Xalq Cümhuriyyətinin dönməz lideri

 

Məhəmməd Əmin Rəsulzadə - 140

 

Azərbaycanın milli istiqlal mübarizəsi tarixində mühüm rol oynamış Məhəmməd Əmin Rəsulzadənin ölkəmizdə türkçülük fikrinin əsaslandırılmasında, milli dövlət quruculuğu yolunda ərazi muxtariyyatı tələbinin elmi-nəzəri cəhətdən irəli sürülməsində də böyük xidmətləri var. O, istiqlal mübarizəmizin çoxillik tarixi olduğunu müəyyənləşdirmiş, milli hərəkatın xarakterini aydınlaşdıraraq müxtəlif başlıqlar altında təsvir və təqdim etmişdi. Birinci - Azərbaycan milli istiqlal mübarizəsi çoxillik tarixə malikdir; ikinci - ideoloji mənşəyi etibarı ilə milli Azərbaycan hərəkatı, Şərqdəki milli qurtuluş ideyalarını Qərbdəki kültür və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkatdır; üçüncü - Azərbaycan milli istiqlal mübarizəsi üç-beş adamın həyatı və adı ilə ölçülə bilməz, bu mübarizənin böyük fikir qurucuları və bu ideyaya bütün fəaliyyətləri ilə bağlanmış şəxsiyyətləri vardır; dördüncü - yaxın keçmişi, ideya və şəxsiyyətləri inkar etmək Azərbaycan milli istiqlal mübarizəsinin əhəmiyyətini kiçiltmək deməkdir; beşinci - Azərbaycan milli istiqlal mübarizəsində şəxslərin mövqe və şərəfi, əsas ideologiyaya göstərdikləri sədaqət, bağlılıq və xidmətləri ilə mütənasibdir.

 

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdi. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, daha sonra Bakı texniki məktəbini bitirmişdi. Onun inqilabı fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadənin yaratdığı "Müsəlman gənclik təşkilatı" müəyyən fəaliyyət dövründən sonra Rusiya hökumətindən milli mədəni hüquqlar almaq ümidində idi. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsuli-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra "Müsəlman demokratik - Müsavat cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdi. Onlar "çarizmə qarşı mübarizədə inqilabçı sosializmi ən sadiq olmasa da, ən münasib bir müttəfiq olaraq gördüyündən" sosial-demokratlarla yaxın işbirliyinə keçmişdilər. M.Ə.Rəsulzadənin o zaman yaratdığı "Müsəlman Gənclik Təşkilatı"nın təşviqat-təbliğat işində "Hümmət" qəzeti mühüm rol oynamışdı. 1904-cü ilin axırlarından 1905-ci ilin fevralınadək bir neçə yüz nüsxə tirajla nəşr edilən qəzetin 5-6 nüsxəsi çıxmış, 1917-ci ilin iyulun 3-dən isə Nəriman Nərimanovun redaktorluğu ilə bu mətbu orqan yenidən nəşrə başlamışdı. Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində oynadığı mühüm rolla bağlı idi. "Bakıdan məktub" başlığı altında nəşr edilən məqalədə M.Ə.Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: "Qafqaz Müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıxçı, dükan şagirdi və qeyrə və qeyrəyə razı olsun". M.Ə.Rəsulzadə çap olunan ikinci mətbu yazısında, "Müxəmməs" şeirində isə elmin, savadlanmanın vacibliyi probleminə toxunurdu. M.Ə.Rəsulzadənin bu dövrdə mətbu fəaliyyətinə aid olan 1903-cü ildəki yazıları diqqətə layiqdir. Bu yazıları ilə o, gələcəkdə ciddi mübarizə edəcəyi rus istibdadı rejiminə qarşı barışmazlığının əsasını qoyurdu. M.Ə.Rəsulzadənin bu dövrdəki fəaliyyətində daha çox xalqın elmlənməsinə, maariflənməsinə böyük əhəmiyyət verilir. Cəhalət qaranlığında əzab çəkən xalqın nicat yolunun yalnız elmdə, tərəqqidə, hürriyyətin təntənəsində olduğunu gostərir. M.Ə.Rəsulzadənin fikrincə, beş formada hürriyyət vardır: Birincisi, söz azadlığı - insanın öz fikrini, düşündüklərini qorxub çəkinmədən, kimsədən ehtiyat etmədən açıb danışması deməkdir. M.Ə.Rəsulzadə yazılarında Rusiya məmləkətində yalnız adı çəkilən, əslində olmayan söz azadlığının ümümi mənzərəsini böyük bacarıqla təsvir edirdi. İkincisi, mətbuat-azadlığı o vaxt mümkündür ki, hər kəs yazdıqlarını kiminsə maneçiliyi olmadan çap edə bilsin. Hürriyyətin üçüncü əlaməti isə cəmiyyətlərin və ittifaqların yaradılıb sərbəst fəaliyyət göstərməsində görürdü. Lakin bu dövlətin mənafeyinə zidd olan, onun hökmranlığına maneçilik törədən qüvvələr idi. Dördüncüsü, hər bir şəxs öz əqidəsinin, düşüncəsinin, məzhəbinin və fikrinin azadlığına sahib olmalıdır. Bu, adi sahiblik hüqüqü deyil, onun yaşamaq haqqıdır. Din fərqinə varmaq, saxta qanun gücünə inandığından üz döndərməyə məcbur etmək bu insanlıq haqqının tapdanmasıdır. M.Ə.Rəsulzadə hürriyyətin beşinci əlamətini şəxsiyyətin toxunulmazlığında görürdü. Hər kəsin hüququnun qorunması, şəxsiyyətinə və heysiyyətinə toxunulmaması üçün dövlətin buna ciddi təminatı olmalıdır. M.Ə.Rəsulzadə belə bir azadlığın Rusiya məmləkətində olmadığını gostərirdi.

 

1905-07-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdi. Belə ki, 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə insanlara hüquq bərabərliyi, azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırmışdı.

 

1906-07-ci illər rus inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə M.Ə.Rəsulzadə çar üsuli-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakıdan çıxaraq İrana mühacirət edir. Rəsulzadə 1908-11-ci illər İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmiş, onun əsas rəhbərlərindən biri olmuşdu. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün S.H.Tağızadə ilə birlikdə İstanbula üz tutur.

 

1913-cü ildə Romanovlar sülaləsinin devrilməsindən sonra vətənə qayıdan M.Ə.Rəsulzadə "Müsavat" partiyasının rəhbəri keçir və milli azadlıq mübarizəsində daha fəal iştirak edir. 1915-ci ildə M.Ə.Rəsulzadə "Açıq söz" qəzetini nəşr edir, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, "Dirilik" jurnalında "Milli dirilik" başlığı ilə silsilə məqalələr dərc etdirir.

 

1917-ci ildə fevral burjua inqilabı baş verir. Həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı.

 

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var.

 

Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. Müstəqil Azərbaycanın bu gün dünya birliyində suveren dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyuldu. Müsəlman Şərqində ilk parlamentli respublika olan ölkə xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas olan dövlət təsisatlarının formalaşdırılmasına nail oldu. Cəmi 23 ay fəaliyyət dövrü olmasına baxmayaraq, bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq, milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər. Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi.

 

1920-ci il aprelin 27-də Cümhuriyyətin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Bu xəbəri eşidən Stalin Bakıya gələrək onu həbsdən azad etdirir. O, tatar maarifçisi Musa Cərurullahın yardımı ilə qayıqla Fin körfəzindən Finlandiyaya keçir. 1922-ci ilin sonlarında Rəsulzadənin İstanbulda siyasi mühacir həyatı başlanır. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı yaradılır. 1932-ci ildə Rəsulzadə siyasi fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçir. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunub. Böyük vətənpərvər olan M.Ə.Rəsulzadə fədakar və dönməz istiqlalçı kimi ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

 

Lətafət BEYBUTOVA

 

Quba "Soyqırımı Memorial Kompleksi"nin şöbə müdiri

 

525-ci qəzet.- 2024.- 30 yanvar, № 17.- S.12.