Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu   

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 Mutina qələbəsi həm də ona çoxvariantlı siyasəti dərk etmək dərsini verdi. Bundan sonra o, Antoniyə yaxınlaşmaq yollarını aradı və bu məqsədlə ən xırda imkandan belə istifadə edirdi. Əsir əsgərlərlə və zabitlərlə mülayim davranıb, Antoni ilə birləşməyə yollanan üç legiona maneəsiz getmək üçün şərait yaratdı, onların komandirləri ilə danışıqlar apardı və ona Antoni ilə yaxınlaşmaq barədə bəzi eyhamlar vurdu. Antoni isə bu vaxt Alpı keçdikdən sonra Narbon Qalliyasında Emili Lepidin qüvvələri ilə birləşdi. Artıq onun sərəncamında böyük qüvvə var idi, öz dəstələrinə on legion da əlavə olunmuşdu. Oktavian da daha ona qarşı vuruşmaq istəmirdi. Bu vaxt Oktavianı digər məqsəd düşündürürdü və o, buna nail oldu. 42-ci il üçün konsul seçildi. Bundan sonra Sezarın qatillərinin "sudan və oddan" məhrum edilməsi, başqa sözlə, qanundan kənar edilməsi elan edildi, həmçinin Senatın Antoni və onun dostları haqqındakı və həmin cəzaya bənzəyən qərarları ləğv edildi. Bu, Sezar tərəfdarlarının barışığına və yenidən birləşməsinə yol açdı.

43-cü ilin noyabrında Bononiya yaxınlığında Antoni, Oktavian və Lepid görüşdülər, müqavilə bağladılar və bununla da, ikinci triumviratı yaratdılar. Xalq yığıncağı ali hakimiyyəti onlara verdi. Bu triumvirat birincidən fərqli olaraq Romada kütləvi terrora başladı və Sullanın icadı - proskriptsiya siyahıları köməyə gəldi. Məhkum edilənlərin başı üçün böyük mükafat verilirdi. Romada çuğulçuluq baş alıb gedirdi, hamı özünü qoruyub saxlamaq üçün öz yaxın adamlarını, qohumlarını satır, onlara xəyanət edirdi. Şəhərdə, əslində kütləvi qırğın gedirdi. Antoni və onun müttəfiqləri öz qəddarlıqlarını təkcə düşmənlərinə deyil, öz qohumlarına qarşı da həyata keçirirdilər. Antoninin dayısı Lutsi də ölümə məhkum edildi. Oktavian isə Antoninin təzyiqi altında öz dostu Siseronu qurban verdi və məşhur natiq ilk on yeddi nəfərin içərisində proskriptsiya siyahısına daxil edildi, Romadan qaçmağa məcbur oldu. Məhz Antoninin göstərişi ilə 43-cü ilin dekabrında Siseronun başı kəsildi və Antoni onun başını və həçv yazan sağ qolunu Forumda Rostr tribunasında tamaşa edilmək üçün qoydurdu. Antoninin arvadı, əvvəllər isə qiyam hazırlayan bədnam Klodinin arvadı olmuş Fulviya həm keçmiş, həm də indiki ərinin qatı düşməni olan ölünün dilini iynə ilə deşməkdən həzz alırdı. Antoni Siseronun "fillippikalarına", söz silahına, nitq hücumlarına onun həyatına qəsd etməklə cavab verdi.

İkinci triumvirat bir neçə tərəfdən təhlükə hiss edirdi. Siciliyada Pompey Maqnın oğlu Sekst Pompey möhkəmlənmişdi, Yunanıstan və Makedoniya isə respublikaçılar Brut və Kassinin əlinə keçmişdi. Sezarın qatilləri öz qoşunlarını Makedoniya və Frakiyanın sərhədində, Filippi şəhərinin yanında toplamışdı. Antoni və Oktavianın qoşunları da bura gəldi və 42-ci ilin payızında respublikaçılar və sezarçılar arasında ölüm-dirim mübarizəsi getdi. Filippidəki müharibə respublikaçılar üçün uğursuz oldu. Burada keçirilən hər iki döyüşün uğurlarında Antoninin xüsusi xidmətləri oldu, əslində, Oktavian vuruşda iştirak etməmişdi. Respublikaçılardan isə Brut məharətlə vuruşurdu, lakin Kassinin məğlub olması və özünü öldürməsi sonrakı axırıncı məğlubiyyətin əsasını qoydu. Brut da özünü öldürdü. Antoninin bu qələbəsi respublikaçıların son mogikanının məhvinə səbəb oldu. Ən böyük təhlükəni aradan qaldıran Antoni Şərqə yollandı. Vətənə qayıdan Oktavian isə burada yeni problemlərlə qarşılaşdı, bu da veteranların torpaqla təmin edilməsi idi. Bu problemi həll etməklə, o həm də özünə yeni dayaq yaratdı. Lakin İtaliyanın ərzaqla təminatı da pis vəziyyətdə idi. Sekst Pompeyin donanması ölkəyə ərzaq gətirilməsinə mane olurdu. Bu narazılıqlardan Antoninin yaxın adamları istifadə edirdilər. Onun qardaşı 41-ci ilin konsulu olan Lutsi Antoni və arvadı Fulviya Oktaviana qarşı qızğın təbliğat aparırdı. Torpaqları müsadirə edilən adamlar bu narazılıqlar ordusunun sayını artırırdı. Bu narazılıq yeni vətəndaş müharibəsinə səbəb oldu və bütün İtaliya torpaqların bölünməsindən qorxub üsyan etdi. Üsyançıların ordusunu Oktavianın qoşunları Peruziya şəhərində mühasirəyə aldı və 40-cı ilin yazında sərkərdə Mark Aqrippanın məharətli hərbi fəaliyyəti öz nəticəsini verdi və ac qalan şəhər təslim oldu. Lutsi Antoni əfv edildi, əsgərləri Oktavianın tərəfinə keçdi. Fulviya isə qaçıb canını qurtardı. Peruziya döyüşü hələ başa çatmamışdan Antoni ilə Oktavian arasında yeni münaqişə yetişirdi.

Ölkəni vətəndaş müharibəsinə qərq edən triumvirata qarşı Romada nifrət var idi və Antoninin Oktaviandan yaşlı və Lepidə görə daha böyük nüfuza malik olmasına görə, ona daha çox kin bəslənirdi. Belə "ad-sanı" həm də o öz davranışları ilə qazanmışdı. Adamlar görürdülər ki, o öz qapısını magistratların, hökumət qulluqçularının və səfirlərin üzünə bağladığı halda, onun evi həmişə musiqiçilərlə, aktyorlarla, fokus göstərənlərlə və əyyaş yaltaqlarla dolu olurdu. O öz var-dövlətini bu əyləncələrə sərf edirdi. Bütün gününü belə keçirən adamın dövlət işləri ilə məşğul olmağa vaxtı qalmırdı. Yunanıstandan Asiyaya keçdikdən sonra onun əlində böyük sərvət var idi, çarlar öz var-dövlətləri ilə onun hüsn-rəğbətini qazanmaq üçün bir-birinə imkan vermirdilər. Hamı onun gözündə yaxşı görünməyə can atırdı, bunun üçün hər şeyi qurban verməyə hazır idi. Oktavian Romada qalıb, müharibənin və narazılıqların bütün ağırlıqlarını öz çiynində daşıdığı halda, Antoni həzz və əyləncələr yükünü çəkirdi, yenidən ona məxsus olan zəifliyinə - eyş-işrətə qurşanmağa və ehtirasların əsiri olmaq yoluna qayıdırdı. O, kef çəkməkdə, azğın ehtiraslarda özünü Vakx kimi aparırdı, onun əhatəsində arfa və tütək səsi kəsilmək bilmirdi. Böyük məbləğdə sərvət belə tədbirlərə sərf olunurdu. Plutarx yazır ki, Sofoklun şeirində təsvir olunan şəhər kimi, bütün Asiya bu dövrdə öz havasında gözəl qoxu ilə, şən mahnı səsi və naümidlikdən yaranan hönkürtülərlə ilə dolu idi. O, Efes şəhərinə daxil olanda qadınlar onu vakxanka paltarında, kişilər və uşaqlar isə satirlər və panlar qiyafəsində qarşıladılar, bütün şəhər sarmaşıq və tənək yarpağına bürünmüşdü, hər yerdən arfa, fleyta və psalteriya səsi gəlirdi və adamlar öz mahnılarında Antonini fərəh verən və mərhəmət mənbəyi olan Dionis kimi vəsf etdilər. Doğrudan da, kefə, həzzə belə vurğunluğu ilə o, şərabçılıq və şadlıq allahına bənzəyirdi, hətta acgözlüyünə və qızğınlığına görə onu da ötüb-keçirdi. O, ləyaqətli və taleyin seçdiyi adamların malikanələrini pozğun və yaltaq adamların xahişi ilə alıb, onlara verirdi. Bu vaxt özünü elə göstərirdi ki, əvvəlki sahiblər ölmüşlər və bu mülkiyyətə sahib olmaq olar. O, bir yaxşı şam yeməyinə görə, Maqneziya şəhərinin bir vətəndaşının evini hədiyyə kimi aşpaza vermişdi. Bundan sonra o, Asiya əyalətlərində bütün vergiləri ikiqat artırdı. Ona şəhərlilərdən biri demişdi ki, əgər sən ildə iki vergi yığırsansa, heç şübhəsiz, bizə də ikiqat yay və ikiqat məhsul dövrü verməlisən. Sonra isə qoyulan məbləğ barədə dedi ki, əgər bu məbləği sənə çatdırmayıblarsa, öz vergi yığanlarından soruş, çünki hamısı yığılmışdır və biz artıq tam yoxsullaşmış adamlarıq.

Antoni öz səhvlərini çox gec görürdü, onları olduqca ləng anlayırdı, lakin onları dərk etdikdən sonra vaxt keçirmədən düzəldirdi, hətta incitdiyi adamlardan üzr istəməyə hazır idi. O, çox şit zarafat edirdi və bununla adamları təhqir edirdi. Lakin verilən ağıllı cavabları da qəbul edirdi, çünki başqalarının da zarafatlarından ləzzət alırdı. Onun danışıq tərzindəki həddi-hüdudu gözləməmək, bir çox bədbəxtliklərinin əsl səbəbinə çevrilirdi. Belə xarakterə malik olan bir adam Kleopatraya vurulmaqla özünün sonuncu və hər şeyi yekunlaşdıran bədbəxtliyini tapdı. Onun təbiətindəki mürgüləyən qızğın ehtiras oyandı və baş qaldırdı. Bu, onun ləyaqətlərinin və sağlam düşüncə tərzinin pozulmasına şərait yaratdı. Antoni belə bir tələyə düşdü. Onun məhv olması üçün təkcə bu qızğın ehtiras, bu dəlicəsinə vurğunluq çatmırdı. O, Parfiya müharibəsinə hazırlıq gördükdə, Kleopatraya göstəriş göndərdi ki, Kilikiyaya gəlsin. Bu vaxt Kleopatra son Filippi müharibəsi vaxtı Kassiyə böyük köməklik göstərməkdə ittiham edilirdi. Bu xəbəri çariçaya çatdıran qasid, başqaları kimi Kleopatranın özünü gördükdə onun çox gözəl və məlahətli olduğuna bir daha əminlik tapdı. Xüsusilə bu qadının danışığı çox lətafətli idi. Bundan sonra qasid özlüyündə yəqin etdi ki, belə gözəl bir qadına Antoni pis münasibət göstərməyəcək, əksinə, bu qadın onun xüsusi himayəsində olacaq. Beləliklə, elçi misirlilərin etimadını qazandı və Homer qaydasında Kleopatraya məsləhət gördü ki, ən yaxşı paltarında Kilikiyaya getsin və ona mərhəmətli olan xeyirxah əsgər Antonidən qorxmasın. Çariça bu sözlərə inansa da, daha çox isə öz cazibədarlığına bel bağlayırdı. Əvvəllər o, Qney Pompeyə və Sezara təqdim olunduqda bu silahından istifadə etdiyi kimi, indi də Antoni ilə tanışlığının uğurlu olacağına şübhə etmirdi. O vaxtlar Kleopatra indiki kimi təcrübəyə malik deyildi, öz gözəllik və məlahət silahını təzə-təzə sınaqdan çıxarırdı və inanmışdı ki, onun gözəlliyi qarşısında heç bir qala, heç bir divar dayana bilmir, heç bir qalxan onun məhvedici zərbəsindən kişi qəlbini müdafiə edə bilmir. Həmin tanışlıqlarda o, hələ cavan qız idi, dünyanı belə vecinə almırdı. İndi isə bu qadın çariça kimi öz çiynində qədim və iri bir dövlətin taleyini daşıyırdı. O, Yuli Sezarın məşuqəsi olanda ona bir varis kimi oğul bəxş etmişdi. İndi o həm də ana idi, özünün və oğlunun da taleyi onun üçün elə-belə bir şey deyildi. Antoni ilə o, qadın gözəlliyinin ən yüksək zirvəsində görüşməli oldu, bu vaxt onun zəkası da, ağlı da çox inkişaf etmişdi, əvvəlki biganəlikdən çox uzaq olan kamilliyinə çatmışdı. O, Mark Antonini on iki yaşı olanda görmüşdü, o vaxt səhradan keçib-gələn sərkərdə qızın atası Ptolomey Avleti öz taxt-tacına bərpa etmişdi.

Kleopatra səfərə hazırlaşmağa başladı, pul, hədiyyələr və qiymətli bəzək əşyaları götürdü. Bu şeyləri o, öz sehrli zövqünə görə seçirdi. O, Antonidən və onun dostlarından bir neçə məktub almışdı, bu məktublarda ona yönələn çağırış ifadə olunurdu. Nəhayət, o, Kidn çayı ilə gəmidə üzərək Kilikiyaya gəldi. Onun gəmisinin arxa tərəfi qızılla bəzədilmişdi, dənizçiləri purpur rəngdə olan paltar geyinmişdi. Onların avarları gümüşdən idi və musiqi sədaları altında enib-qalxırdı. Kleopatranın özü qızıldan toxunmuş bəzəkli talvar altında uzanmışdı, rəsmlərdəki Venera kimi paltar geyinmişdi, onun hər iki tərəfində olan uşaqlar onu yelpazələrlə yelləyirdilər. Onun kənizləri isə dəniz nimfaları və qratsiyaları kimi geyinmişdilər. Ətirli qoxular gəmidən bütün sahilə yayılırdı. Çoxlu qaleralar onun gəmisini müşayiət edirdi. Şəhərin bazar meydanı bütünlüklə boşaldılmışdı və Antoniyə Veneranın Vakxın yanına, Asiyanın ümumi xeyri naminə qonaq gəldiyi barədə şişirdilmiş xəbər çatdıqda, hökmdar kimi apardığı tribunalı tərk etdi.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.22.