"Məni Şaiqdən ayırmayın..."
Yüz il... Yəni bir əsr...
Dəvətnamə aldım... 10 yanvar 2024-cü ildə
Muzey Mərkəzində akademik Kamal Talıbzadənin 100 illik
yubileyinə həsr olunmuş "Məni Şaiqdən
ayırmayın - Kamal Talıbzadə" adlı tədbirinə
dəvətli idim. Həmin anda bir yazı hazırlamaq
keçdi fikrimdən. Bir neçə günüm beynimdə
götür-qoyla keçdi. Ona görə ki, bunun bir tədbir
haqda sıradan yazı olmağını istəmirdim.
Çünki bir ziyalı, şeirlərilə
böyüdümüz Abdulla Şaiqin varisi, Azərbaycanda ədəbi
tənqidin əsasını qoyan bir alimdən savayı, o, mənim
üçün Kamal əmi idi. Kiçik məktəbli
vaxtından tanıdığım, tez-tez evlərində
olduğum, zarafatlarını eşitdiyim Kamal əmi. Bir də
50 ildən artıq dostluğumuz olan sinif yoldaşımın,
yaxın rəfiqəmin, bu gün ictimaiyyətin
tanıdığı sənətşünaslıq üzrə
fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Ülkər Talıbzadənin atası idi. Və
anladım ki, yazacağım hər kəlmənin məsuliyyəti
böyükdür. Amma sonunda bir xatirə yazısı olsun
istədim. Kimin ağlına gələ bilərdi ki, necə
deyərlər, Kamal Talıbzadənin gözü
qarşısında böyüyən bir qız nə vaxtsa
onun haqqında yazmağa cəsarət edəcək.
Kamal əminin evdəki iş otağında divar boyu
sıralanmış zəngin kitabxanası vardı. Mütaliəyə
çox həvəsli olduğumdan onlara gələndə həmin
kitabxananın qarşısında dayanıb xeyli seyr edərdim.
Rəflərdəki kitabların müəlliflərinin
adlarını oxuyardım, maraqlı gələn kitabı
götürüb vərəqləyərdim. Çox istəyərdim
onları mən də oxuyum. Adı dəqiq yadımda deyil,
bir dəfə hansısa kitabı aparıb oxumaq
üçün Kamal əmidən icazə istədim. Etiraz
etmədi və məndən soruşdu ki, kitabı neçə
günə qaytaracaqsan? Kitabı uzun-uzadı oxumaq kimi bir vərdişim
olmayıb heç vaxt. Ona görə də cavabında dedim
ki, üç günə qaytararam. Onun mülayim
simasının elə mülayim də təbəssümü
vardı. Gülümsəyərək dedi ki, beş günə
qaytararsan. Mənim üçün ən maraqlı o oldu ki,
Kamal əmi götürdüyüm kitabın adını və
onun məndə olduğunu kitabçasına qeyr edərək,
dedi: - bunu kitabları kimlərə
verdiyimi unutmamaq üçün yazıram. Məndən kitab
götürən tək sən deyilsən axı. İndi
anlayıram ki, mənim o vaxtlar hələ dərindən
tanımadığım bir şəxsiyyət
üçün kitab nə qədər qiymətli imiş.
Səkkizinci sinifdən Ülkərlə məktəb
yollarımız ayrıldı. Musiqi təhsilini davam etdirmək
arzusu olduğundan oxuduğumuz 190 saylı məktəbə
bitişik Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə
keçsə də, ünsiyyətimiz
qaldığımız yerdən davam etdi və edir də. Hətta
yadımdadır, rəhmətlik Rəfiqə xala deyərdi
ki, elə bilirəm Ülkər hələ də 190-da oxuyur.
İllər keçdi... Ara-sıra Ülkərdən
eşidirdim ki, Kamal əmi Abdulla Şaiqin ev-muzeyini yaratmaq istəyir.
Çox zəhmətdən sonra 90-cı ilin əvvəlində
o, buna nail oldu. Muzeyləri həmişə uzaq tarixi bizə
yaxınlaşdıran bir məkan kimi hiss etmişəm və
onları gəzmək kimi bir həvəsim hələ də
qalıb. Bir müddət sonra muzeylə tanış olmağa
gəldim. O vaxtdan muzeydən daha çox isti bir ocağı
xatırladan bu məkanın bir sakininə çevrildim.
İlk gəlişimi indi də xatırlayıram. Artıq
jurnalistikada idim və Kamal əmi həmişəki kimi məni
o qədər mehribanlıqla qarşıladı ki... Çox
təəssüf ki, onunla bir yaradıcılıq söhbəti
ətrafında material hazırlamadım zamanında.
Sonuncu dəfə onunla həyatının ayrılmaz
hissəsi, demək olar ki, ikinci evi olan Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda görüşdüm. Elmi iş götürmək
kimi bir istəyim vardı bir zamanlar və bununla bağlı
Kamal əmi ilə məsləhətə gəldim. Xeyli
söhbət etdik, jurnalist fəaliyyətimi bəyəndiyini
dedi və elmi fəaliyyətlə bağlı kifayər qədər
məni məlumatlandırdı. Ondan sonra xeyli müddət
onunla qarşılaşmadıq. Və 18 il əvvəl soyuq
bir yanvar axşamı tanınmış ictimai və mədəniyyət
xadimi, Abdulla Şaiq Talıbzadə və əmisi Ziya Yusif
Talıbzadə irsinin tədqiqatçısı, XX əsr Azərbaycan bədii fikrinin öyrənilməsinə
həsr edilən mükəmməl tədqiqatların müəllifi,
Abdulla Şaiqin Mənzil-Muzeyinin yaradıcısı, ədəbiyyatşünaslıq
elminə qiymətli töhfələr verən Kamal
Talıbzadə haqq dünyasına qovuşdu.
İki gün əvvəl isə Kamal Talıbzadənin
100 illiyinə həsr olunan tədbirdə bilmədiyim
çox məqamları eşitdim. Heç demə Kamal əmi
həmişə: "Mənin atamdan ayırmayın" deyərmiş.
Və tədbirin "Məni Şaiqdən
ayırmayın" adı altında keçirilməsi
çox uğurlu tapıntı idi. Kamal Talıbzadənin
muzey fəaliyyətinin layiqli davamçısı,
atasının və babası Abdulla Şaiq irsinin hərtərəfli
təbliğatçısı Ülkər Talıbzadənin
keçirdiyi bu tədbirdə hər şey vardı - bir nəvə
və övlad sevgisi, ziyalılıq nümunəsi,
böyük zəhmət, ürəkdən gələn istək
və mükəmməl təşkilatçılıq.
Çıxış edən ziyalılar, incəsənət
xadimləri öz çıxışları ilə tədbirin
ruhuna incə bir həmahənglik qatmağı bacardılar. Hələ
muzeyin gənc əməkdaşlarının həyəcanını
kənardan belə hiss etmək olurdu. Kamal Talıbzadə
haqqında söylənilənlər, onunla bağlı
danışılan xatirələrin özü belə,
dolğunluğu, məzmunu etibarilə çox incəliklərə
söykənmişdi. Sonda iştirakçıları nəzakətlə
xatirə şəkli çəkdirməyə dəvət edən
yaxın rəfiqəm Ülkər xanıma arzu edirəm ki,
bütün bacarıq və təcrübəsini gələcək
varislərə ötürməyə nail olsun.
Tamilla MƏMMƏDZADƏ
525-ci qəzet.-2024.- 12 yanvar, №5.- S.8.