Qoy elə bu gözəllikdə
də qalım
İyirmi ildən artıqdır ki, yorulanda dincimi
professor Teymur Əhmədovun "Azərbaycan
yazıçıları (XX-XXI yüzilliklərdə)
ensiklopedik məlumat kitabı"nı vərəqləməkdə
tapıram. Bu kitabı əlimə alanda saatlarla ondan ayrıla
bilmirəm. Xəyal məni ağuşuna alıb əlçatmaz,
ünyetməz illərə aparır. Yaddaşı vərəqləyirəm.
Dünyasını dəyişmiş kimlər və nələr
yada düşmür?
Xüsusən də kitablar həsr etdiyim Ulu öndərimiz
Heydər Əliyev, Abbas Zamanov, Bəkir Nəbiyev,
haqlarında portret-kitablar buraxdığım Hüseyn Arif,
Fikrət Qoca, Tofiq Bayram, İsi Məlikzadə, Əlibala
Hacızadə, haqqında monoqrafiya yazdığım
Hüseyn Kürdoğlu göz önünə gəlir. Təkrar-təkrar
nəşr edilən "Borcumuzdur bu ehtiram" kitabımda
Heydər Əliyev, Səməd Vurğun, zamanında
qayğıma qalan Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar
Vahabzadə, Abbas Zamanov, Yaşar Qarayev, Əzizə Cəfərzadə,
Qasım Qasımzadə, Hüseyn Arif, Tofiq Bayram, Fərman Kərimzadə,
İsi Məlikzadə, Əbdüllətif Bəndəroğlu,
Rasim Kərimli, Ağalar Mirzə, Vilayət Rüstəmzadə
və Əlfi Qasımovun yaradıcılığından
söz açmışam.
Mətbuatda dünyasını dəyişmiş
yazıçı və şairlərimizdən Qabil, Zəlimxan
Yaqub, Tofiq Mütəllibov, Nahid Hacızadə, Qənirə
Paşayeva, Vladimir Qafarov, Davud Nəsib, Bəhruz Axundov,
Ənvər Rza, Zeydulla Ağayev, Mirəziz Seyidzadə, alimlərimizdən
Həmid Araslı, Teymur Bünyadov, Ağamusa Axundov, Tofiq
Hacıyev, Kamran Əliyev, Azad Nəbiyev, Məmmədhüseyn
Təhmasib, Mirəli Seyidov, Yavuz Axundlu, İmamverdi Əbilov,
Qara Namazov, Sədnik Paşayev, Əjdər Ağayev və
Vurğun Əyyubov haqqında yazılarım
çıxıb.
Teymur Əhmədovun "Azərbaycan
yazıçıları (XX-XXI yüzilliklərdə)
ensiklopedik məlumat kitabı" mənə bir də ona
görə qiymətli və əzizdir ki, söhbət
açdığım görkəmli və
tanınmış şəxsiyyətlərin hamısına
bu kitabda oçerk verib və onların ruhunu şad edib.
Bu günlərdə Teymur Əhmədovun bu əvəzsiz
kitabını yenə vərəqləyirdim. Əzizə
xanım Cəfərzadə haqqında oçerkə nəzər
salanda gördüm ki, ölümündən düz iyirmi il
keçib.
Əzizə xanımla ana-oğul münasibətimiz
vardı. O da İraqda olmuş, bu əfsanəvi ölkə,
xüsusən də iraqlı soydaşlarımız
haqqında maraqlı məqalələr yazmışdı. Mənim
"Altı il Dəclə-Fərat sahillərində"
kitabıma ürəyimcə olan məqalə həsr
etmişdi. Doktorluq müdafiəmdə 1-ci opponentim olmuşdu.
Odur ki, qədirşünaslıq əlaməti olaraq bu gözəl
insanın xatirəsini yad etmək qərarına gəldim.
Əzizə xanım Bakının köhnə evlərində,
pilləkənləri həyətdən olan evin sonuncu -
3-cü mərtəbəsində yaşayırdı. Küləkli,
qarlı havada Əzizə xanımın üstü və yanları
açıq pilləkənlərlə ora necə
çıxıb-düşməyini təsəvvür etmək
çətin deyil. Lakin görkəmli yazıçı,
pedaqoq və alim Əzizə xanım bu mənzildə
iddiasız və təmənnasız yazıb-yaradır,
heç kimin minnətini götürmürdü. "Aləmdə
səsim var mənim", "Vətənə qayıt",
"Bakı - 1501", "Gülüstandan sonra", ölkəmizdə
və Türkiyədə çıxan "Anamın hekayələri"
və başqa əsərləri ilə oxucuların sevimlisinə
çevrilən, böyük şan-şöhrət, ad-san
qazanan Əzizə xanıma çoxdan layiq olduğu "Xalq
yazıçısı" fəxri adı çox gec, 80
yaşında olanda verdilər. Xəstəliklə mübarizə
aparan yazıçı gecikmiş fəxri ada ürəkdən
sevinə bilmədi.
Bugünkü kimi yadımdadır, televiziyadan Əzizə
xanımın 80 illik yubileyi və "Xalq
yazıçısı" fəxri ada layiq görülməsi
münasibətilə müsahibə götürməyə gələn
gənc xanıma yalnız olmuş bir hadisəni
danışmaqla kifayətləndi. Dedi ki, yazıçı
Əbdülhəsənin 75 yaşı olanda onu "Xalq
yazıçısı" fəxri adına layiq
görmüşdülər. Filarmoniyada bu münasibətlə
yığıncaq keçiriləcəkdi. Mən də rəyasət
heyətinə dəvət olunmuşdum. Pərdə
arxasında oturub yuxarıdan gələcək vəzifəli
şəxsi gözləyirdik. Əbülhəsən o
başa-bu başa vargəl edərək elə hey deyirdi:
"Gecdir, gecdir".
Əzizə xanım yubileyi ilə bağlı
heç bir tədbirin keçirilməsini istəmədi və
heç yerə getmədi.
Həmin vaxt mən Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyində Beynəlxalq Əlaqələr
şöbəsinin müdiri vəzifəsində işləyirdim.
Tez-tez maraqlı tədbirlər keçirirdik. Xoşbəxtlikdən
muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru,
professor İsrafil İsrafilov və muzeyin əməkdaşları
tədbirlərin keçirilməsində istəklə
iştirak edirdilər. Yaxşı yadımdadır,
M.Ə.Sabir, Nazim Hikmət, "Diplomat" romanında Azərbaycanı
"İkiyə bölünmüş bir ürək"
adlandıran ingilis yazıçısı Ceyms Oldriç,
Hüseyn Arif, Əli İldırımoğlu və
başqalarına həsr olunmuş yığıncaqlar
yüksək səviyyədə keçdi. Belə tədbirləri
Yazıçılar Birliyi ilə birgə keçirirdik.
Bütün yığıncaqlarda Birliyin sədri Anar, Xalq
şairi Qabil və başqaları iştirak edirdilər.
Əzizə xanım sözümü yerə
salmadı. 80 illik yubileyinin Azərbaycan Ədəbiyyatı
Muzeyində keçirilməsinə razılıq verdi. Tədbir
çox yüksək səviyyədə keçdi. O vaxt
"Ədəbiyyat qəzeti"ndə işləyən
professional fotoqraf Dilavər Əzizə xanımın
ayrıca şəklini çəkib yığıncaq
qurtarana qədər hazırladı.
Əzizə xanım qara paltarda idi. Sinəsindəki
medalyon ona xüsusi gözəllik verirdi.
O, şəklə baxıb: "Ömrümdə belə
gözəl şəklim olmayıb. Daha şəkil çəkdirməyəcəm"
- dedi. Gülərək zarafatla əlavə etdi: "Qoy elə
bu gözəllikdə də qalım".
Aradan az vaxt keçdi. Bir gün səhər xəbər
yayıldı ki, Əzizə xanım keçinib. Saat on raddələrində
həyətlərinə çatdım. Elə bu vaxt BDU-nun
rektoru, akademik Abel Məhərəmov da həyətə gəldi.
Çox az adam vardı. Evinə qalxdıq. Məlum oldu ki, vəsiyyət
edibmiş ki, Hacıqabulun Tağılı kəndində
ata-anasının uyuduğu qəbiristanlıqda dəfn
olunsun.
Göz önünə Osman Sarıvəlli, Nigar Rəfibəyli,
Hüseyn Arif, akademik Bəhram Əsgərov gəldilər. Fəxri
xiyabanda halalca yeri olan, lakin ata-ana, övlad, ömür-gün
yoldaşına olan məhəbbət Əzizə xanım
kimi, onları da adi qəbiristanlıqda, əzizləri
yanında dəfn olunmağa sövq etmişdir.
Hələ Əzizə xanımın evində olarkən
yadıma düşdü ki, Tağılı kəndində məktəbi
qonorarı və məvacibi hesabına Əzizə xanım
tikdirib. Kürəkənimin əmisi Firudin Babayev
Hacıqabulda İcra başçısı vəzifəsində
çalışırdı. Zəng edib xahiş etdim ki,
Tağılı məktəbinə Əzizə
xanımın adını versinlər.
Cavab qısa oldu: "Əgər məktəb şəhid
adına deyilsə, heç bir problem olmayacaq". Az sonra
sevindirici cavab aldım: "Məktəbə "Xalq
yazıçısı", professor Əzizə Cəfərzadənin
adını verdilər".
Heç ağlıma gəlməzdi ki, tez bir zamanda
Əzizə xanım dünyasını dəyişəcək.
"Son şəkil" adlı vida sözünü mən
yazmalı və belə bir məqamda həmin şəkildən
istifadə etməli olacağam.
Gözəl insan, böyük alim, yazıçı
və pedaqoq Əzizə xanım Cəfərzadənin əziz
xatirəsi mənim yaddaşımda son şəkildə
olduğu kimi qalır.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet .- 2024.- 18 yanvar, №9.- S.10.