Həsən Məcidovu
unutmamaq...
Prezident İham Əliyevin müsahibədə
xatırlatdığı memar kim idi?
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev yanvarın 10-da yerli
televiziya kanallarına müsahibə verdi və bir sıra
vacib nüanslara toxundu. Ölkə
başçısının səmimi nitqi,
düşündürücü və punktual fikirləri
ictimaiyyət tərəfindən maraqla qarşılandı.
Müsahibədəki bir məqam da maraq doğurdu.
"Real TV"nin rəhbəri, Əməkdar jurnalist
Mirşahin Ağayevin Xankəndidə Azərbaycan
bayrağının dalğlalandırılması ilə
bağlı verdiyi suala cavabında Prezident İlham Əliyev
keçmişə nəzər saldı, Xankəndidə
üçrəngli bayrağımızın
ucaldıldığı meydanın işğal dövründən
əvvəlki mənzərəsini xatırladı. Ölkə
başçısı qeyd etdi ki, "Obkom" deyilən
binada, həmin o meydanda, o vaxt Azərbaycana qarşı
çox çirkin bir oyunun başlanğıcına
hamımız şahid olduq.
Prezident həmin binadan danışarkən onun
memarını da unutmadı və vurğuladı ki, o
binanın müəllifi Həsən Məcidov olub. Bu həssas
məqama xüsusi fokuslanmaq lazımdır. Televiziya
kanallarına müsahibə verən cənab İlham
Əliyev bütün mövzularda diqqətcil, həssas və
əhatəli yanaşma sərgiləyir. Bu, Prezidentin tarixə,
mənbələrə, yaradanlara və yaşadanlara hörmətinin
təzahürüdür.
Bəs Həsən Məcidov kimdir?
O, 1914-cü ildə Bakıda sənətkar ailəsində
dünyaya gəlib. H.Məcidov orta məktəbi bitirərək
Azərbaycan Sənaye İnstitutuna daxil olub, 1937-ci ildə
buranın memarlıq-tikinti fakültəsini bitirib. Tələbəlik
illərində "Azərdövlətlayihə" Dövlət
Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən
sonra isə həmin institutda memar vəzifəsində işləyib.
İkinci Dünya müharibəsi illərində H.Məcidov
sovet ordusu sıralarına qatılıb və
döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata
buraxılıb. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti
göstərib, bir sıra ictimai-mənzil binalarının
layihələrini hazırlayıb. Bir müddət layihə
idarəsinin baş mühəndisi olan H.Məcidov 1948-ci ilin
fevral ayından "Azərdövlətlayihə"
İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri
vəzifəsində işləyib. 1954-cü ildən Azərbaycan
Politexnik İnstitutunda memarlıq konstruksiyaları üzrə
dosent olub.
H.Məcidovun layihəsi əsasında 1960-cı ildə
keçmiş Lenin muzeyi, hazırkı Muzey Mərkəzi
tikilib və 1961-ci ildə istismara verilib. O, Binədəki
Bakı Hava limanının keçmiş binasını,
"Bakı" mehmanxanası, Naxçıvanda Dövlət
Musiqili Dram Teatrı, Dzerjinski adına mədəniyyət
sarayı və digər məşhur binaların layihələrinin
rəhbəri olub.
Zamanın mistikası qəribə ovqat yaradır. Bu
material hazırlananda H.Məcidovun vəfat tarixinə nəzər
saldım: 11 yanvar 1978-ci il. Anım günündə Azərbaycanın
görkəmli memarını yad etdik. Bizə isə bunu
xatırladan cənab Prezident İlham Əliyev oldu.
Memarlıq tariximizdə və milli
yaddaşımızda özünəməxsus yeri olan Həsən
Məcidovun ruhu şad olsun!
Nadir YALÇIN
525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.10.