ƏLLƏRİM
Əllərim dünyanın işindən agah,
Ən çətin işləri görür əllərim.
Yer qazır, şumlayır, suvaq çəkir gah,
Daş üstə daş qoyub hörür əllərim.
Olub ki, qalmışam yol ayrıcında,
Əllərim qoynumda, gözlərim dolub.
Yorğun anlarımda, əzgin anımda,
Əllərim başıma mütəkkə olub.
Nə vaxt ki, yüksəlib ah-nalə göyə
Əllərim dönübdür yalın
qılınca.
Evimin süfrəsi bol olsun deyə,
Əllərim çalışıb - qabar olunca.
Əllərim üşüyüb qara düşəndə,
Çox işdə əlimin zəhməti olub,
Kiminsə əlləri dara düşəndə,
Əllərim onun da qüvvəti olub.
Əllərim ürəktək vurar, döyünər,
Kiməsə verməyib acıq əllərim.
Düşmən sifətində yumruğa dönər,
Dostların üzünə açıq əllərim.
Gizlədə bilmərəm ağrı-acımı,
Nə qədər bassam da, mən öz səbrimi.
Bu əllər qurtardı Qarabağımı,
Sonra da düşmənin qazdı qəbrini.
Əllərim özümdən çox-çox
ünlüdür,
Şərəfi-şöhrəti göyə
ucalmış.
Əllərim özümdən qaragünlüdür,
Əllərim özümdən qabaq qocalmış!
Ağa Savalan
525-ci qəzet .- 2024.- 26 yanvar, №15.- S.15