Zəki Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşi və Məhəmməd Əmin Rəsulzadə
"üçbucağı"
Zəki Vəlidi
Toğan (Əhməd-Zəki
Əhmətşah oğlu
Validov) başqırd xalqının XX yüzillikdə
yetirdiyi görkəmli
şəxsiyyətlərdən biridir. XX əsr başqırd tarixinə hərbi-siyasi xadim, milli-azadlıq hərəkatının
(1917-1920) lideri, publisist,
tarixçi, türkoloq,
elm təşkilatçısı
kimi daxil olmuşdu.
Ana vətənində
Əhməd-Zəki Validov,
ikinci vətəni Türkiyədə Zəki
Vəlidi Toğan kimi məşhurlaşan alim 1890-cı ildə keçmiş Ufa quberniyasının Sterlitamak
qəzasında doğulmuşdu.
Valideynləri dövrünə
görə mükəmməl
Şərq təhsilinə
malik ziyalılar idi. Cümə məscidinin imamı olan atası həm də yazıçı və müdərris kimi tanınırdı. Anası
isə mədrəsədə
qızlara dərs keçirdi. Əhməd-Zəki
kiçik yaşlarında
atasının köməyi
ilə ərəb, anasının yardımı
ilə farscaya mükəmməl yiyələnmişdi.
Açıq fikirli valideynləri rus dilini öyrənməsinə
də maneçilik törətməmişdilər. Daha sonra təhsilini
Kazanın məşhur
Qasımiyyə mədrəsəsində
davam etdirmiş,
1909-cu ildə isə məzun olduğu təhsil müəssisəsində
türk tarixi və ərəb ədəbiyyatı fənlərinin
tədrisinə başlamışdı.
Dövrü mətbuatda
ilk yazısı
1908-ci ildə çıxmışdı.
1915-ci ildə "Tatar
ədəbiyyatı" adlı
ilk kitabı nəşr edilmişdi. Əsər 2 cilddə nəzərdə tutulsa da, ikinci cild
işıq üzü
görməmişdi. Əvəzində
1915 və 1917-ci illərdə
birinci cildin təkmilləşdirilmiş variantı
təkrar buraxılmışdı.
Əhməd-Zəki ilk kitabı ilə Kazan universitetinin və Rusiya türkoloqlarının
diqqətini cəlb etmişdi. Bu prosesdə milliyyətcə
xakas türkü, professor Nikolay Katanovun (1862-1922) da mühüm rolu olmuşdu. 1913-cü ilin mayında onun təşəbbüsü ilə
başqırd gənci
universitet yanında Tarix, Arxeologiya və Etnoqrafiya Cəmiyyətinin üzvü
seçilmiş, həmin
ilin oktyabrında isə cəmiyyət xətti ilə tarixi-arxeoloji və etnoqrafik araşdırmalar
aparmaq məqsədi ilə Türküstana - Fərqanə vadisinə ezam edilmişdi. Əhməd-Zəkinin ezamiyyətin
nəticələri haqda
məlumatı Peterburqda
məşhur türkoloq
V.V.Radlovun evində akademik V.V.Bartold və digər şərqşünas alimlərin
iştirakı ilə
dinlənilib yüksək
qiymət almışdı.
Elmi məqalə şəklində isə
"Fərqanə vilayətinin
Şərq əlyazmaları"
adı altında Rusiya İmperator Arxeologiya Cəmiyyətinin
"Elmi qeydləri"ndə
çap olunmuşdu. Eyni zamanda növbəti
ekspedisiyaya göndərilməsi
ilə bağlı yekdil qərar qəbul edilmişdi. Lakin Rusiyanın da qatıldığı Birinci Dünya müharibəsinin başlanması
səbəbindən ekspedisiyadan
yarımçıq qayıtmaq
lazım gəlmişdi.
1917-ci il Fevral inqilabı milli istiqlal ideyası ilə yaşayan əksər türk əsilli ziyalar kimi Zəki-Vəlidini də ictimai-siyasi proseslərə daha fəal qoşulmağa vadar etdi. O, həmin ilin may ayında ümumrusiya müsəlmanlarının
Moskvada keçirilən
qurultayına qatıldı,
Müəssislər Məclisinə
namizəd göstərildi,
Federativ Rusiyanın tərkib hissəsi kimi başqırdların milli-ərazi muxtariyyətinin
qurulmasında fəal
rol oynadı. 1919-cu ilin fevralında, I Ümumbaşqırd hərbi
qurultayında hərbi
işlər üzrə
xalq komissarı və Başqırd Respublikası Müvəqqəti
Hərbi-İnqilab Komitəsi
sədrinin müavini seçildi. Bu dövrdə bolşeviklərlə
əməkdaşlıq yolunu
tutan, Rusiya K(b)P-na üzv olan,
Başqırd Hərbi-İnqilab
Komitəsinin rəhbərliyinə
gətirilən Zəki
Vəlidi tezliklə milli dövlətçiliklə
bağlı ümidlərində
aldandığını başa
düşdü. Bolşeviklərlə
imzalanan sənədin
onların nəzərində
adi kağız parçasından fərqlənmədiyini
anladı. Lenin, Stalin, Trotski və Rıkova ünvanladığı məktubda
bolşevik hakimiyyətinin
velikorus siyasətini ifşa edərək bütün körpüləri
yandırdı.
Nəticədə 1920-ci ilin yayında Bakı üzərindən
Mərkəzi Asiyaya keçdi, Vahid Türküstan Milli Şurasının sədri
kimi basmaçı hərəkatının rəhbərliyində
yer aldı. Lakin bolşevik rejimin qüvvətlənməsi
və basmaçıların
bir-birinin ardınca uğradığı hərbi-siyasi
məğlubiyyətlər üzündən 1923-cü ildə
mühacirət yolunu tutdu.
İran, Əfqanıstan, Almaniya və Fransada keçən mühacir həyatından
sonra 1924-cü ildə
ölkə rəhbərliyinin
dəvəti ilə cümhuriyyət Türkiyəsinə
gəldi. Təhsil nazirinin müşaviri, İstanbul universitetinin
dosenti və professoru kimi çalışdı. Köhnə
məsləkdaşı, qazax
siyasi-ictimai xadimi
Mustafa Çokayla (1890-1941) birlikdə vahid Türküstan ideyasını
yayan "Jana Türküstan"
("Yeni Türküstan") dərgisini nəşr etdi. 1935-ci ildə Vyanada "İbn Fədlanın
şimal bulqarları,
türk və xəzərlərin yanına
səyahəti" mövzusunda
(X əsr ərəb səyyahı və yazıçısının məşhur
əsərinin nadir nüsxəsini
İran mühacirəti dövründə
Məşhəd kitabxanasında
aşkara çıxarmışdı)
doktorluq dissertasiyası
müdafiə etdi. Avstriya və Almaniya universitetlərində
mühazirələr oxudu.
1939-cu ildə elmi-ideoloji
ixtilaflar üzündən
yeddi il əvvəl tərk
etdiyi Türkiyəyə
qayıtdı.
1948-ci ildən həyatının
sonuna qədər
İstanbul universitetində türk tarixi professoru kürsüsünü
tutdu. 1951-ci ilin yayında onun rəhbərliyi altında
İstanbulda dünyanın
onlarla ölkəsindən
gəlmiş 500 nəfərdən
çox mütəxəssis
alimin iştirakı ilə şərqşünasların
XXI Beynəlxalq konqresi
keçirildi. 1953-cü ildə
İslam Araşdırmaları İnstitutunu yaratdı və ilk rəhbəri oldu. Əksəriyyəti elmdə yeni söz kimi qarşılanan əsərləri sayəsində
adı və fəaliyyəti Türkiyə
hüdudlarını aşdı.
1958-ci ildə Kolumbiya
universitetinin dəvətli
professoru kimi ABŞ-da
çalışdı. İran, Pakistan və Hindistanda səfərdə oldu, Cəvahirləl Nehru və
Məhəmməd Rza Pəhləvi
kimi dövlət xadimləri ilə görüşdü. 1967-ci ildə
Mançestr (Böyük
Britaniya) universitetinin fəxri doktoru (honoris
causa) ünvanına layiq
görüldü. Bir sıra
beynəlxalq miqyaslı
elmi cəmiyyətlərin
həqiqi və müxbir üzvü seçildi.
Professor Zəki Vəlidi Toğan türk tarix və mədəniyyətinə
dair dünya xalqlarının 11 dilində
çap olunmuş
400-ə yaxın əsərin
müəllifidir. Onun
"Bugünkü Türküstan
ve yakın mazisi" (1929), "Tarihte
usul" (1938), "Türküstan
tarihi" (1939), "Biruninin
dünya hakkında tasavvuru" (1946", "Umumi
türk tarihine giriş" (1946), "Horazm
kültürü vasikaları"
(c. I, 1951), "Tuyhunlar ve
Başkurtlar" (1968), "Oğuz destanı. Reşiddedin Oğuznamesi. Tercüme ve Tahlili" (1972) və digər kitabları türklərin
dövlətçilik, sivilizasiya
tarixini, habelə etnoqrafiya və etnik köklərinin tədqiq baxımından mötəbər mənbələr
sayılır.
Həyatının son illərində
üzərində işləməyə
başladığı, lakin
tamamlaya bilmədiyi
"Xatirələr. Türküstan
ve diğər müsəlman Şərq
türklərinin milli mövcudluq
və kültür mübarizəsi" adlı
elmi-siyasi memuarları
da Zəki Vəlidinin
tarixi əhəmiyyətə
malik fundamental əsərləri sırasında yer almaqdadır. Əslində
bir ailə saqası kimi nəzərdə tutulmuş
xatiratında müəllif
şəxsi bioqrafiyası
prizmasından çıxış
edərək şərti
şəkildə "Rusiya
türkləri" adlandırıla
biləcək qədim
və zəngin mədəniyyətə malik türk
toplumunun ortaq dəyərlərini, etnik,
mədəni-mənəvi və
ictimai-siyasi həyat lövhələrini yaratmağı
qarşıya məqsəd
qoymuşdu. Ölkəmizə
də kifayət qədər yer və diqqət ayrılmışdı.
Tarixə baxış
genişliyi və obyektivliyi səbəbindədir
ki, "Xatirələr" sırf başqırd, yaxud türk hadisəsi kimi qalmayıb. Rus, ingilis, ayrı-ayrı hissələri
isə hətta Çin və yapon dillərinə də tərcümə edilib.
***
Zəki Vəlidi
Toğanın XX əsrin
əvvəllərindəki Azərbaycan ictimai-siyasi fikri, xüsusən də onun M.Ə.Rəsulzadə, Ə.Topçubaşı,
Ə.Ağaoğlu, Ə.Hüseynzadə
və b. nümayəndələri
ilə tanışlıq
və əlaqələri
Rusiya imperiyasının
süqutundan əvvəl
başlanmışdı. Etibarlı
zəminə, fikir və düşüncə
yaxınlığına, tarixi
tale oxşarlığına əsaslandığından çətin
mühacirət illərində
də davam etdirilmişdi.
Rusiya paytaxtında
yaşadığı 1915-1916-cı illərdə Zəki Vəlidi Əlimərdan bəy Topçubaşinin
böyük oğlu, həmin dövrdə Peterburq Universitetinin hüquq fakültəsində
təhsil alan Əli Əkbər bəylə tanış olub dostlaşmışdı.
Eyni zamanda Dumanın Müsəlman fraksiyasının Bürosunda
ata Topçubaşinin
qayğı və diqqətini daim üzərində hiss etmişdi.
Mübaliğəsiz demək
olar ki, Əlimərdan
bəyin türklüyə
təmənnasız xidmət
nümunəsi başqırd
gəncinin böyük
siyasətə gəlməsində,
mənsub olduğu xalqın və bütünlükdə Rusiya
türklərinin hüquqları
uğrunda mübarizəyə
qoşulmasında önəmli
rol oynamışdı.
Bunu aradan illər ötəndən
sonra xatirələrində
əksini tapmış
aşağıdakı səmimi
etirafdan da görmək
mümkündür: "Azərbaycanlı
Əlimərdan bəy
Topçubaşi ilə
qazaxlardan Əlixan Bukeyxanı xüsusi qeyd etməliyəm ki, mənə Rusiya islamlarını, həssasətən
Türküstan davalarını
yaxından öyrənməkdə
yardımda bulunmuşlardır".
Aralarındakı yaş fərqinə baxmayaraq, Əlimərdan bəylə
Zəki Vəlidini səmimi münasibətlər,
ideya yaxınlığı
birləşdirirdi. Əsası
1916-cı ildə qoyulan
və məslək birliyinə əsaslanan qarşılıqlı münasibətlər
zaman sədlərini aşaraq
azərbaycanlı siyasi
xadimin vəfatına qədər davam etmişdi. "Xatirələr"də
Rusiya türklərinin
siyasi mübarizə tarixində Ə.Topçubaşi
ilə bağlı yer alan bəzən
minnətdarlıq, bəzən
isə heyranlıq dolu epizodlar təkcə iki fərdin, iki şəxsin deyil, müəyyən mənada
iki xalqın mənəvi yaxınlığı,
dostluq və işbirliyi haqda danışmağa əsas
verir.
Fevral inqilabından
sonra Rusiyada qeyri-rus xalqların milli-azadlıq hərəkatının
genişlənməsi nəticəsində
siyasi partiyalar, eləcə də liderlər arasındakı
əlaqələr geniş
vüsət almışdı.
Milli ucqarlar, özəlliklə
yüzilliklər boyu imperiyanın ögey övladları sayılan türk xalqları inqilabın nəticələrindən
yararlanmaqda qətiyyət
nümayiş etdirdilər.
1917-ci ilin yaz aylarında biri-birinin ardınca Bakıda, Tiflisdə, Daşkənddə,
Qazanda, Ufada izdihamlı "müsəlman
qurultayları" keçirildi.
Regional toplantılarda gündəliyə
çıxarılan məsələlərin
daha geniş miqyasda müzakirəsi üçün 1-11 may tarixlərində
Moskvada Ümumrusiya müsəlmanları qurultayının
çağırılması ilə bağlı qərar qəbul edildi. Bu qurultaya hazırlıq və onun təşkili əksəriyyətin böyük
nüfuz sahibi kimi qəbul etdiyi Ə.Topçubaşini bir sıra regional liderlərlə,
o cümlədən, Zəki
Vəlidi ilə daha da yaxınlaşdırdı.
Qurultayın mayın
6-da Ə.Topçubaşinin
sədrliyi ilə keçən iclasında Zəki Vəlidi "Rusiya müsəlmanlarının
etnik təşəkkülləri
və onun siyasi həyatda əhəmiyyəti" mövzusunda
məruzə ilə çıxış etmişdi.
Məruzənin əsas
leytmotivi Rusiyada say etibarı ilə slavyanlardan sonra ikinci etnik toplum
mövqeyində dayanan
türklərin dövlət
və hökumətdə,
parlament və digər seçkili orqanlarda, ictimai və mədəni həyatın bütün
sahələrində bu
nisbətə uyğun
şəkildə təmsil
olunması məsələsi
idi. Müəllifin yazdığına görə,
"bütün həyatım
boyu yapdığım
mücadilənin proqramı"
olan məruzə başa çatan kimi "ictimaaya rəyasət edən Əlimərdan bəy Topçubaşi nitqim dolayısı ilə məmnuniyyətini ifadə
etdikdən sonra kürsüyə qədər
gələrək əlimi
sıxdı. Əlimərdan
bəy aradan on il keçəndən sonra Parisdə nəşr etdiyi bir məqalədə
də bu nitqi xatırlamışdı".
Mayın 7-də yenə
də Əlimərdan
bəyin sədrliyi altında keçən növbəti iclasda qurultayın əsas məsələsi - Rusiyanın
gələcək dövlət
şəkli ilə bağlı müzakirələr
başlanmışdı. Qeyri-rus
millətlər üçün
(təbii ki, söhbət
ilk növbədə "müsəlman"
xalqlardan gedirdi) milli-mədəni muxtariyyətlə
kifayətlənməyi yetərli
hesab edənlərlə
(sözçüləri Əhməd
Salikov və Ayaz İshaki idi) milli-federativ ərazi prinsipinə əsaslanan demokratik respublika ideyasının tərəfdarları
(M.Ə.Rəsulzadə,
Ə.Topçubaşi, Ə.Z.Validov,
A.Bukeyxanov və b.) arasındakı gərgin polemika, eləcə də ardınca keçirilən səsvermə
ikincilərin qələbəsi
ilə başa çatdı. Bu qələbənin
qazanılmasında Azərbaycan
nümayəndələrinin, ilk növbədə isə Ə.Topçubaşi-M.Ə.Rəsulzadə
tandeminin böyük rolu olmuşdu. Nəticədə "federalistlər"
271 səsə qarşı
446 səslə "unitaristlər",
yaxud milli-mədəni
muxtariyyət tərəfdarları
üzərində inamlı
qələbə qazanmışdılar.
Qurultaydakı gərgin
fikir toqquşmalarını,
siyasi polemikanı diqqətlə izləyən
Zəki Vəlidi azərbaycanlı liderlərin
rolu ilə bağlı mühüm məqama diqqət yetirərək yazırdı:
"Moskva konqresində Mərkəzi
Müsəlman Şurasını
təmsil etmək üzərə Əlimərdan
bəy Topçubaşi
seçildi. Bu şəxs,
habelə Məhəmməd Əmin Rəsulzadə, Krımlı Cəfər Seyid
Əhməd, qazaxlardan
Cahanşah Dosmühəmməd
kimi bariz federalistlər çox qüvvətli nitqlər söyləyib böyük
əksəriyyətin səsini
federasiya lehinə qazandırdılar". Məlumdur
ki, Ümumrusiya müsəlman
qurultayında Rusiyanın
gələcək idarə
şəklini konfederativ
dövlət kimi görən siyasətçilərin
başında Məhəmməd Əmin Rəsulzadə dayanırdı.
Qurultayın hazırlanması
prosesində "muxtariyyətçi"
Ə.Salikov ayıq tərpənərək
tərəfdarlarının ümummüsəlman forumunda
maksimum təmsilçiliyinə
çalışmışdı. Lakin azərbaycanlı, başqırd
və qazaxların siyasi iradə nümayiş etdirmələri
nəticəsində onun
planları baş tutmamışdı. Zəki
Vəlidinin etirafına
görə, "Əhməd
Salikov, Şakir Məhəmmədyarov və
Ayaz İshaki kimilərin
əksəriyyəti federalizm
əleyhdarı olacaqlarını
zənn etdikləri Qazan tatarlarını say miqdarından artıq gətirmişdilər. Lakim mükəmməl
azərbaycanlıların və
krımlıların da türküstanlılar
kimi federasiya tərəfdarı olduqlarını
və qələbəlik
gələn digərlərini
görüncə mənə
və Məhəmməd Əmin
Rəsulzadəyə küfürlər
(söyüş) yağdırırdılar".
Buna baxmayaraq, Azərbaycan-başqırd
ittifaqı Rusiyanın
gələcək federativ
quruluşu məsələsində
sona qədər mövqeyindən çəkilməmişdi.
Əsas məsələyə
münasibətdə alman tarixçisi
G.fon Mende ilə polemikaya
girən Zəki Vəlidi göstərirdi
ki, "başqırdlar və
azərbaycanlılar bu
konqredə hakim əksəriyyətin
əsas ünsürlərini
təşkil etdiklərindən
onların hər hansı bir cələsəyi (iclası)
tərk etmələrini
icab etdirən heç bir hadisə baş verməmişdi. Hətta muxtariyyət məsələsində
mətanət tövsiyə
etdikləri dolayısı
ilə Azərbaycan müməssillərinə (təmsilçilərinə)
bir məktub da sunulmuşdu". Yəni M.Ə.Rəsulzadə-Ə.Topçubaşov
tandeminin fəaliyyəti
xüsusi minnətdarlıqla
qarşılanmışdı.
Lakin may ayında federalistlərin unitaristlər üzərindəki
qələbəsi hələ
milli dövlətçiliyin taleyi ilə bağlı məsələnin
tam həlli sayıla bilməzdi. Sonuncular məğlub olsalar da, mövqelərindən geri
çəkilməmişdilər. 1917-ci
il avqustun 25-dən 28-nə qədər Moskvada, Müvəqqəti hökumətin
başçısı A.F.Kerenskinin sədrliyi
ilə keçirilən
Dövlət müşavirəsində
Əhməd Salikov və tərəfdarları
revanş götürə
bilərdilər. Ona görə
də Dövlət müşavirəsində Rusiyanın
çoxmilyonlu müsəlman
əhalisi adından kimi çıxış etməsi və imperiyanın gələcək
idarəçilik şəkli
ilə bağlı hansı mövqedə dayanması son dərəcə
önəmli, prinsipial
məsələ idi.
Zəki Vəlidi
"Xatirə"lərində federalistlərin əvvəlcədən
müəyyən hazırlıq
gördüklərinə işarə
edərək yazırdı:
"Orada (Moskvadakı
Dövlət müşavirəsi
nəzərdə tutulur
- V.Q.) Rusiya islamları
adına veriləcək
bəyanat haqqında və federasyon üçün konuşulması
gərəkdiyini, ukraynalılar
və beloruslarla buluşmamız lüzumunu
və bəyanatı
Moskva konqresinə rəyasət
etmiş Əlimərdan
bəy Topçubaşinin
söyləməsinin icab
etdiyini irəli sürdük. Moskvaya gəldikdən sonra azərbaycanlı zəngin
Əsədullayevin məktəbində
bu konfransa gələn bütün müsəlman deleqelərlə
qonuşaraq onlara da Əlimərdan bəyin qonuşması fikrini qəbul etdirdik. Əhməd Salikov və Ayaz İshakinin qurduqları planlar pozuldu".
Bu məğlubiyyətin acısı
A.F.Kerenski də daxil hamısı
siyasi mühacir həyatı yaşamağa
başlayandan sonra da Ə.Salikovla A.İshakinin
xatirindən silinməmişdi.
Onlar Berlində keçmiş Müvəqqəti
hökumət başçısının
redaktorluğu altında
çıxan panslavist
mövqeli "Dni"
qəzetində rus demokratiyası ilə qaynayıb-qarışdıqlarını, Rusiyanın unitar quruluşunu qoruyub saxlamaq məqsədi ilə hətta müsəlman qardaşları
ilə mübarizədən
çəkinmədiklərini bəyan etmişdilər. Zəki Vəlidi yazırdı ki, "bu hadisələr dolayısı
ilə ən çox üzülən şəxs azərbaycanlı
Əlimərdan bəy
Topçubaşi olmuşdu".
Xatirə müəllifinin iddia
etdiyinə görə,
Moskvadakı Dövlət
Müşavirəsindən əvvəl də A.İshakinin rəhbərliyi ilə bir qrup tatar
siyasi xadimi hökumət başçısı
knyaz G.Y.Lvovun yanına gedərək
"Biz malorosslar (ukraynalılar)
kimi sizdən ayrılmaq istəmirik. Biz
sizinlə bərabər
olmaq istəyirik",
- deyə bəyanat vermişdilər. Azərbaycanlı
siyasi liderlər isə türk-müsəlman
xalqların bu illüziyadan xilas olmasında həlledici rol oynamışdılar.
Mövcud siyasi partiyaları, Dumanın 4 çağırış bütün
üzvlərini, cəmiyyətdəki
əksər ictimai təşkilat və qüvvələri təmsil
edən 2500 nəfərdən
çox iştirakçının
qatıldığı Dövlət
müşavirəsində keçmiş
imperiyanın bütün
türk-müsəlman xalqları
adından danışan
Əlimərdan bəy
Rusiya müsəlmanlarının
çarizm dövründə
üzləşdikləri çoxsaylı
problemləri böyük
cəsarətlə dilə
gətirmişdi. Müşavirənin
iştirakçısı Zəki
Vəlidi bunu etiraf edərək yazmışdı: "Moskva Dövlət
Şurasında Topçubaşi
bizim davalarımızı,
Çin hüduduna atılan, sonra oradan geri dönən
qırğızlardan 83000 kişinin
öldürülməsi faciəsini
çox gözəl anlatdı. Fəqət
"Ex Orient lux" ("İşıq Şərqdən gəlir")
cümləsi ilə bitirdiyi nitqində ötəkiləri (burada Müvəqqəti hökumət
təmsilçiləri nəzərdə
tutulur - V.Q.) qırmayacaq ibarələr
kullanmağı da ehmal
etmədi".
Xatirələr aradan onilliklər keçəndən
sonra qələmə
alındığından və
çox güman, lazımi sənədlər
əlinin altında olmadığından müəllif
Ə.Topçubaşinin
geniş əhatə dairəsinə və təsir gücünə
malik nitqindən yalnız
bir-iki epizodu yada sala bilmişdi. Azərbaycanlı
siyasi lider Dövlət müşavirəsində Ümumrusiya
Müsəlman Şurası,
Ümumrusiya Müsəlman
Əsgəri Şurası,
Zaqafqaziya Mərkəzi
Komitəsi funksiyasını
yerinə yetirən Bakı müsəlmanlarının
siyasi və ictimai təşkilatları
komitəsi, Şimali Qafqaz və Dağıstanın birləşmiş
dağlılarının Mərkəzi
Komitəsi, Türküstan
ölkə şurası,
Krım vilayət komitəsi, Qırğız
və başqırd vilayət şuraları adından çıxış
etmişdi. Bu baxımdan
onun nitqində Rusiya müsəlmanlarının
böyük çoxluğunun
istək və tələbləri, ağrı
və həyəcanları
öz əksini tapmışdı. Burada təkcə qırğızların
faciəsi xatırladılmamışdı.
Krımda və Türküstanda müsəlman
əhalinin hüquqlarının
pozulması, erməni
fitnəkarlığı nəticəsində
Qafqaz müsəlmanlarının
hökumətin dəstəklədiyi
erməni terroru ilə üzləşməsi,
"islam camaatının
nisbi susqunluq" nümayiş etdirdiyi bir şəraitdə belə bu topluma
münasibətdə yol
verilən haqsızlığa
diqqət çəkilmiş,
cəsarətli fikirlər
söylənmiş, iradlar
bildirilmişdi. Eyni zamanda nitqdə gələcək Rusiya
ilə əlaqələrlə
bağlı ehtiyatlı,
praqmatik mövqe sərgiləndiyi də həqiqətdir. Çünki
qarşıda keçmiş
imperiyanın taleyini həll edəcək Müəssislər Məclisi
gözlənirdi. Bu baxımdan
Əlimərdan bəyin
mövqeyi prinsipial xarakter daşıyırdı.
Mənə elə gəlir ki, hətta aradan 70 il keçəndən
sonra, keçmiş
SSRİ-nin süqutu ərəfəsində qeyri-rus
millətlərin iradəsini
açıqlayan belə
bir ümumiləşdirilmiş
mövqe ortaya qoyulmamışdı.
Moskvadakı Dövlət
müşavirəsi 1905-ci ildən,
ilk türk qurultayı
günlərindən əlbir
çalışan Rusiyanın
türk-müsəlman liderlərinin
son dəfə bir araya gəldikləri ictimai toplantı idi. Oktyabr çevrilişi,
son ümid yeri olan Müəssislər Məclisinin dağıdılması,
keçmiş imperiyanı
bürüyən anarxiya
və hərc-mərclikdən
sonra yollar ayrılmışdı. Sağ
qalmış liderlərin
bəziləri bir də mühacirətdə
görüşə bilmişdilər.
1923-cü ilin sonlarında Parisə gələn Zəki Vəlidinin axtardığı ilk tanışlardan
biri Əlimərdan bəy olmuşdu. Onun ünvanını tatar siyasi xadimi,
Dövlət Dumasının
keçmiş deputatı
Sədri Məqsudi
Arsal vasitəsi ilə
öyrənmişdi. "Əli
Mərdan bəylə danışıb
bizim Avropada nələr yapacağımızı
bərabərcə düşünməmiş
lazımdır" - məsləhətini
verən də Sədri bəy olmuşdu. Zəki Vəlidi "Xatirələrində"
altı ilin məchulluğundan sonra
Fransa paytaxtında ilk görüşlərini
belə təsvir edirdi:
"Dekabrın 26-da Əlimərdan
bəyə telefon edib şəhər kənarında, Sent Cloud adlı
yerdə olan evinə getdik. Sevimli Əlimərdan bəy gələcəyimiz dəqiqəni
bilirmiş kimi bizi həmən evin qapısında qarşıladı. Qucaqlaşıb
görüşdük. 1917-ci sənəsi Moskvada Rusiya İslamları Konqresi və bir az sonra
Moskvada toplanan Rusiya Dövlət Konqresi dolayısı ilə kəndisi ilə eyni fikri
müdafiə etdiyimizdən
biri-birimizə iyicə
isinmişdik. Əlimərdan
bəyi özümə
atam kimi və xanımını anam kimi tələqqi
edirdim (sayırdım).
İki qızı və Peterburqda təhsildə olduğu zamandan bəri iyi tanıdığım oğlu
Əli Əkbər bəy yanında idilər. Rusiya islamlarının hürriyyət
mücadiləsi tarixində
parlaq yer tutmuş olan Əlimərdan bəyin və Peterburq universitetində farsca professoru olan babası (əslində atasının əmisi
-V.Q.) Mirzə Cəfər Topçubaşinin
həyatlarını, hətta
mənsub olduqları Borçalı (Boruc oğlu)
əşirətlərinin tarixini
iyi öyrənmiş olduğumdan
bu ailə mənə hər cəbhəsi ilə məlum idi. Söhbətimiz bir ailə münasibəti şəklində və çox dadlı idi. Evləri dəmir yol xəttinin altında olduğundan hər tren (qatar) keçməsi
bir gurultu qoparırdı. Fəqət
söhbətimiz çox
ciddi və səmimi olduğundan trenlərin səsini belə eşitmirdim".
Əgər xatirə
müəllifinin yazdıqlarına
inanmalı olsaq, Əlimərdan bəy görüş zamanı bəlkə də həddən artıq hissə qapıldığından
siyasi vəsiyyətini
də etmişdi. Zəki Vəlidiyə xitabən: "Mən artıq ixtiyarlandım (qocaldım). Bəlkə Vətənimi bir daha görmədən öləcəyəm. Rusiya
müsəlmanlarının işini Əmin Rəsulzadə ilə sizin öhdənizə buraxıram", - deyə
kövrəlmişdi.
Lakin bu, yalnız ani kövrəklik idi. Həyatının sonuna qədər idealı uğrunda mübarizədən
çəkilməyən Əlimərdan
bəy həmin axşam da keçmiş haqqında xatirələrə
qapılmaqdansa, daha çox qarşıda dayanan vəzifələr,
görüləsi işlər,
gələcəyin məqsəd
və hədəfləri
haqqında fikir mübadiləsi aparmışdı.
Siyasi sahədə böyük təcrübə
toplamış Zəki
Vəlidinin bundan sonra yalnız elmlə məşğul olmaq fikrini o qədər də təqdir etməmişdi.
Onu siyasi mühacirləri
öz ətrafında
toplamağa, basmaçı
rəhbərlərindən biri kimi sovetlərə
qarşı silahla apardığı mücadiləni
bu dəfə mətbuat və ideologiya sahəsinə keçirməyə ruhlandırmışdı:
"Əlimərdan bəylə
Avropada görüləcək
işlərimiz haqqında
danışdıq. Mən
"Avropada olmağımdan
ən çox elmi araşdırmalar baxımından istifadə
etmək istəyirəm"
- dediyimdə, "Siz
daha çox gəncsiniz. Elm qaçmır.
İndi türk və
İslam dünyasının ən qüvvətli mərkəzi olan bir ölkədə çətin mücadilələrdən
gəlmiş bulunuyorsunuz.
İlk öncə bu işləri düşünün.
Gürcülərlə, ukraynalılarla
görüşün. Maqsudov ilə də görüşəlim" - dedi".
Xatirələrdən 1924-cü il yanvarın
ilk günlərində Sədri
Maqsudinin evində Əlimərdan bəy, oğlu Əli Əkbər, Zəki Vəlidi Toğan, Əbdülqadir İnan və Mustafa Çokayoğlunun
iştirakı ilə
keçirilən görüş
zamanı hamının
ağsaqqal kimi qəbul etdiyi Əlimərdan bəyin azərbaycanlı, tatar, başqırd, qazax mühacirlərin bir araya gəlib siyasi məcmuə hazırlamaq təşəbbüsü
ilə çıxış
etdiyini öyrənirik.
Zəki Vəlidi
Toğan Türkiyə
vizası alıb İstanbula yola düşməyə hazırlaşdığı
ərəfədə Əlimərdan
bəy evində onun şərəfinə
vida məclisi düzəltmişdi. "Bu gün
almanlardan viza aldıq, - deyə xatirə müəllifi yazırdı: Həmin gün (13 fevral 1924-cü
il - V.Q.) Əlimərdan bəy
Sədri Maqsudi, Mustafa
Çokay və bir-iki azərbaycanlı tanışını yeməyə
və söhbətə
çağırmışdı. Avropada hansı işləri görəcəyimizlə
bağlı fikir mübadiləsi aparılacaqdı.
Əbdülqadirlə mən
bir az tez
gəlmişdik.
Bizdən sonra Sədri Maqsudi bəylə Çokayoğlu
gəldilər. Yeməkdən
sonrakı söhbət
zamanı bu iki şəxs sanki əvvəldən sözü bir araya qoyublarmış kimi "Biz gəmilərimizi
yandırmaq fikrində
deyilik" - dedilər
və müstəqillik
ideyasını məqbul
saymadıqlarını, Rusiyada
da elədikləri kimi
"böyük demokratik
Rusiya" uğrunda mübarizə aparacaqlarını,
müsəlmanların hüquqlarını
bu şərtlər daxilində qorumaq istədiklərini bildirdilər.
Əlimərdan bəy
"Məlum olur ki, sözün tam mənasında
birlikdə çalışmayacağıq
- dedi. - Əslində
bu da bir fikirdir, zatən bu fikri məsləkdaşlarınız
Moskva qurultayında da müdafiə
etmişdilər. Hər
halda görünür,
hələ müştərək
bir Rusiya Müsəlmanları Komitəsi
qurmaq zamanı gəlməmişdir". Çokayoğlu
söylədiyi fikri nisbətən yumşaltmaq
istədi. Amma Sədri
Maqsudi bəylə Əlimərdan bəy arasında bir ara sərt mübahisə
oldu. Bu məclis beləcə qapandı".
Ev sahibi ilə vidalaşandan sonra Zəki Vəlidi "Aramızda nə kimi fikir ixtilafı
olursa-olsun, biz dördümüz
və Əlimərdan
bəy bir ailənin övladıyıq",
- deyə mövqeyini bildirmiş, hər ikisi kadet partiyasının
üzvü olan Rusiya yanlılarının
səhv yola düşdüklərini açıq
şəkildə onların
üzünə deməkdən
də çəkinməmişdi.
Parisdə olduğu
günlərdə Azərbaycan
siyasi mühacirəti
arasındakı fikir ayrılıqları, daxili
çəkişmələr də Zəki Vəlidinin diqqətindən
yayınmamışdı. Digər
millətlərin nümayəndələrinin
ehtiramla yanaşdıqları
Ə.Topçubaşinin
həmvətənləri tərəfindən
yetərincə başa
düşülməməsi, qiymətləndirilməməsi xatirə müəllifinin
narahatlıq və təəssüfünü doğurmuşdu.
Paris müşahidələrini ümumiləşdirən müəllif
yazırdı: "Bir də
azərbaycanlılardan sosial-demokrat
Şeyxülislamzadə Əkbərlə
eserlərdən mühəndis
Abbasqulu Atamalıbəyov
vardı. Bunlar sosialist olmaqla Əlimərdan bəydən
ayrı hərəkət
edirlər və məni də Rusiya hüdudlarından kənarda yaşayan sosialistlər arasında bir sosialist cəbhə
yaratmağa dəvət
edirdilər. Mən də Avropadakı mühacirləri tam olaraq görmədən bir tərəfi tərcih etməyəcəyimi və
bizim ölkələrimizdə
sosializmin ancaq rus boyunduruğundan qurtardıqdan sonra müstəqil partiyaların
əsas hədəfləri
ola biləcəyini söylədim"
Parisdə, 1924-cü ilin
fevralında ayrıldıqdan
sonra Əlimərdan bəy Topçubaşi Zəki Vəlidinin ünsiyyəti ara-sıra,
ictimai-siyasi həyatın
önəmli məsələləri
ilə bağlı bir-birlərinə göndərdikləri
məktublarda davam etmişdi.
***
1920-ci ilin iyulunda Zəki
Vəlidi həyatında
ilk və son dəfə
Bakıda olmuşdu. Bolşevik işğalına
uğramış Azərbaycanının
paytaxtına Həştərxandan
gəlmişdi. Cibində
Rusiya Mərkəzi İcraiyyə Komitəsinin
üzvü biletini daşısa da, artıq bolşeviklərin hədəfində
olduğunu, izləndiyimi
bilirdi. Lakin çekistlərin
onu daha çox Türküstanda axtardıqlarına əmin
olduğundan Bakını
təhlükəsiz yer
saymışdı. Xatirələrdə
oxuyuruq: "5-6 Temmuzda
Bakıya gəldik. Burada tatar mühərrirlərindən
Hadi Atlasi və Abdullah Battal ilə görüşdük.
Hadi Atlasi əvvəlcə Duma əzası olan bir mühərrir və müvərrix (tarixçi) idi. Bolşeviklərdən qaçıb
Bakıya gəlmiş,
lakin o gəlincə bolşeviklər burasını
işğal etmişdilər.
Azərbaycanlılardan tanıdığımız
böyüklər ya dış məmləkətlərə
getmiş, ya da fərar halında idilər. Yalnız
Mümtaz Süleyman ilə (əslində görkəmli
ədəbiyyatşünas-alim Salman Mümtüz nəzərdə
tutulur - V.Q.) gizlində
görüşə bildim".
Xatirə müəllifinin görüşə
bilmədiyi "azərbaycanlı
böyüklər" sırasında
Əlimərdan bəy
və Məhəmməd Əminin
olduğunu güman etmək mümkündür.
Həmin vaxt onlardan birincisi Azərbaycan Cümhuriyyətini
sülh konfransında
təmsil etmək üçün getdiyi və bolşevik işğalından sonra geri qayıda bilmədiyi Parisdə, ikincisi isə bolşeviklərdən gizləndiyi
Lahıcda idi.
Bir həftə davam edən səyahət zamanı o, iki ay əvvəl qırmızıların
işğalına uğramış
Azərbaycan paytaxtının
tarixi yerləri, memarlıq abidələri
ilə tanış olmuşdu. "Bakıda epeyi sərbəst gəzib-dolaşdım. Əski
əsərləri, karvansaraları,
sarayları, cami və mədrəsələri
ziyarət etdim" - deyə sonralar xatırlamışdı.
Zəki Vəlidi
Bakıda türk kommunisti Mustafa Sübhinin mənzilində qalmışdı.
Təhlükəsizliyinin təmin
olunmasına "azərbaycanlı
Əmin Əfəndizadə
və krımlı Vəli
İbrahimov" cavabdeh idilər.
Onların hər ikisi bolşevik siyasətinə loyal münasibətləri
ilə seçildiklərindən
yanlarındakı qonaq
da şübhə doğurmamalı
idi. Sonralar Vəli
İbrahimov Krımın kommunist
lideri kimi tanınmışdı. "Əmin
Əfəndizadə əslən
bakılı olub
1917-ci ildə Müsavat
partiyası tərəfindən
Türküstana göndərilmişdi.
Orada kəndisi ilə görüşmüşdüm.
Sonra Türkiyəyə gəldi
və əslən tatar olan xanımı
ilə hələ də Türkiyədə yaşadığını zənn
edirəm", - deyə
Zəki Vəlidi Bakıda dostlaşdığı
başqa bir azərbaycanlını səmimiyyətlə
xatırlamışdı.
Bakıda bir həftə qalandan sonra Xəzə
rin qarşı
sahilindəki Qızılsu
dediyi Krasnovodska, oradan da Aşqabada getmişdi.
Avqustun sonlarında Bakıda öz işinə başlayacaq Şərq xalqlarının
I qurultayı ərəfəsində
yenidən gizli yollarla Azərbaycana gəlmişdi. "Xatirələr"ində
prinsip etibarı ilə belə bir qurultayın təşkili ideyasının
özünə məxsus
olduğunu iddia edirdi.
Aşqabadda olarkən
Qaçağan adlı
türkmən əsilli
vəkil tanışından
"Stalinin Bakıya gəlib Əmin Rəsulzadəni məiyyətinə
aldığını, onu
da yanına almaq istədiyini", amma tapa bilmədiyini
öyrənmişdi. Başqa
sözlə desək,
Stalin Bakı səfərində
təkcə Məhəmməd Əmini deyil, Zəki Vəlidi Toğanı da dam "əlinin
altında saxlamaq"
məqsədi ilə Moskvaya, "fəxri sürgünə" götürmək
istəmişdi. Orta Asiya nümayəndələrini
Krasnovodska aparan qatarda tanınmış qazax ictimai-siyasi xadimi Turar Rıskulovla
görüşmüş, Şərq Xalqlarının
qurultayının davam
etdiyi günlərdə
Bakıda necə əlaqə saxlayacaqları
məsələsini müzakirə
etmişdilər.
Bakıya türkmən
paltarında, şuralar
Azərbaycanın TBMM hökuməti
yanında ilk səfiri
İbrahim Əbilovu gətirən
gəminin zirzəmisində,
gizli şəkildə
gəlmişdi. Bakıda
gəmidən enərkən
əvvəldən tanıdığı
İ.Əbilova çatdırmaq üçün
məktub vermişdi. Sonralar azərbaycanlı
diplomat Turar Rıskulova
demişdi ki, hətta
Zəki Vəlidinin gəmidə olduğunu bilsəydi də, onu bolşeviklərə təslim etməzdi. Bu da həmin dövrdə
"müsəlman bolşeviklərlə"
onların əks cəbhədən olan dindaşları arasında
qatı düşmənçilik
və keçilməz
sədlərin olmadığını
göstərirdi.
Yenidən qeyri-leqal
şəraitdə Türkiyə
Kommunist Partiyası Mərkəzi Komitəsinin
binasında yaşayaraq
qurultaydakı Türküstan
nümayəndə heyətinin
məsləhətçisi, yaxud müşaviri kimi fəaliyyət göstərmişdi: "Burada
Türküstan təmsilçilərindən
əslən qırğız
olan İbrahim Canuzakov ilə hər gün görüşür, qurultay
müzakirələrində söyləyəcəkləri sözləri
və təklif edəcəkləri qətnamələri
birlikdə nəzərdən
keçirirdik. Hazırladığım
qətnamələr Canuzakov
və ya başqırd təmsilçisi
Hakimov tərəfindən
qurultaya təklif olunurdu".
Uzun
sərgüzştlərdən sonra 1924-cü ilin mayında həmişəlik
Türkiyəyə gəlib
yerləşməsi (bu
məsələdə Əhməd
Ağaoğlunun təşviqləri
də mühüm rol oynamışdı) Zəki Vəlidiyə çoxdan ayrı düşdüyü Azərbaycan
siyasi mühacirətinin
İstanbuldakı nümayəndələri
ilə görüşmək,
əlaqələri yeniləmək
və ünsiyyət qurmaq imkanı yaratmışdı.
Yeni məkanda ilk yardımına yetən isə köhnə dostu Məhəmməd Əmin
Rəsulzadə olmuşdu.
Eyni zamanda Azərbaycan mətbuatının
yaradıcılarından biri
olan, həm də daha əvvəldən
yaxşı tanıdığı,
"İran və Azəri-türk
ədəbiyyatına vaqif
bir şəxs" adlandırdığı Cəlal
Ünsizadə ilə
görüşüb köhnə
münasibətləri yeniləmişdi.
Zəki Vəlidinin
"Xatirələr"ində bu barədə oxuyuruq:
"20 may çərşənbə
günü səhər
İstanbula gəldik.
Bizə kəfil (zamin -V.Q.) lazım imiş. Bu məsələ
həll edilənə
qədər Bəyoğlu
karakolunda (polis şöbəsi - V.Q.) polis
nəzarəti altında
qaldıq. İndiyə
qədər həyatda
olan dostumuz Yaqub Apanay, azərbaycanlı
Məhəmməd Əmin
Rəsulzadə, türküstanlılardan
Osman Xoca və Meyan Büzürg
kəfil olaraq bizi polislərin əlindən qurtardılar".
Amma Məhəmməd
Əminin himayədarlığı
bununla bitməmişdi.
Əllərində müvəqqəti
türk pasportu və Berlindəki Türkiyə səfirliyinin
vizası olmasına rəğmən, polislər
Zəki Vəlidi Toğan və yoldaşları ilə şübhəli şəxs
kimi davranmışdılar.
Çətin məqamda
köməyə yenə Məhəmməd
Əmin gəlmişdi:
"Bizi kəfil
duranlardan Məhəmməd
Əmin Rəsulzadənin
Ayasofya Yerəbatandakı
ünvanına aparmalarını
xahiş etdik. Yanımıza bir polis də qoşdular.
Polis nəfəri bizi piyada aparırdı
və rastlaşdığı
hər adama haqqımızda məlumat
verərək "Ehtimal
ki, bunlar ermənidir" - deyə şübhəsini bildirirdi.
Nəhayət Rəsulzadənin
yanına gəldik. O,
bizimlə birlikdə Sultanəhməd polis karakoluna gedib "Bunlar erməni deyil, müsəlmandırlar",
- deyə polisin əlindən qurtardı. Sən demə, polisi bizdən şübhələnməyə vadar edən səbəb başımızdakı
şapqa imiş..."
İstanbulda yerləşəndən
bir neçə gün sonra Zəki Vəlidi Toğan gündəliyinə
aşağıdakı sətirləri
yazmışdı: "25 mayıs
1925. Mehmet Əmin Rəsulzadə ilə tam bir gecə
söhbət etdik. 26 mayıs. Azərbaycanlılar
bir çay süfrəsinə çağırdılar.
Hamısı məhəbbətlə
dolu insanlardır. 27 mayıs azərbaycanlıların
milli İstiqlal günü idi. Burada bir nitq
söylədim. Başqırdıstan
və Türküstan
muxtariyyət və istiqlal hərəkətlərinin
Müsavat firqəsinin
proqramında yazılmasının
tarixini şükranla
andım". Azərbaycan
Cümhuriyyətinin qısa
mövcudluğu dövründə
milli dövlət quruculuğunda əldə
edilən uğurlar barəsində xatirələrdə
yada salınanlar da azərbaycanlı mühacirlərlə ünsiyyətin
nəticəsi idi.
1920-ci illərin əvvəlində
Türkiyədəki türk
əsilli siyasi mühacirlər arasında
yalnız azərbaycanlılar
öz mətbu orqanlarını yarada bilmişdilər. Bu baxımdan birincilik çələngi M.Ə.Rəsulzadənin
təsisçisi və
redaktoru olduğu
"Yeni Kafkasiya"
(1923) dərgisinə məxsus
idi. İstər "Yeni Kafkasiya", istərsə də sonrakı illərdə çıxan digər Azərbaycan mühacir nəşrlərinin səhifələri
yalnız Qafqaz deyil, Volqaboyu və Orta Asiya
mühacirlərinin üzünə
açıq idi. Zəki Vəlidinin 1927-ci ildə məsləkdaşı
Mustafa Çokayla birlikdə əsasını
qoyduqları siyasi-ideoloji
istiqamətli "Jana
Turkestan" ("Yeni
Türküstan") jurnalı
yalnız ad deyil, məzmun və mündəricə baxımından da "Yeni Kafkasiya" ilə səsləşirdi.
Elmi-ədəbi-türkoloji nəşr kimi meydana çıxan, səhifələrində türk
xalqlarının tarixinə,
mədəniyyətinə, ictimai-siyasi vəziyyətinə,
müasir problemlərinə
geniş yer ayıran "Azərbaycan
Yurd Bilgisi" jurnalı başqırd türklərinə münasibətdə
xüsusi diqqət və "səxavəti"
ilə seçilmişdi.
Bu nəşrin səhifələrində Zəki
Vəlidi Toğanın
"Azərbaycan etnoqrafiyasına
dair" və "Azərbaycanın türk etnoqrafiyasına dair" adlı iri həcmli,
zəngin ərəb mənbələrinə əsaslanan
elmi məqalələri,
eləcə də digər başqırd mühacir müəlliflərinin
yazıları işıq
üzü görmüşdü.
Vilayət QULİYEV
525-ci qəzet.-
2024.- 20 yanvar, № 11.- S.18-20.