Sürətli
quruculuq və qayıdış davam edəcək
AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİN
BAŞ PLANLARI AVROPANIN ƏN QABAQCIL ŞİRKƏTLƏRİ
TƏRƏFİNDƏN HAZIRLANIB
Azərbaycan dövləti işğaldan azad
edilmiş ərazilərdə sürətli və geniş bərpa-quruculuq
işlərini davam etdirir. Şəhər və kəndlərimiz
yüksək səviyyədə müasir standartlar əsasında
yenidən inşa edilir. Eyni zamanda, Böyük
Qayıdış Proqramına uyğun olaraq 30 ildən
artıq yurd həsrəti çəkən insanlarımız
artıq öz dədə-baba ocaqlarına qayıdırlar. Azərbaycan
dövlətinin əsas hədəflərindən biri məhz
uzun illərdir qaçqın həyatı yaşayan
insanlarımızın köçünü sürətləndirməkdir.
Təbii ki, Ermənistanın işğal müddətində
tamamilə dağıdıb yerlə-yeksan etdiyi, həmçinin
kütləvi şəkildə
minalarla çirkləndirdiyi ərazilərin yenidən
qurulmasına, bərpasına tez bir zamanda nail olmaq
mümkün deyil. Çünki önəmli şərtlərdən
biri vətəndaşlarımızın təhlükəsiz
qayıdışıdır ki, bunun üçün də
ilk növbədə ərazilər minalardan təmizlənməlidir.
Hazırda həm bərpa-tikinti, həm də minalardan təmizlənmə
işləri paralel olaraq davam etdirilir. Azərbaycan dövləti
bütün bu işləri öz gücü və
imkanları hesabına aparır.
Qayıdışın ilk ünvanı Zəngilanın
Ağalı kəndi oldu. 2022-ci ildə ağalılar öz
doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa
başlayıblar. Prezident İlham Əliyevin göstərişi
əsasında işğaldan azad olunmuş ərazilərdə
birinci pilot layihə də məhz Zəngilan rayonun
Ağalı kəndində icra edilib.
Yenidən qurulan Ağalı kəndində
küçələrin “ağıllı”
işıqlandırılması, isti və soyuğadavamlı
ekoloji evlərin inşası, günəş panellərinin
quraşdırılması kimi müasir şəhərsalma
standartları tətbiq edilib. Həmçinin, kəndin
dayanıqlı enerji ilə təmin edilməsi
üçün Həkəri çayı üzərində
Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib.
Üç ədəd generatorun
quraşdırıldığı stansiya Ağalı kəndinin
elektrik enerjisinə tələbatını tam təmin etmək
gücünə malikdir.
Eyni zamanda bu gün azad edilmiş ərazilər -
Qarabağ və Şərqi Zəngəzur “yaşıl
enerji" zonasına çevrilir. Bu ərazilərin
böyük günəş və külək potensialına
malikdir. Bu, həm də həmin ərazilərdə istehsal
olunan enerjinin digər rayonlara nəql edilməsinə imkan
yaradacaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr
tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda
“yaşıl enerji” layihələrinin həyata keçirilməsinə
mühüm önəm verilib. Dövlətimizin
başçısı tərəfindən bu məqsədin
gerçəkləşməsi üçün 2021-ci il
mayın 3-də “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində “yaşıl enerji”
zonasının yaradılması ilə bağlı tədbirlər
haqqında” sərəncam da imzalanıb. Mütəxəssislərin
araşdırmalarına görə, Qarabağ və Şərqi
Zəngəzurda 4 min meqavatdan artıq günəş və
500 meqavatadək külək enerjisi potensialı mövcuddur.
Artıq həmin potensialın hərəkətə gətirilməsi
istiqamətində konkret tədbirlər həyata
keçirilir, aparılan bərpa-quruculuq işlərində
“yaşıl texnologiya”ların tətbiqinə
üstünlük verilir.
Bu il də azad edilmiş ərazilərdə
böyük həcmli işlər davam etdiriləcək. Azərbaycan
Prezidenti yanvarın 10-da yerli telekanallara müsahibəsində
deyib ki, bu il Qarabağda, Şərqi Zəngəzurda
infrastruktur layihələrinin hamısı davam etdiriləcək.
2026-cı ilin sonuna qədər hədəfimiz 140 min
keçmiş köçkünü öz dədə-baba
torpaqlarına qaytarmaqdır.
Sitat: “Bu günə qədər görülən
işlər göz qabağındadır. Bu haqda çox
danışmaq istəməzdim. Sadəcə olaraq,
bütün böyük infrastruktur layihələri ilə
yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki,
beş yaşayış məntəqəsinə keçmiş
köçkünlər qayıtmışlar. Laçın,
Füzuli şəhərləri, Ağalı, Talış və
Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o
yaşayış məntəqələrinə
keçmiş köçkünlərin qaytarılması
davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın
günlərdə mənim tərəfimdən təsdiq olunacaq,
bir neçə dəfə artıq müzakirədən
keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm
də ölkəmizin digər yerlərinə aid İnvestisiya
Proqramı bizim əsas alətimizdir, bərpa
üçün əsas alətimizdir.
Bu il Qarabağda, Şərqi Zəngəzurda
infrastruktur layihələrinin hamısı davam etdiriləcək.
Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su
anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər,
xəstəxanalar, artıq başlamışdır onların
inşaatı, bəziləri artıq istifadəyə
verilmişdir. İçməli su xətləri, elektrik
enerjisi ilə bağlı layihələr, suvarma ilə
bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng
Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki
işğal dövründə ermənilər ancaq onu istismar
ediblər. Yəni oraya bir qəpik də vəsait
qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə
məhv edilmişdi, indi bu yaxınlarda açıldı.
Yaxın gələcəkdə Füzulidəki Köndələnçay
Su Anbarının açılışını edəcəyik.
Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir.
Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il
tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin
edəcək. Yəni keçmiş köçkünlər
qayıdanda artıq orada əkin-biçin üçün
şərait olmalıdır”.
Prezident öz yurd yerlərinə qayıdan
keçmiş köçkünlərin məşğulluğu
ilə bağlı dövlət qurumlarının ciddi məşğul
olduqlarını, həm gedənə qədər onlar
üçün treninqlər keçirildiyini, həm də
yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri
yaradıldığını və bu prosesin davam edəcəyini
vurğulayıb.
Dövlət başçısı əlavə edib
ki, Ağdamda və Cəbrayılda iki böyük sənaye
zonası artıq fəaliyyətə başlayıb və bu
il o zonaların fəaliyyəti böyük dərəcədə
genişlənəcək: “Bütün bu infrastruktur layihələri
imkan verir ki, biz bu il daha böyük sayda keçmiş
köçkünləri öz dədə-baba torpaqlarına
qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər
arasında beş şəhər - Şuşa şəhəri,
Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri,
Xankəndi şəhəri, Xocalı şəhəri olacaq.
Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə
keçmiş məcburi köçkünlərin 2025-ci ildə
qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir
çox kəndlərdə, - hansılarda ki, mən təməl
qoymuşam, - orada inşaat davam edəcək, bir neçə
kəndə keçmiş köçkünlər
qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi
hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan,
Malıbəyli, Turşsu kəndlərinin də bərpasına
artıq start veririk. Kəndlər tamamilə
dağılmış vəziyyətdədir. Mən
Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm.
Tamamilə dağılmış vəziyyətdədir,
Malıbəyli məscidi də dağılmış və
vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni
sadaladığım bu, ən azı şəhər və kəndlərə
keçmiş köçkünlər qayıdacaq və
2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz
140 min keçmiş köçkünü öz dədə-baba
torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail
olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün
bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir
donor təşkilatı, heç bir digər tərəf bizə
kömək göstərmir. Ancaq Özbəkistan və
Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə
bağlı bizə qardaş dəstəyi göstərmişdir,
bütün qalan layihələr daxili imkanlar hesabına
reallaşdırılır”.
Prezident özəl sektora da müraciət edərək,
onları Qarabağa və Şərqi Zəngəzura daha fəal
investisiya qoymağa çağırb. Bildirib ki, artıq
Hadrut qəsəbəsində, Daşaltı kəndində və
Ağdam şəhərində bir neçə layihə
özəl sektor tərəfindən icra edilir.
“Qarabağı və Zəngəzuru cənnətə
çevirəcəyik”, deyən dövlət
başçısı əlavə edib ki, şəhərlərin
bütün Baş planları dünyanın, daha doğrusu,
Avropanın ən qabaqcıl şirkətləri tərəfindən
hazırlanıb, o cümlədən, Şuşa şəhəri.
Şuşa elə bir şəhərə çevriləcək
ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət
bir vəhdət təşkil edəcək.
Göründüyü kimi, işğaldan azad
edilmiş ərazilərimizdə bütün işlər
planlı şəkildə və çox sürətlə
aparılır. İnsanlarımızın geri dönüb
rahat yaşamaları üçün bütün şərait
təmin edilir, müasir infrastruktur yaradılır, iş yerləri,
məktəblər, uşaq bağçaları
yaradılır.
Milli Məclisin deputatı Vüqar İsgəndərov
mövzu ilə bağlı bildirib ki, Azərbaycan Vətən
müharibəsində qələbəsi və antiterror tədbirlərindən
sonra öz ərazi bütövlüyünü və dövlət
suverenliyini tam bərpa etdi. Paralel olaraq 2020-ci il qələbəmizdən
sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında çox böyük bərpa,
quruculuq, tikinti işləri görülür: “Bu işlər
çərçivəsində cənab Prezident tərəfindən
irəliyə vəzifə kimi qoyulmuş "Böyük
qayıdış" konsepsiyası icra olunmağa
başlayıb. Dövlətimiz, bir neçə dost ölkələrin
şirkətləri tərəfindən azad edilmiş bölgələrimizdə
yaşayış binaları, ağıllı kənd və
şəhər konsepsiyaları icra edirlər. Füzulidə,
qismən Şuşada, Laçında məskunlaşma prosesləri
həyata keçirilir. Dövlət
başçısının dediyi kimi 2026-cı ilin sonuna qədər
həmin bölgələrimizə 140 min vətəndaşımız
qayıdacaq. Bu proses gələcəkdə də davamlı
olacaq. Çünki həmin bölgələrdə insanlar
yüz, min illərlə yaşayıblar, bundan sonra da daimi
yaşayacaqlar. Bu proses Azərbaycan dövləti tərəfindən
ən layiqli formada həyata keçiriləcək".
Deputat bildirib ki, işlərin daha sürətli getməsinə
mane olan cəhətlər erməni vandalları tərəfindən
basdırılmış minalardır. Dövlətimizin öz
hesabına minalar təmizlənir. Paralel olaraq da tikinti işləri
baş verir. Bütün bunlar həm də ölkəmizin
gücünə, qüdrətinə işarədir. Biz
iqtisadi potensialımıza, insan resurslarımıza, yeni
texnologiyalara əsaslanaraq bunları həyata keçiririk. Bu
da bizim dünyadakı artan nüfuzumuzun bariz nümunəsidir".
Pərvanə Sultanova
525-ci qəzet .- 2024.- 17 yanvar, ¹8.- S.4.