Mirzə Cəlilin evi önündə düşüncələr

YAXUD UZAQ-YAXIN İLLƏRDƏN BİR XATİRƏ

 

Unudulmaz şairimiz Mikayıl Müşfiqin dili ilə desək, "Şən Tiflis"lə ilk görüşüm 1977-ci ildə olub. İyun ayının sonları idi. Şimali  Qafqaza gedərkən yolüstü Tiflisdə qalmışdım. Mənim üçün çox maraqlı olan keçmiş Davidovski (indiki Besiki) küçəsini və vaxtilə Mirzə Cəlil Məmmədquluzadənin yaşadığı 24 nömrəli evi axtarıb tapmışdım.

Tiflisin ən gözəl yerlərindən biri "Müqəddəs dağ" (Mtasminda) və ya "Şeyx Sənan" dağıdır. Bu dağın döşündə Gürcüstanın şair, yazıçı və ictimai xadimlərinin dəfn edildiyi fəxri xiyaban - Panteon da yerləşir. Müqəddəs Davidovski kilsəsi də buradadır. 1829-cu ildə Tehranda vəhşicəsinə öldürülən rus yazıçısı və diplomatı A.S.Qriboyedov da burada dəfn edilib.

Keçmiş Davidovski küçəsi bu Panteondan başlanır. 1920-ci ildən sonra küçəyə gürcü yazıçısı Besikinin adı verilib. Bu da axtardığım 24 nömrəli ev! Hər bir azərbaycanlı ziyalı üçün əziz yer olan bu evdə, XX əsrin başlanğıcında, düz 118 il bundan əvvəl məşhur "Molla Nəsrəddin" jurnalı dünyaya göz açıb. İlk nömrəsində "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" müraciəti vardır. O jurnalın nəşri bütün Yaxın və Orta Şərqin gözlərini açıb, onlara azadlığın yolunu göstərib. Mirzə Cəlil Məmmədquluzadə bu jurnalı öz sadə ana dilində çıxarıb ki, xalqa doğru yolu göstərsin. Bu evin sahibi Tiflisdə çox mülkü olan Aleksandr Milov idi. Mirzə Cəlil bu evin 2-ci mərtəbəsini - ayı 40 manata - kirayələmişdi. 2-ci mərtəbədə otaqlar geniş və işıqlı idi. Evin birinci mərtəbəsində isə Toxadzelər yaşayırdı. Onlar qapıbir qonşu idilər. Küçədəki qapının biri Toxadzelərin evinə, o biri isə Mirzə Cəlilin yaşadığı evə açılırdı. Hər iki qapının üstündə poçt üçün kəsik var idi.

 Giriş qapısının üstündə Mirzə Cəlilin yaşadığı illərdən qalma zəng və cəftə vardı. Zəngin ipini çəkəndə zəng səslənirdi. İkinci mərtəbədən yenən ev sahibini qapıda dayanan kəs görmürdü, ancaq pilləkəndə dayanan adam qapını döyənin kim olduğunu görürdü. Böyük ustad Mirzə Cəlil öz təhlükəsizliyi üçün belə ev seçmişdi. Çünki "Molla Nəsrəddin"in dostları artdığı kimi, düşmənləri də yağışdan sonra çıxan göbələklər kimi çoxalırdı: mollalar, axundlar, bəylər, bəyzadələr, fabrik, zavod sahibləri, milyonçular, qoçular təhdidli məktublar yazırdılar. Söz düşmüşkən, həmin məktublara Gürcüstan Milli Arxivinin fondlarında rast gəlmişəm. İnana bilmirsən ki, bu gün həyatlarından və siyasi fəaliyyətlərindən səxavətlə yazılanlar vaxtı ilə Mirzə Cəlili ölümlə hədələyiblər. Amma Besiki küçəsində yaşayanların hamısı, milliyyətlərindən asılı olmayaraq, Mirzə Cəlil Məmmədquluzadəyə hörmətlə yanaşırdılar. Həm də onu qoruyurdular.

Keçən əsrin 60-cı illərində, Bakıda böyük ədibin anadan olmasının 100 illiyi gecəsində "Krokodil (timsah)" jurnalının baş redaktoru Q.Semyonov bir çox həqiqətləri ürəkdən söyləyib. O, çıxışında deyib ki, 1905-1907-ci illər Stolıpin irticası dövründə çar Rusiyasının Qafqaz kimi dinin, zorakılığın, hərc-mərcliyin hökm sürdüyü ucqarında satirik jurnal buraxmaq müstəsna cəsarət idi. Mirzə Cəlilin bütün həyatını və fəaliyyətini öyrənərkən görürük ki, o, qorxmaz, cəsarətli və mərd adam olub. Bir böyük həqiqəti də var ki, Mirzə Cəlil mətbuat fədaisi idi.

1983-cü ildə yenidən Mirzə Cəlilin bir vaxt yaşadığı evin önünə gəldim. Qapıdakı ipi çəkdim, qədimi zəng səsləndi. Mirzə Cəlilin vaxtında olduğu kimi. Ev sahibi Ketevan Kiasaşvili-Modebadze məni 2-ci mərtəbəyə dəvət etdi. Çox səmimiyyət göstərən bu ağbirçək qadın artıq təqaüdçü idi, amma 13 nömrəli poliklinikada həkim işləyirdi. Onunla söhbətimizi 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetinin avqust nömrəsində çap edilib. Çox gənc bir müəllif "Ədəbiyyat və incəsənət" qəzetində asanlıqla çap edilə bilməzdi o vaxtlar. Rəhmətlik şairimiz Abbas Abdulla köməklik etmişdi. Gərək ki, qəzetdə redaktor müavini işləyirdi. Ketevan İakimovna ilə söhbətimi təkrarlamaq fikrində deyiləm. Sadəcə bir-iki faktı xatırlamaq istərdim. O bu evdə 1931-ci ildən yaşayırdı. Həyat yoldaşı inqilabçı olduğundan sovet hökuməti bu evi onlara vermişdi. Nəvəsi Givi ilə dostlaşdıq. Həmyaşıd idik. Givi, Kiasaşvilinin mühəndis oğlunun övladı idi. Çox təəssüflər ki, həyatdan vaxtsız köçdü Givi Kiasaşvili.

Cəlil Məmmədquluzadə Tiflisdən tələsik köçüb gedib o zaman. Çünki hakimiyyət başına keçməkdə olan gürcü menşevikləri mütərəqqi jurnalları izləməyə və təqib etməyə başlamışdılar. Mirzə Cəlil evi boşaldan kimi onun 2-ci mərtəbədə yaşadığı iki otağı gürcü menşevik hökumətinin başçısı Noy Jordaniyanın şəxsi katibi Georgi Sinsadze, o biri otaqlarını isə madam Linden tutublar. Mirzə Cəlilin birinci mərtəbədə yaşayan qonşusu, Həmidə xanım Cavanşirin rəfiqəsi Nina Toxadze-Reşetnikovanın yazdığı xatirədən məlum olur ki, madam Linden, Gerasim Maxaradzeyə ərə getdiyindən, bir müddət bu ev Maxaradzelərə məxsus olub.

Həmin ev - indi

Gürcüstanda sovet hakimiyyəti qurulan zaman G.Sinzadze mühacirətə gedir. Mirzə Cəlilin yaşadığı evi inqilabçı İvan Kiasaşviliyə verirlər. Kalbatono (gürcücə xanım) Ketevan Kiasaşvilinin nəql etdiyi bir hadisə adamın qəlbini riqqətə gətirir. Mirzə Cəlilin yaşadığı evdə müxtəlif ailələr yaşasa da, onun dövründə divardan asılmış kəfkirli saat böyük qonaq otağında divarda idi. Saat işləməsə də, madam Linden tərəfindən qorunub və o köçüb gedəndə aparmayıb. Kiasaşvililərə deyib ki, bu saat "Molla Nəsrəddin"in naşiri Mirzə Cəlilindir. Ketevan Kiasaşvili divar saatını mənə göstərdi. Mən o saatın fotoşəklini Bakıda yaşayan Qəmər xanım Cavanşirin albomunda görmüşdüm. 1981-ci ilin yazında gedəndə həmin evdə saatı görmədim.

Gürcüstanın Əməkdar həkimi Ketevan Kiasaşvili bildirdi ki, Bakıdan Azərbaycan televiziyasının işçiləri bizə gəlmişdilər, burada sənədli film çəkirdilər. Həmin divar saatını onlara bağışladım ki, muzeyə versinlər. İşləməsə də, uzun illər böyük yazıçının şəxsi əşyası kimi qiymətlidir, muzey üçün yaxşı eksponat olar. Aradan çox illər ötüb keçib. Çoxdan Mirzə Cəlilin Bakıdakı ev-muzeyində olmadığımdan, bilmirəm o divar saatı indi muzeydədir, ya yox. Axırıncı dəfə Mirzə Cəlilin Bakıdakı ev-muzeyinə getmək üçün xeyli mənasız əziyyət çəkmişəm, ona görə də sonralar yolumu oraya salmamışam. Bu haqda ətraflı danışmaq istəmirəm...

Buradaca yazımı saxlayıram və böyük yazıçımız Anarın Mirzə Cəlilə həsr etdiyi "Anlamaq dərdi"essesini oxuyuram. Yaradıcılıq sirlərimi açmağı xoşlamasam da, deyim ki, hər il bir dəfə yanvarın 4-də bu esseni oxuyuram. Böyük ədibimizin həyatına, yaradıcılığına aid irihəcmli əsərlər yazılıb, nəşr olunub. Amma "Anlamaq dərdi" essesində böyük kədər, üzücü qüssə var. Bu essedə Mirzə Cəlilin əzəmətli abidəsi var. Onun haqqında heç kimin yazmadığını, yaxud yazmaq istəmədiklərini Anar yazıb. Özü də elə ürəkdən yazıb ki, essedən doya bilmirsən. Oxuduqca qüdrətli söz ustadımızın hələlik heykəltaraşlar tərəfindən yaradılmayan əzəmətli heykəli göz önünə gəlir... Sanki ömrü boyu həqiqət axtarmış Mirzə Cəlilin kədərli, cəsarətli səsini də eşidirik. Oxuduğum bir xatirə düşür yadıma. Borjomidə istirahət edən Mirzə Cəlil hər gün dəmiryol vağzalına, Tiflis-Borjomi sərnişin qatarını qarşılamağa gedərmiş. Əlindəki əsaya dayanar və gözləri intizarla yol çəkərmiş. Bunu izləyən bir nəfər Mirzə Cəlildən kimisə gözlədiyini soruşur. Böyük ədib cavab verir ki, deyirəm, bəlkə bir yaxın tanış gördüm, azacıq da olsa söhbətləşək, dərdləşək... Bundan böyük yazıçı kədəri olarmı?

Anarın essesindən bir hissəni indicə xatırladım. Niyəsini bir az sonra yazacağam: "Cəlil Məmmədquluzadə Mirzə Fətəli haqqında essesini belə başlayır: "Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır". Bu tövsiyələr Mirzə Cəlilin özünə də aiddir. Ancaq bu iki tövsiyəyə üçüncüsünü də əlavə etmək gərəkdir: "Mirzə Cəlil Məmmədquluzadə barəsində ya həqiqəti yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır". "Anlamaq dərdi" essesi 1967-ci ildə yazılıb. Həmin vaxtdan 57 il keçir. Yazıçının yazdıqları bu gün də aktualdır. 2004-cü ildən hər il (2016-cı ilədək) Tiflisə elmi axtarışlara gedirdim və orada olarkən Besiki 24 nömrəli evin önünə də gedib böyük ədibimizi xatırlayırdım. Onu da deyim ki, Qorqasali küçəsindəki 17 nömrəli ev - M.F.Axundovun yaşadığı mülk mənim üçün doğma məkan idi, yadlar yaşasa da. Çox sevinirəm ki, indi orada ürəyimizcə olan ev-muzeyi yaradılıb. Sonralar mətbuatdan xəbər tutdum ki, Tiflisdə, Besikidəki 24 nömrəli evdə Mirzə Cəlilin ev-muzeyi yaradılıb. Ona görə də Tiflisə gələn kimi Besiki küçəsi ilə üzüyuxarı yoxuşu tələsik qalxdım ki, muzeyə baş çəkim. Amma... Təəssüf...

Axtarıb muzeyin gözətçisini tapdım. Gəlib qapını açdı. Baxdım. Muzey 1-ci mərtəbədəki kiçik 2 otaq və 1 zirzəmidən ibarətdir. Axı Mirzə Cəlil bu mərtəbədə yaşamayıb. O, 2-ci mərtəbədə, çox geniş, rahat otaqlarda yaşayıb, yazıb-yaradıb. Birinci mərtəbə Toxadze-Reşetnikovların olub. Müstəqil muzey statusu yoxdur. M.F.Axundovun ev-muzeyinin nəzdindədir. İndi fəaliyyət göstərmir. Binanın yanındakı evlər sökülüb. Artıq 24 nömrəli ev də qəzalı vəziyyətə düşüb. Təmirə ehtiyacı var. Mirzə Cəlilin yaşadığı 2-ci mərtəbədə isə Kiasaşvililərdən kimsə olur.

2010-cu ilin noyabrında Tiflisdə elmi axtarışlarda olarkən, Besiki küçəsində mənzil kirayələyib qalırdım. Hər gün axşamı saat 9-da, qaldığım mənzilə qayıdanda, Mirzə Cəlilin və doğmalarının yaşadığı evin önündə dayanır və dünyaya səs salan "Molla Nəsrəddin"nin mərkəzi poçta aparılan jurnal bağlamalarını xatırlayırdım... Vaxtında bu binanın hamısını ucuz qiymətə almaq olardı. "Molla Nəsrəddin" jurnalının naşirinə, böyük ədibə layiq ev-muzeyi yaratmaq mümkün idi. Bu haqda qəmli təəssüratlarım bitməz. Mənim fikrimcə, gəlin hamılıqca, heç olmazsa, 3-4 ildən bir "Anlamaq dərdi" essesini oxuyaq. Onda hər şey bizə aydın olar. Həmin binadan çəkilmiş fotoları da yazımıza daxil edirəm. Heç olmasa, tariximizdə qalsın...

Axırıncı dəfə "Besiki 24" ilə vidalaşanda axşamüstü idi. Mirzə Cəlilin uzun illər yaşayıb-yaratdığı bu qəm-qüssəli, sahibini gözləyən evinə baxdım, baxdım... Və vaxtilə Borjomidə dərdləşməyə adam gözləyən Mirzə Cəlil Məmmədquluzadəni bir daha xatırladım...

 

Musa RƏHİMOĞLU-QULİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.23.