Elçin sənətkarlığı: detallar, motivlər və bədii mükəmməllik  

 

 

Qərbdə "Səssiz nəsil" adı ilə tarixdə qalacaq termin yayılanda SSRİ-də bunun tam əksi olan "Altmışıncılar" cərəyanı start götürdü. Onlara "XX qurultayın övladları" da deyirdilər. Bu "övladların" doğum tarixi 1918-ci ildən başlayıb 1940-cı illərə qədər uzanırdı. "Estetik düşüncənin inkişafında yeganə dövr olaraq fərqləndirilən" altmışıncıların parlaq nümayəndələrindən biri də ötən il 80 yaşını qeyd etdiyimiz Xalq yazıçısı, görkəmli ədəbiyyatşünas alim Elçin Əfəndiyevdir. O, Azərbaycan "altmışıncılar"ının ən cavanı sayılır. Elçini bu mərhələdən çıxarmaq mümkün olmadığı kimi, 60-cılar nəsrini də onun yaradıcılığını nəzərə almadan düşünmək olmur. Yazıçı özü mənsub olduğu nəsil haqqında belə deyir: "Onlar gəmidə oturub, gəmiçi ilə dava etməyi bacardılar". Məncə, bu pleyadanı bundan daha doğru xarakterizə etmək olmazdı.

Elçin mənim mütaliə dünyama nə vaxt, necə daxil oldu? Orta məktəbin orta siniflərində. Xatırladığım qədər, "Ulduz" jurnalında çap olunmuş o hekayə gənc qızın uğursuz məhəbbətindən bəhs edirdi. Maraqlıdır ki, hekayənin, surətlərin adı yadımda qalmasa da, bəzi detalları dəqiq xatırlayıram. Məsələn, qızın paltarını ütüləməsi, güzgünün qarşısında fırlanması... Elçin fraqment, detal ustasıdır. Deyildiyi kimi - "detal əsərdə həlledici rol oynamır... Həll edir". Mükəmməllik detalların məcmusudur. Necə deyərlər, dama-dama göl olar.

Mənim Elçinlə yazıçı-oxucu tanışlığım o hekayədən başladı və bu günə qədər davam edir. Rəsul Rza yazırdı ki, yazıçının iki doğum tarixi olur. Biri dünyaya gəldiyi, digəri ilk əsərinin yarandığı gün. Məsələyə bu tərəfdən baxanda bu iki doğum tarixi arasında elə böyük məsafə görünmür.

Elçin özünü dərk edəndən yazır, obrazlı desək, əliqələmli doğulub. Ədəbiyyata ciddi addımı yeniyetmə yaşında atıb və ilk addımlarından da həyata, cəmiyyətdə baş verənlərə münasibəti ilə seçilib. Erkən Elçin bir hekayəçidir. Hekayəyə 16 yaşından yol yoldaşlığı edən, onu həmişə əziz tutan yazıçı bu kiçik janrda əvəzsiz nümunələr yaratmışdır. Onun hekayələrini poetikasına görə etüd də adlandırmaq olar. Yazıçı özü bu fikirdədir ki, hekayə uğur qazanmaq üçün həyatdan gəlməlidir. Elçinin hekayələri həyatdan alınmadır, personajları sən, mən, bizik... Bu qəhrəmanların yarandığı ölkə artıq dünya xəritəsindən silinsə də, özləri bu gün də yaşayır. Şəxsən özüm konkret adam tanıyıram ki, elə bil Kərim kişinin ("Qış nağılı") canlı proobrazıdır. Bağla nəfəs alır, qocalığının bütün poeziyası bağıdır, orda canlanır, onunla ömrü uzanır. Məsməxanımı da ("Bir görüşün tarixçəsi") tez-tez görürəm, sadə bir şofer baba olan Ağababa da ("Dolça") bağ qonşumuzdur, eynən Zübeydənin ("Toyuğun diri qalması") tipajı olan qadın da tində sarıkök satır.

1970-ci illərdə Elçin əsasən öz gənc müasirlərindən, onların həyat və məişətindən, məhəbbət və arzularından yazırdı. Bu onillik Azərbaycan üçün "gözəl dəyişikliklərlə" yadda qalıb. Ümumiyyətlə, müasirlik Elçin yaradıcılığının əsas cəhətidir. Və bu müasirlik "qocalmır". İdeologiyaya xidmət etmədiyi üçün zaman onun əsərlərinin əleyhinə işləmir, bu gün də elə həmin cür aktual olub vaxtdan ucada dayanır. "Elçin, güclü düşüncələrin, incə duyğuların və sarsılmayan sevgilərin yazarı" olub (Ə.Bəndəroğlu) oxucunu duyur, hiss edir, hər biri üçün yazır.

Abşeron motivlərinin onun yaradıcılığında özəl bir yeri vardır. Bu "motivlər" xüsusi yazı manerası ilə seçilir. Elçin Bakı mühitini yaxşı bilib, yaxşı da təqdim edən yazıçı kimi tanınır. Abşeronun torpağı bərəkətli, müalicəvi olsa da, təbiəti yarımsəhra, şoran olduğundan estetik baxımdan kasıb hesab edilir. Bunun üstünə məkanın diskomfortunu da gəlsək (dəli küləyin sovurduğu qum ağzına dolur, dişlərinin arasında xırçıldayır), mənzərə heç də yarımada coğrafiyasının xeyrinə deyil. Xüsusilə, rayonda böyüyənlər üçün. Təpəli düzənlik relyefdə Atəşgah, Yanardağ alov məbədləri kimi təbiət hadisələrindən başqa demək olar, heç bir təbiət abidəsi yoxdur. Buranın ümumi mənzərəsini isti qumun üstünə uzanmış meynə, əncir, tut və bir də olsa-olsa, iydə ağacları təşkil edir. Raziyanə, şingilə və hər cür çayır növlərini əlavə etsək də, peyzaj dəyişmir. Yadımdadır, 70-ci illərdə bağımıza Qubadan qonaq gəlmişdi. Gecə gəldiyindən heç nəyə baxa bilməmiş, səhər açılanda şaqqama günün altında bir-iki meyvə və bol meynə ağacları görən qonaq demişdi: "Hə, indi gedək bağa". Bağın elə gördüyü olduğunu eşidəndə çox təəccüblənmişdi: "Bu kul-kus?" (Yəni kol-kos). Bu kol-kosu, yəni minimal peyzajı, bayquş, ilan, kərtənkələ, kirpidən ibarət olan faunanı əsərlərində bu qədər romantikləşdirməyi, poetikləşdirməyi və sevdirməyi yalnız doğması bacarardı. "Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi". Bir də, əlbəttə ki, dəniz. Abşeron silsiləsinin daimi və mərkəzi obrazı... Bəzən deyirlər ki, dəniz dənizdir də, o da sudur, bu da... Yox, yenə də yox... Baxır kimin üçün... Elçinin Dənizi canlıdır. Onunla salamlaşmaq da olar, vidalaşmaq da. Dərdləşmək də olar, əlləşmək də. Dost da olmaq olar, düşmən də. Dəniz həm də ovqatdır... "Xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə belə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü".

 Abşeron motivləri, bağ mövzusu Elçin yaradıcılığından bir xətt kimi keçir. Düz, paralel, ziqzaq, ya da çarpaz. Amma keçir. Bu hekayələr həm də, əsl yay hekayələridir. Qumsallar-ağır gilli torpaqlar, xəzrilər-gilavarlar, məltəmlər-şəbnəmlər, aylı-ulduzlu gecələr, tərk edilmiş bağlar, dəniz, sahil, çimərlik, səma, üfüq... "Namusunu başında kepka kimi gəzdirən, bal kimi sevgisiylə sevdiyini bezdirən" (Z.Xəlil) Baladadaş bu mövzunun qaranquşlarındandır. Hər mənada. Hətta, düşünürəm ki, Bakılı oğlanlar KVN komandasının 90-larda və daha sonrakı koloritli obrazlarının ucu Baladadaşa gedib çıxır. Çünki Elçinə qədər aerodrom kepka, Bakı ləhcəsi ədəbiyyat və incəsənətimizdə yox qədər idi. Baladadaş unikal obraz olub, kənd cavanlarının ümumiləşdirilmiş tipidir. Akademik İsa Həbibbəyli "Baladadaşın ilk məhəbbəti" əsərini Azərbaycan hekayə janrının ən möhtəşəm nümunələrindən biri kimi dəyərləndirir. Smartfonların olmadığı Bakı bağlarının əsl fenomenini məhz Elçinin Abşeron silsiləsində görürük. "Janrın" bütün təzahürlərində...

Hər yerdə ədəb, hörmət, nə çox burda həmsöhbət.

Ən gözəl istirahət - Abşeron bağlarında... (F.Ziya)

Sözügedən zamanda Abşeronda bir bağ kultu yaşanırdı. Yay gələn kimi məxluq üz tuturdu bağlara... Bağ həyatı həmişə, indinin özündə də azad, saymazyana, səhlənkar həyat tərzi ilə seçilir. Baladadaşın özü də içində olduğu mühit kimi azaddır. İstəyir küçədə oturub mürgü döyür, şuma qədər yonur, "özü öz ayağı ilə" əsgər gedir, qayıdanda xətri istəsə, gedib oxuyar da... Sevilin adaxlısını elə həmin ifada susdurur: "Bu da sənin marojna pulun". Məzəli görkəmi, ondan da məzəli xarakteri olmasına baxmayaraq, Baladadaş sözün ən müsbət çalarında məğrurluq nümunəsidir. Oxucu onun gələcəyinə, parlaq yüksəlişinə inanır, yazıçı bizi buna inandırır. O gözlənilməzliyi ilə taleyini dəyişə biləcək adam təsiri bağışlayır. Nə payızda "dənizin bumbuz soyuğunu vecinə alır", nə "upravlyayuşi" Muradı, nə Gümüş Maliki, nə də onun bacanağı hamamçı Ələkbəri. "Ümumiyyətlə, elə bil ki, dünya Baladadaşın vecinə deyildi". Dənizi o qədər çox sevir ki, "mənim oğlum dənizə oxşayacaq" deyir ("Baladadaşın toy hamamı"). Burada biz artıq onu "kəndin sayılan cavanlarından" biri kimi görürük.

 

(Ardı var)

Dilarə ADİLGİL

525-ci qəzet .- 2024.- 30 yanvar, №17.- S.14.