DÜNYA KİMƏ QALACAQ?  

 

Radio və televiziyamız - hər ikisi yarandığı çağlardan mahiyyətcə ən nəhəng konsert səhnəsi kimi olub. Bütün sənətkarlarımızçün efir daim tanınma, özünüifadə, şöhrətlənmə meydanı bilinib və dalğa-dalğa Azərbaycan boyu yayılaraq hər evə girən bu iki əziz qonağın Azərbaycan musiqiçilərinin boynunda çox haqqı var. Vaxtilə toy-düyün tədarükünə başlayanlar məclisə musiqiçi dəvət etməkçün adətən Filarmoniya bağına baş çəkərdilər. Çünki hər gün müğənnilər, xanəndələr, sazəndələr ora toplaşardılar və ən ucqar rayonlardan da insanlar arzuladıqları hansısa oxuyanın, çalğıçının ünvanını, ev telefonunu axtarmaq əziyyətinə qatlaşmadan onları rahatca burada tapardılar, behləşərdilər. Üstəlik də, Seyid Şuşinskidən, Qurban Pirimovdan, Zülfüdən, Xandan, Habildən tutmuş ən cavan çalıb-oxuyanlaracan üzdə olan bütün musiqiçilərin bu daimi yığnağı, illah da o bağdakı çayxana keçmişlərin ürəfa məclisləri, yeni zamanın özəl klubları kimi idi. Əksər qəzet-jurnalların redaksiyaları küçənin o tayında yerləşdiyindən adətən nahar fasiləsində xeyli tanınmış jurnalist, şair, yazıçı da o tərəfdən bu üzə keçər, bağın sözlü-söhbətli gündəlik həyatını bir az da maraqlı edərdilər. Vaxtında Xəlil Rza kimi daim əli dəftərli-qələmli biri olaydı, hər gün o bağda eşitdiklərini yazaydı, hər səhifəsi oxuduqca doyulmayacaq cild-cild kitablar yaranardı.

Onillər boyu radionun, televiziyanın musiqi redaksiyaları ilə bağlı olduğumdan bundan da xəbərdaram ki, Filarmoniya bağına xas bir xüsusiyyət nisbətən başqa şəkildə komitədə də vardı - sənətkarların musiqi şöbələri ilə xoş münasibətləri olduğunu bilən dost-tanış da toya, ad gününə dəvət ediləcək ifaçılarla bağlı kömək istəməkçün musiqi redaksiyasına tez-tez ağız açardılar. Təbii, redaksiyaların baş redaktorlarına, əməkdaşlarına müraciət edənlər olduğu kimi, yaxınları sədrə - Ənvər Əlibəyliyə də vaxtaşırı oxşar xahişlərlə müraciət edərdilər. Soruşuram, qızları da təsdiqləyir. Həm də Ənvər müəllimə belə müraciətlərin edilməsi yalnız onun komitə sədri olmasına görə deyildi. Dostlar gözəl bilirdilər ki, Ənvər Əlibəylinin oçağkı bir çox tanınmış bəstəkarlarımız, müğənnilərimizlə sıx dostluq münasibətləri, bir qismi ilə isə lap ailəliklə get-gəlləri var. Şəfəq xanım danışır ki, 190 saylı məktəbdə oxuyurduq, nəsə təntənəli bir bayrama hazırlıq gedirdi, direktorumuz Sona xanım məni çağırıb xahişini atama çatdırmağımı xahiş etdi. İstəyi də bu idi ki, məktəbimizdə keçiriləcək tədbirin musiqi tərtibatı məsələlərinin təşkilində atam onlara dəstək olsun.

Ənvər Əlibəyli də, öz növbəsində, simsarlarından olan, radionun estrada orkestrinin rəhbəri Tofiq Əhmədovdan rica edir ki, köməyini əsirgəməsin. Tofiq Əhmədov bir dəstə müğənnini də götürərək tədbir günü orkestri ilə birgə məktəbə gəlir və onların gəlişi bayrama elə rövnəq qatır ki, sonra neçə aylar həmin unudulmaz axşamın söhbəti dildən düşmür.

Ənvər Əlibəylinin qızlarına deyirəm ki, təsəvvür edirəm, Ənvər müəllimin iştirakı ilə baş tutası toylarınız nə qədər bənzərsiz alınardı, evinizin daimi qonağı olan məşhur müğənnilər - Şövkət Ələkbərovadan, Gülağa Məmmədovdan, Mirzə Babayevdən Rübabə Muradovaya, Nərminə Məmmədovayadək hamısı axışıb gələrdi, ən məşhur şairlərin, yazıçıların, müğənnilərin qovuşduğu o toy axşamları bir nadir televiziya verilişinə, təkrarsız ədəbi-musiqili məclisə, möhtəşəm qala-konsertə çevrilərdi.

Dalğınlaşırlar... Övladlarının heç birinin toyunu görmək Ənvər Əlibəyliyə qismət olmayıb. O gedəndə uşaqlarının ikisi məktəbli idi, biri tələbəliyini yenicə başlayırdı...

Şəfəq xanım yada salır ki, elə toylara atamla anam ailəvi dostlarımızla birgə gedərdilər, hamısı bir-birini "qardaş", "bacı" çağırardı. Hər cütlüyün də öz mahnısı vardı, həmin nəğmə oxunardı, o havaya oynardılar. Atamla anamın öz mahnısı, İbrahim Topçubaşovla Suğra xanımın öz mahnısı, Nəbi Xəzri ilə Gülarə xanımın, Zeynal Cabbarzadə ilə Əzizə xanımın...öz mahnıları.

...O mahnılar, o havalar yenə var, o adamlar yoxdur, o toylar yoxdur, o cür axşamlardakı o cür ovqat daha yoxdur...

Dostların birgə olduğu hər gün onlarçün elə toy-bayram kimi idi.

Gecə-gündüz, səhər-axşam,

Mən ömrümdə bir gün də

İstəmirəm tək qalam.

Ölümdən daha artıq

Tək qalmaqdan qorxuram.

Ənvər Əlibəylinin bir şakəri də varmış - o həm də kolleksiyaçı idi. 1960-70-ci illərdə bu, dəb idi: biri poçt markaları toplayırdı, biri köhnə pulları, biri açıqcalar yığırdı, digəri müxtəlif rəngli çay daşlarını... Ənvər müəllimsə alışqan həvəskarı idi. Sərhədlərin qapalı, get-gəllərin, xarici səfərlərin seyrək olduğu və alışqanların da xarici ölkələrdə istehsal edilməsi səbəbindən belə bir kolleksiyanı toplamaq hər adamın imkanında deyildi. Ancaq Ənvər Əlibəyli Teleradioda sədr idi, xaricə nisbətən tez-tez gedib-gələnlər də o çağlarda ya musiqiçilər idi, ya da şairlər, yazıçılar. Onların da arasında Ənvərin dostları bəs deyincə. Yaxınları bu marağından xəbərdar olduğundan hər səfərdən qayıdanda Ənvəri təzə alışqanla sevindirərmişlər. Siqaretçəkən idi. Hər təzə alışqan gəlincə köhnəni aparıb qoyarmış digərlərini sıraladığı rəfə. Alışqanlar cərgəsi sıxlaşdıqca evlərinə gələn qonaqlara kolleksiyasını fəxrlə göstərər, hər alışqanın da necə bu rəfə gəlib çıxmasının tarixçəsini danışarmış. Ənvər həyatdan gedəndə o alışqanların neçəsinin içində hələ yanacağı vardı, çaxmağını çəkincə odlanırdılar - diriydilər. İllər ötdükcə onların içərisindəki ömür də buxarlanıb getdi. Daha nə onlarıla bağlı tarixçələri danışan vardı, nə də lap yandıran olsa belə, o alışqanlarda alovlanmaq heyi qalmışdı.

Bir gün qızlarından xahiş etdim ki, Ənvər Əlibəylinin digər yadigar əşyaları ilə bərabər, həmin kolleksiyanı gətirsinlər, Nizami muzeyində ayrıca bir Ənvər Əlibəyli guşəsi düzəldək. Gətirdilər və bir müddət sonra guşə hazır olanda ailə üzvlərini də dəvət etdim. Sözlə deyilməyəcək anlar idi. Ənvər Əlibəylinin mənzilindəki çoxdan kökdən düşmüş, hansısa dillərindən heç səs də çıxmayan piano o gün barmaqlar toxunmadan oxuyurdu, axırıncı dəfə Ənvər müəllimin sağlığında özünün qurduğu saat da, sanki işə düşmüşdü və illərcə çaxmaqları çəkilməmiş bütün alışqanlar da başlamışdılar şölələnə-şölələnə yanmağa...

Qızlar dünəndə idilər. Uşaqlıqlarına qayıtmışdılar. Söyləyirdilər ki, qonşularımız hamısı ədib övladları idi. Nəbi Xəzrinin, Seyfəddin Dağlının, Böyükağa Qasımzadənin balaları, Aydın Cabbarlının yeganə övladı Fərda xanımla dostluq edərdik. Uşaqlığımız daha çox onlarla keçib. Cəfər Cabbarlının həyətində tut ağacı vardı, nübarını yemək üçün bütün uşaqlar ora dəvət olunardı, Adil Babayevin oğlu Etibar tutu çırpardı, biz ağacın altında çevrə vurub hər tərəfdən üstünə tut dənələri ələnən iri süfrəni tutardıq, sonra ləzzət ala-ala birlikdə yeyərdik. Danışırlar, xatirələrini bölüşürlər, hiss edirəm ki, bu anlarda budaqlardan qopub süfrənin üstünə düşən tutların tappıltısı da, o şirəli bəhrələrin dadı da damaqlarındadır və demək, o günlər də əslində heç uzaqda deyillər, dipdiridirlər...

Zahirən cansız, hissiz, dilsiz-ağızsız kimi görünən əşyaların dilli-dilavər olmaq, məhrəm həmsöhbətə dönmək, insanı düşündürmək, zaman maşınına çevrilərək səni göz qırpımında dünənlərə aparmaq qabiliyyəti var. Bəzən yadigar bir qələm, saxlanc olan bir masa, köhnə bir bina, qocaman bir ağac elə xatirələri yada salır, insanı elə danışdırır ki, bu ağacın, binanın, qələmin, masanın cansız yox, elə sənin kimi diri olduğunu təsəvvür edirsən. Bəlkə içərisi səndən də qat-qat dolu bir varlıq. Və məhz bu cür dil-dil ötə bilən, məhrəm həmsöhbətə çevrilməyi bacaran, keçmişləri vərəq-vərəq açmağa qadir yadigar danışan əşyalardan biri o köhnə piano idi. Ənvər Əlibəylinin qızları ilə durmuşduq onun yanında. O piano ki, illər boyu Ənvər Əlibəylinin mənzilində olub. O mənzildə ki, bir ziyalı klubu kimi imiş. Tez-tez o çağın məşhur müğənniləri, şairləri, bəstəkarları, yazıçıları, alimləri o mənzilə toplaşar, hərəsi bir ömrə bərabər saatlar keçirərmişlər. Ənvər Əlibəylinin əlində hər imkan vardı - televiziya texnikası ixtiyarında idi, kameraları, operatorları haçan istəsəydi səfərbər edərdi, demirəm hərəsi Azərbaycanın bir tanınmışı olan sənətkarların, ziyalıların gəlişi ilə dərhal bayramlaşan, tarixə dönən günlərin hər birini, heç olmazsa ad günündən-ad gününə, hansısa münasibətlərlə qurulan daha geniş tərkibli məclislərə işçilərini dəvət edib o anları səsi və təsviri ilə birgə lentə aldıra bilərdi. Heç kim də deməzdi və deyə də bilməzdi ki, dövlətin avadanlığını öz şəxsi işinçün istifadə edirsən. Axı o qonaqların heç biri sıradan olan adam deyildi. Hərəsi elə o günlərin içində artıq tarix adamı, bütün Azərbaycanınkı. Bunları etmiş olsaydı, elə irs yaranardı ki, bu gün bir də o səbəbdən Ənvər Əlibəyliyə dəfə-dəfə rəhmət oxuyardıq. Ancaq elə təvazökar insandı ki, operatoru, kameranı evinə, ya bağına gətizdirmək bir yana qalsın, rəsmi çəkilişlərdə də qıraqda olmağa, kadrda az görünməyə səy göstərərmiş.

Həmin mənzildə bu pianonun arxasınd

a kimlər oturmayıb, o şirmayı dillər üstündə kimlərin barmaqları gəzməyib? Rauf Hacıyev, İbrahim Topçubaşov, Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və nə qədər başqaları. Təzə əsərlərini çalıblar, oxuyanları müşayiət ediblər. Bu pianoya söykənərək Şövkət Ələkbərova, Mirzə Babayev, Gülağa Məmmədov, Rübabə Muradova, Nərminə Məmmədova oxuyub və neçə-neçə digərləri. Onlarçün ömrün adi günləriymiş. Fərqində deyilmişlər bunlar misilsiz tarixi saatlardır. İndi artıq özləri də yaşlaşmış ovaxtkı uşaqlar, yeniyetmələr, gənclər olmuşları anırlar və onlar anlayırlar ki, bu əziz anların şahidi olmaqla necə bəxtiyarmışlar!

Şəfəq xanım söyləyir ki, onların heç birinin atama münasibəti yalnız yaradıcılıq əlaqələri, mehriban ünsiyyətlə tamamlanmırdı. Onlar hamısı bir-birinə qardaş kimi yaxındılar, ailəmizin üzvü kimi idilər. Ələkbər Tağıyev sirdaşı Ənvər müəllimin həyat yoldaşının hüquqşünas olmasını, universiteti də əla qiymətlərlə qurtarmasını biləndə təklif etmişdi ki, Şövkət xanım, istəsəniz mən sizi işə götürə bilərəm.

"Anam ekspert-hüquqşünas idi. Anam düşündü, düşündü, əvvəl razılıq da verdi ki, heyifdir, o qədər oxumuşam, zəhmətim batmasın. Ancaq sonra onda nəsə tərəddüd əmələ gəldi. Bu iş təklifini atamla da müzakirə elədi. Soruşdu ki, birdən uşaqlara görə işə gecikdim, onda nə olacaq? Atam da qayıtdı ki, necə yəni nə olacaq, işə gecikəcəksən, danlanacaqsan, töhmət alacaqsan. Bu "töhmət" sözünü eşidəndə anam lap tutuldu. Dilləndi ki, yaxşı, ay Ənvər, sən özünə necə yaraşdırarsan həyat yoldaşına töhmət verilsin, ağır söz deyilsin? Atam güldü: "Şövkət xanım, sən elə otur evində, xanımlığını elə, mən işləyirəm, bəsimizdir, sənin uşaqlarla, ailəylə məşğul olmağın elə özü ağır bir işdir".

Şəlalə pianonu sığallayır, öz-özü ilə danışırmış sayaq köks ötürərək astaca deyir ki, bu pianoda yalnız peşəkar musiqiçilər çalmayıb, rəhmətlik qardaşım Şahin Əlibəylinin dostları da bizim evə tez-tez gələrdi - Cahangir Cahangirovun oğlu Pərviz vaxtaşırı bizdə olardı, Yaşar Nuri muğamlardan tutmuş lirik mahnılaradək nə çalırdısa hamısı gözəl idi, məşhur "Ağ çiçəyim" mahnısını yazan Rizvan Ələsgərov bu pianodan saatlarla ayrılmazdı. Onun çalğıda heç kəsin etmədiyi bir fəndi vardı: bütün barmaqları bir notu götürürdü. Rizvan bu gedişdən mahnılarında da istifadə edirdi. Cahangir Cahangirovun oğlu Pərviz də çox istedadlı idi. Onlar hamısı Şahinlə bir yerdə ovaxtkı İncəsənət İnstitutunda təhsil almışdılar. Hamısı evimizin uşaqları idi. Onlar bizim qardaşlarımızdı.

Çaplinin uşaqlarının qəlbimə çox yatan bir xatirəsi var. Deyir, atamız hələ ekranlara çıxmamış, təzəcə çəkdiyi filmlərin hərəsindən bir nüsxə evə gətirərdi. Ayrıca bir otağımız vardı ki, oranı kinozal etmişdik, orada proyektor da vardı. Film göstərildikcə atam arada ayrı-ayrı kadrlara şərhlər verərdi, "Bax, burada filan sözü deyirdim, bu kadrları çəkəndə filan hadisə baş verdi" söyləyirdi. Biz baxırdıq, dinləyirdik, gülüşürdük və o vaxtlar ağlımıza gəlmirdi ki, biz Çaplinin lal filmlərini onun öz səsi ilə seyr edən nadir tamaşaçılarıq".

Ənvər Əlibəylinin də balaları bu mənada xoşbəxtmişlər ki, başqalarının radiodan, televiziyadan görüb-eşitdiyi müğənnilər, bəstəkarlar mütəmadi olaraq onların mənzilindəymiş və o məşhurlara bu uşaqlar "əmi", "dayı", "xala", "bibi" deyə doğmaları kimi müraciət edirmişlər.

"Bizim üçün bu, gündəlik həyatımızdı. Atamın olmadığı vaxtlarda da onun sadiq dostları heç vaxt qoymadılar ki, nəyinsə sıxıntısını duyaq. Atam rəhmətə gedəndən sonra bir dəfə də hiss etmədik ki, ailəmizin nəyəsə ehtiyacı var".

Bunu da Şəfəq yada salır.

...Ənvər Əlibəylinin nəğmələrinin əksəri də, bütünlükdə şeirlərinin çoxu da məhəbbətdəndir. Özü də yalnız anaya, Vətənə, millətə deyil, daha çox bir gözələ məhəbbət. Kim desə ki, Ənvər Əlibəylinin sevgi şeirlərinin elə tək ünvanı var, çətin buna inanan ola. Çünki həyatını bağladığı Şövkət xanımla rastlaşanacan da yazdığı məhəbbət şeirləri var, ailə həyatı qurandan sonrakı dövrdə yarananları da. Və bunu da təkidlə heç kim təsdiqləyə bilməz ki, guya o şeirlərdəki sevgi elə məcazi anlamdaymış, bunları şair rola girərək, özünü bir sevənin yerinə qoyaraq başqasının adından yazıb. Üstəlik, Ənvər Əlibəylinin gözəl xanım müğənnilərimizin neçəsi ilə sıx dostluq münasibətləri varmış. Ona görə də qızlarından xəbər alıram ki, doğrudanmı ananız Şövkət xanım heç qısqanmırdı.

Qızlar (onları "qızlar" deyə yazıram, halbuki atalarının yaşını çoxdan arxada qoyublar, amma qısa ömür yaşamış Ənvər Əlibəylini düşünürkən onları da indi gördüyüm qiyafələrində, bugünkü yaşlarında deyil, elə atalarının sağlığındakı, ən azı onun ömrünün son illərindəki yaşlarında, məktəbli kimi təsəvvür edirəm) səs-səsə verərək deyirlər ki, anamızda zərrəcə qısqanclıq yox idi, özü də çox gözəldi, bəlkə bu səbəbdən özünə rəqib görmürdü: "Nəbi Xəzrinin ömür-gün yoldaşı, rəhmətlik Gülarə xanım isə bərk qısqanc idi, anama da deyirdi ki, ay Şövkət, sənə məəttəl qalmışam. Anam gülərdi ki, ay Gülarə, qoy baxsın da, gözəlliyə baxarlar da, şairdir, ilham almalı deyil?"

Şəfəqlə Şəlalə belə deməyinə deyirlər, amma hər halda qadın da qadındır, ərindən nə qədər arxayın olsa da, ona nə qədər inansa da, hər halda məqam düşəndə atmacasını əsla təxirə salmır. Elə qızlar özləri mənə vaxtilə söyləyiblər ki, anaları yarızarafat-yarıciddi Ənvərə sataşırmış ki, dərdindən heyvatək saraldığın o alagöz, şirinsöz Zibeydə kimdir ki, bu şeiri ona həsr etmisən? Ənvər and-aman edirmiş ki, şeirdir də, mahnı üçün yazmışam. Bu da israr edirmiş ki, yaxşı, təsadüfi şeirdirsə, elə yazaydın Şövkət, ya buna oxşar geniş yayılmış bir ad. Bu "Zibeydə" heç geniş yayılmış ad da deyil, həm də uzundur, heç şeirə də rahat yatmır...

Ancaq şıltaqlıq öz yerində, insaf tərəzisi də var axı! Neçə şeirin, mahnının necə yaranmasının hekayətində mübahisə yeri yoxdu. Ahəngi hər azərbaycanlıya tanış və doğma "Hamıdan göyçək" mahnısı ki, o mahnının musiqisi də, sözləri də Ənvərin Şövkəti ilə İbrahimin Suğrasının gözü qarşısında yaranmışdı və nəğmənin qəhrəmanlarının elə özləri olmalarını gözəlcə bilirdirlər. Bu gün ən azı o nəğmənin "doğum şəhadətnaməsi"nə şahid iki nəfər həyatdadır - Şəfəqlə Şəlalə. Mahnının söz-söz, not-not necə yarandığını görüblər, o axşam şairin bu şeiri öz xanımına, bəstəkarın da musiqini öz zövcəsinə həsr etmələri haqda təntənəli "bəyanatlarını" qulaqları ilə eşidiblər:

Dağlar maralı, gəzmə aralı,

Sənsiz ürəyim olar yaralı.

Ay saçı burma, uzaqda durma,

Gərəyin ollam, ayağa salma.

Dağlarda çiçək, hamıdan göyçək,

Ürəyim gedər, mən səni görcək.

Şirinim, şəkərim, nabatımsan,

sən həyatımsan,

Ömrümə-günümə səm bəzəksən,

qol-qanadımsan.

Bu mahnıda isə Şövkət xanım lap şəriksiz idi və "Təkcə səni sevmişəm" adlı nəğməyə qulp qoymaq çətin idi, Ənvərin sidq-ürəkdən and içməyə haqqı vardı ki, vallah-billah, bu, sənin nəğməndir:

Çiçək açıb düzlərin, ay qız,

Nə şirindir sözlərin!

Heyran edir görəni, ay qız,

Sənin şirin sözlərin.

Çiçək kimi gözəlsən sən,

Baharın ətri gəlir tellərindən.

...Gözəl qızlar içindən, ay qız,

Təkcə səni sevmişəm.

Axıradək vəfalı ola bilmədi Ənvər. Sevgilisini tək qoyub əbədilik getdi...

Ənvərin dostlar çevrəsi xeyli əhatəli olsa da, sevgilisinə "hamıdan göyçək" dediyi kimi, dostlarının da ən istəklisi adlandıra biləcəyi İbrahim Topçubaşov idi. Onları ürək yaxınlaşdırmışdı. İbrahim atası Mustafa bəyin yolu ilə getmişdi, cərrah olmuşdu - ürək cərrahı. Köksündəki davadan qalan ağrılarla bağlı Ənvər şəhərdəki ən üstün ürək bilicisi İbrahim Topçubaşova müraciət etmişdi. Tanış olduqları əvvəlinci gündən sonra yaşayacaqları bütün qalan günlər boyu davam edəcək sarsılmaz dostluqları elə əvvəlinci təmasdan başlamışdı. İlk ünsiyyətdən yaranan dostluq sonra qohumlaşmaya gətirib çıxarmışdı. Əzəl başdan duysalar da, yaxınlaşdıqca daha artıq anlamışdılar ki, hər ikisi eyni ürəyin sahibidir - həssas, ilhamlı, kövrək ürəklərin. Bu iki ürəyin qoşa çırpınmasındandı ki, neçə ortaq nəğmələri doğuldu. Onları ürək birləşdirmişdi, ayıran da ürək oldu. Duyğulu ürəklərinin daşıdığı yük başqa qəlblərin çəkdiklərindən qat-qat ağır olduğundan ürəkləri tab gətirmədi. İbrahim Ənvərdən də az yaşadı. Həyatdan 1970-ci ildə, 46 yaşına çatmamış ayrıldı. İkisi də ürəkdən getdi, amma ürəklərdə də qaldılar, həmişəlik də qalacaqlar. Ürək adamlarının yeri elə ürəklər olar!

İbrahim Topçubaşovun bir-birindən gözəl və köhnəlməz nəğmələrinin böyük hissəsinin məhz Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş olması da bir-birinə bağlılıqlarının əlavə təsdiqidir. O mahnıların gözəl alınmasının ən vacib səbəbi isə əsl məhəbbətdən doğulan gözəl övladlar kimi, onların da çoxunun sözünün və musiqisinin elə mehriban ailəvi axşamlarda şairlə bəstəkarın bədahətən, bir-birini ilhamlandıraraq, ruhlandıraraq qardaş məhəbbətindən yaranmasıdır. Bu nəğmələrdə sözlə musiqio qədər həmahəngdir, o dərəcədə qaynayıb-qarışıb ki, elə dinləyincə hiss olunur ki, bu şeir ayrıca yazılmayıb, bu musiqi hazır şeirə bəstələnməyib, elə bir yerdə bu cür doğulublar və həqiqətən də məhz belə olub.

Şəlalə xatırlayır: "Yadımdadır, əyləşiblər yanbayan. İbrahim əmi nəsə çalır, atam sözü deyir. İkisi bir-biri ilə elə bil deyişirdilər. Çox maraqlı proses idi".

..."Ənvər" sözünün mənası "çox işıqlı", "parlaq" deməkdir. O, bir yaradıcı kimi parlaq idi, işıqlı idi, amma yaxşı tanıyanların yekdilliklə söyləməsincə, insanlığında daha da nurlu idi. Mərhəmətli, kömək əli uzatmağa həmişə hazır olub və buna ən azı elə bir vaxtlar evində olmuş köhnə piano şahiddir!

Axşamlardan birində o pianonun arxasında gələcəyin müstəsna musiqiçisi Vaqif Mustafazadə əyləşib. Və onun da bir neçə səmtdən qapanan yolunu açan, Vaqifə qanad verən Ənvər Əlibəyli olub. Və əslində Vaqif Mustafazadənin böyük sənətə yolu Ənvər Əlibəylinin mənzilindən, o pianodan başlanıb.

Əvvəlcə Ənvərgilə Vaqifin anası Zivər xanım gəlir. Tək oğlunun xahişini etməyə. Deyir ki,Vaqifi saqqalına, bığına görə heç yerdə işə götürmürlər, Ənvər müəllim, ümidim bircə sizədir, kömək edin, çünki görürəm ki, onun böyük  istedadı var.

Şəlalə xatırlayır: "O səhnə gözümün qabağından getmir. Atam dedi ki, gələn dəfə Vaqifi də gətirin, bir söhbətləşək, mən də baxım görüm neynirəm. Yalan deməyim, dəqiq vaxtı yadımda deyil. Bir həftə, ya on gün keçdi, axşamçağı qapı döyüldü, anam qapını açdı. Elə gendən səsdən duydum ki, çox səmimi görüşmək var, mən də qaçdım qapıya. Gördüm ki, bəs Zivər xanım dayanıb və yanında da bir yaraşıqlı gənc. İçəri keçdilər. Atam Vaqiflə söhbət etməyə başladı ki, oğlum, nə yazırsan? Dedi, lirik mahnılar da yazıram, melodiyalar ifa edirəm. Atam bunun üstündən qayıtdı ki, yazdıqlarından ən yaxşı hesab etdiyini çala bilərsənmi pianoda? Vaqif bir qədər tərəddüdlə dilləndi ki, mən bu mahnını rok üslubunda yazmışam. Vaqifin çəkinməyi də səbəbsiz deyildi, o vaxtlar roku yaxına buraxmaq istəmirdilər. Atam dedi ki, oğlum, mənimçün çalmağına çal, amma bilirsən ki, roka icazə vermirlər. Vaqif pianonun arxasına keçərək dedi ki, Ənvər müəllim, siz bir dinləyin, sonra deyərsiz icazə verirsiz, yoxsa vermirsiz. Anası Vaqifi gətirmişdi ki, atam onun işə qəbul məsələsində dəstək olsun, amma artıq o söhbət yaddan çıxmışdı, ciddi yaradıcılıq söhbəti başlamışdı. Vaqif başladı çalmağa. Ay Allah, rok Azərbaycan üslubunda. İlk dəfə idi mən elə musiqini eşitdim. İnanın ki, mənim roka o gündən böyük sevgim yarandı. Atam xeyli susdu. Hamı da bir-birinə baxır ki, görən, Ənvər müəllim niyə susur, nə deyəcək? Handan-hana atam dilləndi ki, Vaqif, sən artıq televiziyanın işçisisən. Bu mahnını da ilk dəfə mən radioda səsləndirəcəyəm. Nə əngəli çıxsa, babalı mənim boynuma".

Ertəsi gündən artıq Vaqif musiqi redaksiyasında işləyirdi və Ənvər Əlibəylinin mənzilində ifa etdiyi kompozisiya da elə Teleradio Komitəsi sədrinin havadarlığı ilə Bədii Şura zirehini yararaq lentə yazılır, fonda qəbul edilir və ilk dəfə radioda səslənir.

Vaqifə sonrakı illərdə, hətta Azərbaycandan kənarlarda bir bəstəkar və ifaçı kimi yüksək səviyyədə artıq etiraf edilmiş olduğu çağlarda elə həmin Teleradioda, oranın Maqsud İbrahimbəyov hekayəsinin mənfi qəhrəmanına çevrilmiş sədri tərəfindən, oradakı tale həll etməyə qadir Bədii Şuranın adlı-sanlı üzvlərinin əli və dili ilə necə qəddar həmlələr edildiyi, necə yasaqlar qoyulduğundan da müfəssəl ayrıntıları ilə agaham.

...Ənvər Əlibəyli aprelin 1-də - dünyanın yalan günündə doğulmuşdu və yetərincə zarafatcıl olan Ənvər müəllimlə də illərin birində həmin aldatma günü zarafatlaşmışdı. Kimsə yox, məhz günün özü! Çünki nə qədər yaxın dostlar olsalar da, oturub-durduqlarından heç kəs bunca ciddi vəzifə sahibi ilə yalandan bir söz deyib aldatmaq qədərincə məzələnməzdi.

1966-cı il aprelin 1-də Ənvərin 50 yaşı tamam olurdu. Nə rəsmi bir yubiley mərasimi keçiriləcəkdi, nə də hansısa restoranda toplaşıb bu yuvarlaq ildönümünü qeyd etmək nəzərdə tutulurdu. Zatən, o vaxtlar əksər bu cür yığıncaqlar, hətta toy-nişan da elə evdə keçirilərdi.

Ənvər Əlibəyli o vaxt Vaqif küçəsində, "Yazıçılar binası" deyilən evdə yaşayırmış və başqalarına nisbətən evdə geniş məclis qurmaq imkanı da daha çoxmuş. Çünki mənzilində xeyli adamın rahat yerləşəcəyi iri zal varmış. Yaxşı tədarük görülürmüş və Ənvər də səhərdən şair, yazıçı, bəstəkar, müğənni, jurnalist dostlara bir-bir telefon açaraq onları bu axşama evə, öz ad gününə dəvət edirmiş. Belə məlum olur ki, zəng vurduqlarının hamısı "Hə, mütləq axşam sizdəyəm" söyləsə də, telefonun dəstəyini qımışaraq yerinə qoyurmuşlar. Axşam saat 6 olur, heç kəs yox, 7 olur, kimsə qapının zəngini basmır, bir az da keçəndən sonra daha Ənvər dözmür, hətta bir az da şübhələnir - görən, nə baş verib ki, bunlar hamısı sözləşiblərmiş kimi gəlib çıxmırlar və başlayır bir-bir tanış nömrələri yığmağa. Süleyman Rüstəm təəccüblənir: "Nə yubiley, nə ziyafət? Mən iki-üç saatdır evdəyəm, şam da eləmişəm. İndi də əlimdə yazı yazıram. Canınçün, elə bildim həmişəki kimi zarafat edirsən". Digərləri də o cür. Ənvərin təzədən səhər dəvət etdiklərinə bir-bir zəng vurub dəvətinin zarafat-filan olmadığını təsdiqləməsindən sonra ilk özünü yetirən bəstəkar Telman Hacıyev olur, digər qonaqların gəlişini gözləmədən də keçir pianonun arxasına, şux bir melodiya ifa edir: "Ənvər müəllim, bu, təzə mahnımdır, hələ heç sözü də yoxdur, bu melodiyanı sənin doğum gününə həsr edirəm".

Qızları xatırlayır ki, həmin axşam ilk dəfə eşitdikləri bu musiqi 1970-ci illərdə məşhurlaşmağa başlayacaq "Lalələr" mahnısının melodiyası idi.

Hər halda aprelin 1-i macal vermir ki, yubiley həmin gün ürək istəyən kimi, dostların tam tərkibdə iştirakı ilə baş tutsun. Ertəsi gün artıq aprelin 1-i deyildi, daha zarafat etmədiyini xüsusi vurğulamağa da lüzum qalmamışdı və Ənvər dost-tanışı təkrarən dəvət edir, axşam yığışırlar və dünənki məzhəkəli yanlış anlama da bu axşam gülüş dalğası qoparan neçə sağlığa mövzu verir.

Bir dəfə rəhmətlik Ənvər Məmmədxanlı mənə söylədi ki, yazıçılardan ikisinin təvəllüd günü xatalıdır - biri xan, biri bəy nəvəsi. "Kimlərinki" sualımı gözləmədən özü açıqladı ki, iki Ənvərin! Biri Ənvər Əlibəyli, biri mən. Əlibəyli aprelin 1-i doğulub, o gün kimə söz deyirsən, şəklənir ki, birdən zarafat etmiş olar, mən də fevralın 29-undanam, ad günüm təqvimə 4 ildə bir dəfə düşür.

Haqlıymış! Yəqin, o vaxt bunu deyəndə Ənvər müəllimin adaşının 50 illiyindəki qəziyyədən də xəbərdarmış...

...1960-70-ci illərdə Azərbaycanın gündəlik mədəni həyatı elə musiqiyə mail idi ki, çox evlərdən piano səsi gəlirdi. Bakı öz yerində, amma Azərbaycanın dörd  bucağında da bir-birinin ardınca musiqi məktəbləri yaranırdı, ən azı ibtidai musiqi təhsili almaq ənənəyə dönməyə başlayırdı və hər valideyn də çalışırdı ki, imkanı daxilində uşağına yaxşı musiqi aləti alsın. Ənvər Əlibəyli piano almazdan əvvəl evə bəstəkar dostu, həm də musiqi məktəbində direktor işləyən Bəxtiyar Kərimovu dəvət etmişdi ki, Şəlalənin musiqi qabiliyyətini yoxlasın. Bir neçə gün sonra "Simmerman" markalı alman istehsalı pianonu gətirirlər və hələ məktəbdə olan Şəlalədən əvvəl pianonun siftəsini   Ənvərin gənclik dostu şair Böyükağa Qasımzadənin yadigarı Lalə edir. Şəfəq xanım yada salır ki, Lalənin iti musiqi duyumu varmış, çalğısı da gözəlmiş: "Atam da bunu hiss edirdi. Böyükağa Qasımzadə erkən rəhmətə getmişdi. Ona görə həmişə atam onun uşaqlarına xüsusi diqqət yetirərdi. Biz də başa düşürdük ki, nəsə Lalə onunçün ilk yerdədir. O vaxt Bakıya konsertlər verməyə xarici ifaçılar gələrdi, bilet tapmaq asan olmurdu. Atam həmişə ilk növbədə Lalə üçün bilet göndərərdi, istəyərdi ki, o gedib musiqiyə qulaq assın. Ona görə bu pianonu gətirəndə atamın birinci sözü bu oldu ki, Laləni çağırın gəlsin, çalıb yoxlasın aləti".

1961-ci ildə Əlibəylilərin mənzilinə gələn pianoya Azərbaycanın ən nadir musiqi alətlərindən birinə çevrilmək qismətmiş. 7-8 il ərzində bu pianoda Ənvər Əlibəylinin evinə qonaq gələn, adları Azərbaycanın ən tanınmış bəstəkarları qatarında olanların, demək olar, hamısı çalır, bu pianonun müşayiəti ilə oçağkı aparıcı Azərbaycan müğənnilərinin çoxu oxuyur, onlarla yeni Azərbaycan mahnısı bu pianodan qopan sədaların vasitəçiliyi ilə dünyaya gəlir.

"Evimizdəki - Hüsü Hacıyev - 19-dakı məclislərə qonşumuz olan bir çox adamlar gələrdi. Hüseyn Hüseynzadə düşərdi aşağı, Salam Qədirzadə, Bəxtiyar Vahabzadə qonaq gələrdi. Getdikcə məclis böyüyərdi. Mirmehdi Seyidzadə başqa aləm idi. O, adətən Şövkət xanımla gələrdi. Şövkət xanım yüngülcə söykənərdi pianoya, şirin-şirin oxuyardı. Onun bizdə, evdə oxuyanda bir xüsusiyyəti vardı. Taxdığı zinət əşyalarını çıxarıb qoyardı pianinonun üstünə. Nə bilim, uşaq idim, başa düşmürdüm. Amma yadımda bu səhnə qalıb. İndi onun səbəbini fikirləşəndə deyirəm, yəqin, rahat olması üçün, yalnız musiqi ilə birgə olması üçün belə edirmiş".

Şəfəqdir xatırlayan.

...Ənvər Əlibəyli vaxtsız gedib, balalarının taleyindən nigaran gedib, ailəsinə, övladlarına onun olmadığı vaxtlarda sıxıntısız yaşaya bilmələri üçün hər hansı təminat, var-dövlət qoymadan gedib. Ancaq qısa ömrü ərzində uşaqlarına elə zəngin və saf bir mədəni mühit bağışlaya bilib ki, o sərvət heç vaxt tükənməyən min xəzinəyə dəyər...

Bu şeirdə nə vəzn,

Nə müqəyyəd qafiyə,

Nə də ahəng olacaq.

Misralar qırıq-qırıq,

Sapdan qırılmış, səpələnmiş

Muncuq kimi.

Kəsik-kəsik, qırıq-qırıq.

Bir az da ağrılı olacaq misralarım.

Şeirlərindən birini Ənvər Əlibəyli belə başlayırdı və əslində bu misraları onun öz taleyinə, öz həyatına bənzəyirdi. Gödək bir ömür. Elə vəznsiz-qafiyəsiz misralar kimi dələngavaz, narahatlıqlarla, qayğılarla, qorxu-hürkülər, həyəcanlarla ləbələb, amma sevincli, fərəhli, ürək dolusu sevə bildiyi, özünü dünyanın xoşbəxti saya bildiyi anları da az olmayan şeir kimi həyat.

Həmin şeir davam edirdi:

Kiminin xoşuna gələcək,

Kiminin acığına.

Kimi deyəcək: "Yaxşıdır",

Kimi deyəcək: "Orta".

Kimi də deyəcək ki,

Bunun şeirlə əlaqəsi yoxdur,

Şeir hara, bu hara?!

Kim nə deyir, qoy desin.

Mən tənqidi də, tərifi də

Eşitməyə hazıram.

Mən ürəyimin haqqında şeir yazıram.

Bəlkə elə Ənvər Əlibəylinin əksər şeirlərinin nəğmələşməsinin, ən tanınmış bəstəkarların qocalmaz mahnılarına çevrilməsinin əsas gizlinci elə buymuş? O şeirlərin ürəyin içindən qopub gəlməsi, o şeirlərin hamısının yazanının öz ürəyi haqqında olması! Hətta vəznsiz, qafiyəsiz, ritmsiz görünəndə belə içərisində nəbz çırpıntısının, ürək döyüntülərinin duyulması.

Və burada Ənvər Əlibəylinin ən son şeirlərindən sayıla biləcək, onun həyat fəlsəfəsini, məramını ifadə edən bir şeir parçası da var:

"Süleymana qalmayan dünya

Sənə də qalmaz" deyən məsəl var,

Dolaşır dodaq-dodaq.

O düzdür, gedəcəyik hamımız,

Ancaq yenə dünya insanlara qalacaq.

Bu, həqiqətdir, hamımız gedəcəyik, Ənvər Əlibəyli də gedib. Amma Ənvər Əlibəyli o xoşbəxtlərdəndir ki, insanlara qalan dünyada həmişəlik qalıb.

 

12 yanvar 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.14-15.