Regionun
ekologiyasına vurduğu ziyana görə Ermənistana təzyiqlər
artır
Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsini
müdafiə edən "Environmental Protection First" (EPF)
Koalisiyası yenidən Ermənistanın dağ-mədən
sektorunda iştirakçı olan yerli və beynəlxalq
şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi
(ƏMTQ) üzrə sənədləri ictimailəşdirməyə
çağırıb. EPF-dən bildirilib ki, Ermənistan tərəfinin
cavab verməməsi onun dağ-mədən sənayesində fəaliyyətin
şəffaflığını sual altında qoyur: "Biz
Ermənistanda fəaliyyət göstərən dağ-mədən
şirkətlərini koalisiyamızla ünsiyyətə
açıq olmağa çağırırıq.
"Environmental Protection First" (EPF) Koalisiyası
regionumuzdakı çirklənmə ilə bağlı rəhbərliklə
görüşmək üçün bu şirkətlərin
baş ofisləri ilə əlaqə saxlamağı
planlaşdırır".
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini
əsas tutaraq Koalisiya üzvləri Ermənistanda dağ-mədən
şirkətlərinin fəaliyyəti nəticəsində
regionda ciddi ekoloji vəziyyətlə bağlı
narahatlıqlarını bildirərək bu ölkənin
Baş naziri Nikol Paşinyana birbaşa müraciət ediblər.
"2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) Qafqaz regionunda,
Azərbaycanda keçiriləcəyini qeyd edərək, Ermənistanı
ətraf mühit məsələlərində daha diqqətli
olmağa təşviq etmək lazımdır. Biz Ermənistanda
fəaliyyət göstərən ictimai təşkilatları
və ətraf mühit fəallarını bütün
regionun maraqları naminə səylərimizi birləşdirməyə
çağırırıq. Axı belə məsuliyyətsiz
işlərdən ilk növbədə Ermənistan əhalisi
əziyyət çəkir. Unutmayaq ki, təbiət sərhəd
tanımır və hamımız eyni regionda
yaşayırıq", - sənəddə vurğulanıb.
Onlar qeyd ediblər ki, Ermənistanda dağ-mədən
sənayesi ilə məşğul olanların ƏMTQ sənədlərinin
tam məzmununu ictimaiyyətə çatdırmaq, eləcə
də məsuliyyətli addımlar atmaqla bağlı hökumət
öhdəlik daşıyır.
"Sudan istifadə sahəsində mütəxəssislər"
İctimai Birliyinin sədr müavini Amin Məmmədovun
dediyinə görə, Ermənistanın dağ-mədən
sektoru ilə bağlı materialları təqdim etməyəcəyi
təqdirdə beynəlxalq şirkətlərdən hesabat tələb
olunacaq. Rəsmi İrəvan Qafqaz ölkələrinin tərəf
qoşulduğu Espo Konvensiyasını kobud şəkildə
pozur. Parsyan etiraf edib ki, Ermənistanda dağ-mədən sənayesindən
istifadə zamanı tullantılarla ətraf mühitin
çirkləndirilməsi, atmosferə zərərli maddələrin
buraxılması halları baş verir: "Ötən il Ermənistan
Arazdəyəndə metallurgiya zavodu inşa etmək istəyərkən
etiraz bəyanatı göndərilsə də, rəsmi İrəvan
məsələni siyasiləşdirərək öhdəliklərindən
boyun qaçırdı. Vətəndaş cəmiyyəti
olaraq, bəyanatın ardından Ermənistanın Baş
naziri Nikol Paşinyana açıq məktub də
ünvanladıq".
A.Məmmədov xatırladıb ki, Arazdəyəndə,
ümumiyyətlə Azərbaycan sərhədi boyu Ermənistanın
bir çox regionlarında mədən sənayesi fəaliyyəti
həyata keçirilir: "Amma bunların heç birinin ətraf-mühitə
təsirinin qiymətləndirilməsi, hesabatları
açıqlanmır. Ermənistan nəinki Azərbaycan
hökuməti, hətta həmin ərazilərdə
yaşayan ermənilərə belə heç bir məlumat
vermir. Ermənistan Espo Konvensiyası üzrə
götürdüyü öhdəlikləri pozur. Biz də tələb
edirik ki, ətraf mühitə təsir qiymətləndirilsin,
nəticə isə hesabat formasında təqdim edilsin. Bu
şəffaflığın təmin edilməsi həm Azərbaycan,
həm də region ölkələri üçün önəmlidir".
Ekspert EPF-nin yenidən Ermənistana
çağırış etməsinə də toxunub:
"Əgər rəsmi İrəvan yenə də
hesabatları təqdim etməzsə, bu zaman Ermənistanda fəaliyyət
göstərən beynəlxalq şirkətlərdən
hesabat tələb ediləcək. Biz Ermənistana çağırış
edirik ki, hesabat versinlər. Həmçinin Ermənistan vətəndaşlarından
da bu məsələlərə biganə qalmamalarını,
öz hökumətlərindən hesabat tələb etmələrini
istəyirik. Çünki həmin ərazilərdə mədən
fəaliyyətinin həyata keçirilməsi, Azərbaycanla
sərhəd olan rayonlarla yanaşı, orada yaşayan erməni
vətəndaşlarının sağlamlığına və
yaşadıqları ətraf mühitə təsir göstərmək
riski var".
Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin
sədri Qəmzə Yusubova bildirib ki, Ermənistanda dağ-mədən
sənayesində fəaliyyət göstərən yerli və
xarici şirkətlər ictimaiyyət üçün
açıq olmalı sənədləri ört-basdır
edir: "15 milyondan çox əhalisi olan Cənubi Qafqaz
regionu Ermənistanın dağ-mədən müəssisələrinin
zərərli kimyəvi tullantılarının ətraf
mühitdə yaratdığı böhranla üz-üzə
qalıb. Həmin müəssisələrin zərərli
tullantıları Azərbaycanla sərhəd bölgələrdə
olan su resurslarına da çox ciddi ziyan vurduğu
aşkarlanıb. Bütün bunlar əhalinin təhlükəsiz
yaşayışına mane olur. 30 il işğal altında
qalmış ərazilərimizdə minaların
basdırılması ilə yanaşı, ətraf mühitə
dəyən ziyan insanların rahat yaşayışına
ciddi problem yaradır. Biz sözügedən problemlərlə
əlaqədar Ermənistan Baş naziri Nikol Paşinyana da
müraciət etmişik. Lakin baş nazir tərəfindən
ona ünvanladığımız məktuba heç bir reaksiya
vermədi. Həmçinin, beynəlxalq ekspertlərə gəlib
yerindəcə qiymətləndirmələr
aparılmasına şərait yaradılmadı. Xarici ölkə
QHT-ləri də buna bənzər bəyanatlar səsləndirərək
problemlə bağlı öz narahatlıqlarını
bildiriblər".
Su problemləri üzrə mütəxəssis Rövşən
Abbasovun dediyinə görə, Ermənistan beynəlxalq ekoloji
norma və standartları kobud şəkildə pozur, onun
dağ-mədən sənayesinin fəaliyyəti ətraf
mühitə regional və qlobal təsirlərinin yol
açdığı ciddi ekoloji böhran yaradıb:
"İstənilən metalın istehsalı zamanı
çox sayda toksik tullantı əmələ gəlir.
Tullantıların tərkibi sulfidlər, cürbəcür
nitratlar, siyanidlər, arsen, civə və digər ağır
metallardan ibarətdir. Həmin maddələr torpağa və
suya qarışaraq insanların qida zəncirinə daxil olur.
Bu proses müxtəlif xəstəliklərin yaranmasında və
ya rastlaşma göstəricilərinin artmasında xüsusi
rola malikdir. Finlandiyanın Espo şəhərində imzalanan
"Transsərhəd kontekstində ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında Konvensiya"nın şərtlərinə
görə, konvensiya tərəfi öz ölkə ərazisində
planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin
digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri
ola bilərsə, bu fəaliyyət həmin ölkənin
müvafiq qurumları ilə
razılaşdırılmalıdır, ətraf mühitə
təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd
hazırlanmalıdır. Dağ-mədən sənayesinin təşkili
zamanı ölkə ərazisində və ya yaxın sərhəd
bölgələrdə çox ciddi nəzarət tədbirləri
həyata keçirilməlidir".
Mütəxəssis vurğulayıb ki, Ermənistanın mədən sənayesində
26 kontrakt əsasında şirkətlər təkbaşına
və ya konsorsium formasında 400-ə yaxın şaxtadan
qızıl, mis, molibden, sink və digər qiymətli
resursların hasilatını aparır. Həmin müraciətdə
təklif edilmişdir ki, şirkətlər həyata
keçirdikləri fəaliyyətə dair Ətraf Mühitə
Təsirlərin Qiymətləndirilməsi sənədlərini
açıqlasınlar. Məhz bu sənədlərin təhlili
transsərhəd çayların zərərli maddələrlə
çirkləndirilməsi risklərini qiymətləndirməyə
imkan verər. Şirkətlərin veb-səhifələrində
bu sənədlər aşkarlanmır. Bu, acınacaqlı
faktdır. Ermənistanın ekoloji təşkilatları da mədən
sənayesi müəssisələrinin ətraf mühitə
vurduqları zərərə görə dəfələrlə
çıxışlar edib, hətta bir sıra ekoloji
yönümlü QHT-lər tərəfindən Ermənistan
Ekoloji Cəbhəsi də yaradılıb. Problemlər
ümumidir, çirklənmiş axar sular ilk növbədə
əhaliyə və təsərrüfatlara yönələn
təhlükələrdir. Ermənistanın dağ-mədən
sənayesi müəssisələri ekoloji fəlakətə
səbəb olan hərəkətləri
dayandırmalıdır. Təhlükə böyüdükcə,
Ermənistanda əhalinin sağlamlıq vəziyyəti də
pisləşə bilər".
"Sağlamlığa Xidmət" İctimai
Birliyinin sədri Pərvanə Vəliyeva bildirib ki, bir
neçə ay bundan öncə qeyri-hökumət təşkilatları
olaraq "Environmental Protection First" (EPF) Koalisiyasını
yaradıblar. Həmin koalisiyanın məqsədi Ermənistanda
aparılan qeyri-şəffaf dağ mədən sənayesi
işlərinin dayandırılması və burada
çalışan yerli və xarici şirkətlərin məsuliyyətli
davranışa cəlb edilməsi, beynəlxalq ətraf
mühitin qorunması üzrə norma və standartların
gözlənilməsinə çağırış etmək
idi. Hazırda bütün dünyada ən çox trend olan məsələ
iqlim dəyişmələridir. Ətraf mühitə əsasən
insan təsirinin nəticəsi olan həmin qlobal dəyişikliklər
bütün bəşəriyyət üçün
narahatlıq doğurur. Ermənistan Respublikasının
dağ mədən sənayesi işləri də havanın,
su ehtiyatlarının çirklənməsinə gətirib
çıxarır. Bu, təkcə Ermənistan sərhədlərində
qalmır, eyni zamanda, Cənubi Qafqaz regionunu da təhdid edir.
Belə ki, aparılan dağ mədən sənayesi işləri
transsərhəd çayları, regionun atmosferini, şirin su
ehtiyatlarını, torpaq ekosistemini çirkləndirir, fauna və
florasının məhvi ilə nəticələnir: "BMT
təmiz hava və sağlamlığı əsas insan
hüququ kimi tanıyıb. BMT-nin Dayanıqlı
İnkişaf Məqsədləri də 2030-cu ilə qədər
sağlam gələcək, eyni zamanda, ətraf mühitin
qorunması ilə bağlı bir sıra hədəflər
ortaya qoyur. Bütün dünya dövlətləri də
2030-cu ilə qədər həmin hədəflərə
çatmaq üçün öhdəliklər
götürüblər. Ətraf mühit məsələləri
insanların sağlamlığına ciddi şəkildə təsir
göstərir. Hava və suyun çirklənməsi respirator
xəstəliklər, ürək-qan damar problemlərinin
yaranması, eyni zamanda, uşaqların vaxtından əvvəl
doğulması və ölümü ilə nəticələnir.
Təsadüfi deyil ki, həmin məsələ COP28-də, yəni
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 28-ci
sessiyasında - COP28-də açıq şəkildə qeyd
edilib. Nəzərə alsaq ki, bu il COP29 Cənubi Qafqazda, yəni
Azərbaycanda keçiriləcək, Ermənistanı da ətraf
mühitin qorunması məsələlərində məsuliyyətli
davranışa dəvət edirik. Burada dağ-mədən sənayesinə
cəlb edilmiş şirkətlər ətraf mühitə təsirin
qiymətləndirilməsi üzrə sənədlərini
ictimaiyyətlə bölüşməlidirlər. Koalisiya
olaraq əsas hədəflərimizdən, prioritetlərimizdən,
tələblərimizdən biri həmin sənədlərin
geniş ictimaiyyətlə bölüşülməsi,
şirkətlərin öz veb-saytlarında sənədlərin
mətnini bütöv şəkildə yerləşdirmələridir.
Dəfələrlə həmin şirkətlərə
müraciət etsək də, təəssüf ki,
qarşı tərəf susur. Növbəti mərhələdə
biz həmin şirkətlərin Avropa ölkələrində
yerləşən baş ofislərinə müraciət edərək,
görüşlər almaq, Ermənistanın dağ-mədən
sənayesində aparılan işlərin region ekosistemini
korlaması barədə onlara məlumat vermək, burada insan
hüquqlarının açıq-aşkar şəkildə
pozulmasını qeyd etmək niyyətindəyik. Biz həm
xarici şirkətlərə, həm də Ermənistan
hökumətinə çağırış edərək
bildirmək istəyirik ki, dağ-mədən sənayesi
müəssisələrinin qapısını beynəlxalq ətraf
mühit və səhiyyəyönümlü qeyri-hökumət
təşkilatlarına (QHT), eyni zamanda, ekspertlərinə
açsınlar, orada aparılan fəaliyyətin monitorinqini,
qiymətləndirilməsini, eyni zamanda, müvafiq nümunələrin
götürülərək ölçü işlərinin
aparılmasını təşkil etmək üçün həmin
QHT və beynəlxalq ekspertlərə şərait
yaratsınlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 25 yanvar, ¹14.- S.15.