Ədəbi köşk: Nə var, nə  yox?

 

Ötən həftə "Ədəbi köşk"ümüzün ilk buraxılışı maraqla qarşılandı, xeyli müzakirəyə səbəb oldu. Təbii ki, bütün məsələləri, xəbərləri əhatə etmək qeyri-mümkündür və onu da unutmayaq ki, rubrika son bir həftə ərzində baş verənlərdən bəhs edir. Bütün təklif və iradlarınızı, köşkümüzə əlavələrinizi "info525.az" elektron ünvanına göndərməyiniz arzuolunandır.

"525"

***

Adil Mirseyidə kimlər lağ edirdi?

Bəzən adlandırmalar mahiyyəti açmaq üçün ən əsas amilə çevrilir: Adil Mirseyidin "Qar eskizi" kimi... O, rəssam idi, şair idi... Rəssam kimi yazırdı, şair kimi çəkirdi. Təbiəti sözlə təsvir edən Adil Mirseyid qarın yağmağını və onun fonunda baş verən bir epizodu fərqli, amma maraqlı şəkildə nəzmə çəkmişdi:

 

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır...

 

Qara çörək,

Bəyaz pendir,

Qırmızı çaxır .

 

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır...

 

Sözün əsl mənasında, eskizdir... Uzun illər öncə Samir Sədaqətoğlu bir yerdə bu şeiri dedi. Tələbələrdən ibarət kollektivin bütün üzvləri qəhqəhə çəkib güldülər. Onda Samir Sədaqətoğluna havalanmış kimi baxanlar da oldu. Gülənlərin sırasında mən də var idim. İllər keçdi və başa düşdüm ki, mən naşı, poeziyadan xəbərsiz olmuşam deyə o vaxtı "Qar eskizi"nə gülmüşəm.

Bir neçə gün əvvəl Bakıya qar yağanda sosial şəbəkələrdə Adil Mirseyidin həmin şeiri dediyi videonu paylaşıb lağ edənlər az deyildi. Çünki onlar ovaxtkı mənə bənzəyirlər: əksərən ədəbiyyatda naşı, poeziyadan xəbərsiz.

Məşhur səhifələrdən biri də feysbukda Adil Mirseyidin "Qar eskizi" şeirini səsləndirdiyi videonu paylaşmışdı. Paylaşıma gələn rəylər isə acınacaqlı idi... Qiraətçi Kamal Yaşar həmin rəylərlə bağlı yazır: "Bu paylaşımın rəy bölümünə baxmaqla insanımızın nə qədər tələskən, söyməyə, lağlağı etməyə yubanmayan, ağına-bozuna baxmadan lənətləməyə çalışan bir ruhiyyədə olduğunu görürük. İncəsənət, incə ruh, duyğu, anlaşılmaq ehtiyacı həmişə qəribdir belə insanların içində. Necə ki Adil Mirseyid də qərib idi öz ruhani dünyası ilə. Amma mən yenə də ümidsiz deyiləm. Bu şəraiti doğuran səbəbləri də görürəm, anlayıram, bilirəm. Yenə də hər şeyə rəğmən, inanıram ki, bir gün bizim də insanımız, cəmiyyətimiz anlamadığı, anlamağa çətinlik çəkdiyi bir şeyi görəndə əlini ilk olaraq daşa, dəyənəyə atmayacaq və sevgi ilə anlamağa, çözməyə çalışacaq..."

***

Aydın Talıbzadənin "daun bənzətməsi"

Hövsələsizlik hamımızın canına cift olub. Nəyinsə haqqında hökm verməyə meyilli olmuşuq. Ələlxüsus, əgər verilən rəy mənfidirsə, əsaslandırmaq, ətraflı izah etmək mütləqdir. Dörd-beş cümlə ilə, bir nümunə ilə hansısa irihəcmli roman haqqında qəti danışmaq oxucu üçün ayıb deyil, amma yazıçı üçün bağışlanmazdır

Nihat Pir axır vaxtlar ultimatumlarla çıxış edir. O da ədəbiyyata "əlibiletli" gələnlərdəndir. Aydın Talıbzadənin "Ramana" romanı haqqında yazır: "Aydın Talıbzadə "Ramana" romanında çox kobud bir bənzətmə işlədib. "Umxanım onun dizlərini bağrına basıb daun uşaqlar kimi maddım-maddım üzünə tamaşa edirdi..." Son dərəcə vulqar, son dərəcə qeyri-etik bir bənzətmədir. Daun uşaqlar kimi... Elə bil deyirsən ki, başları söhbətə o qədər qarışdı ki, kabab yandı, lap Nelson Mandela kimi... Ümumiyyətlə, sözügedən romanda müəllim çox bənzətmə edir. İfrat dərəcədə. Adam bir az yorulur. "Artıq içiləndə dərd verir o da" misalı. Bənzətməni ki oxuyanda səni ildırım vurmadı, qayıdıb eyni abzası eyni ləzzətlə oxumaq istəmədin, heç nə. Mübariz Cəfərli "Amerika"sında yazır: "...gün batandan sonra məktəbin həyətindəki çinarın yarpaqları qara yelkənə bənzəyirdi..." Bax belə!"

***

Şəhriyar Del Gerani üçün 2 seçim

Yeni dövrün sevilən şairlərindən olan Şəhriyar del Gerani son zamanlar maddi rifahı ilə bağlı bir neçə paylaşım etmişdi. İşsizliyindən, dostlarının etinasız yanaşmalarından gileylənən şair müraciətlərinə baxmayaraq, iş təklifinin gəlməməsindən məyus olub və feysbukda bu barədə paylaşımlar edib. Son paylaşımı isə daha kəskin və təəssüfləndirici idi. Özü həmin statusu sildiyindən, sitatlar gətirməyi etik hesab etmirəm.

Həmin statusun ardınca yazıçı Sərdar Aminin "Sosial şəbəkələrdə "acından ağlayanlar" adlı yazısı yayımlandı. Yazı səs-küyə səbəb oldu, Sərdarı top atəşinə tutanlar da oldu. Sərdar Amin yazır: "Ağlayan hər bir yazıçının göz yaşları ədəbiyyat kitabının üstünə tökülür. İstər-istəməz potensial oxucu düşünür ki, bunun ağlı olsaydı, özünə bir gün ağlayardı, dolana bilməyən adamın yazdığı nə olacaq ki, mən həmin mətni oxuyub nicat tapım?"

Öz aramızda da, bundan neçə il əvvəl də dostlarla daim bu mövzu barədə müzakirə etmişik. Təxminən, eyni fikirdə olmuşuq ki, gərək yazıçı yazıq obraz yaratmasın. Amma sözügedən yazının məhz Şəhriyarın statusundan sonra yazılması bəzi dostları qıcıqlandırdı. Ehtimal var ki, Sərdarın yazısı Şəhriyarın statusundan xəbərsiz yazılıb. Amma hər halda mənzərə başqadır.

Sərdar yazının əvvəlində Dostyevskidən söhbət açır və onun cəsarəti, riski, inamı fonunda publik gileylənən qələm adamlarını tənqid edir.

Yazıçı Cavid Ramazanov sözügedən məqalə ilə bağlı yazır: "Dostoyevskinin özü də ələbaxanın yekəsi olub... Dostoyevskinin ömrü boyu itə də borcu olub. Amma qardaş və arvad baxımından bəxti gətirmişdi. Buna bəlkə, indiki dövrdə sui-istifadə deməliyik, o dövrdə fədakarlıq deyirdilər... ələ baxmaq olar, amma əsas yaxşı yazmaqdır. Bizim yazı-pozu əhli isə yaxşı yazmaq üçün çalışmır, oxumur, öyrənmir, problem bundadır. Alaçiy mətnlərlə, hop-gopla həm özünü aldadır, həm də oxucuya kəf gəlmək istəyir. Kriteriya yaxşı yazı, savad, dünyagörüş olmalıdır, qalan hər şeyə bəraət qazandırmaq olar..."

Bəlkə də, Sərdar o yazını canıyananlığından yazıb, öz həmkarlarının belə görünməyindən narahat olub, deyə bilmərəm, bəlkə bu, mənim fərziyyəmdir... Amma Şəhriyarın özünə gələn bəzi yersiz rəylər adama dəyir, Sərdarın haqlı məqamlarını izah edir...

Bu vəziyyətdə iki cür davranış düsturu çıxa bilər qarşıya: Birincidə Füzuli deyir ki, "qoy rəqibin bilməsin var səndə əfqan", ey şair! İkincidə isə, elə Şəhriyarın da sevimli şairi olan Vaqif Bayatlı deyir: "Dörd yanın kişiysə, utanma, qardaş!" Hansını seçmək öz ixtiyarına qalıb...

***

Söz oyununda günahlandırılan şair...

Hörmətli Rasim Qaraca ötən gün "Ədəbi köşk"ümüzü paylaşıb yazmışdı: "Nomenklatur ədəbiyyatın yeni platforması ilə tanış olun". İnsaflı olun, Rasim müəllim, hələ bir görün nələr olacaq...

Nəysə, ötən günlərin birində şair Cəlil Cavanşir Salam Sarvanın bir şeiri paylaşmışdı: "Narahat olma, qızım..." Rasim Qaracanın şeir haqqında fikirləri yubanmadı və tətiyi çəkib Salam Sarvanı nişan aldı...

Şeiri üç aspektdə tənqid edəndə ilk nişanalma səbəbi bu olub: "...Şair sevgilisinə "qızım" deyə müraciət edir. Məncə, estetik deyil... Yeri gəlmişkən, ilk dəfədir şeirdə sevgiliyə "qızım" deyildiyinin şahidi oluram, yəqin ki, bu da Salamın növbəti kəşfidir..."

İkinci məsələ bu həftə ən aktual olan "ağlaşma" ilə bağlıdı: "Lirik qəhrəman nə qədər zirvədə olsa da, ovqatı təlxdir, "yaşaya bilmirəm, bilmirəm" deyir, "bir az qızdan zəhləsi gedir, bir az özündən", sonra birdən "yaşamaq mümkünmüş" deyir, "içir kövrəlir, kövrəlir içir"... aşiq müdam sızıldayır, ağlaşmanın biri 5 qəpik..."

Üçüncü məsələ ilə bağlı çox vaxt Salam Sarvanı tənqid ediblər, buna öyrəşmişik: "Şeir konkret struktura malik deyil, şair sözləri deyil, sözlər (söz oyunları) şairi idarə edib".

***

Heç vaxt yazılmayacaq reportajın müəllifi kimdir?

Jurnalist Səbuhi Məmmədlinin vəfatı hamımızı - bütün onu tanıyan dostları kədərləndirdi. Fəqət sağlığında nə özü özünün, nə də bəzi dostları onun qədrini bildi. Bizdə adətdir, sağ olanda kor Fatma deyib, öləndə badam gözlüm kimi oxşamaq... Amma yox, sağlığında da onun istedadının hüdudları, bacarığı, qabiliyyəti hamıya məlum idi...

Qurban Yaquboğlu dostu barədə yazır: "Yazı, mətn nə deməkdir? Lap olsun, jurnalistika janrları. Mənə tam məlum deyil. Təxminən belə: olmuşları, olanları, olacaqları/ola biləcəkləri qeydə almaq... Amma hansı zamanda? Budu məsələ... İllər öncə bir dəfə qəfil Səbuhini görmək istədim, ona messencerdə bir bayatı yazdım, üçüncü misrası beləydi: "Könlüm səni istəyir..." Çox xoşuna gəldi. Əlbəttə, görüşmədik... Səbuhi dəfn olundu. Getdi, qayıdıb reportaj yazmayacaq. Reportaj bitib artıq. Oxuya bilməyəcəyik. "Könlüm səni istəyir!" Əlbəttə, görüşməyəcəyik".

***

Təzə nə var?

Həmid Herisçinin "Quşqovanlar diriləndə" hekayəsi "Kulis"in müzakirəsinə çıxarılıb. İlham Əziz deyir ki, klassik Həmid hekayəsidir, informasiya bolluğu, inversiya, qatmaqarışıq mətn... Orxan Həsəni deyir ki, Həmid zaman keçdikcə daha da mürəkkəbləşir və tamam anlaşılmaz bir formaya düşür... Təvəkkül Boysunar hekayəni sonacan oxumayıb. İnciməyin, artıq Təvəkküldə dahilik əlamətləri sezirəm... Ya da bunu nahaq yazdım, birdən inanar e... Nəysə, müzakirədə hekayəni tək təqdir edən Sevinc Elsevər olub...

***

"Qanun" nəşriyyatının təsisçisi Şahbaz Xuduoğlu oxucuları müjdələdi: Bernhard Şlinkin 9 hekayəsindən ibarət kitabı dilimizdə çap olundu.

***

Gənc şair El Romanın yeni şeirlər kitabı çap olunub. Müəllifin sayca 2-ci kitabında son 6 ildə yazdığı şeirlər cəmləşib.

Yəqin, 1-ci kitabında 12 il əvvəl yazdığı şeirlər çap olunmuşdu. Məhsuldar şair El Roman...

***

"UNESCO" hər il yeni "Dünya Kitab paytaxtı" təyin edir. Bu çərçivədə 2024-cü ildə Fransanın Strasburq şəhəri Dünya Kitab paytaxtı elan edilib.

Görəsən, Bakı nə vaxt buna nail olacaq?

***

Sabirabadda yerləşən "Hophopnamə" kitab mərkəzində "Mücrü" nəşriyyatının kitab sərgisi təşkil olunub.

Axır ki, bölgələrə də kitab işığı düşür...

***

Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qalibləri müəyyənləşib. Müsabiqədə gənc yazarlar - Cavid Babayev birinci, Orxan Cuvarlı ikinci, Xan Abdulla isə üçüncü yerin sahibi olub.

***

Yazıçı Şahmarın "İtki" hekayəsi rus dilinə tərcümə olunaraq Rusiyanın populyar ədəbiyyat saytında yayımlanıb.

Gün o gün olsun ki, mərhum yazıçımız Şahmarın hekayəsini yerli saytlar vaxtaşırı yayımlasınlar, özümüzün də xəbərimiz olsun. Birdən Rusiyaya gedərik, Şahmarı bizdən xəbər alarlar, karıxıb qalarıq...

 

Hazırladı: Nadir YALÇIN

525-ci qəzet .- 2024.- 20 yanvar, ¹11.- S.13.