COP29 - Azərbaycanın böyük hədəflər yolunda daha bir parlaq uğuru

 

Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-ə Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin dediyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən, Azərbaycan bu razılaşmaya qoşulub.

Hər il dünyanın çox sayda ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müzakirələr aparır, çağırış edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Hələlik sonuncu olan COP28 ötən il Dubayda təşkil edildi. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib.

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

"Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi mühüm hadisə olacaq. Bununla bağlı iki amili qeyd etmək yerinə düşər. İlk növbədə, belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsi ölkəmizin nüfuzundan xəbər verir. Eyni zamanda, bu hadisə Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən olduğunun göstəricisidir.

COP28-in ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təşkil edildiyini xatırladan BMTM-in sədri bildirib: "Tarixə nəzər salsaq görərik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarına adətən, neft ölkələrinin ev sahibliyi etməsi artıq faktdır. Vurğulanmalıdır ki, COP-a ev sahibliyi etmiş ölkələr həm regionda və həm də dünyada kifayət qədər nüfuzu olan ölkələrdir. Buna iki aspektdən yanaşma mümkündür. Bəzi ölkələr güclü neft ölkəsi olan BƏƏ-dən sonra bu mötəbər tədbirə ev sahibliyinin digər neft ölkəsi olan Azərbaycana verilməsinə qısqanclıqla yanaşırlar. COP29-un ölkəmizə həvalə edilməsi bir daha onu göstərir ki, neft istehsal edən Azərbaycan kimi ölkə alternativ enerjinin inkişafına fikir verir. Deməli, güclü neft ölkələri alternativ enerjinin inkişafını diqqətdə saxlayırlar".

Azərbaycanda bir sıra mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran Fərid Şəfiyev ölkəmizin 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılmasını hədəf kimi qarşıya qoyduğunu qeyd edib. Ölkəmizin bu istiqamətdə müxtəlif dünya ölkələri ilə münasibətlərindən danışan BMTM-in sədri Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olmasını da diqqətə çatdırıb. O, COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərarın da məhz BƏƏ-də qəbul edilməsinin təsadüfi hadisə olmadığını vurğulayıb.

Ölkəmizin alternativ enerji ilə bağlı Rumıniya, Gürcüstan və Macarıstanla ortaq layihələrinin olduğunu qeyd edən BMTM-in sədri deyib: "Bu layihə alternativ enerjinin Avropaya və adıçəkilən ölkələrə daşınmasının təminini özündə ehtiva edir. Bu da təbii olaraq Azərbaycanın alternativ enerji ilə bağlı öhdəliyini göstərir və ölkəmiz bu öhdəliyi ardıcıl yerinə yetirir".

Millət vəkili İlham Məmmədov deyir ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin çox böyük nüfuzundan xəbər verir. Bu, təkcə ekoloji problemlərin həlli deyil: "İqlim dəyişikliklərinin ətraf mühitə vurduğu ziyan böyük problemdir. Dünyanı təhdid edən bu problemin aradan qaldırılması, həll yollarının axtarılması, bunun üçün dünyanın birlik nümayiş etdirməsi, müzakirələrin keçirilməsi üçün Azərbaycana ev sahibliyinin həvalə olunması böyük nüfuz deməkdir. COP29-un Azərbaycanda keçirilməsi haqqında qərar bir neçə gün ərzində baş verdi. BMT-nin ən böyük qlobal tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliğinin, inkişafının dünyaya nümayiş olunmasıdır. Təhlükəsizlik tədbirləri üçün Azərbaycanın həmişə ədalətli olduğu, təbiətin xilası üçün ekoloji tarazlığın qorunmasına lazımi addımların atılmasına sadiqliyini nümayiş etdirir. Azərbaycanın nüfuzundan xəbər verən bu tədbirin ölkəmizdə keçirilməsi Prezidentin illər boyu apardığı uğurlu siyasətin nəticəsidir. Prezident dünya xəritəsində zərrə qədər görünən Azərbaycanı dünyanın özü qədər böyüdüb. Bu kimi qlobal tədbirlərin ölkəmizə ev sahibliyi etməsinə etimad göstərilməsi xalq və dövlətimizin böyük qələbəsidir. Gələcək üçün xalqımıza uğurlar arzu edirəm. Azərbaycan daim inkişaf edir. Prezidentin Azərbaycanın inkişafı üçün atdığı addımlar 7 fevralda keçiriləcək prezident seçkilərində yeni dövrün başlanğıcı üçün töhfə olacaq. Bu günlərdə ictimai-siyasi xadim kimi seçki kampaniyası üçün rayonlarda olub insanlarla görüşürük. Bu məsələlərin əhəmiyyətinin nə qədər böyük olduğunu insanlara çatdırırıq. Bu, Azərbaycanda keçirilən hansısa tədbir deyil, Azərbaycanın bu qədər nəhəng tədbirə ev sahibliyi edə bilməsi üçün inkişaf edən dövlət olduğunu göstərir".

O qeyd edib ki, iqlim dəyişikliklərinin əsas səbəblərindən biri artıq yanacağın tullantıları, bu sahədə nizamsız olan proseslərin nəticəsində atmosferin korlanmasıdır: "Bu, planetimizin ekologiya, fauna və florasının çirklənməsinə, xəstəliklərin artmasına səbəb olur və bəşəriyyətin məhvinə gətirib çıxarır. Azərbaycan həmişə ekoloji təmizliyin qorunmasına sadiqliyini nümayiş etdirib. COP29-un qəbul etdiyi qərarlardan ilk faydalanan da ev sahibi kimi Azərbaycan olacaq. Hesab edirəm ki, tədbirin ən əhəmiyyətli hissəsindən biri də bu olacaq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-2024.- 23 yanvar, №12.- S.14.