Qonçabəyim
Şahtaxtinskaya haqqında araşdırmalarım və
öyrəndiklərim
Uluxanlı-Culfa dəmiryolu
çəkilən zaman Şahtaxtı kəndinin Araz
çayına yaxın ərazilərində torpaqların
sahiblərinə pul ödənilirdi. Bu zaman tərtib edilən
sənədlərin çoxunda Qonçabəyim bəzən
də Qonça adına tez-tez rast gəlirdik...
Şahtaxtinskilər
haqqında ilk axtarışlarımı aparırdım - XX əsrin
80-ci illəri idi. Naxçıvan şəhərində və
Şahtaxtı kəndində yaşayan ağsaqqallarla və
ağbirçəklərlə söhbətləşirdim,
daha doğrusu, onlardan öyrənirdim. O vaxtlar atam məni
Naxçıvan şəhərində yaşayan Zivər
xanımgilə apardı. O, İbrahim ağa Şahtaxtinskinin
həyat yoldaşı idi. Həyatın xoş günlərini
və böyük faciələrini yaşamışdı.
Bolşevik erməni çekistlərinin hər zülmünə
mətanətlə sinə gərmişdi. Qəddini əyməmişdi.
Şərur elinin Qarxun kəndindən olan Hacı
ağanın qızı idi. İkinci Dünya müharibəsində
iki igid oğlunu itirmişdi. Bu kədər onun qəddini əymişdi.
Amma yaddaşı yerində idi. Şahtaxtinskilər
haqqında olduqca məlumatlı idi. Ondan sənədlərdə
rast gəldiyim Qonçabəyim - Ketevana haqqında
soruşmuşdum. Dedi ki, oğul, o kimdirsə, Nəcəfqulu
ağanın ailəsindən olmalıdır. Əlavə etdi
ki, Nəcəfqulu ağanın oğlanları İsa sultan və
Əbülfət ağa ömürlərinin çoxunu
Gürcüstanda yaşamış və fəaliyyət
göstərmişlər. "Bəlkə, Əbülfət
ağanın birinci həyat
yoldaşıdır?! Dəqiq deyə bilmərəm, oğul.
Ancaq Əbülfət ağanın 4 oğlu olduğunu bilirəm,
bəlkə də onun qızı da olub. Sənədlərə
diqqətlə baxın" demişdi. Amma o vaxtlar
axtarışlar bir nəticə verməmişdi
2004-cü ildə
"Azərbaycan tarixi muzeyi" (Bakı) elmi toplusunda İnna
Kostinanın "Abulğfat Aqa Şaxtaxtinskiy i eqo
liçnıy Koran" məqaləsi mənim
üçün göydəndüşmə oldu. Bu haqda bir
az sonra.
Rusiya Dövlət HərbiTarix
Arxivindən (Moskva) tapdığımız sənəd -
polkovnik Əbülfət ağanın formulyar
kitabçası Qonçabəyimin kimliyini
aydınlaşdırdı. Həmin xidmət
kitabçasından aydın oldu ki, Əbülfət ağa
ilə Balabəyim xanımın nikahından
aşağıdakı övladları dünyaya gəliblər:
1) Qızı Qonçabəyim 31 mart 1885-ci ildə
doğulub; 2) Oğlu Sadıq ağa 3 avqust 1889-cu ildə
anadan olub; 3) Oğlu Qasım ağa 19 yanvar 1894-cü ildə
doğulub; 4) oğlu Nəcəfqulu ağa 22 iyul 1898-ci ildə
doğulub; 5) Oğlu Abbas ağa isə 13 mart 1905-ci ildə
anadan olub.
Qeyd edim ki, bu hərbi
xidmət kitabçasında məlumatlara əsasən polkovnik Əbülfət ağa ilə
bağlı əhatəli bir yazını "525-ci qəzet"də
çap etdirdik.
Qonça bəyim
Şahtaxtinskinin varisləri.
İndi qayıdaq
İnna Kostinanın mənə göndərdiyi məktuba. Bu
məktubu Əbülfət ağanın qızı
Qonça xanımın (Ketevananın) varisləri Tbilisidəki
Azərbaycan səfirliyinin vasitəsilə muzeyə göndərmişdilər.
Göndərdikləri məktubun mətni rus dilindədir. Məktubda
deyilir: "Bu Quran bizim babamız, məşhur Əbülfət
ağa Şahtaxtinskinindir və bizim ailə
mirasımızdır. Onu Bakı Dövlət Tarix Muzeyinə
Tbilisidə yaşayan varisləri - kötücələri
Nikolay və Natali Mdivanilər tərəfindən hədiyyə
veririk. Xahiş edirik ki, Quranı alandan sonra bizə
yazılı məlumat verəsiniz. Ədalət naminə, bu
kitab digər tarixi eksponatlar arasında layiqli yer tutacaq. Bizim nənəmiz
Nina İvanovna Stas Bakıdakı digər qohumları
axtarırdı, amma nəticəsi olmurdu. Ya məktublar gedib
çatmırdı, ya da ki, ünvanları dəyişmişdilər.
Məlum deyildi".
Sonra onlar öz şəcərələri
ilə bağlı qısaca bir arayışı məktuba əlavə
etmişdilər: 1) Əbülfət ağanın qızı
Qonça gürcü zadəganı Varlam Mdivani ilə ailə
qurmuşdu. 2) Əbülfət ağanın nəvəsi,
Qonça və Varlamın oğlu Nikolay Mdivani 1904-cü ildə
doğulub (həbs edilmişdi və 1937-ci ildə güllələnib)
Nina Stas ilə ailə qurmuşdu. Nina Stas Quranı qoruyub
saxlayandır. O, 4 sentyabr 2001-ci ildə 94 yaşında vəfat
etdi. 3) Əbülfət
ağanın nəticəsi, Nikolay Mdivaninin və Nina
Stasın oğlu Georgi Mdivani 1933-cü ildə doğulub,
1997-ci ildə vəfat edib. Həyat yoldaşı Nane
Gelaşvilidir. Hazırda sağdır. 4) Əbülfət
ağanın kötücələri - Nikolay Mdivani (1961),
Nataliya Mdivani (1971) - Georgi
Mdivaninin və Nane Gelaşvilinin uşaqlarıdır.
14 mart 2002-ci il".
Hər dəfə
Tbilisiyə gedəndə onları axtarırdım. Onlar
Saburtaladan köçmüşdülər. Tbilisidə Azərbaycan
Səfirliyinə, Naxçıvanda Xarici İşlər
İdarəsinə də müraciət etmişdim. Yenə də
axtarışlarım onların tapılmasına kömək
etmədi. Sosial mediada Gürcüstanda yaşayan gənc
qızın - Aygül İsayevanın fəaliyyətini
maraqla izləyirdim. Gürcüstanda yaşayan azərbaycanlıların
problemlərinin həllinə çalışan, bəzən
məqsədinə çatmaq üçün mübarizə
aparan Aygül xanıma müraciət etməyi qərara
aldım. Ona bu haqda yazdım. Aygül xanım
axtaracağına söz verdi. 1 ilə yaxın müddətdə
axtarışlar apardı. Nəhayət Tbilisidə tapdı.
Doğrusunu deyim ki, necə axtarışlar
apardığını mənə yazmayıb. Amma
Əbülfət ağanın qızı Qonçabəyim tərəfdən
varislərini tapdığını mənə sevinclə
bildirdi. Yeri gəlmişkən, bir daha ona qəzetimiz vasitəsilə
təşəkkürümü bildirirəm.
Aygül
xanımın köməkliyi ilə polkovnik Əbülfət
ağanın qızı tərəfdən olan gürcü
varislərilə telefon əlaqəsi saxladım. Natali
xanımın ulu nənəsi Qonçabəyim-Ketevana Mdivani
haqqında dedikləri: "Ulu nənəm Qonçabəyim-Ketevana
Sankt-Peterburqda Nəcib Qızlar İnstitutunda ali təhsil
alıb. Onun Qərbi Avropa dillərini
- alman, ingilis və fransız dillərini tədris etməyə
ixtiyarı vardı. Qonça nənəm 1904-cü ildə
ulu babam, hərbçi Varlam Mdivani ilə ailə qurub. O
vaxtlar müsəlman qızla xristian dinində olan
oğlanın ailə qurmağı çox çətin məsələ
idi. Ona görə də Varlam ürəkdən sevib
bağlandığı Qonçabəyimi onun
razılığı ilə qaçırıb. Mdivani və
Şahtaxtinskilər ailəsi gənclərin bu ürəkdən
olan sevgilərinə qarşı çıxmayıblar. Bir
sıra səbəblərin baş ağrıtmaması
üçün Qonçabəyim Ketevana adını rəsmi
olaraq yazdırıb. Amma evdə ona "Qonça" deyə
müraciət edirmişlər. Varlam Gürcüstanın qədim
zadəgan nəslindəndir. O, Birinci Dünya müharibəsində
iştirak edib və həlak olub.
Sərkərdə
Əbülfət ağa Şahtaxtinskinin viran qalmış məzarı.
Qonçabəyimlə
Varlamın nikahından iki oğlan dünyaya gəlib: Nikoloz
(Nikolay) və Vladimir. Nikoloz (Nikolay) mənim babam idi. O, DTK-da
işləyirmiş və yüksək vəzifəsi
varmış. 1937-ci ildə onu həbs edirlər və
güllələyirlər. Nikolozun qardaşı Vladimir
troitskiçi olduğundan onu sürgün edirlər. Bu ailələrin
qadınlarını da sürgün ediblər. O vaxtlar sovet
hökuməti Qonçabəyimi - Ketevananı istintaqa cəlb
etsə də, sürgün etmir. Amma Tiflisdə
yaşamasına icazə vermirlər. Qonça nənəm
Tiflisin yaxınlığındakı Mangilisə
köçür və orada fransız dilini tədris
edirmiş. Gərək ki, 1943-cü ildə vəfat edib və
orada dəfn edilib. Biz sonralar oradakı qəbiristanlıqda
onun məzarını tapa bilmədik. Mangilisdə olarkən
o, bir ukraynalı ilə ailə qurur və o nikahdan 1 oğlu və
1 qızı olub. Qonça nənəm ömrünün son
illərini həmin qızı ilə yaşayıb.
Qonça nənəmin son illəri çox çətin
olub. İkinci həyat yoldaşı içki və qumar məclislərini
çox sevdiyindən Qonça nənəmin bütün
varidatını uduzub. 1980-ci illərədək Bakıdan
Abbas ağanın (Qonçabəyimin qardaşı)
uşaqları Tbilisiyə gəlirdilər. Amma sonralar əlaqələr
kəsildi. Ona görə də biz nənəmiz Nina Stasın
ölümündən sonra Əbülfət ağa
Şahtaxtinskinin qızı Qonçabəyimə
bağışladığı "Quran" kitabını
Tbilisidəki Azərbaycan Səfirliyinə apardıq, məktub
də yazdıq ki, Azərbaycan Tarix Muzeyinə
çatdırsınlar. Abbas ağanın, babam Nikolozun və
Vladimirin 1912-ci ildə Kutaisidə çəkdirdikləri
şəkli, ulu babamın və onun varislərinin də
fotolarını sizə göndərirəm. Biz sizin
yazınızda oxuduq ki, ulu babamız Əbülfət
ağanın məzarı Naxçıvan Muxtar
Respublikasında Şahtaxtı kəndində
babalarının sərdabəsindədir. Sağlıq olsun, o
məzarı ziyarət etmək arzumuz var". Yeri gəlmişkən,
cəsur sərkərdə, poliqlot, tərcüməçi
Əbülfət ağanın məzarı haqqında bir az məlumat
vermək mənəvi borcumdur. Əbülfət ağanı
öz vəsiyyətinə görə çar hökuməti
1913-cü ildə təntənəli surətdə gətirib
ehtiramla babalarının yanında dəfn edib. Hətta onun həyat
yoldaşı Balabəyim xanım Məhəmməd ağa
Şahtaxtinskinin qızı) məzarın üzərində
sərdabə tikdirib. 1920-ci ilədək sərdabəyə hər
gün 2 kazak zabiti keşik çəkirmiş. 1920-ci ildən
sonra sərdabəni uçurmağa başlayıblar.
Çox təəssüf ki, 1990-cı ildən sonra həm sərdabəni,
həm də məzarı dağıdıblar. Sonra sərdabəni
məzarın üstünə uçurublar ki, yoldan keçənlər
xarabalığı görməsinlər. Hər dəfə o
məzarı ziyarət edəndə görkəmli şairimiz
Seyid Əzim Şirvaninin 1879-cu ilin yayında Şamaxıda məktəb
açmaq üçün Tiflisə
gedərkən Nizami Gəncəvinin sərdabəsinin
uçub-dağıldığına təəssüflənib
elə oradaca yazdığı rübaini misra-misra
xatırlayıram:
Ey şeyx Nizami, ey
nizamı dağılan
Ey Gəncədə izzü
ehtişamı dağılan;
Olubdu sən ilə mən
kimi aləmdə
Beyti, evi, məktəbi,
kəlamı dağılan.
1891-ci ildə
Aleksandropol (indiki Gümrü) şəhərində həvəskarlar
tamaşası təşkil edən Əbülfət ağa
Şahtaxtinski toplanan103 manatı Şahtaxtı Zemstvo məktəbinə
göndərmişdi. Məktəb Şahtaxtinskilərin
malikanəsində yerləşirdi. İndi Şahtaxtı tam
orta məktəbi sərkərdənin məzarının
yaxınlığındadır. Hər gün dərsə gedən
şagirdlərin addım səslərini eşidir.
İndiyədək
qaranlıq qalan bəzi məsələləri
Mdivaninin köməkliyi ilə aça bildik. Çox təəssüflər
olsun ki, polkovnikin qızı Qonçabəyim faciəli bir
ömür yaşayıb.
Musa
RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan
Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2024.- 15 mart, ¹49.- S.15.