Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 Kleopatra şəhərə gəldikdən sonra, Antoni ona şam yeməyinə gəlmək barədə dəvət göndərdi. Çariça isə fikirləşirdi ki, əvvəlcə Antoninin onun yanına gəlməsi daha məqsədə uyğundur. Öz xoş münasibətini və ədəb-ərkanını göstərmək üçün Antoni çariçanın yanına yollandı və ağlasığmayan hazırlıqlar aparıldığını gördü, lakin ən çox nəzərəçarpan çoxsaylı işıq mənbələri idi.

Sonrakı gün isə Antoni onu şama dəvət etdi və istəyirdi ki, bu qəbulda onu ötüb-keçsin, lakin özü də gördü ki, hər iki məsələdə o, bu qadına uduzmuşdur. Buna görə də o, öz kasıblığına və kobud yöndəmsizliyinə özü istehza ilə gülürdü. Kleopatra, əsgərə məxsus olan onun belə bayağı, kobud zarafatlarına qoşuldu və onun şit hərəkətlərinə də elə bir müqavimət göstərmirdi. Bircə şey var idi ki, bu qadın fövqəladə bir gözəlliyə malik olduğundan, onu heç nə ilə müqayisə etmək mümkün deyildi və onunla görüşənlər, onunla bir yerdə yaşayanlar bu məftunluğa müqavimət belə, göstərə bilmirdilər. Axı ilahi gözəlliyin qeyri-adi, insanın dərk edə bilmədiyi məhvedici təsiri olur, az-çox gözəlliyi duyan adam onun əsirliyindən uzaqlaşa bilmir, əksinə, özünü təslim edir, bu gözəlliyə qul olur və bu köləlik onu dünyanın bütün qayğılarından, qanunlarından, prinsiplərindən və qadağalardan azad edir. Bu gözəllik elə bir şərabdır ki, onun bircə qurtumu, bircə dəfə dadılması uzun müddət və ya həmişəlik insanı məst edir, real həyatdan ayırır və yalnız xəyallarda, təsəvvürlərdə mövcud olan sürrealist dünyanın sakininə çevirir. Gözəllik dənizində boğulanlar bu məhvi özlərinin yeganə xilası və ağlasığmaz xoşbəxtliyi kimi qəbul edir, həyatın və ömürün bütün sərhədlərini, dünyanın böyük ərazisini kiçildərək, yalnız məhəbbət planetində yaşamağa başlayır və virtual fantastik aləm onlara yer üzərində, bəlkə də, cənnətə məxsus olan ləzzətləri verir. Kleopatra da hətta məhz böyük bir ordunu məğlub edib, əsir götürməyə qadir olan bir gözəlliyə malik idi. Onun cazibədarlığı, məftunedici zahiri əlamətləri, çox şirin lətafətli söhbətləri məlahətli xarakteri ilə bir yerdə, adamları öz sehrinə salırdı. Onun səsini eşitməkdən hər kəs ləzzət alırdı. Bu, səs çox səmimi musiqi alətinə bənzəyirdi. Axı deyirlər ki, ən nadir və daha gözəl musiqi aləti insan boğazı və səsi hesab olunur. Həm də o, danışdıqda bir dildən başqa dilə asanlıqla keçə bilirdi. Hətta bir çox barbar xalqlarının nümayəndələrinə o, tərcüməçi kimi cavab verirdi. Kleopatra həbəş, yəhudi, ərəb, Suriya, Midiya, Parfiya və digər dilləri öyrənmiş, onlarda çox gözəl danışırdı. Bu, ona görə təəccüblü idi ki, onun əcdadları olan çarların çoxu misirlilərin dilini öyrənməkdə çətinlik çəkmişdilər, bəziləri isə öz makedoniyalı dilini də unutmuşdu.

Antoni ona elə vurulmuşdu ki, bu vaxt baş verən mühüm hadisələrə belə əhəmiyyət vermirdi. Antoni ilə Kleopatranın görüşü 41-ci ildə baş vermişdi və bu vaxtdan bu qadın onun məşuqəsi, 37-ci ildən isə rəsmi nikahla təsbit edilmiş arvadı olmuşdu. Bu vaxtlar Labienin komandanlığı altında Parfiya qoşunları Mesopotamiyada toplaşmışdı və Suriyaya hərbi müdaxilə etməyə hazır idi. Bütün bu məsələ ilə məşğul olmaq əvəzinə, o, Kleopatra ilə birlikdə Aleksandriyaya yollandı və 41-ci illərin qış tətilini ziyafət və şənliklərdə keçirdi. Bu günlər. sərkərdə üçün ən qiymətli şeylərdən belə daha dəyərli və əziz görünürdü. Antoni və Kleopatra "Müstəsna Qurmanlar" kimi xüsusi adla adlandırdıqları bir cəmiyyət yaratdılar. Bu cəmiyyət üzvləri bir-birini ləzzətli xörəyi dadmaq naminə, ölçü hissindən uzaq olan qeyri-adi məsrəflərlə əylənirdilər, qonaqlıqlar təşkil edirdilər. O vaxtlar Aleksandriyada olan bəzi romalılar əfsanəyə bənzəyən bu qonaqlıqlar haqqında ağızdolusu danışırdılar. Bir şam yeməyinə hazırlıq görülən mətbəxdə bir romalı qızardılmış səkkiz vəhşi qabanı gördükdə, qonaqların çox olacağını güman etdi və bu vaxt aşpaz onun sadəlövhlüyünə gülərək demişdi ki, qonaqlar on iki nəfərdən çox olmayacaq. Xörək bircə dəqiqə gecikmiş olsa, xarab hesab edilir. Sonra aşpaz əlavə etmişdi ki, onun ağaları bu saat yeməsə, ola bilər ki, şərab istəyəcək və ya söbət edəcək, ona görə də bu vaxt süfrə üstündə olan yemək götürülməlidir. Beləliklə, bu, heç də, birinci dəfə deyil, bütün şam yeməklərinə belə hazırlıq olmalıdır, çünki onların şam saatını əvvəlcədən güman etmək qeyri-mümkündür. Antoninin Fulviyadan olan böyük oğlu bir həkimə, ona otaqda gördüklərinin hamısını "sənə hədiyyə kimi verirəm" - dedi və bu vaxt ətrafda olan boşqabları göstərdi. Həkim minnətdarlığını bildirərək fikirləşirdi ki, bu yaşda olan oğlan, heç bu əşyaların qiyməti haqqında da elə bir təsəvvürə malik deyil. Bundan bir az sonra bütün boşqabları onun evinə gətirdilər və o, bunların üstündə nişan qoymaq və belə hədiyyəni götürməkdən qorxaraq, onları özündən kənarlaşdırmaq istədi və gətirən adama dedi ki, bu nə narahatçılıqdır? Ona belə cavab verdilər ki, sənə bunu verən adam Antoninin oğludur və o, bunların hamısı qızıldan da olsa belə, bu hədiyyəni verməkdə sərbəstdir, lakin sən mənim məsləhətimə qulaq assan, məsləhət görərdim ki, onların dəyəri qədər pulu bizdən qəbul et, çünki onların arasında elə əntiq və məşhur sənətkarların əsərləri ola bilər ki, onlar üçün Antoni heyifsilənə bilər.

Antonini belə eyş-işrət cəlb etdiyi halda, Kleopatranın özünün maraq dairəsi olduqca geniş idi. Onda tərifə layiq xüsusiyyətlər saysız-hesabsız idi. Böyük yunan filosofu Platon dörd növ tərif obyektini qəbul edirdisə, bu qadın yüzlərlə belə tərif olunmalı xüsusiyyətlərə malik idi. Antoni ciddi olduqda və ya şadlanmaq istədikdə Kleopatra hər an onun arzusuna uyğun olan yeni şənlik növü və ya məlahət tapa bilirdi. Hər bir dövrdə bu qadın ona təsir edə bilirdi və nə gündüz, nə də gecə Antoninin ondan uzaqlaşmasına imkan verirdi. Kleopatra onunla zər atır, onunla birlikdə şərab içir və ova gedirdi. Sərkərdə ordu ilə məşq etdikdə də, məşuqəsi bu məşqlərə tamaşa edirdi. Gecələr Kleopatra qulluqçu qadın paltarında küçələrdə onunla birlikdə gəzirdi ki, adamları narahat etsin və onlara əziyyət versin, nökərlər Antoniyə, demək olar ki, nifrət edirdilər və bu gəzintilərdən o, qaça-qaça, bəzi hallarda isə döyülmüş halda qayıdırdı, baxmayaraq ki, adamların çoxu onun kim olduğunu yaxşı fərz edirdi. Buna baxmayaraq, aleksandriyalılar, ümumən, onu sevirdilər, onun şıltaqlığına və oyunlarına qoşulurdular, deyirdilər ki, onlar Antoninin Romadakı faciəli işlərdəki iştirakının əsas baiskarlarıdır və onun komediyasını özləri üçün qoruyub saxlayırdılar. Belə vecsiz şeylər isə qurtarmaq bilmədiyindən, Antoninin ağılsızlığının bir xüsusiyyətinə çevrilmişdi, lakin onun balıq ovu barədəki əhvalatını, demək olar ki, hamı bilirdi.

O, bir dəfə Kleopatra ilə birlikdə balıq tutmağa getdi və məşuqəsinin yanında bəxti gətirməyib, heç nə tuta bilmədiyi üçün balıqçılara göstəriş vermişdi ki, suyun altına batıb, balıqları onun qarmağına taxsınlar. Misirlilər balıq taxan kimi o, sürətlə tilovu sudan çıxarırdı. Bundan çox məmnun olan məşuqə çariça hamıya Antoninin çox cəld balıq ovçusu olduğunu söyləyirdi və onları sabahısı günü gəlib, romalı sərkərdənin balıq tutmasına baxmağa dəvət etdi. Bir neçə adam balıqçı qayıqlarının göyərtəsindən balıq ovunu müşahidə edirdi və Antoni tilovunu suya saldıqda dalğıçlara qoşulmuş nökərlərindən biri - mətbəxdə işləyən yeniyetmə oğlan su altında yaxşı üzdüyünü deyib onlara qoşuldu. O, mətbəxdəki duzlu balıqları götürdü. Misirdə duzlu balıq olmurdu. Onu Pontdan gətirirdilər. Yeniyetmə həmin götürdüyü balığı qarmağa taxdı. Antoni qarmağa ov taxıldığını hiss edib, tilovu sudan çıxardı və nə baş verdiyini anladıqda, hamı bərkdən gülməyə başladı. Bu vaxt Kleopatra pərt olmuşdu, Antonini müdafiə etmək üçün ucadan dedi: "Gedək, general, balıq tilovu biz fağır Faros və Kanop hökmranları üçündür. Sizin ovunuz isə şəhərlər, əyalətlər və səltənətlərdir".

Müttəfiqlər öz aralarındakı ittifaqı möhkəmləndirmək qərarına gəldilər. Brundiziyada bağladıqları yeni müqavilə Antoni ilə Oktavianın sonrakı münasibətlərini bir qədər yaxşılaşdırdı. Onların münasibətlərinin yumşalmasında o vaxtlar Romada dəbdə olan və mənəvi cəhətdən yüksək prinsiplərə malik olan, həm də adamlar tərəfindən kəskin surətdə pislənən sülalə nikahı da öz rolunu oynadı. Oktavianın qatı düşməni olan Fulviya öldüyü üçün, Antoni Oktavianın bacısı və bu yaxınlarda dul qalmış Oktaviya ilə evləndi. Sonra isə müttəqfiqlər Puteolda 39-cu ildə Sekst Pompeylə müqavilə bağladılar və bu müqaviləyə görə, Pompey bütün dəniz qüvvələrinin komandanı oldu, ona Siciliya və Sardiniya adaları verildi. Bundan sonra Antoni yenə Şərqə yollandı və burada onun başı Suriyanın və Kiçik Asiyanın bəzi vilayətlərini işğal etmiş parfiyalılara qarışdı. Onun sərkərdəsi bu əraziləri parfityalılardan geri ala bildi. Lakin İtaliyada vəziyyət yaxşılaşmırdı. Sekst Pompey yenə də bura ərzaq gətirilməsinə öz donanması ilə ciddi maneçilik törədirdi. Romadan çoxlu qul Pompeyin hökmranlığında olan Siciliyaya qaçırdı. Dövlət üçün böyük təhlükəyə çevrilmiş Pompeyin bu yarımquldur dövləti ilə birdəfəlik məsələni həll etmək üçün Oktavian onunla müharibə aparmağı və Siciliyanı işğal etməyi qərara aldı. Lakin dəniz döyüşü Oktavian üçün olduqca uğursuz getdiyindən, o, Antonidən kömək xahiş etdi. 37-ci ilin birinci yarısında onlar Tarendə görüşdülər. Antoni öz müttəfiqinə 130 gəmi verdi, əvəzində ondan Parfiya yürüşü üçün 20 min əsgər aldı. Bundan sonra Aqrippanın komandanlığı altında 36-cı ildəki iki dəniz döyüşündə romalılar Pompey donanmasını darmadağın etdilər və Oktavian Siciliyanı da öz hökmranlığına götürdü.

Antoni bu dəfə Şərqə yollanarkən təzə arvadını və əvvəlki arvadı Fulviyadan olan uşaqlarını Oktaviyanın himayəsində qoyub getmişdi. Lakin Kleopatraya olan vurğunluq bir bəla kimi xeyli uzun sürürdü. O, Suriyaya döndükdən sonra yenidən məhəbbət alovunda yanmağa başladı və Kleopatranı Suriyaya gətirmək üçün onun arxasınca adam göndərdi. Kleopatranın gəlişinə o, hədiyyə də hazırlamışdı. Finikiyanı, Kalesuriyanı, Kipri, Kilikiyanın böyük bir hissəsini, İudeyanın balzam istehsal edən hissəsini, Ərəbistanın Nabateya tərəfdə dənizə qədər genişlənmiş hissəsini o, çariçaya bağışlamaq istəyirdi. Əlbəttə, Romanın işğal etdiyi bu torpaqların kimlərəsə hədiyyə verilməsi, romalıların Antoniyə qarşı nifrətinin yaranmasına səbəb oldu. Bundan başqa, o, bir sıra özəl adamlara böyük hökumətləri və çarlıqları idarə etmək həvalə edirdi və həmçinin İudeya çarı Antiqonous kimi ona xəyanət edən çarların boynunu vurdururdu. Lakin romalıları ən çox hiddətləndirən onun Kleopatraya belə ehtiram göstərməsi idi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.22.