"Misilsiz
canavar" və ya sən göydənmi gəldin, Skott?!
Esse
"Ağ Diş mübarizəni
dayandırmışdı. Hərdənbir əsə-əsə
vurnuxurdu, lakin indi onun müqavimətinin xeyri yox idi. Buldoqun rəhmsiz
çənəsi daha qüvvətlə onun
boğazını sıxırdı. Hava
çatışmırdı. Nəfəsi getdikcə
daralırdı. Əgər lap əvvəldən Çerokun
dişləri onun sinəsinə bu qədər yaxın
olsaydı, Ağ Dişin damarı çoxdan kəsilmişdi...
Smit elə bil zəncirini qırmış it kimi Ağ
Dişin üstünə şığıdı. Onu təpikləməyə
başladı. Tamaşa edənlər qışqırıb
fit çaldılar. Göyçək Smit bu etirazlara məhəl
qoymur, Ağ Dişi döyürdü. Bu vaxt cavan oğlan
camaatı yara-yara qabağa çıxdı, hamını
sağa-sola itələyə-itələyə irəli
yeridi..."
Canavarın həyatı üçün möhkəm
təlaş keçirən, onu az qala ölümün
amansız caynaqlarından güclə xilas edən gənc kim
idi? Uidon Skott cənub torpağından (San-Fransiskodan) uzaq
şimal torpaqlarına (Dousona) gəlib qızıl mədənlərində
çalışan birinci dərəcəli mühəndis
idi. O, ölümcül halda olan Ağ Dişi məcbur edərək
(pulunu verdi, mübarizə apardı) Çöyçək
Smitdən aldı və ona "məhəbbət dərsi"
keçməyə başladı. Heç nə asanlıqla
olmadı, amma bu görüşdən sonra canavarın həyatında
yeni bir səhifə açıldı, bundan sonra o, addım-addım
xoşbəxt həyata doğru getməyə başladı.
Ağ Diş danışa bilsə idi əgər, dil
açıb bütün qəlbi ilə Skottan
soruşardı ki: Sən göydənmi gəldin?!
lll
Oxuduğun hər bir mətndə özündən
bir cümlə axtarırsan: mən də belə edirəm. Xəyal
edirəm ki, bütün cümlələrin bir ünvana gəlir
- mənə. Bu, bir illüziyadır, çünki məni
tanımadan öncə də addım-addım gəldiyin
yolların səni mənə çatdıracağını
sanıram. Gəldin, çatdın, axtardığın
ünvanını tapdın, limanın oldum sənin mən, bu
bir istəkdir, dəli bir istək, sən heç limansız
gəmi də deyildin, bəlkə də. Sən
danışanda mən istəyirəm ki, tez-tez kəsim sənin
sözünü. Bunun yaxşı bir şey
olmadığını bilsəm belə. Bunu heç vaxt eləmirəm,
nəfəsim kəsilir, çox istəyirəm, amma heç
eləmirəm. Sənə bir sualı vermək istəyirəm
tez-tez, hər dəqiqəbaşı. Bunu da heç eləməmişəm,
səndən heç soruşmamışam, heç soruşa
bilməyəcəm bəlkə də heç. Bilmək istəyirəm:
xəbərin varmı səndən nəyi soruşub-öyrənmək
istəyirəm mən? Sözünü kəsib səndən
tez-tez soruşmaq istədiyim, amma heç vaxt soruşmağa
cəsarət edə bilməyəcəyim sualım budur: Sən
göydənmi gəldin?! Bu dəfə də sual eyni
sualdır, amma bu dəfə ünvan sənin yaratmış
olduğun obraz-Skott deyil, sənin özünsən.
Çünki "Cek London əfsanəsi", "Cek London
gerçəkliyi" ədəbiyyatda olmasa idi, ortada dərin,
böyük və boş bir xəndək buraxmış
olardı.
lll
Çox-çox illər öncə oxumuşdum
"Ağ diş"i. Eyni əsəri fərqli anlayarsan,
onda fərqli şeylər kəşf edərsən, illər
sonra yenidən və yenidən oxuya bilsən. Bu dəfə
oxumadım, bu dəfə hiss elədim. Gözəl canavar
balasının baxış bucağından gördüm
dünyanı, baxdım bu dünyaya, onunla yenidən kəşf
elədim həyatı, əsərin bitməsini heç,
heç istəmirdim, "sonsuzadək getsin" deyirdim. Onun
çox bəyəndiyim və insanlarda da olmasını
arzuladığım xeyli sayda xüsusiyyətləri var. O,
dişi cinsindən olanlara toxunmur, canavarların genindən gəlir
bu cəhət, onlar dişilərə toxunmur. Kolli ona nə qədər
ilişsə belə, onu təqib etsə də, incitsə də,
Ağ diş ona heç toxunmur, çünki o, bir dişi
itdir. "Ağ Dişin cinsinə mənsub olanların
qaydasına görə dişilərə hücum etmirdilər.
Dişi itə hücum etmək Ağ Diş üçün
öz instinktinin hökmü əleyhinə getmək idi".
Amma ən çox Ağ dişin sədaqətini
sevdim. Onu zülmkar sahibi Göyçək Smitin
düçar elədiyi zülmlərdən xilas edən,
qayğı və sevgi gördüyü, ürəyini fəth
etmiş Skotta olan sədaqətini, onun üçün
darıxmağını, hər
tapşırığını pozulmaz bir qanun bilməsini. Mənə
çox maraqlı idi ki, bəs görəsən, bu əsərdə
öz oxucusunu ən çox hansı cümlələlər
kövrəldə biləcək: "Ağ Diş həsrətlə,
intizarla kayura baxdı, sanki bununla soruşmaq istəyirdi ki,
hanı Skott? Günlər bir-birini əvəz edirdi, Skottdan isə
xəbər-ətər yox idi. Ağ Diş, xəstəlik nə
olduğunu bilməyən Ağ Diş xəstələndi. O,
çox xarab olmuşdu". Axırda Mətt də bunu
anlayıb sahibinə yazdı: "Lənətə gəlmiş
canavar işləməkdən boyun qaçırır.
Heç nə yemir, lap üzülüb. İtlər onunla
yola getmir. Sizin hara getdiyinizi bilmək istəyir. Mən isə
onu dilə tutmağı bacarmıram. Qorxuram ki,
ölsün..." Bəs insanlarda bu hiss hansı səviyyədədir
görəsən, sədaqət və etibar hissi varmı
çoxunda?! Yoxsa işlərini aşırana qədərmi
hörmətlisən onlar üçün, dəyərlisən...
Bəs sonra nə olur, sonra unudulursan, gərəksiz bir əşya
kimi uzaq, tozlu bir küncə atılırsan. Bu, incitmirmi,
incidir. Amma bu anlarda həyatında var olan qəlB
insanlarının dəyərini bir daha anlayırsan,
varlıqları üçün şükür edirsən,
demək ki, qəlP insanları tanımaqda da bir fayda var
imiş.
lll
Gülürəm. O gündən
düşünürəm ki, gülüşümü
yazıda necə göstərim görəsən. Adi
yazışmada yarım mötərizə qoyardım, bilərdin
ki, gülürəm, gülümsəyirəm, çünki
həyatımdakı təbəssümsən sən mənim.
Ruhumun ehtiyacısan, ən həyəcanlı nidasısan, ən
çox arzuladığı və ləzzətlə
özünə hopdurduğu qidası kimi. Bir romanda
yaşlı bir qadının işlətdiyi gözəl, gəncliyə
məxsus əl işarəsindən yaranan insan barədə
oxumuşdum. Amma bu mövzuda çox qərarsızam, o sərhədi
müəyyənləşdirə bilmirəm. Sənmi mənim
təbəssümümdən yaranmısan, yoxsa onun müəllifimi
sənsən. Yazılı bir dialoq olsa idi əgər bu, mən
gülməyi ifadə edən bir emoji bölüşərdim
ki, sən biləsən ki, gülümsəyirəm yenə.
Yazıda necə edim bəs bunu görəsən, Skott?! Bəlkə
dramatik əsərlərdə olduğu kimi bir mötərizə
açım və orada yazım ki, gülürəm... Bax belə
- (gülürəm). Bu mövzuda düşünən olubmu,
adi təhkiyədə birinin üzünü,
sözünü xatırlayanda çöhrəmizdə
parlayan təbəssümü necə əks etdirək, ən
yaxşı necə ifadə edək, görəsən?!
Düşünüblər bəlkə də, kəşf də
ediblər, əməl də edirlər, bəlkə də mən
bilmirəm. Mən axı bilinən yolları seçmirəm
heç, öz cığırımı açıram həmişə,
çox vaxt da elə cəngəlliklərin arası ilə...
(gülürəm).
Bəli, Skott Ağ Dişin üzündə həmin
o haqqında danışdığımız təbəssümü
yarada bilmişdi, heyvan gülümsəmişdi, bəli, təsəvvür
edin ki, bir canavar balasının üzü
gülmüşdü. Onun qəlbinə və ruhuna
işıq toxumları səpə bilmişdi, sonra onları bəsləyərək
böyüdə bilmişdi Skott, Ağ Dişdə ona qədər
tanıdığı insanların əlbir olub məhv elədiyi
sevgi və güvən hisslərini oyatmışdı,
insanlığın çox böyük təntənəsiydi
bu. "Ağ Diş sahibiylə oynamağı da mənimsəmişdi...
Oyun qurtaranda adətən Skott canavar balasının boynunu
qucaqlayır, Ağ Diş isə öz zərif, yumşaq
mırıltısıyla sanki sevgi nəğməsi
oxuyurdu..."
lll
Türkün totemi qurddur. Deyilənə görə,
bütün heyvanları əhliləşdirmək olur, bir
qurddan başqa. Bu barədə rəvayətlər
çoxdur, fərqlidir. Amma bir ümumi nəticə
çıxır ki, türk toplumunun törəmiş
olduğu insanı bir qurd taparaq öz südü ilə bəsləyib
böyütmüş, sığınacağına alaraq onu
hələ lap körpə ikən məhv olmasına imkan verməmişdi.
Ona görə türk məğrurdur, qürurludur,
çünki "südlə gələn sümüklə
çıxar" deyiblər. Qurd Dovşan deyil, Tülkü
də, Ayı da deyil. Bu heyvanlar təbiətdə hər biri
özünəxas şəkildə gözəldir, sevimlidir, əvəzsizdir.
Söhbət bu heyvanların alleqorik olaraq bədii ədəbiyyatda,
şərti olaraq məişətdə ifadə eləmiş olduğu
xarakterik xüsusiyyətlərdən gedir. Canavarla onun heysiyyətinə
toxunmadan davranmağı öyrənməlisən. Əsərin
bir çox yerlərində Ağ Dişin həmin bu
xüsusiyyəti müəllif tərəfindən
özünəxas incəliklə, dəqiqliklə təsvir
olunur. O, Kolliyə bilərəkdən toxunmayanda, onun incidici
basqınlarının qarşılığında
böyük bir dözüm göstərəndə, sahibindən
başqa heç kimə onunla zarafatlaşmağa imkan verməyəndə,
bütün düşdüyü situasiyalarda insanlar və digər
itlər ilə olan münasibətlərində öz məğrurluğunu
göstərir və qoruyub saxlamağa
çalışır.
lll
Səs. Səs çox önəmlidir, bilirsənmi?
Dedim ki, yaxşı bir şey olmadığını bilsəm
belə, tez-tez sözünü kəsmək istəyirəm sənin.
Çünki nə dediyini anlaya bilmirəm. Səsini eşidən
kimi "dağılıram" çünki. Necə bir
dağılmaqdır bu, bilirsənmi? Təsəvvür elə
ki, sənə ən dəyərli incilərdən bir
boyunbağı verdim və istədim ki, ona hər iki əlini
keçirib əks istiqamətlərdə bərk çəkəsən,
nə qədər möhkəm olsa belə, sənin
gücünlə qırıldı və bu an nə baş
verdi: incilər yerə dağıldı. Bax mən də elə
o cür "dağılıram". Bir də ki, səsində
səs eşidəndə belə, vacib deyil ki, sait olsun, ya
samit (gülürsən), onların rəqsə qalxıb
cütlüklər yaratmasına (hecalar), sonra əl-ələ
verib yallı getməsinə (cümlələr) bir ehtiyac
yoxdur ki. Artıq səsin özü fikir düzənimin
"dağılmasına", başımda xaos
yaranmasına, kələfin ucunu itirməyimə, tarazlığımın
pozulmasına tamamən bəs eləyir. Rasional
düşüncə itir, ancaq emosional qalır.
lll
Skottun səsi Ağ Diş üçün hər bir
şeyi ifadə eliyirdi beləcə. Sahibinin qəzəbini də,
istəyini də, onun razı olduğu və
olmadığı məqamları da canavar balası onun səsindən
anlayırdı. Onun cəzası da bu mülayim səsin dəyişməsi
ilə baş verirdi və bu onu çox incidirdi, qəlbini,
ruhunu neştərləyirdi. Skottun səsi Ağ Diş
üçün onu istiqamətləndirən kompas idi sanki.
lll
Bütün münasibətlərdə, tədris
prosesində, tərbiyə prosesində, dostluqda, sevgidə hər
bir şey inamdan başlayır. Əgər inam toxumu əkilirsə
və ona qulluq göstərilərək köklü-köməcli
bir çinara çevrilirsə, o münasibət, o proses
alınmış ola bilər. Çünki tərəflər
arasında bir inam olarsa, o zaman kürəyini ona tərəf
çevirməyə qorxmadan (görəsən, bıçaq
saplamaz ki?!), ona uzanan əlinin havada qala biləcəyi
üçün qorxu keçirmədən, yanında
olduğunu sanıb "yanında olduğunu" görmədən
bir yola başlaya bilərsən, addım-addım ən uzaq məsafələri
qət edə biləcəyinə, ayağın büdrəyərsə,
qolundan bərk-bərk yapışıb yıxılmağa
qoymayacağına inanarsan. Bu inam səni yaradar, sizi yaradar.
Skott israrla, təmkinlə, əvvəl özü ona
inandı (baxmayaraq ki, Ağ Diş mırıldadı,
dişlək götürdü, caynaq atdı, tərəddüd
elədi), sonra canavar balasında onu yaratmağı bacardı.
Elə bu hiss ilə də onu tərbiyəndirməyi
bacardı, gərəksiz vərdişlərindən
uzaqlaşdıra bildi.
Canavar toyuqlara (gülürəm) basqın edərək
onları kütləvi şəkildə qırğına məruz
qoyanda belə, Skott ona inandı və sadəcə bir cümlə
dedi: - O, daha toyuq yeməyəcək...
Buna ancaq və ancaq onun özü inanırdı. Ailədə,
ətrafda isə heç kim inana, güvənə bilmirdi daha
Ağ Dişə. "Hər dəfə Ağ Diş
özünü unudub instinktə təslim olmaq istəyəndə,
quşun üstünə atılır, amma sahibinin səsi onu
dayanmağa məcbur edirdi. Beləliklə, elə buradaca o,
daha bir qanunu mənimsədi". Skott hətta mərcə belə
girdi: "...mən hər öldürülmüş
toyuğa qızıl dollar verəcəyəm..." O,
canavara inanırdı, bilirdi ki, yanılmayacaq, inamla nələr
etmək olmaz ki! Birinin sənə sonsuzadək inanması
çox gözəl bir duyğudur, sevgidən daha gözəldir.
Ağ Diş bu dəyərin, bu hissin qiymətini çox
yaxşı bilirdi. Ona görə də o hər kəsi məyus
edəsi oldu. "...Toyuqlara heç gözucu da baxmadı,
toyuqlar canavar balası üçün sanki mövcud
deyildi". İnam hissi yenə öz qalibiyyət
marşını çaldı. "Və hakim Skott aynabəndə
yığılmış ailə üzvlərini məmnun etmək
üçün təntənəli səslə an altı dəfə
təkrarladı: "Ağ Diş, sən mənim
düşündüyümdən də ağıllı
imişsən!"
lll
Skottla Ağ Diş arasında güclü bir inam
bağı var idi, mənimlə bu yazı arasında
olduğu kimi. Çünki bu yazı bir inamdan yarandı, onu
bir insanın inamı yaratdı, davamlı olması diləyilə...
(gülümsəyirəm). Ürəyiniz gülsün həmişə,
bu qədər qarışıq və upuzun fikir dolanbaclarını mənimlə
bir yerdə keçərək, sevimli ayrılmazıma
çevrilmiş Ağ Dişimin üzü kimi (bu məqamda
isə gözlərim dolur)...
Sevinc QƏMBƏRLİ
525-ci qəzet .- 2024.- 30 yanvar, №17.- S.13.