"Bütün həyatımı
Şuşaya həsr etmişəm..."
Vasif Quliyev-70
VASİF QULİYEV: "İLK ARAŞDIRMALARIM
YAŞLI ADAMLARLA ŞİFAHİ SÖHBƏTLƏRİM OLUB"
Qarabağ tarixinin görkəmli tədqiqatçısı,
həyatını qələmə, araşdırmalara sərf
edən Vasif Quliyevlə hər söhbət fərqli
alınır. Diktofonu qoşub yenidən müsahibə
almağa cəhd eləsəm, tamam başqa orijinal söhbətlər
edəcək. Hər görüşdə fərqli ovqat
yaratmağa qadir olan, hətta özü özünü təkrarlamayan
qiymətli Vasif müəllimin 70 yaşı tamam olur. Bu
münasibətlə "Şuşa" qəzetinin redaktoru
Vasif Quliyevlə müsahibəmizi sizə təqdim edirik.
- Qalalı Vasif Quliyev, ya malıbəylili?..
- Mən qalalıyam, yəni yerli şuşalı... O
vaxtı babam İsmayılı qaladan on iki kənddən ibarət
olan Malıbəyli nahiyəsinə yüzbaşı göndəriblər.
Ailəmiz Malıbəylidə məskənlaşıb, mən
də həmin kənddə doğulub böyümüşəm.
O vaxtı Malıbəylidəki məktəb səkkizillik
idi. Ermənilər Dağlıq Qarabağdakı Azərbaycan
kəndlərində onillik məktəblərin
açılmasına imkan vermirdilər. Səkkizinci sinifi kənd
məktəbində bitirmişəm, doqquzu, onu Xankəndidəki
Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə
oxumuşam.
- Vasif müəllim, universitetə çox gec qəbul
olmusunuz. İmtahandan keçə bilmirdiniz, ya ali təhsil
almağa gec qərar verdiniz?
- Kimi şahmat üzrə, kimi
üzgüçülük üzrə, kimisi isə nə
bilim, nə üzrə çempion olur. Mən isə
universitetə girmək üzrə Azərbaycan
çempionuyam. Düz 10 dəfə o vaxtkı Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil
olmuşam. Hər dəfə də məqbul qiymət
almışam, amma müsabiqədən keçməmişəm.
O vaxtlar pulla, tanışlıqla qəbul olanlar
saysız-hesabsız idi. Təbii ki, öz biliyinə universitetə
girənlər də olurdu. Qəsdən məni konkursa
salırdılar, kəsmirdilər ki, dilləri uzun olsun. Həmin
vaxtlar Stepanakert Elektrotexnika zavodunda işləməyə
başladım... Məni əsgər aparmırdılar.
Şuşanın hərbi komissarı məndən xəbərsiz
atamdan pul alıb, üç il məni saxlayıb. Ona görə
də heç hərbi xidmətə də vaxtında gedə
bilmədim, gəldim Bakıya. Bakı Soyuducular zavodunda işə
başladım. Keçmiş prezident Ayaz Mütəllimov da mənim
direktorum idi. Bir müddət sonra əsgərliyə getdim, iki
il Moskvada xidmət etdim. Nəhayət, 1976-cı ildə
ADU-nun jurnalistika fakültəsinin hazırlıq şöbəsinə
daxil oldum, 1977-ci ilin yayında imtahan verib əyani təhsil
almağa başladım. Qrupda 25 tələbə idik.
Aralarında ən yaşlısı mən idim, 7-8 yaş fərqimiz
var idi. Amma oturub-dururduq, onlarla söhbətim
alınırdı.
- Sizi məhz jurnalistika sahəsinə yönləndirən
səbəb nə oldu?
- Uşaqlıqdan teatra böyük marağım var
idi, onuncu sinfi bitirəndə rejissorluğa getmək istəyirdim.
Son anda Şamil Qurbanovun "Azərbaycan müəllimi" qəzetində
bir yazısını oxudum. Həmin yazı mənim fikrimi
tamam dəyişdi və jurnalist olmaq qərarına gəldim.
- Müəllimlərinizdən kimi
xatırlayırsınız?
- Müəllimlərin çoxunu xatırlayıram,
amma bəziləri heç xatırlanası deyil... Gözəl
insanlar bizə dərs deyib - Mir Cəlal, Nəsir
İmanquliyev, Nurəddin Babayev, Şirməmməd
Hüseynov, Famil Mehdi, Cahangir Məmmədli, Yusif Yusifov... Yusif
Yusifov nənəmə də, anama da, mənə də dərs
deyib. O vaxtı savadartırma kursları var idi, nənəmə
orda yazı-pozu öyrədib. Anama Ağdam İkillik Müəllimlər
İnstitutunda dərs deyib.
- "Qeyri-kafi" qiymət aldığınız
yadınıza düşürmü?
- O qədər... Əlli ildə Mir Cəlal müəllimdən
"iki" alan yeganə tələbə mən olmuşam.
Mir Cəlal müəllimin imtahanı idi, qapıda dayanıb
onu gözləyirdik. Mən də qapının ağzında
dayanıb siqaret çəkirdim. Sən demə, Azad Nəbiyev
də həmin imtahanda Mir Cəlalın assistenti imiş, mənim
də bundan xəbərim yox idi. O,
yanımdan keçəndə siqaret çəkdiyimi
görüb mənə tərs-tərs baxdı...
Fənn asan idi və bəxtimə sadə suallar
düşmüşdü. Mir Cəlal müəllimin xəbəri
olmadan Azad Nəbiyev birbaşa mənə "2" yazdı.
Mir Cəlal soruşdu ki, nə yazdın ona? Qayıtdı ki,
Mir Cəlal müəllim, heç nə bilmədi. Halbuki hələ
mən suallara cavab verməmişdim. Görünür, onu
görəndə siqareti tullamamağım assistentin xoşuna
gəlməyibmiş. Heç nə demədən
çıxıb getdim... Dekanlıqda çalışan Akif
Rüstəmov da təzə-təzə fakültədə
işə başlamışdı, belə məsələlərlə
o məşğul olurdu. Mənə dedi ki, sessiya bitməmiş
təzədən imtahan verməkçün göndəriş
al, qiymətini düzəlt, heç olmasa, təqaüd ala
biləsən. Açığı, Araz
aşığımdan idi, Kür topuğumdan. Bakıda şəxsi
evim vardı, pul sarıdan da korluq çəkmirdim. Akif müəllimin
təkidi ilə göndəriş alıb Mir Cəlal müəllimgilin
kafedrasına getdim, Mir Cəlal müəllim orda yox idi.
Laborant Zahirə Salmanova dedi ki, hava çox soyuq olanda Mir Cəlal
müəllim işə gəlmir, nömrəsini verim,
götür zəng elə, dəqiqləşdir. Heç vaxt
bunu deməmişəm, Mir Cəlal müəllimin həyat
yoldaşı Püstəxanım qohumum idi. Bu barədə
Mir Cəlal müəllimə də bir kəlmə deməmişdim.
Əlqərəz, Mir Cəlal müəllim dedi ki, bala, gəl
evə. Getdim, sağ olsun, qiymətimi düzəltdi. Amma
heç vaxt heç kim bilmədi ki, Püstəxanım mənim
qohumumdur.
- Jurnalist kimi fəaliyyətinizlə yanaşı,
daha çox tədqiqatçı kimi
tanınmısınız. Bu araşdırma həvəsi sizdə
hardandır?
- Birinci sinfə gedəndən qəzet-jurnal
oxumuşam. Çünki anam ədəbiyyat müəllimi
idi, müxtəlif qəzetlər alırdıq.
Doğulduğum kənd, Şuşa qalası, ətraf ərazilər
barədə məlumat toplamaq həvəsi məndə elə
o vaxtdan başlayıb, uşaqlıqdan yaşlı adamlardan
çox söhbətlər eşitmişdim. Yadımdadır,
1971-ci il sentyabrın 1-də Şuşada "Güllü
bağ" adlı istirahət guşəsində Xan
Şuşinskinin məşhur skamyasında əyləşmiş
dörd nəfərin söhbətini eşitdim. Onların biri
"Molla Nəsrəddin" jurnalının 1910-cu ildən bəri
Qarabağ üzrə müxbiri olmuş Həsən İxfa
Əlizadə idi. Bu qocaların tarixlə bağlı söhbətləri
məndə Şuşanın keçmişinə həvəs
oyatdı və o vaxtdan bu şəhərin tarixini araşdırmağa
qərar verdim. Məsələn, Cəlil Məmmədquluzadəni
görən, bəlkə, 100 nəfərlə söhbət
eləmişəm, böyük dramaturqun Qarabağ həyatı
ilə xeyli material toplamışam.
- İlk diqqətinizi cəlb edən söhbətlərdən
hansılar yadınızdadır?
- Məktəbi təzəcə bitirmişdim, 1971-ci
ilin yayı idi. Mir Möhsün Nəvvabın qız nəvəsi
Simuzər xanım Ağayeva Bakıda yaşayırdı. Hər
il yay aylarında Şuşaya gəlirdi. Babası haqqında
çox şey bilirdi. Onun bir söhbətini eşitdim:
"Lenin mənim dayıma - Mir Möhsün Nəvvabın
oğluna məktub da yazmışdı". Bu söhbətin
ardınca düşdüm, xeyli araşdırdım. Mir
Möhsün Nəvvabın oğlu Mir İbrahim Ağamirzadə
Şuşada qəzet köşkü işlədirmiş.
Rusiyadan gələn inqilab ruhlu ədəbiyyatı, qəzetləri,
jurnalları gizlincə satırmış. Leninə bu barədə
məlumat veriblər. O da Şuşa barədə geniş məlumata
malik idi. Mən Moskvada - Kremldə
Leninin iş otağında olanda gördüm ki, divarda
bir xəritə var, Şuşanı qırmızı qələmlə
halqaya almışdı. Çünki Şuşa Qarabağda
inqilabın mərkəzi idi. Lenin həmin vaxt Mir İbrahim
Ağamirzadəyə məktub yazıb... Sonralar Xankəndidə
muzey yaradılarkən həmin məktubu Mir İbrahimdən
alıb muzeyə veriblər. Nəvvabın nəvəsi bunu
danışanda üz tutdum həmin muzeyə. Muzeydəki
qeydiyyatçı qadın erməni idi. Mənim də,
hardasa, 18 yaşım var idi. Məsələni o qadına
danışdım. Qəsdən dedi ki, bizdə belə bir məktub
yoxdur. Erməni o məktubu mənə verəndi?! O vaxtı
bir Suren Karapetyan adlı bir tanış var idi. O, tez-tez
"Şuşa" qəzetində çıxış
edirdi, Şuşanın yetirdiyi görkəmli adamlar
haqqında yazırdı, Azərbaycan SSR-in Əməkdar mədəniyyət
işçisi idi. Həmin məktub barədə ona
danışdım, dedi ki, mən o məktubun üzünü
sənin üçün köçürərəm. Erməni
arvad Suren Karapetyana da həmin sözü deyib, çünki
bilib ki, o, məktubu mənim üçün xahiş eləyir.
Uzun illərdən sonra Nəvvabın oğlunu tədqiq etdim
və onun haqqında yazı yazdım. Arxivdə tapdım ki,
o vaxt Mir İbrahimin təqaüdünü az kəsiblər.
Yuxarılara müraciət edib ki, mənim xeyli əməyim
olub, hətta Lenin yoldaş da mənə məktub yazıb,
Xankəndi arxivində qorunur... Sonralar həmin arxiv batıb
getdi, ermənilər dağıtdılar...
- Onda demək olarmı ki, bu sizin ilk
araşdırmanızdır?
- İlk yox, ilklərdən biri desək, daha
düzgün olar... Səttarxan hərəkatının
iştirakçıları, "Difai" partiyasının bəzi
üzvləri ilə görüşmüşəm, söhbət
etmişəm. İlk araşdırmalarım yaşlı
adamlarla şifahi söhbətlərim olub.
- Şuşanın tarixinin tədqiqi məsələsi
sizi qane edirmi? Tədqiqatçılardan kimlərin
adını çəkə bilərsiniz?
- Firudin Şuşinskidən başqa Şuşanı
sanballı, dərin tədqiq edən görmədim. Hətta
o da müəyyən qədər araşdıra bildi, tarixi
şərait, ömür, vaxt imkan vermədi ki, çox dərinə
getsin. Şuşadan, bəlkə, 100-dən çox elmi
iş yazılıb. Tarix elmləri namizədi Yunis Hüseynov
istisna olmaqla, hamı da bir-birindən köçürüb.
Bu gün arxivdə oturub işləyən adama rast gəlməmişəm.
Xarici ölkələrdə elektron şəkildə arxivdə
işləyənlərin siyahısı göstərilir, təəssüf
ki, bizdə hələ o sistem yoxdur. Düz 53 ildir arxivdə
işləyirəm, araşdırıram, günümün
bir hissəsi orda keçir. Bütün həyatımı
Şuşaya həsr etmişəm və Şuşaya aid
başdan-ayağa nə məlumat varsa, hamısını
toplamışam, yavaş-yavaş yazıram. Arxiv işi
çox çətindir, böyük xərc tələb edən
sahədir.
- Deyirlər, əvvəllər ermənilərlə
münasibətlər yaxşı olub, sonra hər şey birdən-birə
oldu...
- Yalan söhbətdir, ermənilərin xisləti əvvəldən
pis olub. Məcbur qalıb birgə oxuyurduq, işləyirdik.
Biz heç vaxt onlarla yaxın dost olmamışıq.
İlanın ağına da lənət, qarasına da... Erməninin
kasıbı səninlə dostluq edər, amma bir də görərsən
ki, başını daldan kəsib. 80-ci illərdə, hadisələr
başlayanda məndən soruşdular ki, bu söhbətlərin
axırı necə olacaq? Çoxları Allah şahididir.
1988-ci ildə Şuşada bağda oturmuşduq. Dedim ki,
müharibə olacaq, nəinki Qarabağda, heç Azərbaycanda
da bir erməni qalmayacaq. Çünki ermənilərlə
birgə yaşamışdıq. Onların xislətinə dərindən
bələd idim. Özləri kimi qorxaq millət yoxdur... Bu
gün həmin dediyim öz təsdiqini tapdı. Hamı kimi
ermənisiz Azərbaycanın adına sevinirəm.
- Vasif müəllim, şkafın üstündəki
tar sizindir?
- Bəli.
- Tar çalmağı kimdən öyrənmisiniz?
- Bu, bir az uzun söhbətdir... Bütün
şuşalılar kimi mənim də qanımda musiqi var. Erməni
kəndlərindən fərqli olaraq, Azərbaycan kəndlərində
musiqi məktəbi yox idi. Atamın-anamın baş-beynini
apardım ki, gedin, mənə tar alıb gətirin.
Ağdamdan yaxşı bir "uçevnik" tarı aldılar.
Malıbəylidə musiqi məktəbi olmadığından
qapı-qapı düşüb tar öyrənmək
üçün 10 nəfər uşaq yığdım. Xankəndidə
yaşayan Karlen adlı bir erməni tar müəllimi var idi...
Onu çağırdılar ki, bizə tar çalmağı
öyrətsin. Bu 10 nəfərin biri bir ay gəldi, biri iki ay
gəldi, axırı gördüm ki, tək qalmışam.
Karlen müəllim dedi ki, daha o boyda yolu nəyə gəlirəm?!
Xankəndiyə onillik məktəbə gedəndə
istədim ki, musiqi məktəbinə də qəbul olum,
gördüm dərslərlə üst-üstə
düşür. Onda da alınmadı... Əsgərlikdən
qabaq Bakıda zavodda işləyəndə Əhsən
Dadaşovun ansamblının məşqlərinə gedirdim,
diqqətlə izləyirdim. Bir müddət sonra əsgər
getdim, o da yarımçıq qaldı.
Əsgərlikdən qayıdandan sonra Bakıdakı
16 nömrəli musiqi məktəbinin direktoru pianoçu
Çingiz Sadıqovun yanına getdim. Yaşım çox
olsa da, həmin məktəbdə oxumağa başladım.
Əhsən Dadaşovun bir tələbəsi var idi - Mustafa
müəllim, sonralar Niderlanda köçdü. Günün
birində dedim ki, Mustafa müəllim, mənim musiqi müəllimi
olmaq arzum yoxdur, ancaq başdan-ayağa muğamları öyrənmək
istəyirəm. Çingiz müəllimlə də məsləhətləşib
razılaşdıq. Əvvəl ayda məktəbə 5 manat
köçürürdüm. Mustafa müəllim dedi ki, ayda
50 manat ver, mən sənə Asəf Zeynallı texnikumunun
proqramı ilə muğamları öyrədim. Düz
altı il muğamın sirlərini, tarixini, nəzəriyyəsini,
guşələri, şöbələri, rəngləri
Mustafa müəllimdən öyrəndim. Hardasa, 70-ci illərin
sonlarında bir neçə ansamblda tar çaldım. İl
keçdikcə vaxt olmadı, iş çoxaldı,
universiteti bitirindən sonra ansambla getmədim. İndi
gördüyün tarı 300 manata almışam.
Söhbətin bu yerində tara tərəf getdim.
İstəyirdim, qabından çıxarıb Vasif müəllimə
verəm, tar çalmağına qulaq asam. Amiranə səslə
dedi: "Dayan! Əl vurma..." Səbəbini soruşdum...
- Gülağa Zeynalov adlı uşaqlıq dostum var
idi. Virtouz tarzən idi. İncəsənət Universitetində
kafedra müdiri olanda da, ondan əvvəl də hər gün
nəşriyyata - mənim yanıma gəlirdi. Mən də
tar çalmağı xeyli yadırğamışdım. O təzədən
bəzi şeyləri yadıma salırdı, məşq
edirdik. Hardasa, 10 il qabaq Gülağa Zeynalov qəfil rəhmətə
getdi. Həmin gündən nəinki tar çalıram,
heç onun futlyarını açmıram...
Nadir YALÇIN
525-ci qəzet .- 2024.- 17 yanvar, ¹8.- S.12;13.