GÜNƏŞİ
SALAMLAMAQLA BAŞLANAN GÜNLƏR
Daha nə o cür lövhələr var, nə o təhər
təbaşirlər, nə də məktəb həyətlərindəki
dəmirlə döyəclənərək şagirdləri
sinif otaqlarına səsləyən çuqun zənglər.
Azərbaycanın irili-xırdalı şəhərlərindən
tutmuş ən ucqar kəndlərinəcən elə gözəl,
müasir məktəblər tikilib, köhnələri də
yenilənərək elə bərpa edilib ki, 30-40 il əvvəl
kiməsə məhz 30-40 il sonra belə olacağını
desəydin, bunu inanılmaz xəyalat, təxəyyülün
möcüzədən də artıq uçuşu
sayardılar.
Bunca qısa müddətə -
aşağı-yuxarı 20 ilə 3.000-dən çox təzə,
ya təzələnmiş məktəbimiz yaranıbsa, 5-10 ilə
daha bir dənə də köhnəlmiş,
keçmişinki sayıla biləcək məktəb
binası qalmaz.
Kim bilir, bəlkə 5-10 ilə sonra nəinki təbaşirlə,
markerlə yazılan indiki lövhələr də aradan gedəcək,
onlar da büsbütün elektronlaşacaq?
Sürətlər başqa, zaman ayrı...
Amma nədirsə mənim tez-tez yadıma o köhnə
təbaşirlər, o əski yazı lövhələri də
düşür.
Onu da xatırlayıram ki, hər yeni dərs ili ərəfəsində
məktəbin binasına da, həyət-bacasına da, sinif
otaqlarına da imkan daxilində əl gəzdirilib təmir ediləndə
yazı taxtaları da rənglənərdi.
Sentyabrın 1-də məktəbə gələndə
ötən dərs ilinin sonlarında yazılıb-silinməkdən
bozarmış lövhələri yenə qapqara rəngdə,
parıltılı görərdik.
Doqquzuncuda-onuncuda mən bir neçə sinifdən
yaxşı oxuyan şagirdlərin seçilərək
toplandığı, sınaq məqsədi ilə
yaradılmış riyaziyyatçılar sinfində oxudum.
Ali riyaziyyat, tərsimi həndəsə kimi orta məktəblərdə
görünməmiş mürəkkəb fənlər
keçərdik.
Həmin qara lövhələrdə ağ təbaşirlə
o qədər yazardıq, məsələlər, tənliklər
həll edərdik ki, çox vaxt yalnız əllərimiz yox,
üz-gözümüz, üst-başımız da ağappaq
olardı.
...Yaş artdıqca o təbaşirli günlərin,
qayğısız uşaqlıq çağlarının xiffətini
nədirsə daha artıq çəkirsən, bütün
doğmalarının səninlə olduğu günlərdən
ötrü qəribsəyirsən.
Amma insanın təbaşirli günlərinin
yaşı nə qədər olasıdır ki!
Lap indi bizlərdə rast düşülə bilən
ən qocaman adamı götür - məktəb illərinin
uzaqlığı 80-90 ildən o yana getməyəcək ki!
Amma dünyamızın, hamımızın ortaq evinin
də Təbaşir dövrü olub axı!
Biz öz təbaşirli günlərimizdən
ötrü darıxan kimi, bəlkə bu qoca Yer kürəsi
də hərdən-hərdən öz təbaşirli əyyamlarını
xatırlayır!
O zamanlarsa uzaq, çox uzaqdır, lap uzaqdan uzaqdır.
Hələ nə Azərbaycan vardı, nə dədə-babalarımız,
nə əlamətləri ilə bizə tanış olan bu
dünya.
Mezozoy erasının sonuncu dövrü
yetişmişdi və əhvalatlar vaqe olurdu nə az-nə
çox - düz 145 milyon il qabaq.
Və tarixin o təbaşirli "dərs ili" 66
milyon il əvvəl başa çatdı.
...Mənim çox sevdiyim, müxtəlif
toplantılarda çıxış edərkən içərimdən
gələn səmimi bir istəklə adının əvvəlinə
həmişə hökmən "əziz" kəlməsini
əlavə etdiyim böyük alim və böyük də
insan - akademik Akif Əlizadə elmi həyatını bu
cür qətiyyən sadə olmayan məsələləri
araşdırmağa, dünyanın Təbaşir
dövrünün gizlinclərini öyrənməyə həsr
edib.
Akif müəllim indi gəlib çatıb 90-ına
və 100 milyon il bundan qabağın sirləri ilə
oturub-duran adam üçün 90 il nə yaşdır ki!
Bunlar arxeologiya elminin elə qəliz sahələridir
ki, onları araşdırmaqçün elmin bir istiqamətindən
xəbərdar olmaqla ciddi uğurlara çata bilməzsən.
Bu qəliz sahəyə girişməkçün gərək
çoxcəhətli biliklər sahibi olasan,
axtarışlardan usanmayasan, yolunu təzə başlayan tədqiqatçı
kimi daim yeni-yeni mənbələri oxuyasan, öyrənəsən.
Bunlar elmin elə hündür nöqtələridir
ki, orada alim mətləblərə dar bir pəncərədən
baxaraq yalnız millət, Vətənçün deyil,
dünya, bəşəriyyətçün
çalışır.
Əlbəttə, onun zəhmətləri
könülaçan bəhrələrlə nəticələnirsə,
bundan millətə də, Vətənə də həm
şöhrət, həm iftixar payı düşür.
Axı insanlığın, dünyanın on milyon illərlə
uzaqlarda qalmış sirlərini açan bu alim bu xalqın,
bu yurdun övladıdır.
Necə sevinməyəsən, necə öyünməyəsən!
Hələ 40 il əvvəl - 1984-cü ildə
paleontologiya elmindəki xüsusi xidmətləri nəzərə
alınaraq dəyərli Azərbaycan alimi Akif Əlizadənin
adı 60-200 milyon əvvəl ömür sürmüş su
canlıları - Təbaşir dövrü belemnitlərinin
bir ailəsinə verilib: "Akifibelidlər"!
Akademik Akif Əlizadəni 70-ində də, 80-ində
də, indi - 90-ının tamamında da gənclik
şövqü, qaynar həvəs, işləmək, yaratmaq
enerjisi ilə çağlayan görənlərin hər
birində onun bunca uzun gəncliyi istər-istəməz
xoş təəccüb, heyranlıq hissi oyadıb və
oyadır, hərdən elə özü də bu barədə
düşünüb, cavab tapmağa çalışıb
Bunu sadəcə ehtimal etmirəm, söhbətlərimizin
birində özü mənə söyləyib. Fikirləşir
ki, axı ömür, içərisindən keçib gəldiyi
zaman sadə olmayıb, yüz cür
sıxıntıları, maneələri, müşkülləri,
sərt döngələri də vardı, bəs necə oldu
tale onu həmişə qorudu və XXI əsrin bu günlərinədək
belə sağlam, gümrah, iş-gücdən qətiyyən
yorulmamış halda gətirib çıxardı?
Ata babası Axund Ağa Əlizadə müqəddəs
adam idi, Qafqaz müsəlmanlarının 8-ci
şeyxülislamı olmuşdu. O nadir bir şəxsiyyətdir
ki, həm Azərbaycan Cümhuriyyəti dönəmində
ilk şeyxülislamımız kimi fəaliyyət göstərdi,
həm də sovet dönəmində həmin vəzifə ona
həvalə edildi.
Uşaqlığından o nurani şəxsiyyətin
şəfqətini çox duymuşdu, yaxın
tanıyanların əksəri də təsdiqləyirdi ki,
Akif müəllim hər cəhətdən babasına bənzəyir.
Kiçikkən tez-tez İçərişəhərə,
digər yaxın qohumları Mir Möhsün ağagilə gedərdilər.
"Qucaqlardı, sığallardı, oxşayardı
bizi, buraxmaq istəməzdi".
Ömrün bu çağında Akif müəllim
güman edir ki, bəlkə onu həyatın bir çox
sınaqlı aşırımlarında bəlalardan qoruyan,
dar ayaqda hayanına dönən, dayağına çevrilən
elə onların işığı, onlardakı ilahi güc,
Ağanın bir zamanlar saçına çəkdiyi tumar
olub.
O nadir insanların varlığında
daşıdığı izahsız güc,
saçdıqları enerji, əllərindəki şəfagətirici
mübhəm qüvvət haqqında dillərdə dolaşan
bolluca hekayətləri eşidəndən sonra mövhumatdan
tamam uzaq, soyuq ağılla düşünən ciddi alim Akif
Əlizadənin gümanının arxasında həqiqət
dayana biləcəyini əsla istisna etmirəm!
Amma mən daha çox buna inanıram ki, akademik Akif
Əlizadəni - bu dəyərli aydınımızı uzun
onillərin təlatümlü gedişatında imtahanlardan və
keşməkeşlərdən mətin, alnıaçıq,
üzüağ, başıuca, qətiyyət və solmayan
ümidlə dolu halda çıxaran ilk növbədə onun
insani dürüstlüyü, daxili təmizliyi, məsləkinə
bağlılığı, riyadan uzaqlığı, əməksevərliyi,
sədaqəti, mərdliyi olub. Onun həyat yolu heç də
gendən təsəvvür ediləcəyi qədər sadə
ötüşməyib. Bu ömürdən faciələr də
keçib, onun bəxtinə ağır itkilərin illərin
sağaltmaqda aciz olduğu yaraları da düşüb. Ancaq
qarşıdan əsən acı küləklər nə qədər
sərt olsa belə, heç vəchlə əyilməyib,
sınmayıb, müvazinətini itirməyib, nikbinliyi, xeyirxahlığı,
işığı onu tərk etməyib.
Bu qədər nəcibliklərinin müqabilində həyatın
da ona bir mükafatı olmalı idi axı!
...Bu qırmızımtıl dəftərin
yaşı 50-dən çoxdur. 1970-ci ildə ilk sətirlərini
qələmə aldığı belə dəftərlərdən
arxada qalan yarım əsrdən artıq müddətdə bir
neçə yüzünü yazıb doldurmaq olardı. Onun dəftərindəsə
hələ də boş vərəqlər var və
yazılacağı günü gözləyir. Bəzən elə
olub ki, bir gündə bu dəftərin bir neçə vərəqi
yazılıb. Vaxt da olub ki, aylarla həmin dəftərə təzə
sətirlər əlavə edilmədən açılıb-bükülüb.
Amma bu dəftərdə bir dənə də artıq cümlə,
pozulası fikir yoxdur. Hətta dəyişdiriləsi söz də
tapmaq olmaz. Hərçənd istənilən yazıya əl
gəzdirmək, sığal çəkmək, olduğundan
da yaxşı hala gətirmək mümkündür. Amma bu dəftərdəki
yazılara əl vurmaq olmaz. Çünki onların hərəsi
müdrik bir insanın dilindən, ürəyindən, qələmindən
qopub. Elə həmin dəftərin sahibinin özü də
yetərincə dərin zəkalı, dünya
görmüş bir insandır. Onillər boyu o dəftərə
haradasa oxuduğu, haradasa eşitdiyi kəlamları
toplayıb.
İnsan bir kitabı neçə dəfə oxuyur?
Beş dəfə, on dəfə, lap yüz dəfə. Amma
bu dəftərin sahibi hər gün mütləq vərəqlədiyi
və yarım əsrə - son vərəqinə gəlib
çata bilmədiyi bu yaddaş kitabçasını Allah
bilir illər boyu neçə min dəfə mütaliə
edib. Əlbəttə ki, orada nə yazılıbsa,
hamısını lap çoxdan əzbər bilir. Fəqət
yenə hər gün dəftəri açır, baxır,
oxuyur, düşünür.
Niyə? Çünki istəyir ki, ruhən, fikrən,
qəlbən ona çox doğma olan bu insanların əhatəsində,
onların məclisində, onların aləmində bir
neçə dəqiqə də yaşasın,
düşünsün, duyğulara dalsın.
Yox, o, qətiyyən sentimental adam deyil. Yetərincə
gerçəkçi, ilk gənclik çağlarından
özünü həyatın yeyin surətləri ilə
uyğunlaşmağa alışdırmış üstün
alim, parlaq ziyalıdır.
Təqvimlər dəyişib, dünya
başqalaşıb, çox nəsillər gəlib-gedib. Bu dəftərin
sahibinə, görkəmli Azərbaycan alimi Akif Əlizadəyə,
şərəfli, həm də müqəddəs nəsillərin
övladı olan bu sabitqədəm insana o dəftəri vərəqləmək
tanış, doğma, hamını yaxşı
tanıdığı, hamının da onu gözəl
tanıdığı, bir sözündən, hərəkətindən
anladığı balaca, doğma şəhər kimidir. Bu dəftərdə
- bu şəhərdə ona yad olan heç nə yoxdur. Bu dəftərdə
sözləri yazılanların hamısı zirvə şəxsiyyətlərdir.
Min il əvvəl yaşayanları da var, bizdən 30-40 il əvvəl
ayrılanları da. Amma o dəftərdə onların
hamısı canlıdır. Yanaşı olduqlarından sanki
hamısı da bir-biri ilə həmsöhbətdir. Və o dəftərin
sahibi akademik Akif Əlizadə özü də həmin
müdrik fikirlərlə ləbələb vərəqlərdə
düşüncələri əks olunanlar zümrəsindən
olan əmanət bir şəxsiyyətdir.
Akif Əlizadə daim o dəftərdəki, digər
öyüdlər kimi, bu aqil tövsiyəyə də intizamla
əməl edib: "Tarixin yaradılmasında bütün
insanlar iştirak edir. Ona görə də hər birimizin
borcudur ki, onun daha gözəl olmasına lap kiçicik zərrə
qədər də olsa nəsə verək və onun gözəlliyinin
azalmasını rəva görməyək". Bunu on
doqquzuncu əsrin ikinci yarısı, iyirminci yüzilin əvvəllərində
yaşamış fransız ədibi və tənqidçisi
Jül Lemetr deyib və Akif müəllim üçün də
qədimlərindən indisinəcən yaxşı
tanıdığı dünyanın gözəlliklərinin
üstünə gözəllik artırmaq yolunda
çalışmaq dəyişməz ömür
düsturudur.
Akademik Akif Əlizadə
geoloqdur. Azərbaycan elminin bu sahəsinə uzun ömrü
boyu çox töhfələr vermiş böyük alim.
Və Akif müəllimin sənəti də,
ömrü də tarixin təkinə enərək
keçmişin sirlərini öyrənən bir salnaməçinin,
tarixşünasın ömrünə də, işinə də
çox oxşayır. Onunla hər dəfə üz-üzə
olanda canlı tarixlə təmas başlanır. Akif müəllimlə
hər ünsiyyət onun möhkəm hafizəsinin
körpüsündən keçərək 50, 60, 70 və bəzən
bundan da bir az o yandakı zahirən yaxın, amma həm də
bir çox cəhətləriylə gizlinclər və
suallarla dolu dünənimizi aydın və dürüst
görmək fürsətidir. Bu doğruçu və ədalətli
şahidin çatdırdığı gerçəkləri
nə bir arxivdən tapmaq mümkündür, nə də bir
ayrısından soruşmaq. Şahidlərin əksəri gedib,
tək-tək qalanlar da, Akif müəllimdən fərqli
olaraq, qocalıblar - yaddaş sözlərinə baxmır.
"O dövrdə ki, mən elmə gəlmişəm,
Akademiyaya işə qəbul edilmək çox çətin
idi. Xruşşovun vaxtı idi, o da belə qayda qoymuşdu ki,
Akademiyaya yalnız 3 il istehsalatda çalışandan sonra gələ
bilərsən. Ancaq məni Akademiyanın ovaxtkı prezidenti
Musa Əliyevə təqdim etdilər, gəldim qəbuluna,
çox nurani bir kişi idi, onda vur-tut əlli yaşı olsa
da, başı düm ağ idi. Məni dinləyəndən
sonra bir dəqiqəyə taleyimi həll etdi, dövlət
başçısının qoyduğu yasağa əhəmiyyət
verməyərək mümkünsüz sayılası qərar
verdi. Dedi get Geologiya institutunun direktoru Şəfaət
Mehdiyevin yanına, tapşıracağam, səni Paleontologiya
laboratoriyasına işə qəbul edəcək. Sən demə,
həmin laboratoriyanın da müdiri elə Musa Mirzoyeviç
özü imiş. Bu minvalla, istədiyim işlə,
arzuladığım mövzu ilə məşğul
olmağa başladım və yolumun əvvəlindən belə
nurlu insanlarla rastlaşmağım məni inamlı etdi. Mən,
çörəyini yediyim o böyük insanları bu gün
də daim minnətdarlıqla xatırlayıram və taleyimdən
çox razıyam. İkinci dəfə həyatımı
yenidən başlamalı olsaydım, yenə həmin yolu
keçərdim".
...Akif müəllim uzun
onillərdir ki, sabit səliqəylə hər səhər
doğan Günəşi qarşılayır, qızaran dan
yerini görür.
Bu qocaman dünya həm də ona görə daim
cavandır ki, hər il hər şeyi təzələyən
yazı gəlir, hər səhər tam yeni sabahı
açılır.
Akif müəllim də gecənin qaranlığı
çəkilməyə başlayıb dan yeri
çırtlayanda, sübh tezdən Xəzərin
qırağında, Sahil bağındadır, səhərin
saf havasıyla nəfəs ala-ala addımlayır. Bakıdan
uzaqlarda olanda, xarici səfərlərə çıxanda da
gecədən sabahın tədarükünü edir ki, Vətəndəkinə
oxşar bir məkanda ertədən gəzib-dolaşmağa
başlasın. Bunu da fərz edərək yazmıram. Müxtəlif
ölkələrdəki diplomat dostlarımın mənimlə
bölüşdüyü təəssüratlardır.
Və mən arzu edirəm ki, hələ bundan belə
çox illər boyu bu xoşbəxt insan, qiymətli azərbaycanlı
akademik Akif Əlizadə həmişəki
yorulmazlığı, hərzamankı cavanlıq
şövqü ilə hər yeni gününü Xəzəri,
Günəşi salamlamaqla başlasın!
25 fevral 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 27
fevral, ¹37.- S.10;11.