xatirələri vaxtın tozlu aynasını silərək bizi Hadinin qaib surəti və səsinə doğru apara biləcək itkin yollar arasındakı nadir cığırlardandır ki, bu hüznlü bələdçiliyinə görə də onu bir daha sevgiylə və rəhmətlərlə anmaq vicdan borcumuzdur!..

...Abdulla Şaiqin yalnız qocaman müasirləri, tay-tuşları haqqında deyil, şagirdləri, yetirmələri ilə əlaqədar da xatirələri var. O xatirələrdən biri mənim qəlbimi daha artıq riqqətə gətirir və bu yaddaşlar Şaiqin 1953-54-cü illərdə bitirdiyi əlyazmada yox idi. Ola da bilməzdi. Çünki o vaxt həmin əziz adın üstündən hələ "xalq düşməni" damğası götürülməmişdi və belə hiss olunur ki, Şaiq illərcə həmin xatirələri ürəyində, beynində gəzdirirmiş, bunları kağıza köçürməyə vaxtın və ömrün möhlət verməyəcəyindən çox nigaranmış, ürəyindən daş olub asılan sözlərini özüylə apara biləcəyinin dərdini həmişə çəkirmiş və Ruhulla Axundovun bəraəti xəbərini eşidincə 1956-cı il aprelin 28-də ləngimədən keçir masa arxasına, qəlbindəkiləri elə bir gecəyə vərəqlərə tökür.

Bunları mənə Şaiq yadigarı unudulmaz Kamal Talıbzadə həmin xatirələrin qələmə alınmasından 40 il keçərkən, 1996-cı ilin dekabrında, Ruhulla Axundovun növbəti ilin 1 yanvarında tamam olacaq 100 yaşının ərəfəsində Azərbaycan Televiziyasının "Səhər" proqramında bu parlaq elm, dövlət və siyasət xadimi ilə çıxışımı eşitdikdən sonra zəng vuraraq söyləmişdi. Demişdi ki, atam istisnasız olaraq bütün yetirmələrinə məhəbbət bəsləyirdi, sabiq şagirdləri ilə iftixar duyurdu, ancaq Ruhullanı həmişə ayırırdı, ən birinci sayırdı, digər tərəfdən də onun çox dərin zəkalı, dövlətə də, millətə də sədaqətli olduğu halda heç nədən qurban getdiyini aydın anlasa da, illər boyu onun haqqında bir müsbət söz yaza bilməməsinə görə özünü müəyyən qədər günahkar da hesab edirdi.

Hafizəsindən silinməyən lövhələr Şaiqi 1910-11-ci illərə, Ruhullaya Bakı realnı məktəbində dərs dediyi çağlara aparırdı, yazırdı ki, çox sakit və qaradinməz nəzərimə çatan bu tələbə az zaman içərisində bütün şagirdlərin, müəllimlərin dərin məhəbbətini qazandı, özünü hamıya sevdirdi. Şaiq yada salırdı ki, Ruhulla maddi çətinliklərlə oxuyan şagirdlərdən idi, çox pis geyinərdi. Bir səhər məktəbin Atalar Şurasının sədri Mustafa Hacıyev daxil olur Şaiqin dərs verdiyi, Ruhullanın oxuduğu 4-cü sinfin otağına. Az öncə realnı məktəbdə toplanacaq vəsaitin yoxsul tələbələrə sərf ediləcəyi qərara alınmış müsamirə keçirilmişdi. Mustafa müəllim Şaiqə müraciət edir ki, ehtiyacı olan tələbələrinizi göstərin, onlara paltar, ayaqqabı almaq istəyirik. Şaiq tərəddüd etmədən Ruhullanı göstərir. Ancaq Ruhulla qalxır ayağa, "Mənim heç nəyə ehtiyacım yoxdur, başqa uşaqlara verin", - deyərək əyləşir.

Və Şaiq bu səhnəni də unutmamışdı ki, həddən ziyadə kasıb, köməksiz olsa da, belə bir yardımı izzət-i nəfsinə sığışdıra bilməyən Ruhullanın bu sözləri deyəndən sonra gözlərində yaş gilələnibmiş. Şaiqin yaddaşından silinmirdi ki, Ruhulla hələ kiçikkən farscanı da öyrənibmiş, ərəbcəni də bilirmiş, bir dəfə məktəbin fransız dili müəllimi Qebuadze isə heyranlıqla: "Cənab Talıbzadə, Axundovun böyük gələcəyi vardır, onda kiçicik bir qüsur da tapa bilmirəm", - deyibmiş.

Ancaq Abdulla Şaiq bunu da yazır ki, 6-cı sinfi bitirəndə günlərin birində Ruhulla Axundov utana-utana yaxınlaşır, "Müəllim, istəyirəm məktəbi tərk edim", - deyir. Getməyinin səbəbini də bununla izah edir ki, işləməliyəm, çünki ailəmizin sıxıntısı çoxdur.

Ruhulla məktəbdən ayrılır, Orucov qardaşlarının mətbəəsində işə düzəlir, elə həmin dövrdən də onda inqilabi düşüncələr yaranmağa başlayır. Digər mətbəə işçilərinin qabağına düşərək onları iş şəraitinin ağır, maaşların aşağı olması ilə bağlı etiraza qaldırır və nəticə də bu olur ki, işini itirir. Cavidlə də ailəvi yaxın olmuş və onun yaradıcılıq mətbəxinə yetərincə bələd Şaiq bunu da əlavə edirdi ki, Hüseyn Cavidin "Şeyda" pyesində təsvir olunan hadisələr çox mənada elə Orucov qardaşlarının mətbəəsində o vaxt baş vermiş hadisənin əks-sədasıdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ruhulla Axundov sürətlə irəliləməyə başlayır, asta-asta dövlət vəzifələri tutur. Ruhullanın nəcibliklərindən bəhs edən Şaiq kimsənin xəbərdar olmadığı belə əhvalatı nəql edir ki, günlərin birində yol gedirkən küçə süpürən məhbuslar arasında vaxtilə mənimlə realnı məktəbdə birgə işləmiş fransız dili müəllimi Qebuadzeni gördüm, o, gürcü menşevik hökumətinin Azərbaycandakı təmsilçisi kimi həbs edilmişdi, bu mənə çox ağır təsir etdi, getdim Ruhullanın yanına, xəbəri eşidincə o da çox tutuldu, elə səhəri günü Qebuadzeni azad etdirdi. Şaiq bu söhbəti davam etdirərək yazırdı ki, 1929-cu ildə böyük bir dəstə Azərbaycan yazıçısı ilə birgə mən də gürcü yazıçılarının dəvətilə Tiflisə gedəcəkdim, o səfərə hazırlıq əsnasında Ruhulla Axundovla görüşmüşdük, dedi ki, əgər Gürcüstanda bizim keçmiş dostumuz Qebuadzeyə rast gəlsəniz, mənim salamımı çatdırın. İşin avandlığından Tiflisə çatdıqları günün sabahı Şaiq Qolovinski (indiki Rustaveli) prospektində gəzərkən təsadüfən qarşısına həmin Qebuadze çıxır, qucaqlaşıb görüşürlər, Şaiq ona Ruhullanın salamını çatdırır, gürcü müəllim kövrəlir: "Bilirsiniz ki, mən azərbaycanlıları çox sevirəm. Ancaq Ruhullanın mənə etdiyi yaxşılığı ömrüm boyu unutmayacağam".

1930-cu illərin siyasi repressiyaları Azərbaycan xalqını yarası heç vaxt sağalmayacaq, altını bu millətin həmişə çəkəcəyi çox müsibətlərə düçar edib, yeri heç vəchlə doldurula bilinməyəcək itkilərimizin sırasında Ruhulla Axundovun qətli ən yandırıcılardandır. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində unudulmuş, az tanınan, amma yaxşı bilinməsi gərək olan abşeronlu şair Haşım bəy Saqib haqqında axtarışlar aparırdım. O vaxt şairin qızı, məşhur aktrisamız Nəcibə Məlikova ilə söhbətlərimiz olmuşdu və o mənə yalnız atası deyil, dayısı Ruhulla Axundov haqqında da xeyli maraqlı hekayətlər söyləmişdi. Sonrakı illərdə həmin şəcərənin ağsaqqallarından Ruhullanı mənə bütün işığı ilə tanıdan neçə-neçə maraqlı əhvalatı eşidib qeydə aldım və bir daha şahid oldum ki, sovet irticalarının güdazına getmiş millət seçilmişləri sırasında həqiqətən Ruhulla Axundovın yeri tam müstəsnadır. Hələ də xalq o bənzərsiz şəxsiyyəti layiq olduğu ucalığı ilə, heyiflər ki, tanımır.

Ruhulla Axundovun qayğıkeşliyi, insanpərvərliyi, millətcilliyi ilə bağlı Şaiqin soraqları ilə qohum-əqrəbasından eşitdiklərimi üst-üstə yığanda o nurlu şəxsiyyətimizi bir qədər böyük görürəm. Şaiq Ruhulla haqqında xatirələriylə yalnız xəbər vermir ki! Həm də sövq edir, "mən bildiyim, tanıdığım qədər yazdım, siz də arayın, axtarın, daha yaxşı tanımağa can atın" tövsiyəsini edir.

1927-1930-cu illər arası Ruhulla Axundov xalq maarif komissarı işləmişdi. Bugünkü baxışla təhsil və mədəniyyət naziri. Sonralar həmin vəzifələri tutanların mütləq əksəriyyətindən fərqli olaraq, Ruhulla Axundov həm güclü maarif, həm də dərin elm xadimi idi. Üstəlik, o, miqyaslı və incə təfəkkürlü dövlət, siyasət, ictimai düşüncə adamı idi. Abdulla Şaiq xatırlayır ki, mən o vaxt pedaqoji institutda ədəbiyyat tarixindən mühazirələr oxuyurdum, dərsliklər, proqramlar, dərs vəsaitləri yox idi, ona görə həmin boşluğu doldurmaqçün gecə-gündüz çalışırdım, çox işlədiyimə görə də xeyli zəifləmişdim. Hansısa məsələ ilə bağlı gəlmişdim o vaxt artıq Zaqafqaziya vilayət komitəsinin katibi olan Ruhulla Axundovun qəbuluna, ilk baxışdanca nisbətən sınıxdığımı sezdi, dedi ki, bir az dincəlin, canınıza da fikir verin. Oradan çıxandan az sonra bir nəfər mənə yaxınlaşdı ki, Xalq Komissarları Şurasının sədri sizi gözləyir, Ruhulla Axundov tapşırıb, onun qəbuluna getməlisiniz. Getdim Xalq Komissarları Şurasının sədrinin yanına

 

"Şaiq əfəndi! Ruhulla Axundov pedaqoji sahədəki fəaliyyətinizi nəzərə alaraq sizə mükafat verilməsini bizdən xahiş edib. Yay tətilində yaxşı istirahət etməniz üçün beş yüz manat verilməsini qərara almışıq, gedəndə kassirdən alın".

O dövr üçün bu, kifayət qədər böyük məbləğmiş, ancaq Şaiqi duyğulandıran bu puldan daha artıq sevimli şagirdinin ona diqqəti, qoyduğu qiymət idi.

Ancaq insanlıq, qayğıkeşlik, xətir-hörmət öz yerində, Ruhulla daha əvvəl yüksək peşəkar, mahir təşkilatçı idi və Şaiq onun bu məziyyətinin də neçə görünməyən tərəfi haqda bilgi verir. 1930-cu ildə dahi İran şairi Əbülqasım Firdovsinin yaxınlaşan minilliyi ilə əlaqədar "Şahnamə"dən tərcümələrdən ibarət bir toplu çapa hazırlanırdı və Ruhulla Axundov bu münasibətlə Şaiqi də çağırtdırır. Deyir ki, "Məzdək dastanı"nı siz tərcümə edin. Əlavə də edir ki, başqaları da tərcümə eləmişdilər, oxudum, orijinalla tutuşdurdum, gördüm, xeyli təhriflər var və inanıram ki, siz həmin əsəri daha yaxşı tərcümə edəcəksiniz.

Şaiq tapşırığı tezliklə yerinə yetirir və bu tərcümə qəbul olunur. Şaiqin bu xatirəsi Ruhulla istedadının müxtəlif çalarlarını ortaya qoyur: əvvələn, biliklidir, bütün digər məsələlərlə yanaşı, ədəbiyyat məsələlərində də səriştəlidir, ikincisi, mövzudan elə yüksək səviyyədə halidir ki, farscada edilmiş tərcümələri əsərin əsli ilə tutuşduraraq nəyin yaxşı, nəyin pis olduğunu aşkarlamaqdan ötrü onun əlavə mütəxəssisə müraciət etməsinə, o rəydən asılı olaraq qərar çıxarmasına lüzum yoxdur - özü bunu hər kəsdən yaxşı edə bilir, üçüncüsü, ədəbi mühiti panoramda seyr edə bilir, hansı işi kimə tapşırmağı bacarır.

Həmişə təəccüblənirdim ki, 1939-cu ildə Nizaminin 800 illiyi ilə bağlı yubiley mərasimlərinin keçirilməsi ərəfəsində Nizami "Xəmsə"sindən məsnəvilərin bədii tərcümələri müxtəlif şairlərə tapşırılanda nə təhər olub ki, Şaiqin çevirməsi - "İsgəndərnamə"nin "Şərəfnamə" hissəsi artıq hazırmış. Sən demə, səbəbkar Ruhulla Axundovmuş. 1939-cu ildə həmin bölgü aparılmazdan xeyli əvvəl, hələ 1935-ci ildə Ruhulla Axundov Nizami Gəncəvinin "Xəmsə"sinin bütövlükdə Azərbaycan dilinə çevrilməsi haqqında düşünürmüş və hərəkətə də keçibmiş, "Şərəfnamə"ni tapşırıbmış Abdulla Şaiqə. Ruhulla Axundovun bu addımının başqa tarixi əhəmiyyəti bir də ondan ibarətdir ki, bəzən bilgisizlikdən, dayazlıqdan, bəzən də xəbislikdən iddia edənlər tapılıb ki, guya Nizami ilə bağlı əhatəli araşdırmaların və onun geniş kütlələrə daha sanballı təqdiminin başlanması Stalinin Azərbaycana hədiyyəsi, Kremlin təşəbbüsü imiş. Tarixi dəlillərsə ayrı həqiqəti təsdiqləyir.

Ruhulla Axundov 1937-ci ildə həbs edilib və uzun işgəncələrdən sonra 1938-ci ilin 21 aprelində 41 yaşında qətlə yetirilib. Şaiqin bəhs ediyi Nizami söhbəti 1935-36-cı illərə aiddir, artıq Ruhulla Axundovun Nizami Gəncəvinin yaxınlaşan yuvarlaq ildönümü ilə bağlı bitkin layihəsi var və kimə hansı işi həvalə edəcəyini də həm dövlət, həm sırf mədəniyyət adamı olaraq gözəlcə təsəvvür edir. Şahidin - Şaiqin sözləridir: "Nizaminin "İskəndərnamə"sinin "Şərəfnamə"sini sizə vermək istəyirəm. Bu, Nizaminin ən qüvvətli, mənaca dərin, özü də maraqlı əsərlərindəndir. Nizamini Azərbaycana bağlayan cəhətlər burada daha çoxdur. Bir qədər fikrə getdikdən sonra əlavə etdi: "Həcmcə də böyükdür". Bu sözləri deyib o, gülümsündü. Onun nə demək istədiyini anladım. Bu işə mən böyük həvəslə girişdim. Nəticədə dahi şairimizin yubileyinə mən də əlidolu gəldim. Tərcüməm yubiley ərəfəsində çapdan çıxdı".

Bu, tarixdir, həm də son dərəcə mühüm tarix! Görən, o vaxt "Xəmsə"dəki digər məsnəvilərin tərcümələrini Ruhulla Axundov kimlərə tapşırmağı düşünürmüş, Nizami haqqında hansı araşdırma əsərlərini sifariş etməyi düşünürmüş. Yolunu da, ömrünü də yarımçıq qırıblar. 1940-cı illərin əvvəllərində artıq Ruhulla həyatda yox idi, Azərbaycanda başqa siyasi rəhbərlik fəaliyyətdə idi və onlar tərcümələri ordenli şairlərə vermək xəttini seçmişdilər və onların arasında hansısa şairə, hansısa mütərcimə, hansısa tərcüməyə əsl sərraf kimi bilavasitə qiymət verməyi bacaracaq Ruhulla səviyyəli bircə nəfər belə yox idi, olması da mümkünsüzdü. Ruhulla kimi nadirlər millətlərin bəxtinə hər əsrdə düşmür ki!

Və Azərbaycanın Şaiq dövründəki ziyalılıq xəritəsi ki, ömrünün axır illərində ustadın qələmindən çıxıb, bizi şərəfli dünənlərimizə qaytarır, bu abidəni bizə ərməğan etdiyinə görə könlümüzdə Şaiqə minnətdarlıqlar oyadır, bunun da yaranma səbəbi elə həmin SEÇKİNİMİZDƏN - Ruhulla Axundovdan gəlirmiş.

Bunu da Şaiq özü təsdiq edir: "1935-ci ildə Ruhulla Axundovun təşəbbüsü ilə ciddi işə başladım. Bunlardan biri geniş tərcümeyi-halımın və xatirələrimin yazılması idi. Həmin xatirələri 1935-ci ildə yazıb əlyazmalar arxivinə verdim. O zaman Ruhulla Axundovun tapşırığı ilə mədəniyyət xadimlərimizə yazdırılmış belə xatirələr indi xalqımızın yaxın tarixini öyrənmək üçün qiymətli mənbədir".

Demək, dövrün xatirələr salnaməsini yaratmağı Ruhulla təkcə Şaiqə də tapşırmayıbmış. Bunlardan hansılarısa burulğanlı vaxtın girdabında itib-batıb, hansılarısa yaşayır

Ruhullanın etməyə macal tapdıqlarına baxın və düşünün ki, ömrünə qəsd edilməsəydi, görün bu millət fədaisi vətənçün daha nələri edə bilərdi

Olmadıqları günlərdə də dayağımız olmaqda davam edən, əlimizdən tutanlardan əllərimizi və sevgimizi heç vaxt üzməyək!..

 

Rafael HÜSEYNOV

Akademik

21 fevral 2024

525-ci qəzet.-  2024.- 24 fevral, ¹36.- S.14-15;16.