Bəlkə, o
dünyada gəldik üz-üzə
İndi hansı ildi, ya hansı fəsil?
Bilmirəm, bilsəm də, nə dəyişəcək.
Mənim qismətimə ötən əsirdən
Düşsə, bir gözüyaş payız
düşəcək.
Niyə bu haldayam bir sən
bilirsən.
Deməsəm, nə fərqi, desəm, nə fərqi?!
Ruhum yarpaq kimi qopub canımdan.
Ya külək apara, ya sən, nə fərqi?!
Daha vərəqələr də bezib əlimdən.
Hər gecə yastığa yazıram səni.
Kipriyim gödəlib od götürməkdən.
İndi bəbəyimdən asıram səni.
Bəlkə, o dünyada gəldik üz-üzə.
Bu ürək yenəmi şan-şan olacaq?!
Nə məni sənintək yaxıb-yandıran,
Nə sənə mənimtək yanan olacaq.
Payız ürəyinlə az yağdır az əs.
Biryolluq qır, dağıt, tapda, əz, adam
Dəysən, yox olası bir ovuc küləm.
Uzaq dur, uzaq qaç, uzaq gəz, adam.
Rəşidə ALLAHVERDİYEVA
525-ci qəzet .- 2024.- 26 yanvar, №15.- S.15.