Sənətkar ömrü

 

 

Lənkəran şəhərinin Mikrorayon ərazisində hamının yaxşı tanıdığı bir ünvan var: Qəni Vəliyev adına şəhər Mədəniyyət Mərkəzi. Bəs Qəni Vəliyev kimdir?

Azərbaycan teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan görkəmli səhnə xadimi, respublikanın Əməkdar artisti Qəni Səməd oğlu Vəliyev 1914-cü ildə Lənkəran şəhərində anadan olub. O, ilk təhsilini iki dərəcəli məktəbdə alıb, teatr sənətinə hələ uşaq yaşlarından həvəs göstərib.

1934-cü ildə Lənkəranda Dövlət Dram Teatrı fəaliyyətə başlayanda Q.Vəliyev də teatra aktyor kimi dəvət olunur. Burada o, müxtəlif illərdə uğurla tamaşaya hazırlanmış Səməd Vurğunun "Vaqif", Cəfər Cabbarlının "Aydın", "Sevil", "Od gəlini", Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Zeynal Xəlilin "Qatır Məmməd", Süleyman Sani Axundovun "Eşq və intiqam", Sabit Rəhmanın "Xoşbəxtlər" və onlarla digər əsərlərdə Qacar, Aydın, Balaş, Elxan, Nofəl, Məmməd, Çingiz, Sadıq kimi rolları zəngin səhnə boyaları ilə, hər obrazın təbiətinə, psixologiyasına xas cizgilərlə yaradıb, müəllifin və rejissorun fikrini, məqsədini tamaşaçıya dolğun surətdə çatdırmağa səy göstərib.

1941-ci ilin aprelində Lənkəran teatrında oynanılan "Vaqif" tamaşasına baxanların arasında görkəmli sənətkarımız, SSRİ Xalq artisti Sidqi Ruhulla da var idi. Qəni Vəliyev "Vaqif" dramından "Mən Qacar nəsliyəm, şahlar şahıyam!" misraları ilə başlayan monoloqu özünəməxsus tərzdə söylədikcə salonda əyləşmiş Sidqi Ruhulla "Məndən sonra Qacarı səhnədə yaşadan ikinci aktyorun mövcudluğunu bir daha yəqin etdim", - deyib. Görkəmli sənətkarın Q.Vəliyevin oyununa verdiyi bu yüksək qiymət, şübhəsiz ki, gənc aktyorun böyük yaradıcılıq nailiyyəti idi.

1941-ci ildə müharibəyə gedən Qəni Vəliyev 1943-cü ildə faşist gülləsindən ağır yaralandığı üçün davadan geri qayıtmalı olur. Q.Vəliyev Hüseyn Ərəblinski adına Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətini yenidən davam etdirir. 1943-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatrın aktyorlarından Qəni Vəliyevə və Kamil Nəcəfova Əməkdar artist fəxri adı verilir. Elə həmin il Q.Vəliyev teatrda direktor vəzifəsinə təyin olunur.

Müharibə illərində digər sənət ocaqları kimi, Lənkəran teatrının da qarşısında çətin və şərəfli vəzifələr dayanmışdı. Teatrın repertuarı tamaşaçılarda vətənpərvərlik duyğularını qüvvətləndirən, onlarda ana torpağa məhəbbət, qələbəyə inam hissi aşılayan əsərlər hesabına zənginləşdi. Qəni Vəliyevin rəhbərliyi ilə teatrda yaradıcı briqadalar təşkil edilmişdi. Bu briqadalar Lənkəranın sovxoz və kolxozlarında, fabrik və zavodlarında, eləcə də qonşu Masallı, Astarxanbazar (indiki Cəlilabad), Astara, Lerik və Yardımlı rayonlarında əməkçilər qarşısında çıxış edir, onları qələbəyə ruhlandırırdı.

Bu dövrdə Qəni Vəliyev teatrda təşkilatçılıq işi ilə yanaşı, bir-birindən maraqlı obrazlar üzərində də işləyir və eyni zamanda bir sıra əsərlərin quruluşçu rejissoru kimi tanınır. Bacarıqlı sənətkar Rəsul Rzanın "Vəfa", Mirzə İbrahimovun "Məhəbbət", Mehdi Hüseynin "İntizar", Zeynal Xəlilin "Qatır Məmməd" və s. əsərləri uğurla tamaşaya qoyur.

Qəni Vəliyev yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1948-ci ildə 35 yaşında vəfat edib, Lənkəranın Sütəmurdov kəndindəki qəbiristanlıqda dəfn olunub.

2006-cı ildə 96 yaşında dünyasını dəyişmiş Lənkəran Dövlət Dram Teatrının qocaman aktyoru, Azərbaycanın Əməkdar artisti Kamil Nəcəfov sənət dostu haqqında mənə bunları danışmışdı: "Qəni elə bil ki, səhnə üçün doğulmuşdu. Teatrda hamının hörmət və məhəbbətini qazanmışdı. Onunla onlarla tamaşada tərəf müqabili olmuşam. Bir neçə əsərə birgə quruluş vermişik. Mənim dostum ciddi, tələbkar, prinsipial və eyni zamanda son dərəcə təvazökar bir insan idi".

Sənətkarın ölümündən sonra çox təəssüf ki, uzun müddət onu yada salan olmayıb, baxımsızlıq ucbatından məzarı pis vəziyyətə düşüb. Sonralar Lənkəran Dövlət Dram Teatrının aktyoru, 2006-cı ildə dünyasını dəyişmiş Əməkdar artist Əli Salahlının şəxsi təşəbbüsü sayəsində Qəninin qəbri səliqəyə salınıb, yerli hakimiyyət orqanları tərəfindən Lənkəran şəhər Mədəniyyət Mərkəzinə Qəni Vəliyevin adının verilməsi barədə qərar çıxarılıb.

P.S. Bu il Əməkdar artist Qəni Vəliyevin 110 illik yubileyi tamam olur. Ümid edirik ki, müvafiq qurumlar aktyorun xatirəsini layiqincə qeyd edəcək, onun məzarını abadlaşdıracaq.

 

Ağaddin BABAYEV

Lənkəran

525-ci qəzet . 2024.- 13 mart,№47.-S.8.