Çaparaq notlar
TÜRK. Bu sözün anlamı nədir?
Türkologiya, türk dilləri, onların arealı,
yayıldığı coğrafiya məni daim
maraqlandırıb. Hətta rus dilində nəşr
edilmiş "Yüz türk etnosu" adlı kitabın tərtibçisiyəm.
Bunlar öz yerində.
Məni bu konuda daim bir fikir məşğul edib: əcaba,
görəsən, TÜRK sözü öz mənşəyini
haradan götürüb?
Əlbəttə, bu istiqamətdə fərziyyələr,
şərhlər, mülahizələr, mühakimələr
çoxdur. Doğrusu, mövzuyla bağlı indiyəcən
oxuduqlarımın və eşitdiklərimin heç biri məni
qane etməyib.
Həmin doğma sözün izi ilə uzun bir yol
yürüyüb "finişə" çatdım. Sən
demə, Altaydakı bir sıra türk xalqlarının dilində
(məsələn: telenqut və yaxud telengit dillərində -
ruslar onlara "teleut" deyirlər) TÜRK
sözünün konkret anlamı, mənası varmış.
Belə ki, türk, türkindaş, türköndaş
sözləri "doğma", "yaxın",
"canbir", "əziz olan" mənasında işlədilirmiş.
Məsələn, "sən mənim
türköndaşımsan" (yəni doğmamsan). Bu leksem
dilimizdə möhkəm yer tutmuş
"qar(ın)daş", "sirdaş",
"yoldaş" sözləri kimi bizə yaxın, həm də...
uzaq imiş...
...Bu günlərdə söhbətini TV-də dinlədiyim
bir alim-ziyalının qənaətləri məndə bu
"kəşfə" daha böyük və möhkəm əminlik
hissi doğurdu. Belə ki, Altayın xalq şairi, Altay YB-nin sədri,
türkoloq, şərqşünas, tərcüməçi,
Altay xalqının qurultayında (1912) "El
başçı" seçilmiş Brontoy Yanqi oğlu
Bedürov öz teleçıxışında bu məsələyə
bir xeyli işıq tutdu, aydınlıq gətirdi.
Orasını da deyək ki, zamanında Altayda
Türkeş xaqanlığı da olub.
P.S. "Türk" sözü bəzi hallarda
"truq" ("truk") kimi də işlənib. Ehtimal etmək olar ki, rusların
"druq" sözü də buradan yaranıb. Hərçənd
ki, rus izahlı lüğətlərində "druq"un
"derjat" sözündən yarandığı iddia
olunur.
Bəzən "bizdən uzaqda" yaşayan türk
soydaşlarımızın dilinə, mədəniyyətinə
yaxından bələd olmamağımız bizi bir çox nəsnələrdən
bixəbər edir.
"Haralısan, haralı, durna?"
Vallahi, həm ağlamalıdır, həm də
gülməli...
Adam deməyə də xəcalət çəkir.
Sən demə, Hüseyn Cavid və Mirzə Cəlil
Naxçıvan ədibləri, Cabbarlı Xızı
dramaturqu, Axundov Şəki yazıçısı, Əli bəy
Hüseynzadə Salyan mütəfəkkiri, Mirzə Ələkbər
Sabir Şirvan satiriki, Səməd Vurğun Qazax şairi,
Üzeyir Hacıbəyov Qarabağ bəstəkarı, Nizami Gəncəvi
Gəncə dahisi imiş...
Son dövrlərdə bu və digər nəhəng
simaların təbliği bu konuda, bu istiqamətdə
aparılır. Özü də hər birinin öz "təəssübkeş
həmyerliləri" tərəfindən. Bu cılız, bu
dayaz, bu nadan "yerlipərəstlər" bu dahi insanlara gah
lupa, gah da mikroskop altında baxırlar. Onları "böyütmək"
istəyirlər, əvəzində özləri kimi
xırdalayırlar.
O insanlara hərdən teleskopla da baxmaq lazımdır,
cənablar... Axı onların heç biri hansısa
"rayonun" özəl sərvəti deyil... Bölgəçilik
təfəkküründən, gerizəkalıqdan
çıxın, bir az qlobal prizmada, iri miqyasda, geniş
panoramda düşünün...
Eh, bu sözü kimə deyirsən?
Bəyəm eşitməli olanlar deyilən
sözü eşidirlər ki?
Bir məşhur mahnının sözləri yada
düşür: "Haralısan, haralı, durna?.."
Bəyəm kişilər də siqaret çəkir?
Gürcü tanışım Saşa və arvadı
məşhur rəqqasdır. Hər ikisi öz ölkələrinin
rəqs ansamblı ilə bütün dünyanı gəzib-dolaşıblar.
İndi yaşlaşıblar, təqaüdə
çıxıblar.
Bir neçə il öncə Saşanın
qonağı idim. Arvadı eyvanda rəfiqəsi ilə siqaret
tüsdülədirdi. Bu əsnada elə söhbətimiz də
siqaretin zərərli və "xeyirli" tərəfindən
gedirdi.
Təbiətən çox zarafatcıl olan Saşa
dedi ki, istəyirsən gəl sənə siqaretlə
bağlı bir maraqlı əhvalat danışım?..
Dedim ki, buyur.
Saşa dedi:
- Bilirsən ki, mən siqaret çəkən deyiləm.
Amma arvadım siqaret həvəskarıdır. Əslində
balerinaların, rəqqasələrin çoxu siqaret çəkir
ki, artıq çəki yığmasınlar. Yəqin ki, bunu
bilirsən. Nə isə... Bir dəfə nəvəm qonaq gəlmişdi.
Bizə tez-tez arvadımın rəfiqələri toplaşırdılar.
Həmin gün qadınlar baş-başa verib söhbət edə-edə
bax elə indiki kimi yenə siqaret tüstülədirdilər.
Nəvəm də kənarda oyuncaqlarla oynayırdı.
Dişim ağrıyırdı. Mən qadınların "məclisinə"
yaxınlaşıb qutudan bir siqaret götürdüm. Eyvana
çıxaraq siqareti yandırıb damağıma qoydum. Bu əsnada
nənəsinin üstünə yüyürən nəvəmin
heyrət dolu səsini, daha doğrusu,
qışqırtısını eşitdim: "Nənə,
nənə, bir babaya bax, o da siqaret çəkir".
Arvadım və onun rəfiqələri təəccübləndilər:
"Hə, nə olsun ki? Çəkir çəksin də..."
Nəvəm incik halda dilləndi: "Bəyəm kişilər
də siqaret çəkirlər?" Hamı qəhqəhə
çəkib güldü. Əslində gülməli bir
şey yox idi. Axı bu uşaq evimizdə indiyəcən
yalnız qadınların siqaret çəkməyini
görmüşdü.
Nizaminin öz dilindən eşidək: O, kimdir?
M.Ə.Rəsulzadə "Azərbaycan şairi
Nizami" adlı qimətli kitabında dahi şairin (İlyas
Yusif oğlu Nizaminin) hansı
millətə mənsub olduğunu sübut etmək
üçün "uzaq" mənbəyə yox, məhz elə
onun öz yaradıcılığına müraciət edir.
Müəllif Nizamidən belə bir beyt misal çəkir:
Torkiyəm-ra dər in həbəş nə xərənd,
Lacərəm, duğba-ye xoş nə xorənd.
Türkcəsi:
Türkcəmi bu həbəşlikdə alan yox,
Dovğamı bir yemək deyə sayan yo.
Məhəmməd Əmin başqa bir misal da çəkir:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
Yəni ki
Əgər türküm çadırdan
gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.
"Xosrov və Şirin" poemasından gətirilən
bu misal böyük şairin hansı milli hisslərlə
yaşadığını sübut edir. Şair öz
türk xanımına - dünyadan köçən Afaqa
"türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi
isə "türk balası" adlandırır.
Mən akademik Mehdizadə ilə
görüşmüşəm...
(Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il
yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının
Daşkəsən kəndində kəndli ailəsində
anadan olmuşdur. O, 25 il maarif naziri olmuşdur)
...Ali məktəbi bitirən ili təyinatımı
Ağsu rayonuna verdilər.
Avqustun sonları idi. Təyinat yerinə getdim. Sanki
havadan od yağırdı. İkimərtəbəli
mehmanxanada bir otaq tutdum. O vaxtlar ucuzluq idi. İndi adını
dəyişib "hotel" qoyulmuş qonaqxanalarda qiymətlər ceyran
belindədir, belə ki, bir gecə qalmaq üçün gərək
bir aylıq orta əməkhaqqıdan keçəsən...
Nə isə... Ağsuda elə bir
tanış-bilişim olmadığı üçün
eşiyə-bayıra çox az hallarda çıxır, demək
olar ki, bütün günümü otqdakı
çarpayıma uzanıb özümlə gətirdiyim
kitab-jurnalları oxumaqla məşğul olurdum.
Pambıq "kompaniyasının"
qızğın vaxtı idi. Polis maşınları siqnal verərək
ora-bura şütüyürdü...
Maarif şöbəsinin müdirini tapmaq əmri-mahal
imiş. Deyirdilər ki, o da təsərrüfatlardan
hansınasa "təhkim" olunub, iş yerinə az hallarda
gəlir. Bəli, rəsmi sənədlərdə də
"təhkimli" sözü işlədilirdi...
Nəhayət, bir
gün müdiri tapdım. Dedi ki, baş
qarışıqdır, bir-iki günə gələrsən.
İki gündən sonra mehmanxanadan çıxıb təhsil
şöbəsinin yerləşdiyi səmtə getmək istəyirdim
ki, bir "Villis" markalı maşın
xırçıltı ilə yanımda dayandı. Maşından
iki polis düşüb qolumdan yapışdı. Nə
baş verdiyini kəsdirə bilmədim. Məni maşına əyləşdirdilər.
Məlum oldu ki, sahədə pambıq yığımı
gedir, küçəyə "boş-boşuna"
çıxmaq qadağandır...
Səhərisi
günü təhsil şöbəsinin müdirini tapdım.
Vəziyyəti ona izah etdim. Dedi ki, dərslər başlayan
kimi şagirdli-müəllimli pambıq yığımına
getməli olacağıq. Mən təyinat yerimin dəyişdirilməsini
xahiş etdim. Razı olmadı. Dedi ki, bu məsələni
yalnız maarif naziri (İndiki təhsil naziri - F.M.) həll edə
bilər...
Maarif Nazirliyi Hökumət
evində yerləşirdi. Nazirin qapısının
ağzında iki nəfər dayanmışdı. Biri
yaşlı, arğaz kişi idi, yayın istisində qara
kostyum geyib qalstuk taxmışdı. Hiss olunur ki, köhnə
maarif xadimlərindəndir. Digəri isə idman görkəmli,
əzələli, tösmərək cavan bir oğlandı.
Onlar da mənim kimi qəbula gəliblərmiş. Belə məlum
oldu ki, nazir fasiləyə çıxıb. Gözlədik.
Saat 2 tamam olanda katibə qız bizi içəri dəvət
etdi. Hər üçümüz birbaşa nazirin kabinetinə
keçdik. Arada televizorda, bir-iki dəfə elmi konfrans və
yığıncaqlarda gördüyüm qara sağanaqlı
eynəyin qalın şüşələrinin arxasından
diqqətlə bizi süzən Mehdi müəllim başı
ilə salamlaşıb əli ilə əyləşmək
üçün yer göstərdi. Gəlişimizin məqsədini
soruşdu. Sən demə, cavan oğlan Bədən tərbiyəsi
texnikumunu bitiribmiş. Və o, tez-tələsik ayağa durub
iri kabinetdə iti addımlarla irəli yeridi. Sanki naziri
vuracaqdı. Hamımız çaşıb qaldıq.
Oğlan düz nazirin qarşısında dim-dik duraraq əl-qolu
ilə nəyisə izah etməyə
çalışırdı. Nazir təmkinlə dedi:
- Tələsməyin. Məsələni bir az
aydın izah edin.
Bir-iki addım geri gedən oğlan ya əsəbi, ya
kəmhövsələ, ya da davranışına nəzarət
etməyən adammış. Çünki o, təzədən
ley kimi nazirin üstünə yeriyib rabitəsiz şəkildə
nəyisə izah etməyə çalışdı. Elə
bu əsnada otağa bir kişi daxil oldu. Təbii ki, nazirliyin əməkdaşı
idi. Mehdi müəllim həmin adama dedi ki, bu cavan
oğlanın - əzələli idmançının
işini qaydaya salsın.
Sonra qara kostyumlu müəllim
öz "dərdini" danışmağa başladı.
Nazir qarşısındakı iri dəftərdə nəsə
qeydlər edib, yaşlı maarif işçisinə:
"Oldu, həll edərik, gedə bilərsiz" - dedi.
Növbə mənə çatdı. Gəlişimin
məqsədini bildirdim. O, diqqətlə qulaq asıb
soruşdu:
- Bəs nə üçün Ağsuda qalıb
işləmək istəmirsən?
- Mənə dedilər ki, uşaqlarla pambıq
yığmağa gedəcəksən. Mən isə dərs
demək istəyirəm.
Mehdi müəllim
soruşdu:
- Hansı rayona getmək istəyirsən?
Mən dedim ki, öz
rayonumuza, yəni Gədəbəyə. O, gülümsəyib
dedi ki, Gədəbəydə müəllimə ehtiyac yoxdur, əksinə,
müəllim çoxluğu var. Sonra aramızda qısa bir
dialoq oldu.
- Onda başqa bir rayon olsun, -dedim.
- Məsələn?
- Məsələn, Saatlı rayonu.
- Niyə məhz Saatlı?
- Çünki orada xeyli tələbə
yoldaşlarım var.
Əlinin altındakı kitabçaya baxıb
başını qaldırdı:
- Saatlı... Olar. Orada müəllimə ehtiyac var.
Araya bir qədər sükut çökdü. Mehdi
müəllim qara sağanaqlı eynəyin qalın
şüşələrinin arxasından diqqətlə mənə
baxib dedi:
- Amma bəribaşdan bunu deyim ki, Saatlı da
pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını
dəyişmək fikrinə düşməyəcəksən...
Mən həmin təyinatla Saatlıya getdim.
Doğrudan da Saatlıda daha qızğın bir
"kompaniya" yaşamaqda imiş. Raykom binasının
yaxınlığındakı mehmanxanada özümə bir otaq
götürdüm. Oranın müdirinin adı, səhv etmirəmsə,
Mirfazil idi. Yazıq kişinin bir gözü raykomun
binasında idi.
Mehdi Mehdizadənin sözlərini xatırladım:
"Saatlı da pambıqçılıq rayonudur... Əminəm
ki, bir daha təyinatını dəyişmək fikrinə
düşməyəcəksən..."
Ta təyinatımı dəyişmək barədə
düşünmürdüm.
Firuz MUSTAFA
525-ci qəzet .- 2024.- 25 yanvar, ¹14.- S.13.