Hamının sevimlisi olmaq  

 

İnsanın ömür yolu onun tərcümeyi-halıdır. Xalq naminə, dövlətçilik, dövlət naminə yaşanılan ömürə dəyərli ömür deyirik. Məmməd Araz dəyərli ömürü vətəndaşlıqla şərtləndirirdi. Vətəndaşlıq məfhumunun bir yozumu da Vətən adlı müqəddəsliyə zəvvar olmaqdır; zəvvar ömürlər işıqlı ömürlərdir...

Bütün bəşəri düşüncəlilər kimi, mənim də Zərdüştlüyün başlıca təliminə - xeyirli düşüncələrə, xeyir əməllərə çağırışa həmişə ehtiramım olub. İllərini belə yaşayanlara işıqlı insan deyənlərin sırasında mən də olmuşam. Tanıdıqlarımın xarakterində də məhz bu çalarları görmək istəmişəm. 1954-cü il yanvarın 24-də Zəngilanın Mincivan qəsəbəsində anadan olan Allahverdi Əhmədxan oğlu Teymurovu da belə tanımışam; Allahverdi Əhmədxan oğlu da işıqlı ömür yaşayır...

1971-ci ildə Mincivan qəsəbəsində M.Füzuli adına 36 saylı dəmiryol orta məktəbini bitirmişdi. İbrahim müəllimin, Oktay müəllimin, Şamxal müəllimin, Süleyman müəllimin, Fərzalı müəllimin, Fərman müəllimin öyrətdiklərini digərləri kimi o da düşüncələrinə hopdurmuşdu..

Ötənlər xatirədir, kövrəkliklə yaşadılır. İstefada olan polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Allahverdi Teymurov illərin o üzündə qalanların əlçatmazlığını belə xatırlayır: "...Sinif nümayəndəsi idim. Ayda ən azı iki dəfə sinif rəhbərimiz İbrahim müəllim qəfildən məni də götürərək sinifimizdə oxuyan uşaqların ailələrinə gedər, şagirdlərin  gündəlik fəaliyyətləri ilə tanış olardı. Bu, sinif yoldaşlarımın təhsilə marağını daha da artırardı, onların təhsil prosesində valideynlərə dəstək olardı. İbrahim müəllimin tələbkarlığı, şair təbiətli olması, ədəbiyyatı böyük məharətlə, ustalıqla tədris etməsi mənim də, sinif yoldaşlarımın da dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayıb. İbrahim müəllimin sayəsində Məhəmməd Füzulinin qəzəllərinin  əksəriyyətini, Nizaminin hikmətli sözlərini, Nəsiminin poetik fəlsəfəsini öyrəndik. Bu böyük, dahi şairlərin əsərlərinin xeyli hissəsini bu gün də xatırlayırıq, birnəfəsə deyə bilirik..." O da, sinif yoldaşları - Yunis Nobatalıyev də, Məhərrəm Həsənov da, Roza Rəhimova da, Ofelya Bayramova da, Flora Vəliyeva da, Ləzifə Rzaquliyeva da, ...belə təhsil alıb, belə formalaşıb...

Müsabiqədən keçməyən Allahverdi Bakıda leytenant Şmidt zavodunda işləməyə başladı. Ancaq... Ancaq onun ömür Günəşi ailə idi, bu Günəşin işığına qayıtdı, bu işıq sozalmasın deyə, işığı dünyanın işıqlarına qarışsın deyə. 1971-ci il dekabrın 31-dən 1972-ci ilin noyabrınadək - hərbi xidmətə gedənə kimi Mincivan pambıq qəbulu məntəqəsində mühafizəcı işlədi.

1972-ci ilin dekabrından 1974-cü ilin dekabrınadək SSRİ DİN Daxili Qoşunların (DQ-nin) tərkibində Ukrayna Respublikasının İzyaslav şəhərində ciddi rejimli islah-əmək koloniyasında əvvəlcə postda əsgər kimi hərbi xidmətdə oldu. Koloniyadan qaçmağa cəhd göstərən dustağı tutub saxladığına görə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ukrayna və Moldova respublikaları üzrə rəisinin 5 aprel 1974-cü il tarixli 113 nömrəli əmri ilə "Xidmətdə fərqləndiyinə görə" 2-ci dərəcəli döş nişanı ilə təltif edildi. Xidmətini  buraxılış məntəqəsində çavuş kimi davam etdirdi. Aprelin 30-da azərbaycanlı əsgər haqqında "Sovetskiy çasovoy" qəzetində "Hamıya nümunə" sərlövhəli məqalə dərc edildi, İzyaslav rayon komsomol komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı.

A.Teymurov hərbi xidmətdən tərxis edildikdən sonra Zəngilana qayıtdı. Mincivan pambıq qəbulu məntəqəsində mühafizəçi işləməyə başladı. Kollektiv onun daxili işlər orqanlarında milis nəfəri kimi xidmət etməsini tövsiyə etdi. Bu, böyük etimad, o dövrdə hər gəncə nəsib olmayan ehtiram idi.

1975-ci il martın 15-də Lenin rayon (indiki Sabunçu) daxili işlər şöbəsində (DİŞ-də) milis nəfəri kimi işə qəbul edildi. Yüksək biliyi, bacarığı və nizam-intizamı, verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi nəzərə alınaraq 1977-ci ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə göndərildi. Yüksək və ədalətli etimad idi. İstehsalatda və hərbi xidmətdə qazandığı bilik, bacarıq və təcrübə köməyinə gəldi. İlk gündən məşğələlərdə və ictimai-siyası işlərdə fərqlənən A.Teymurov 1979-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa vurdu.

Daxili işlər nazirinin əmri ilə Zəngilan rayon DİŞ-də baş növbətçi inspektor vəzifəsinə təyin edildi. Qısa müddətdə nümunəvi davranışı, yüksək nizam-intizamı, dərin və iti intellekti ilə nəinki milis şöbəsində, həm də əhali arasında böyük nüfuz qazandı. Camaat onun ədalətinə inanırdı. Ona görə DİŞ-in rəisi A.Teymurovu tez-tez şöbənin əməliyyat-axtarış işlərinə də cəlb edirdi. Peşəkar milis işçisi kimi sahə inspektorlarının işlərinə də kömək edirdi.

A.Teymurov milis zabiti idi, xidmətindən razılıq edirdilər. Bir təsadüf (zərurət!) onun da ömürlüyünə yazıldı, mənim də. Mənim yaradıcılıq yolumun, onun xidmət yolunun işığına döndü.

1980-ci il sentyabrın 13-də Zəngilan şəhər dəmiryolu vağzalında qatardan düşəndə Zəngilan şəhər 1 saylı orta məktəbin tarix müəllimi Arif Hüseynovla görüşəndə onun yanında səliqəli geyimli gənc milis leytenantı Allahverdi Teymurovla tanış oldum. İlk andan söhbətimiz tutdu. Atamla birlikdə işləməyini, Məmmədalı İmaməliyevlə qohumluğumuzu biləndən sonra söhbətimiz daha da səmimiləşdi. Azərbaycan klassik poeziyasına yaxşı bələd olduğunu bildim. Mən də Nizaminin, Füzulinin, Nəsiminin poeziyasından nümunələr dedim, onların yaradıcılığından hafizəmdə qalan hikmətli kəlamlardan söz açdım, bu haqda mətbuatda məqalələr dərc etdirdiyimi bildirdim. Söhbətimiz poeziya mükalimələşməsinə çevrildi. İlk tanışlıq dostluğa aparan yolun başlanğıcı oldu, münasibətimiz bu gün də bu səmimiyyətlə davam edir.

A.Teymurovun verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi, dərin biliyi və yüksək məsuliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirildi. Belə xidmət sahələrində başlıca zəmanət zabitin xidmətə münasibətidir. Belə nümunəvi xidməti nəzərə alınaraq  1981-ci ildə SSRİ DİN-nin  F.Dzerjinski adına Kiyev Ali Məktəbinə ali təhsil almağa göndərildi. Təhsil aldığı ilk günlərdən fərqləndi, 1984-cü ildə ali məktəbi hüquqşünaslıq ixtisası üzrə müvəffəqiyyətlə bitirdi.

Respublika DİN-nin əmri ilə 1984-cü ilin avqustunda Qubadlı rayon DİŞ-in baş əməliyyat müvəkkili  təyin edildi... Şöbənin rəisi və rəis müavini vəzifələrini də müvəqqəti icra etdi. 1986-cı ilin yanvarından 1992-ci ilin iyununadək Füzuli rayon DİŞ-də baş əməliyyat müvəkkili, daxili işlər şöbəsi rəisinin müavini, Horadiz polis bölməsinin rəisi vəzifələrində xidmətini davam etdirdi, ictimai-asayişin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında fərqləndi. Respublika DİN onun işini yüksək qiymətləndirdi. Təhlükəli cinayətlərin açılmasında fəal iştirakına, təşəbbüskarlığına və peşə ustalığına görə 11 iyun 1990-cı ildə "Daxili İşlər Nazirliyində əla xidmətlərə görə" döş nişanına layiq görüldü.

Respublikada siyasi vəziyyət axarından çıxmaqdaydı. Bu isə dövlətçilik üçün təhlükə yaradırdı. Yaranmış vəziyyət hüquq-mühafizə orqanlarının da fəaliyyətini çətinləşdirirdi. Dolaşıq siyasi şəraitdə dolaşıqlığı dərinləşdirən əmrlər də imzalanırdı; zabit tanıdığı ərazidən səbəbsiz uzaqlaşdırılır, ora ərazini tanımayan zabit təyin olunurdu. Niyə? Uzaqlaşdırılan siyasi mövqeyinə görə uzaqlaşdırılırdı, təyin olunan siyasi mövqeyinə görə təyin edilirdi. Nəticə etibarilə zərbə Azərbaycan dövlətçiliyinə dəyirdi. Xalq Cəbhəsi fəallarının təkidi ilə daxili işlər naziri İsgəndər Həmidovun əmri ilə A.Teymurov Horadiz polis bolməsinin rəisi vəzifəsindən azad edilərək Zəngilan rayon polis şöbəsi rəisinin müavini vəzifəsinə təyin olundu. "Mən əsgərəm, hansı posta göndərsələr, orda xidmət etmək mənim xidməti amalım olub..." - bu düşüncə əqidə mükəmməlliyinin təsdiqi idi...

Həmin vaxtlarda Ermənistanla sərhəd rayonlarda hərbi vəziyyət son dərəcədə kəskinləşmişdi. Düşmənlə təkcə ordu deyil, milis işçiləri də döyüşürdü. A.Teymurov döyüşənlərlə nəfəs-nəfəsə olsa da, rayonda kriminal vəziyyətin də tam nəzarətdə saxlanmasına, cinayətkarlığın azalmasına çalışırdı, cinayətlərin açılmasının təşkilində yüksək bacarığına və peşəkarlığına görə əməliyyat-axtarış işinin  yüksək təşkilində xidmətini məsuliyyətlə yerinə yetirirdi.

Cinayətkarlığa qarşı mübarizədə göstərdiyi peşəkarlığa, ictimai asayişin qorunmasında fədakarlığa, qorxmazlığa, prinsipiallığa, daxili işlər orqanlarında uzun illər qüsursuz xidmətləri-nə görə dəfələrlə müxtəlif mükafatlara layiq görüldü, "Qüsursuz xidmətlərinə görə" medalının hər üç dərəcəsi ilə təltif edildi, dəfələrlə Azərbaycan Respublikası DİN-nin Fəxri Fərmanı ilə təltif olundu.

Polis polkovnik-leytenantı A.Teymurov Xocəvənd polis şöbəsinin cinayət-axtarışı şöbəsinin rəisi vəzifəsinə göndərildi, 2006-cı ilədək bu vəzifədə xidmət etdi. Ərizəsinə əsasən təqaüdə buraxıldıqdan sonra 2003-cü ildən dissertantı olduğu AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsində elmi fəaliyyətini 2008-ci ilədək davam etdirdi.

2008-ci ilin iyununda Bakı Dövlət Universitetində "Daxili işlər orqanlarında məhkəməyədək materialların araşdırılmasının xüsusiyyətləri və bu sahədə olan problemlərin həlli yolları" mövzusunda dissertasiya müdafiə edib, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, Ali Attestasiya  Komissiyasının 27 sentyabr 2011-ci il tarixli qərarı ilə "Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisası üzrə dosent elmi adı verilib. 2015-ci ildən Kriminalistlər və Kriminoloqlar İttifaqının üzvüdür. "Azərbaycan Respublikasında məhkəməyədək icraatda istintaq hərəkətlərinin nəzəri və təcrübi problemləri" mövzusunda doktorluq dissertasiyası üzərində işlərini başa çatdırıb. "Cinayətkarlığa qarşı mübarizədə təhqiqat orqanlarının fəaliyyətinin müasir problemləri" adlı monoqrafiyası 2015-ci ildə çap edilib. 40-a yaxın elmi məqalənin müəllifidir.  2019-cu ildə nəşr edilən "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Komentariyası", "Cinayət prosesi və insan hüquqları: ədalətli cinayət mühakimə icrasına dair təlimat" kitablarının, "Cinayət mühakimə icraatında insan hüquqlarının müdafiə edilməsi taktikası" monoqrafiyasının həmmüəllifidir.

A.Teymurovun sadəliyi, səmimiliyi, təmkinliyi, təvazökarlığı, dostluğa, el-obaya sədaqəti də günümüzün gerçəkliklərindəndir. İnsanlara yaxşılığı özünə mənəvi borc bilir.

Gözəl ailə başçısı olan, "2020-ci ilin oktyabr ayının 20-ni - Zəngilanın işğaldan azad edildiyi günü ömrümün ən gözəl günü hesab edirəm!" deyən A.Teymurovun oğlu İlham Teymurov Azərbaycan Ordusunun zabiti kimi Vətən qarşısında xidmətini ləyaqətlə yerinə yetirir, qızı Sevinc xanım London City Universitetində süni intellekt ixtisası üzrə doktoranturada təhsil alır.

Ailənin, qohumların, dostların və onu yaxından tanıyanların böyük ehtiram və rəğbət bəslədiyi gənclik dostum Allahverdi Teymurovu 70 illiyi münasibəti ilə səmimi qəldən təbrik edir, ona həyatda möhkəm cansağlığı, uzun ömür, könül xoşluğu, bol-bol sevinc, tükənməz fərəh hissi, həmişə olduğu kimi hamının sevimlisi olmağı arzu edirəm...

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

525-ci qəzet .- 2024.- 30 yanvar, ¹17.- S.15.