Güntay Hüseynli: “Biz daha çox qonşuda
olanı istəyirik..."
HEYKƏLTARAŞ GÜNTAY HÜSEYNLİ İLƏ
ÖZ YARADICILIĞINDAN VƏ BU SƏNƏTƏ
İCTİMAİ MÜNASİBƏTDƏN DANIŞDIQ
- "Heykəl kimi dayandı lal!"
Fotoqraf dostum Fazil təzə-təzə maşın
sürür deyə çox da başını qatmaq istəmirdim.
Amma birdən bu misranı xatırladım. Sözümü kəsib
ani reaksiya verdi:
- Nəbadə bunu heykəltaraşla görüşəndə
deyəsən... Xətirinə dəyə bilər. Onlar elə
düşünürlər ki, heykəllər lal deyil,
danışırlar...
Dəhşət tıxac var idi, 2 saatdır, mənzil
başına çata bilmirdik.
- Ay Nadir, şəhərin mərkəzində
müsahibə almaq üçün bir heykəltaraş tapa
bilmirdin?
- Mənim axtardığım heykəltaraş məhz
odur! Güntay Hüseynli... Onun üslubu tamam başqadır...
Fazil deyinə-deyinə məni emalatxanaya
çatdırdı. Kamerasını götürüb
qabağıma düşdü...
Güntay Hüseynli 1995-ci ildə Bakıda anadan olub.
2015-2018-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq
kollecində, 2018-2022-ci illərdə Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında heykəltaraşlıq üzrə
təhsil alıb. Minimalist heykəltaraşdı və
postmodern üslubda işlər ərsəyə gətirir.
Uzun sözün qısası, konyukturadan uzaq, yenilikçi və
əsl sənətlə məşğul olmağa
çalışan Güntay Hüseynlinin emalatxanasından
reportajı təqdim edirəm.
Güntayın sosial şəbəkələrdə
paylaşılan kompozisiyaları ilə tanımışam. O,
bir ideyanı əsas götürür, minimalist bir üslubda
işləyir və ərsəyə gələn əsərin
videogörüntüsünü hansısa bir retro musiqi fonunda
paylaşır. Ən maraqlı nüans isə həmin əsərə
verilən addır: Güntay Hüseynli, sözün əsl mənasında,
yaradıcıdır; söz, heykəl, musiqi...
Emalatxanaya daxil olan kimi tarda "Qaval" rəqsi
eşidildi. Güntay yutubdan tarzən Şəhriyar
İmanovun ifasında "Şur rəqsləri"ni
qoşmuşdu. Elə bil televiziya verilişi
hazırlayırdıq, bircə Fazilin video-kamerası
çatmırdı.
Divardakı stendlərə, şkaflara qoyulmuş əl
işlərini maraqla izləyib Güntayla ayaqüstü
söhbətimiz oldu, bir növ, müsahibənin
ekspozisiyası kimi... Emalatxanada əsas otaqdan digər otaqlara
iki qapı açılırdı. İlk həmin otaqlar mənə
maraqlı gəldi. Daxil olan kimi Ümummilli lider Heydər
Əliyevin büstünü gördüm. Müəllifdən
bu sifariş barədə xəbər aldım:
- Son illərinin təsviridir. Bu büst Arxangelsk vilayətinə
gedəcək. Orda azərbaycanlı biznesmenin
"Şuşa" adlı mədəniyyət mərkəzi
var. O, bundan əvvəl Müslüm Maqomayevin və Fərman
Salmanovun barelyefini sifariş etmişdi. Arxangelskin qubernatoru ermənidir.
Həmin mədəniyyət evinin adının
"Şuşa" olması onu narahat edir. Buna baxmayaraq, həmin
mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Hətta erməni qubernator Müslüm Maqomayevin müəllifi
olduğum barelyefini də sökdürüb, sonradan müəyyən
müraciətlər nəticəsində barelyef bərpa
olunub.
Güntayın atası Vaqif Ucatay rəssam olub. Uzun illər
Ə.Əzimzadə adına Rəssamlıq kollecində
pedaqoji fəaliyyət göstərib. Emalatxanada bir-iki rəsm
əsəri gördüm və yəqin etdim ki, bunlar mərhum
rəssam Vaqif Ucatayındır.
- Bu şəkillərin müəllifi
atandırmı?
- Xeyr, həyat yoldaşımın rəsmləridir. Mənim
yoldaşım da rəssamdır.
- Yəqin tanışlığınız universitetdən
başlayıb.
- Açığı, yaşca kiçik olsa da, o, məndən
bir kurs yuxarı oxuyub. Universitet vaxtı
tanışlığımız olmayıb.
- Birgə nəsə
hazırlamısınızmı?
- Mən düzəldirəm, o rəngləyir.
Sosial şəbəkədə gördüyüm əsərləri
canlı izləmək və onlar barədə maraqlanmaq
çəkilmək istədiyin filmin obrazına çevrilmək
kimi bir şey idi...
- Yəqin, əsl sənət nümunələrinin
alıcısı gec tapılar...
- Biz daha çox qonşuda olanı istəyirik. Təəssüf...
Molla Pənah Vaqifin plastilinlə işlənmiş
kiçik heykəlini görüb diqqətlə nəzərdən
keçirdim:
- Bunu sən düzəltmisən?
- O, Nahidin diplom eskizlərindən biridir. Nahid də Rəssamlıq
Akademiyasını bitirib, qrup yoldaşım olub.
Qeyd edim ki, Nahid emalatxanada Güntayla birgə
çalışır. Sakit xarakteri var, onunla söhbət etmək
qəliz məsələdir. Emalatxanadakı əl işlərini
marağımı cəlb elədi. İndi isə yenicə
dünyasını dəyişmiş nənəsinin heykəlini
tamamlamaq üzrə idi.
Emalatxanada Vaqif Ucatayın kiçik heykəli də
var idi. Həmin heykəlin böyük versiyası indi onun məzarı
üstündə ucaldılıb.
- Bu kiçik heykəli atan dünyasını dəyişəndən
sonra hazırlamışdın?
- Yox, sağlığında natura kimi
dayanmışdı və bunu onun üçün işləmişdim.
Rəhmətə gedəndən sonra qəbirüstü
üçün nə edəcəyimizi çox fikirləşdik,
bir neçə eskiz hazırladıq. Son anda qərara gəldik
ki, sağlığında necə dayanmışdısa, heykəlini
o cür işləyək. Amma heç ağlıma gəlməzdi
ki, o kiçik heykəlin böyük versiyasını bir
gün məzarı üstündə ucaldacam. Bəlkə, bu
da heykəltaraş taleyidir...
- Bəs sən nə əcəb "Ucatay"ı təxəllüs
kimi götürmədin?
- Adımın da sonu "ay" ilə bitir. Məncə,
yaxşı səslənməzdi.
- Adının mənası da maraqlıdır; günə
tay, günə bənzər...
- Əslində tay qədim türkcədə dağ deməkdir;
günəş dağı daha düzgün versiyadır.
Adında da dağ olan heykəltaraşla
ayaqüstü söhbətimizi yekunlaşdırıb masa
arxasında əyləşdik; suallarım hələ indi
başlayırdı...
- Əvvəl hərbçi olmaq istəmisən.
Maraqlıdır ki, hərbçilik heykəl kimi soyuq peşədir.
Necə oldu birdən-birə fikrindən daşındın?
- Uzaq qohumumuz var idi, yüksək rütbəli. Mən
bilmirdim, əsgər, müddətdən artıq xidmət edən,
leytenant necə olur. Elə bilirdim, hərbçi elə budur;
general-leytenant vəzifəsində əyləşən
polkovnik rütbəli şəxs... Onun həvəsi ilə sənədlərimi
Cəmşid Naxçıvanski adına hərbi məktəbə
verdim. Atam deyirdi ki, ora sənin yerin deyil, amma çox istəyirsənsə,
get. Cəmi, 3 gün orda oldum. Sonra atama dedim ki, sən düz
deyirsənmiş. Hərbi məktəbdən
çıxdım. Həmin vaxtlar idmanla məşğul
olurdum, fiziki cəhətdən də yaxşı idim. Sadəcə,
ab-hava ürəyimcə olmadı. Əmim memardır. İstədim
o yolla davam edim. Atam dedi ki, Əzimzadə adına kollecdə təhsilini
davam etdir, sonra ali məktəbi memarlıq üzrə
oxuyarsan. "Əzimzadə"dəki mühiti çox bəyəndim
və memarlıq yadımdan çıxdı.
Gözümü açıb sənət görmüşəm.
Daim sənətşünaslar, rəssamlar, heykəltaraşlar
atamın qonağı olub. Əslində, 5 yaşım olanda
bağçada məndən soruşmuşdular ki,
böyüyəndə kim olacaqsan? Cavab vermişdim ki, mən
heykəltaraş olacağam. Görünür, bu da mənim
qismətim imiş...
- Sənin üslubun fərqlidir.
Kompozisiyalarının ideyası barədə danışaq.
Mövzuları hansısa dünya çapında tanınan əsərlərdən
iqtibasmı edirsən, yoxsa yalnız fəhmin köməyinə
yetir? Hansısa bir film, musiqi, hadisələr təsir edirmi?
- Dediklərin hamısı olur. Qəti deyə bilmərəm
ki, hardansa təsirlənmişəm, yaxud hər şey fəhmlədi.
Elə olub ki, gecəyarısı yuxudan oyanıb hansısa
fikrimi qeyd edib sonradan üzərində işləmişəm.
Yaxud oxuduğum kitabdan hansısa bir cümlə xoşuma gəlib.
O cümləni özümdə qeyd etmişəm və
kompozisiyaya çevirmişəm. Mən bunu plagiat hesab etmirəm.
Məsələn, Nadir öz sahəsində bu sözü
deyibsə, mən də heykələ çevirirəm,
başqa bir dilə tərcümə edirəm.
- Əsərlərinin videosunu hazırlayanda fonda
gözəl musiqilər səslənir...
- Çox vaxt əsərin ideyasına uyğun
mahnılara üstünlük verirəm. Daim retro
mahnılarımızı dinləyirəm və çox sevirəm.
- Kompozisiyalarının adı xüsusi marağa səbəb
olur. Ad seçimində hansı meyarı nəzərə
alırsan?
- İstəyirəm ki, ad əsərin məzmununu
açıqlamağa kömək etsin. Hərdən ad
yaranır, sonra əsər.
- Güntay, sənin üslubunun adı nədir?
- Bir gün mənim işlərimi sənətşünas
Ziyadxan Əliyevə göstərdilər. O dedi ki, bunlarda Akif
Əsgərov, Anikuşin və Roden manevrləri var, bu,
simvolik şərti-rəmzi üslubdur.
- Xarici heykəltaraşların
yaradıcılığını izləyirsənmi?
- Ara-sıra izləyirəm. Amma işlədiyim
kompozisiyaların heç birində onlardan təsirlənmə
yoxdur.
- Təhsilin də ənənəvi üslubda olub.
Amma özün sırf postmodern üslubda əsərlər ərsəyə
gətirirsən. Səbəbi nədir?
- Dünya incəsənətində ümumi bir problem
var; daha çox gözəlliyə fokuslanırlar. Bir qız
obrazı yaradırlarsa, vurğunu yalnız ora vururlar ki,
qızın gözəl bədən quruluşu, gözləri,
saçları var. "Bu qız niyə orada dayanıb?"
sualını verən yoxdur.
- Məsələn, bir gün mən gəlib deyirəm
ki, heykəltaraş olmaq istəyirəm. Bu, öyrədilə
bilən bir peşədirmi, yoxsa gərək əvvəldən
içində xüsusi istedad - Allah vergisi olsun?
- Biz incəsənətə elm kimi yox, yalnız qeyd
etdiyiniz Allah vergisi kimi yanaşırıq. Heykəltaraşlıq
ustalıq və bilavasitə elmdir. Yaradıcılıq isə
vergidir. Sən əgər ustalıq öyrənmək istəyirsənsə,
ölçülər, bölgülər barədə məlumatlı
olmalısan və riyazi bilgilərinlə vəhdətdə
işləyə bilərsən.
- Deməli, yaxşı heykəltaraş olmaq
üçün akademik səviyyədə ustalığa bələd
olmalısan, amma ilkin mərhələdə ümumiyyətlə
heykəltaraş olmaq üçün içdən gələn
istedadın, fəhmin olmalıdır...
- Bəli, mən səni usta edə bilərəm, amma
heykəltaraş olmağın özündən
asılıdır. Necə ki sən də mənə
yazmağı öyrədə bilərsən, amma mənim
yazıçı olmaq ehtimalım sual altındadır.
- Rəssamlar təsvir edir, heykəltaraşlar
yaradır...
- Yapır desək, daha dəqiq olar.
- Rəssamlıqla heykəltaraşlığın
arasında incə xətt var. Elə bilirəm, heykəltaraşlıq
daha qəlizdir.
- Əslində, hər ikisinin öz çətinliyi
var. Rəssamlığın çətin tərəfi odur
ki, sənin əlində heç bir həcm yoxdur və sən
düz müstəvidə o həcmi göstərməlisən.
Heykəltaraşlığın çətin tərəfi
odur ki, sən əlindəki həcmi hər tərəfdən
göstərməlisən.
- "Qurani-Kərim"in "Səba" ayəsində
heykəltaraşlıqla bağlı nüans var. Əslində,
islam dini heykəltaraşlığın əleyhinədir. Səncə,
sənət tabulara uymalıdırmı? Bu yanaşma səni
narahat edirmi?
- Bizim bir sələfi iş yoldaşımız var.
Bir dəfə dedi ki, bu, yaxşı sənətdir, sadəcə,
bir "əmması" var - günah işdir, Allaha şərik
qoşursunuz. Dedim, sən mənə bir heykəltaraş
göstərsən ki, öz düzəltdiyinə sitayiş
edir, mən bu sənəti ataram. Bu, o dövrdə idi ki, heykəltaraşlar
"Allah" düzəldirmişlər. Bizim heç birimiz
bu iddiada deyilik. Mən düzəltdiyim heykələ
sitayiş etmirəm. Bir şeyi ki mən düzəltmişəm,
o məndən nə qədər üstün ola bilər?!
- Bir müddət Akademik Musiqili Teatrda
çalışmısan. İşin nədən ibarət
idi?
- Musiqili Teatrda əsgərlikdən əvvəl işə
başlamışdım. Həmin vaxtlar orada səhnə
dekorataru kimi fəaliyyət göstərirdim. Hərbi xidmətdən
qayıdandan sonra Musiqili Teatrda məni səhnə maşinisti
ştatına götürdülər. Təsəvvür edin,
vaxtilə düzəltdiyim dekorları pərdə
bağlanandan sonra daşımaqla məşğul idim.
Müdriyyətlə danışdım ki, səhnə
maşinisti ştatında olsam da, icazə verin öz işimlə
məşğul olum. Mənfi cavab aldım və ərizəmi
yazıb işdən çıxdım. Daha sonra Kukla
Teatrına getdim, öz işimlə məşğul oldum.
Kuklanın üzünü plastilinlə yapırdım. Həmin
formanı, qəlibi xüsusi cihazla düzəldirdilər.
- Yəqin, Kukla Teatrından ayrılmağına səbəb
maddiyyat oldu...
- Maaş çox az idi. Həm də ümumi ab-hava
ürəyimcə deyildi.
- Tanınmış simalardan kimlərin
büstünü, heykəlini hazırlamısan?
- Açığı, kiməsə iş həsr etmək
istəmirəm. Qlobal mövzular maraq dairəmdir. Bu gün
Güntaya iş həsr edirlər, Güntay öləndə
həmin iş ondan qabaq ölür. Söhbət fiziki
ölümdən yox, məcazi ölümdən gedir.
Güntay obrazı cəmiyyət üçün
aktuallığını itirəndə ona həsr edilmiş
iş də yoxa çıxır. Məsələn, Nəsimin
kiçik heykəlini düzəltmişəm. Nəsimi
ölməyib, ölməyəcək də... Fikir verin,
şam əriyib oturduğu yeri necə bürüyür, Nəsimi
də elədir, o da dünyanı bürüyüb. Nəsiminin
əlləri də bağlıdır. Buna baxmayaraq,
duruşunu, təmkinini pozmur. Mən onu belə təsvir
etdim...
- Məşhur bir ifadə var: "Daşdan
çörəkpulu çıxarmaq"... Səndə bu cəhətdən
vəziyyət necədir?
- Bizim işimiz balıq tutmaq kimidir; ya hər şey
olur, ya da heç nə olmur. Bu gün aylıq maaşı
olan işlə məşğul olmağımın səbəbi
budur. Bu gün o maaş olmasa, işim Allaha qalar. Həmin
işim də ixtisasıma yaxındı, heykəltaraş-qəlibçi
kimi çalışıram.
- Azərbaycanda öz sənətində idealın
kimdir?
- Kifayət qədər böyük ustalardan təhsil
almışıq. Natiq Əliyevdən, Fuad Salahovdan, Ömər
Eldarovdan bu sənətin sirlərini öyrənmişik.
Akademizmin Azərbaycandakı banilərindən bəhrələnmişik.
Amma mənim xüsusi bir idealım yoxdur. Çünki tamam
ayrı üslubu seçmişəm və bu, onların
yaradıcılıqlarına uyğun gəlmir. Məsələn,
mən pop musiqi bəstələyirəmsə, klassik bəstəkarı
özümə ideal görə bilmərəm.
- O zaman səni Azərbaycanda öz üslubunun ilk
nümayəndəsi adlandırmaq olar?
- Bu, çox böyük iddiadır... Tək-tük
hallarda hansısa heykəltaraşın hansısa bir işi
var ki, xüsusi məna daşıyır. Amma mütəmadi
bu üslubda heykəl hazırlayan bir nəfərə rast gəlməmişəm.
- Bayaq Ömər Eldarovun adını çəkdin.
Bilirsən ki, dənizkənarı bulvarda Müslüm
Maqomayevin heykəli ucaldılıb. Həmin heykəlin də
müəllifi Ömər Eldarovdur. Amma o heykəl ictimaiyyət
tərəfindən birmənalı qarşılanmadı...
- Mənə elə gəlir ki, həmin heykəl
realist yox, yaradıcı heykəldir. Bu da çox təbiidir.
Müslüm Maqomayevin həmin heykəli Ömər Eldarovun
baxış bucağıdır, o elə görmək istəyib.
Tokay Məmmədovun müəllifi olduğu Koroğlu heykəlini
də buna nümunə göstərə bilərik.
Emalatxanadan ayrılanda Güntay dedi: "Gərək,
sənin də heykəlini düzəldim..." İçimə
qorxu doldu, heykəl fobiyam yarandı, qapıdan
çıxıb yeyin addımlarla uzaqlaşdım...
Nadir YALÇIN
525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.16;17.