Müəllimim
...Bu günlərdə fakültənin dəhlizində
yenə üz-üzə gəldik. Müdiri olduğu Milli mətbuat
tarixi kafedrasından çıxıb özünəxas şəkildə
asta-asta dəhlizin bu başına - mənə sarı gəlirdi.
Tənəffüs olduğundan tələbələr dəhlizdə
idi. Professor Cahangir Məmmədli ona yaxınlaşan tələbələrlə
səmimi görüşür, bəziləri ilə
ayaqüstü söhbət edirdi. Həmin bir neçə dəqiqəlik
söhbətlərin nədən ibarət olduğuna əmin
idim. Bilirdim ki, Cahangir müəllim tələbələrin dərsləri,
onların gündəlik qayğıları ilə
maraqlanır. Niyə əmin idim? Çünki mən də
uzun illər tələbə kimi ondan diqqət və
qayğı görmüşəm.
Cahangir müəllimi doğma BDU-nun Jurnalistika
fakültəsinin birinci kursunda oxuduğum illərdən - təxminən
8 ildir tanıyıram. O, mənə "Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi" fənnindən dərs deyib. Cəmi
3 ay. Əslində isə Cahangir Məmmədli dərsləri
artıq 8 ildir davam edir.
Özünəxas xüsusiyyətləri var
professorun. Öyrətməyi, bildiklərini bölüşməyi
sevir. Özü də bunu xüsusi həvəslə edir.
Sonra öyrətməklə qidalanır. Səbirlidir. Həmişə,
nə olursa-olsun üslubunu qoruyar. Yumoru sevir. Yeri gəlmişkən,
Cahangir müəllimin həm də yaxşı zarafatları
var. Elə bu zarafatları da onun dərslərini daha
maraqlı edir.
İşlədiyim redaksiyada baş redaktorun müavini
bu yaxınlarda demişdi ki, vaxtı ilə ən maraqlı dərs
keçən müəllimlərdən biri məhz Cahangir Məmmədli
idi. Bu sözləri eşidəndə, əlbəttə, fərəhləndim.
Cahangir müəllim əsl tələbə adamıdır.
Tələbə vaxtımda, demək olar, hər tənəffüs
o vaxt rəhbəri olduğu Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasına gedirdim. Məni səmimi
qarşılayır, tövsiyələr verirdi. Bəzən
çay da təklif edirdi.
Ümumiyyətlə, Cahangir müəllim əksər
tələbələrinə öz nəvəsi,
övladı kimi yanaşır. Elə buna görə də
onunla yetirmələri arasında unikal münasibət var. Təsadüfi
deyil ki, vaxtı ilə Cahangir müəllimin tələbələri
olan və bu gün mətbuatda öz imzaları ilə
tanınan media təmsilçilərinin bir çoxu, o
cümlədən, Əməkdar jurnalist Mirşahin Ağayev,
Mətbuat Şurasının sədri Rəşad Məcid,
"525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev,
"Şərq" qəzetinin baş redaktor müavini Yusif
Nəzərli, eləcə də fakültəmizin müəllimlərinin
bir çoxu professor haqqında xatirələrini həmişə
xoş nostalji ilə yada salır, ona ehtiramlarını ifadə
edirlər.
Cahangir müəllim mənim həm də elmi rəhbərim
olub. "İkinci Qarabağ müharibəsi dövründə
Azərbaycanın mətbuatının fəaliyyəti"
kimi yüksək məsuliyyət tələb edən
dissertasiya mövzumun ərsəyə gəlməsində mənə
yaxından kömək edib. Bəzən bir gün dəfələrlə
zəng edib. "Dədə" xitabı ilə sözə
başlayıb və məsləhətlərini,
tapşırıqlarını verib.
Professor dəfələrlə şəxsən mənə
və bizim "yaradıcı komandamıza" etimad göstərib
və biz də onun inamını doğrultmağa
çalışmışıq.
...Hə, onu deyirdim axı, Cahangir müəllimlə
dəhlizdə görüşürük. Yenə dərslərimlə
maraqlanır. Deyir ki, çalış, tələbələrlə
dost ol, mümkün qədər güzəşt elə. Sonra
da fikrini əsaslandırır: "Bilirsən, dədə,
bizim sahəmiz də, fakültəmiz də digərlərindən
fərqlənir. Biz gələcəkdə yenə
görüşə, tədbirlərdə üz-üzə gələ
bilərik..."
...Cahangir müəllim haqqında çox
danışa bilərəm. Ən azından ona görə ki,
onunla hər söhbətimiz, hər müzakirəmiz
özü bir dərsdir. Cahangir Məmmədli isə
böyük, əzəmətli, neçə-neçə məzunu
olan məktəbdir.
Deyirlər ki, insan öyrəndikləri ilə yox,
öyrətdikləri ilə xoşbəxt olur. Cahangir müəllimim
50 ildən çoxdur ki, öyrədir. Deməli, doğrudan
da, xoşbəxtdir. O, tanıdığım ən xoşbəxt
adamlardandır.
Professor müsahibələrinin birində demişdi
ki, 5 övladı olduğuna görə, indi hesab onun xeyrinə
5:0-dır. Məncə, hesab arasındakı fərq daha
böyükdür. Çünki Cahangir Məmmədlinin
onlarca, bəlkə də yüzlərlə övladı
var...
Bu günlər müəllimimin 82 yaşı tam olur.
Bu qeydlərlə Sizi təbrik etmək istədim,
müəllimim.
Sabah, növbəti dərsinizdə yenidən
görüşənədək...
Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin müəllimi
525-ci qəzet .- 2024.- 24 yanvar, ¹13.- S.8.